1+1000+180000 «əl-Cəzirə»çi
qonaq...
və onları qarşılayan 5+20+4450 «Mədəniyyət»çi
Mediaçıların, xüsusən, qəzetçilərin
ən «stolüstü» ifadələrindən
biri «təsəvvür»dür və
yazı-pozularımızdakı illüzion
ifadələrin, məxsusən bu
yazının başlığındakı abstraksionizmin
«açması»na şərik etdiyimiz
oxucuların nələr çəkdiyini çox
yaxşı təsəvvür edirik.
Neyləyəsiz? Necə yəni, «1+1000+180000 «əl-Cəzirə»çi
qonaq və onları qarşılayan
5+15+4450 «Mədəniyyət»çi»?! Heç
«dəxli var»? Bir
gündə bütün respublikamıza
200000 qonaq, hətta turist
gəlmədiyi halda, heç
bu ağlabatandırmı? Əlbəttə,
yox. Amma… gözəlimiz
«təsəvvüretmə»nin hesabına mümkündür.
Yəni, biz - 20 nəfər
işçidən və 4450 tirajdan ibarət
«Mədəniyyət» qəzeti olaraq, Səudiyyə
Ərəbistanında çıxan «əl-Cəzirə»nin redaktoru Xalid Əl-Malikin
timsalında o qəzetin 1000 işçisini və 180000 oxucusunu
birgə qarşıladığımızı təsəvvür
etdik.
Və heç təsəvvür
etmirəm ki, bu rəqəmlər
arasındakı fərqlər sizi
(oxucuları) və eləcə də bizi
(redaksiya kollektivini) bəzi-bəzi
təsəvvürlərə sövq etməmiş
olsun və son illər
«kanalı dəyişməyin» bəyanatıyla öz tamaşaçılarında əşhədi-tamarzılıq
yaradan tele-həmkarlarımız demişkən;
Hələ bu harasıdır?
Yəni, hələ burası da var ki, «əl-Cəzirə»
haqda cəzirə faktlarla,
məlumatlarla tanış olacaqsız, ancaq
«az sonra».
Ərəb qonağımızı hamımız eyni anda və tərcüməyə
ehtiyacı olmayan səmimi təbəssüm,
rəğbət və bir müsəlman
təəssübkeşliyi ilə qarşıladıq. Qəzetimizin Baş redaktoru Nigar xanım da ona elə sözlərdən
ibarət bir xoşgəldin söylədi
ki, tərcüməçinin dillənməsinə
zərurət yaranmadı. Çünki həmin
kəlmələrin çoxusu dilimizdə
min ildi kök salmış ərəb istilahları idi. Sonra bir neçə anlıq baxışmalar oldu, tərəflər gələcək
yazıları üçün detallar, elementlər seçmələdilər.
Bütün bunlar foyedə cərəyan edirdi və özünü
bizim «...ev yiyəsinin
qulu», «dəvəsi ölmüş
ərəb» kimi məsəllərimizdən
çox yüksəkdə tutan qonağımız Azərbaycan Film Fondunun V mərtəbəsində
yerləşən redaksiyamızın geniş,
yaraşıqlı otaqlarını, əməkdaşlarımızın
bəzən «Avropa standartları»nı
kölgədə qoyan «jestikulyasiya»larını,
qəzetimizin tərtibat-dizayn və tematika
elementlərini müşahidə etdikcə, ev
yiyəsi haqda da
yüksək təəssüratlar üstə köklənirdi.
Onu
müşayiət edən hər üç
nəfərin - Azərbaycan Respublikasının Səudiyyə
Ərəbistanı Krallığındakı fövqəladə
və səlahiyyətli səfiri Tofiq Abdullayevin, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət
siyasəti şöbəsinin müdiri
Fikrət Babayevin və təbii ki, tərcüməçinin
ərəb dilini səlis bilmələri bizim onunla ünsiyyətimizi
su içimi kimi asanlaşdırırdı. Xahişimizlə
geniş müsahibə verəcəyini vəd
etsə də, biz «atüstü»
suallarımızdan qalmırdıq və onun
cavablarından belə məlum olurdu ki, elə təkcə hər həftə «əl-Cəzirə»dən
məzuniyyətə çıxanların sayı «Mədəniyyət»in
bütün kollektivinin
sayından 5 dəfə, obyektlərə ezam
olunanların sayı isə 15 dəfə çoxdur.
«Səyyar» tanışlıq və sorğu-suallardan
sonra qonağımızı məhz onunçün düzənlədiyimiz «qonaq otağı»na dəvət etdik. Buradakı «dəyirmi stol»
ətrafında biz artıq köhnə
tanışlar kimi əyləşmişdik.
Nigar
xanım öz həmkarına qəzetimizin
nəşr tarixçəsi (1991-ci il), dövriliyi (həftədə 2 dəfə),
tematikası (mədəniyyət hansı sahəni əhatə
etmir ki?), tirajı
(4450), yayım coğrafiyası (hətta Azərbaycandan kənarlara
da), işçilərinin sayı (25),
materiallarının sambalı (bunu oxucular bilər), Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin gördüyü
genişmiqyaslı işləri, təkrarsız, zəngin incəsənətimizi,
respublikamızın mədəniyyət siyasətini necə
yüksək peşəkarlıq və vətənpərvərliklə
işıqlandırması (bunu F.Babayevin xoş
reaksiyası da təsdiq etdi),
hörmətli qonağımızın təmsil
etdiyi xalqın böyük
mədəniyyət işləri, turizmi,
incəsənət adamları da daxil olmaqla, beynəlxalq
layihələrin, dünya korifeylərinin
tanıtımı ilə bağlı geniş
publisistik və analitik
yazılarla çıxış etməsi barədə ətraflı
məlumat verdi. Lap
sonda isə bir həmkar
ərki ilə bildirdi: «Vətəninizə
yola düşməyinizə çox az vaxt
qalsa da, qəzetimizin bütün əməkdaşlarını
maraqlandıran suallara cavab
verməmiş, Sizi buradan
buraxan deyilik».
Bəs sizdə nə var-nə yox?
Bu, təxminən,
bizim bütün suallarımızın məğzi
idi və qonağımız, bəzən
təfərrüata varsa
da, bilmək istədiyimiz bütün detallara toxundu.
Həmkar-qonağımız obrazlı danışmağı
xoşlayan adamdı.
Bunu tərcüməçinin
bəzi sözlərin
sinonimlərinin axtarışı
ilə bağlı cəhdlərindən də
hiss edirdik.
Müsahibimiz,
öncə, hələ
vermədiyimiz, amma həmişə təhtəl-şüurumuzda
olan önəmli bir sual - məsələyə
toxundu. Söylədi
ki, jurnalistika yeganə yaradıcılıq
sahəsidir ki, bütün yaradıcı
və qeyri-yaradıcı
sahələrin ortağı,
şəriki, iştirakçısıdır
(o, sözünü bizim
«harda aş, orda baş» məsəlimizə oxşar
bir ərəb məsəli ilə bitirdi, amma «harda iş, orda baş» formulunda). Jurnalisti isə müasir
sürət maşınları
içərisində təyyarəyə
bənzətdi və qeyd etdi ki,
«əl-Cəzirə» əməkdaşlarının
«səhər»i də xəbərdi, «nahar»ı da, «şam»ı da. «Bizim
qəzetimiz günəş
kimi hər gün çıxır, həyat kimi hər an, hər saat qaynayır, insan kimi hər
şeylə maraqlanır,
hər şeyi görür, milli-mənəvi
bir həkim kimi millətdə duyduğu xəstəliyi qələm-iynəsi ilə
müalicə edir, müəllim kimi öyrətməlini öyrədir,
öyrənməlidən öyrənir».
Qonağımız
qəzetlərinin dolanışıq
məsələlərindən də özünəməxsus
söhbət etdi: «Əlbəttə, dövlət
bizim, biz dövlətinik.
Amma biz özümüzü öz
işimizlə dolandırırıq.
Yazı-pozu da mənəvi-maddi məhsuldur
və niyə çalışmayaq ki, bizim də məhsulumuz
maraqla alınsın?».
Müsahibimiz öz redaksiya kollektivinin iş-gücü
haqda çox maraqlı bir reportaj apardı və sanki o, 1000 nəfərdən yox, 1 nəfərdən danışırdı:
«O (min nəfər) istehsalat
meydanlarında, elmi laboratoriyalarda, teatrlarda, muzeylərdə, təyyarə
limanlarında, internetdə,
televiziya və radio dalğalarında, nəqliyyatda,
küçə-bazarlarda, ehtimal
olunan hər yerdə, hər yerdə və budur, sizin qarşınızdadır...»
- Deyirsiz, 47 ildir «əl-Cəzirə»nin işçisi, 40 ildir onun redaktorusuz.
Deməli, bizim sovet dönəmimizdən də
baxəbərsiz, indiki
müstəqillik dövrümüzdən
də. Bu barədə bir-iki «abzas»lıq nə söylərdiz?
- (gülümsünür)
Sualınızdan - verəcəyim
cavabı əndazəyəsalma
baxımından - «sovet
qorxusu» gəlir. Bu barədə çox
danışmaq olar, amma bugünlər olduğum iki mətbuat məkanı haqda danışmaqla kifayətlənmək istərdim.
Biz ötən əsrin
70-ci illərində sizin
indiki «Azərbaycan nəşriyyatı» binasının
istifadəyə verilməsi
haqda bir «göydələn» xəbəri
vermişdik. Bugünlərdə həmin binada
oldum və o vaxtkı filoloji təriflə bugünkü
faktoloji müşahidəm
arasında mifoloji fərq gördüm.
Müstəqillik illərinizdə
inşa edilmiş Bakı tikililəri və şəxsən sizin yerləşdiyiniz bu ofis isə
mənim bu iki dövrünüzün
fərqi haqda verəcəyim cavabdan daha müfəssəl «danışır»…
«Deyirlər ki, toy olacaq»...
Əslində,
sualımız belə
idi: «Deyirlər, bugünlərdə vaxt eləyib bizim toylarımızdan birində
olubsunuz». Amma ona görə
«Deyirlər ki, toy olacaq» dedik ki,
görək qonağımız
bizim klassik aşiqimiz Məşədi
İbaddan xəbərdarmı?
Həə, onun ləzzətli
təbəssümündən hiss etdik ki, imkan
versəydik, qonağımız
nəinki o məşhur
ariyanı, hətta bütün operettanı nəql edərdi.
- O toy sümüyünüzə
düşdümü?
- Sümüyümə
də düşdü,
zövqümə də!
Hətta, bu yaxınlarda köçürdüyüm
qızım da yadıma düşdü,
gözlərim yaşardı
və bu toydakı gəlinə baxıb, ürəyimdə
«Allah səni də mənim qızımı da xoşbəxt eləsin, qızım!» - dedim. O qız
da mənim baxışlarımda nə
gördüsə, bir
ara birlikdə
rəqs etdiyimiz adamlar içərisində
məni ən hörmətli ata, ən istəkli qardaş, ən əziz qonaq kimi dəyərləndirdiyini
hiss etdim.
- Oyun havalarımız xoşunuza
gəldimi?
- Çox! Hətta mən bundan sonra ölkəmizdəki
toylarda bir qolumla ərəb rəqslərinə oynayacam,
bir qolumla Azərbaycan rəqslərinə…
- Deyilənə
görə, «Vağzalı»
havası Sizi yaman havalandırıb və «küsdürüb»?
- Hə, nə yaxşı o havanın adını çəkdiniz! Adını xatırlaya bilmirdim
deyə, bayaqdan danışmırdım, yoxsa
özüm o haqda söhbət açacaqdım.
Yəni, «Vağzalı»
çox şux və yanıqlı notlarına görə məni havalandırdı,
toya xitam verdiyinə görə isə «küsdürdü»...
Söhbətimizin
«Vağzalı»sı
Qonağımız təkcə bu
toydan yox, xalqımıza məxsus çox özəllik və gözəlliklərdən
danışdı. Özü də
çox danışdı
(sözün müsbət
mənasında). Hava limanına
tələsməsəydi, yəqin
hələ lap çox
danışacaqdı. Gecikdirmə günahına
batmamaq üçün
daha biz susmuşduq və onu, belə
demək mümkünsə,
kollektiv, özü də sürəkli bir təbəssümlə
süzürdük və
bu heynidə eyninə başqa bir şey gəlməsin
deyə, kimsə belə bir replika
izhar etdi: «Bizim bu təbəssümlərimiz
də söhbətimizin
«Vağzalı»sıdır, hörmətli həmkarımız!»
Qonağımız bizdən bizim
təbəssümlərimizdən də işıqlı bir təbəssümlə
ayrıldı. Biz isə ondan tək elə bu yazıyla ayrılmırıq. Yazımızın əvvəlində dediyimiz
kimi, bu hələ harasıdır?
Bu, onunla müsahibəmizin
yarısıdır. Bu yazı maraq doğurdusa, gələn yazımızı da oxuyarsız…
T.Abbaslı
Mədəniyyət. - 2009.- 18 iyun.- S. 2.