Gözəl münasibət gözəl əlaqədir...
Səudiyyə Ərəbistanı
Krallığının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri F.Əhəd Əli F.Əl-Dosari:
«Ölkələrimiz arasında mədəni münasibətlərin
genişləndirilməsində maraqlıyıq»
Azərbaycan Səudiyyə Ərəbistanı
Krallığının xarici siyasətində xüsusi yer
tutan ölkələrdəndir. Təsadüfi deyil ki, bir
sıra beynəlxalq təşkilatlarda, o cümlədən
YUNESKO, İSESKO və İKT-də Azərbaycanla Səudiyyə
Ərəbistanı birgə təmsil edilir və tərəfdaş
ölkələr kimi bir-birilərinin mövqelərini dəstəkləyirlər.
Bu münasibətlərdə mədəni əlaqələr
xüsusi əhəmiyyət kəsb edir. Elə Səudiyyə
Ərəbistanı Krallığının ölkəmizə
yeni təyin edilmiş fövqəladə və səlahiyyətli
səfiri F.Əhəd Əli F.Əl-Dosari ilə müsahibəmiz
də bu yöndədir.
- Cənab səfir, Səudiyyə
Ərəbistanının hər bir azərbaycanlı, o
cümlədən bütün müsəlmanlar
üçün müqəddəs bir yer olduğu hər
birimizə məlumdur. Bu baxımdan ölkənizlə Azərbaycan
Respublikası arasındakı mövcud əlaqələri necə
qiymətləndirirsiniz?
- Əvvəlcə onu
demək istərdim ki, sizin də bildiyiniz kimi, səfirin hər
hansı bir ölkəyə təyini əlaqələrin
möhkəmlənməsi məqsədini güdür. Sizi və
dost Azərbaycan xalqını salamlayıram. Səudiyyə Ərəbistanı
Krallığı və Azərbaycan Respublikası
arasındakı əlaqələri çox yüksək dəyərləndiririk.
Lakin bu hələ o demək deyil ki , biz lazım olan səviyyəyə
nail ola bilmişik. Bu əlaqələr müxtəlif sahələri
əhatə edir. İstədiyimiz odur ki, gələcəkdə
bütün sahələrdə əlaqələrimiz daha
geniş inkişaf etsin.
- Bu əlaqələrin
fonunda mədəni əlaqələrin rolu nə qədərdir?
- Azərbaycanla Səudiyyə
Ərəbistanı Krallığı arasında mədəni
əlaqələr bu gün qurulmayıb. Bu əlaqələrin
tarixi çox qədimdir. Bunlar İslam dini ilə əsaslanmış,
zamanla sınanmış əlaqələr olmaqla,
bünövrəsi qədim zamanlardan Həcc və Ümrə
ziyarətləri ilə qoyulub. Eyni zamanda qədim ərəblərin
bu bölgələrə hicrətləri və səfərləri
də olub, buna görə də bu gün mən Azərbaycanda
Səudiyyə Ərəbistanının adət və ənənəsinə
uyğun olan adətləri görəndə təəccüblənmirəm.
Elm və texnikanın
inkişafı və ölkələrimiz arasında
gediş-gəlişin açıq olması əlaqələrin
inkişafına öz töhfəsini verib. Bildiyiniz kimi, Səudiyyə
Ərəbistanı Krallığı və Azərbaycan
Respublikası YUNESCO-nun və İSESCO-nun üzvüdür. Həmçinin
ölkələrimiz İslam Konfransı Təşkilatına
da üzvdür. Digər tərəfdən Bakı şəhərinin
2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan
olunması da mövqelərimizin yaxınlığını
şərtləndirir.
Bu
qarşılıqlı əlaqələr həm Mədəniyyət
və Turizm Nazirliyi, həm də İSESCO çərçivəsində
yaranıb. Məlum olduğu kimi, bugünlərdə Səudiyyə
Ərəbistanında Azərbaycan Mədəniyyəti
Günləri və eyni zamanda Azərbaycanda Səudiyyə Ərəbistanının
Mədəniyyət Günləri keçirildi. Ölkəmizdə
Azərbaycandan çox sayda gənclər təhsil alır.
İki ölkə arasında elmi sahədə, müxtəlif
tədbirlərdə iştirak etmək üçün hər
il Səudiyyə Ərəbistanına bir qrup azərbaycanlı
mədəniyyət və fikir adamı gedir. Bu yaxınlarda
ölkəmizdə nəşr edilən və bütün
dünyada yüksək nüfuza malik «Əl-Cəzirə» qəzetinin
baş redaktoru Azərbaycanda səfərdə oldu. Azərbaycan
haqqında həmin qəzetdə müxtəlif materiallar
verilir, məlumat xarakterli broşüra və bukletlər dərc
edilir. Bunlar hamısı ölkələrimiz arasında olan mədəni
əlaqələrin xırda bir göstəricisidir. Bizlər
çalışırıq bu əlaqələri daha da
genişləndirək.
- Səudiyyə Ərəbistanı
Krallığının mədəniyyətini necə səciyyələndirirsiniz?
- Bildiyiniz kimi, Səudiyyə
Ərəbistanı Krallığı İslam dini
görüşünə əsaslanır. İslam dini
inkişafı, çiçəklənməni, mədəniyyəti,
elmi inkar etmir, əksinə, İslam adamı elmə,
inkişafa, mədəniyyətə dəvət edir. Məsələn,
tibb sahəsi bizim ölkədə dünya səviyyəsində
inkişaf edib. Elm və texnika sahəsində Səudiyyə Ərəbistanı
Yaxın Şərq bölgəsində ən yüksək
ölkələrdən biridir. İslam sülh və elm
dinidir, tolerantlıq dinidir.
- Maraqlıdır, bir
intellektual və müasir insan kimi Səudiyyə Ərəbistanı
mədəniyyətinin unikallığını nədə
görürsünüz?
- Səudiyyə Ərəbistanının
gözəlliyi ondan ibarətdir ki, burada elmə, dinə, mədəniyyətə,
ümumən bütün həyati məsələlərə
hörmətlə yanaşılır, yəni dini vicdanla
müasir həyat konfliktdə deyil. Bunları öz həyatında
görən, ciddi münasibət bəsləyən insan
özünə güvənərək, yəni islami prinsiplərə
əsaslanaraq, demək olar ki, dini və həyati gözəllikləri
əldə edir. Bunlar fanatizmsiz, orta islami metodla, islami dəyərlərə
əsaslanılaraq əldə olunur. İnsanları
inkişafa, tolerantlığa dəvət edən peyğəmbərimiz
Məhəmməd Mustafa (S.Ə.S.) demişdir: «Gözəl
münasibət, gözəl əlaqədir».
- Yaxın vaxtlarda Səudiyyə
Ərəbistanı və Azərbaycan arasında hansı mədəni
layihələrin həyata keçirilməsi gözlənilir?
- Bugünlərdə Səudiyyə
Ərəbistanından bir qrup insan Azərbaycana gələcək.
Onlar Azərbaycanda olan əlyazmalarla maraqlanacaqlar və
onları öyrənəcəklər.
Qeyd edim ki, bu layihə
Azərbaycanın Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutu ilə birgə olacaq. Çünki burada
toplanmış bilgilərin bütün İslam mədəniyyəti
ilə əlaqəsi var. Allah-təala bu mənəvi sərvətləri
sizə ona görə verib ki, bunları bütün İslam
aləmi üçün qoruyasınız...
İslam İnkişaf
Fondu bəzi bölgələrdə məktəblərə
maliyyə yardımı edir. Bu layihə ilə bəzi Azərbaycan
universitetlərində səudiyyəli gənclərin təhsil
almasını gerçəkləşdirmək istəyirik. Biz
arzu edərdik ki, həmin şəxslər mədəniyyətlərimizi
və bizləri bir-birimizə daha da
yaxınlaşdırsın. Azərbaycanda olduğum müddətdə
diqqətimi cəlb edən ən üstün cəhət
burdakı tolerantlıqdır. Bu, doğrudan da bir mədəniyyətdir
və bu mədəniyyət digər ölkələrdə də
təbliğ olunmalıdır....
Bu, birbaşa bizim
İslam mədəniyyətindən aldığımız
bir nəticədir. Onu da demək istərdim ki, mədəniyyətlərimizin
bir-birinə verəcəyi və bir-birindən öyrənəcəyi
cəhətlər də mövcuddur. Dediyim kimi, əlyazmaların
təhlilində, tibb, incəsənət və digər sahələrdə
keçirilən tədbirlər vasitəsilə bizlər daha
geniş əlaqələr yaradacaq, bir-birimizdən yeni
şeylər öyrənəcəyik.
- Cənab səfir, bir
peşəkar diplomat və yüksək mədəniyyyətin
daşıyıcısı kimi deyə bilərsinizmi sizə
hansı sənət növü daha yaxındır: poliqrafiya,
musiqi, yoxsa?..
- Bütün sənətlər
gözəldir. Amma burda olduğum qısa müddətdə mən
Azəri - Şərq operasını bəyəndim, o, olduqca
gözəldir, musiqi və səslər olduqca güclü,
gözəl, Azərbaycan muğamı isə çox möhtəşəmdir.
İkinci sahədə Azərbaycan heykəltəraşlığıdır
ki, onun da bəzi nümunələri mənim rəğbətimi
qazanıb.
- İnşallah,
folklorumuz, kinomuz və təsviri sənətimizlə
yaxından tanış olmağa kifayət qədər
vaxtınız olacaq. Və inanırıq ki, tanıdıqca
daha da məmnun olacaqsınız. Bilirik ki, ölkəniz bir
çox müsəlman ölkələrində mədəni
irsin qorunmasına yardım edir. Bəs Səudiyyə Ərəbistanının
özündə mədəni irsin qorunması problemi necə
həll olunur?
- Səudiyyə Ərəbistanında
mədəni irsin qorunması ilə bağlı heç bir
problem yoxdur, çünki ölkəmizin təbiəti
özü buna imkan vermir. Bilirsiniz ki, bizim krallıq hər sahədə
inkişaf etmiş bir ölkədir və bu sahədə də
problemlərimiz yoxdur. Bununla belə, Səudiyyə Ərəbistanı
qardaş müsəlman ölkələrinə yardım
göstərməyə maraqlıdır, o nöqteyi-nəzərdən
ki, bu ölkələrin mədəni irsi eyni zamanda bizim də
mədəni irsimizdir.
- İstərdik ki, ən
azından mərhum Kral Fədhin Məkkə və Mədinədə
apardığı nəhəng bərpa və tikinti işləri
barədə danışasınız. Bu şəhərlər
dünya mədəni irsinin ən mühüm
parçalarından hesab oluna bilər. Bütün müsəlman
dünyası bu işləri böyük ehtiramla və rəğbətlə
izləyir...
- Bu sahədən
danışmaq üçün xüsusi bir görüş
keçirmək lazımdır. Çünki az bir zaman
içərisində görülən işlər barədə
danışmaq mümkün deyil. Bildiyiniz kimi, son illərdə
Səudiyyə Ərəbistanına gedən zəvvarların
sayı 3.5 milyona çatıb və bu işlərin
çözülməsi lazım idi. Eyni zamanda xidmətlərin
keyfiyyətini artırmaq lazım idi. Siz şübhəsiz ki,
Səudiyyə Ərəbistanında məscidlərin insan
tutumunun artırılması haqqında məlumatlısınız.
Məsələn, Məscid-ül-Həramda yerlərin
sayı xeyli artırılıb. Ötən il Səudiyyə Ərəbistanında
daha iki böyük layihə həyata keçirildi. Bunların
birincisi, Tavvaf yolunun genişləndirilməsi idi. Burda daha iki
mərtəbə inşa olundu. İkinci layihə isə
şeytana daş atmaq yerinin 5 mərtəbə şəklində
tikilməsi ilə bağlı idi. Xatırladım ki, bu
işlər həcc və ümrə ziyarətlərinin
arası kəsilmədən həyata keçirildi.
Bundan başqa, hər
bir müsəlman üçün əziz olan Mədinə
şəhərində, Peyğəmbər məscidində
bir dəfəyə 700 min insan namaz qıla bilər. Bu gün
Məkkədən Zəm-zəm suyu Mədinə şəhərinə
gətirilir. Daha bir layihə isə hacıların dəmir
yolu vasitəsilə mənzil başına
çatdırılması ilə əlaqədar həyata
keçirilib. Bu layihələrin qiyməti yüzlərlə
milyard dollardır.
- Mənim də bir
müsəlman kimi ən böyük arzum Həccə
yürüyərək və ya atın, yaxud da dəvənin
belində getməkdir...
- İslam dini sülh,
gözəl münasibət və rahatlıq dinidir. Siz təyyarə
ilə getsəniz, daha gözəl olar. Bunu mən sizə bir
müsəlman, bir din qardaşınız kimi deyirəm. Biz
dinimizi bəzən yanlış başa
düşürük. İnsanların səyahətlərini
daha da yüngülləşdirmək lazımdır. Çünki
İslam dini özü bunu tövsiyə edir.
Mən bir daha təkrar
edirəm ki, Səudiyyə Ərəbistanı
Krallığının səfirliyi bütün müsəlmanların
səfirliyidir, bu həm də sizin səfirliyinizdir. Bizim məqsədimiz
bütün müsəlmanlara xidmət göstərməkdən
ibarətdir. Bir daha Azərbaycan xalqına və oxucularınıza
Səudiyyə Ərəbistanı xalqı adından
salamlarımı göndərirəm.
Rəbbimiz öz himayəsini
sizin ölkənizin və müsəlman dünyasının
üstündən əsirgəməsin.
Azər Allahverdiyev
Mədəniyyət.- 2009.- 17 iyun.- S. 4.