QIRÇI
«...Bu yoldan yaxşı qırlanıb, bu yolun
altındakı yol...»
Kinoda qırçı olmağa hər aktyor
razılaşmaz. Üstəgəl də aktyorun istedadı,
imkanları boydandısa. Aktyor Fazil Salayevin çəkildiyi
bir çox səhnələr - ikinci dərəcəli
epizodlar filmin konstruksiyası kimi bir şeydir. Onu ötəri
görürsən, amma unutmursan, başın o birilərinə
qarışır, amma ürəyində onu bir də görəcəyinə
ümid edirsən. Amma görmürsən. Film bitəndən
sonra bu nigarançılıqla axtarırsan- «axı necə
oldu bu Adam...»
Fazil Salayev - uzun kino
yolunda qəmli qırçı- susqun və yorğun
yolçu... Bu obrazın tamamında sərlövhədəki
misra durur. Qırçı Məhəmmədin sadə həyat
həqiqətlərini açan məhrəm və təbii səsi,
danışan gözləri, nüfuzedici üz ifadələri...
O qədər yaxındır ki, ekranı - kinoyla
tamaşaçılar arasındakı sərhədi
sökür. Tamaşaçı hardasa özünü bu
dünyanın qırına batmış hiss edir.
«Şərikli
çörək» filmi 1969-cu ildə, Şamil Mahmudbəyovun
quruluşu ilə çəkilib. Bu filmdə müharibə
var. Döyüş səhnələri, ölüm,
top-tüfəng yoxdur, amma müharibə hər kadrdan
görünür. Çörək kartoçkasını
itirmiş Vaqif - bu bir tikə uşaq evlərinin damını
qırlayan Məhəmmədlə işləyir. Necə deyərlər,
şərikli çörək yeyirlər. Balaca köməkçisindən
kim olmaq istədiyini soruşanda Vaqif «qırçı» deyə
cavab verir. Onda Məhəmməd kədərli-kədərli
cavab verir: «Yalan demə, heç kim qırçı olmaq istəmir»
və «dərin-dərin, uzun -uzun» xəyala dalır. Bütün
düşüncələrinə, daxili monoloquna yekun olaraq bir
söz deyir. «Cəhənnəmə ki...» Sonra ağzından
çıxan kəlmənin heyrətində qalır. «Cəhənnəmə
ki...» sözə bax a... cəhənnəmə ki...» Beləcə,
Məhəmməd həyat fəlsəfəsini qaynayan
qırı qarışdıra-qarışdıra
çözələyir. O dünyanın cəhənnəmindən
xəbər verən, tiyanda pıqqapıq qaynayan qır bu
dünyanın işlərinə «Cəhənnəmə
ki...» deyib həməncə heyrət edən sadə bir
qırçının axırına çıxır. Qərib
bir adama hazırlanmış qəribə bir məntiq...
Fazil Salayevin
yaratdığı Qırçı Məhəmməd bunca
dolğun bir obrazdı. O filmdə az görünsə də,
sona qədər bu qırçının əhvalatı
yaddan çıxmır. Sonra tamam fərqli bir obraz; fəqir
qırçını gözü qayır-qayır qaynayan,
uçana- qaçana aman verməyən şübhəli bir
şəxs əvəz edir.
«Sən niyə susursan?»
filmi. Rejissor və ssenari müəllifi Həsən Seyidbəyli.
1966-cı il. Burda Fazilin
qəhrəmanı gənc sürücünü oğlunun xəstə
olduğuna inandırıb maşını ora
sürdürür. Yolda dil-boğaza qoymadan danışır
- «Anan ölsün, ay Ramazan...» bu da Fazil Salayevin bir epizodik
roldakı səlist məntiqidir. Onun qəhrəmanı haray-həşirlə
tez-tez danışa -danışa sürücüyə
heç düşünməyə də macal vermir. Qırçı
Məhəmmədin («Şərikli çörək») fəqir
quzu gözləri indi («Sən niyə susursan?») oyur-oyur
oynayır. O, hamını mat qoyur.
«Dərviş Parisi
partladır» (rejissorlar Kamil Rüstəmbəyov və
Şamil Mahmudbəyov) filmində Fazil Salayev Qulaməli
obrazını yaradır. O, yenə də ikinci plandadır. Dərvişin
köməkçisi. Dərviş Məstəli Şahın
bütün fırıldaqlarından hali olan Qulaməlinin
üzündə fağır, məzlum, bixəbər bir ifadə
var. Bu ifadə az sonra dərvişin moizələri zamanı
dəyişəcək. Qulaməlinin bu gülünc situasiyaya
münasibəti hər jestindən, mimikasından
görünür və hansı ki, min cür yozumu var. Demək
olar ki, Dərvişin cadugərlik epizodları daha çox
Qulaməlinin hesabına açılıb.
«Ömrün səhifələri»
(1974-cü il.
İntermediyanın müəllifi Həsən Seyidbəyli,
baş operator Arif Nərimanbəyov). «Rəqiblər» (rejissor
Teymur Bəkirzadə, ssenari müəllifi Ramiz Fətəliyev).
«Rəqiblər»in süjetinin mövzusu sadə və çəkicidir.
Küçəyə üzbəüz qoyulmuş iki pivə
köşkündə satıcıların arasında rəqabət
gedir. Bu çəkişmə axırda xeyirxahlıqla bitir.
Köşklərdən birinin satıcısını Fazil
Salayev (Fazil) digərini isə Eldəniz Zeynalov (Eldəniz)
oynayır. Bu süjetdə ən xırda məqamlar belə
xüsusilə diqqət çəkir. Bu sözsüz oyunun
baş qəhrəmanları üz ifadələri ilə
danışırlar. Bu xırda süjet hər iki aktyorun
improvizələri, tapdıqları ən xırda detallar
üçün əvəzolunmazdı.
Fazil Salayevin aktyor təbiətində
hər obrazı ən sadə cizgilərinə qədər
tamamlamaq istedadı vardı. Və bu təsadüfi deyildi.
Fazil Salayev yaxşı rəsm çəkə bilirmiş. Ə.
Əzimzadə adına Rəssamlıq Texnikumunda oxuyub. Sonralar
rəssamlığın daşını atıb, aktyor olub. Ara-sıra
aktyor dostlarına şarjlar çəkirmiş. Kinoya gəlişindən
əvvəl Fazil Salayev Musiqili Komediya Teatrında və Akademik
Dram Teatrında xeyli maraqlı obrazlar yaradıb. Və nə
yaxşı ki, kinolara çəkilib. Kino bu nadir aktyordan tarixə
kadrlar saxlayıb.
Fazil Salayevin
yaradıcılığında «Mozalan» satirik jurnalında
çəkildiyi süjetlər mühüm yer tutur. Jurnal
yaranan gündən Fazil onunla yaradıcılıq əlaqəsində
olub. Əksər nömrələrində
çıxış edib. Bir vaxtlar «Mozalan»ı Fazilin qəhrəmanları
olmadan təsəvvür eləmək mümkün deyildi. Süjetlərin
birində Fazil bir sərxoşu oynayır. O, metroya girir,
kassaların qarşısına gəlir. Onu saxlayan milis
işçisinə gözləri süzülə-süzülə
metroya baxmaq istədiyini deyir. Milisin «neçə ildir
Bakıda metro var, sən hələ görməmisən?» təəccübünə
Fazilin qəhrəmanı : «Əşşi, qoyursuz ki...» deyə
narazılıqla cavab verir.
Digər bir qəhrəman
isə maşınların və küçənin səs-küyündən
qonşuların, haray-həşirindən öz evində
dinclik tapa bilmir. Boğaza yığılan sakinin əsəbləri
həddini aşır. O, eyvana çıxıb, əsəbini
qəribə hərəkətlərlə ifadə edir. Sonda
onu dəli bilib xəstəxanaya aparırlar. Başqa bir
süjetdə «Mozalan»ın qəhrəmanı
qızdırmadan yanır. Müdirindən icazə istədikdə
hər dəfə onu bir mərtəbə yuxarı göndərirlər.
Beləliklə, xəstə bürokratik pilləkənin
sonuncu pilləsinə qədər qalxır. Ən nəhayət,
heç ağzını açmağa heyi qalmır.
Xüsusən ikinci
süjetdə əsəbləri kəlləçarxa vuran qəhrəmanın
hərəkətləri və sözləri olduqca real və
məntiqlidir.
Fazil Salayevin qəhrəmanları
fərqli adamlar, fərqli xarakterlərdir. Və bu qəhrəmanların
hətta sevincdən işıldayan gözlərində belə
qəribə kədər var. Susqun, toxtamış kədər.
Bunun izahını onun vaxtsız ölümünə
bağlamaq istəmirəm. Heç «Kinoda o daha nələr
yarada bilərdi...» deyə təəssüflənmək də
düzgün deyil. Azərbaycan kinosunda aktyor Fazil Salayev
obrazı elə çəkildikləri ilə tamamlanıb. Yarımçıq
heç nə yoxdur. Həyat lentinin sonuncu kadrı isə
vaxtsız ölüm mövzusudur. Bu yerdə bir şairin sətirləri
yada düşür - «Hər şeyin öz vaxtı gələcək,
dalınca da ölümün vaxtsızlığı...»
Aliyə
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 6.