Orxan Fikrətoğlunun “Vaxt”ından

 

Tanınmış nasir Orxan Fikrətoğlunun yenicə ictimailəşən “Vaxt” (“Elm” nəşriyyatı) adlı hekayə, povest və kinossenarilər toplanmış kitabını bir qədər “yorulmuş” kimi görünən çağdaş ədəbi məkanı bütün mənalarda yeniləşdirəcək nəşrlərdən hesab etmək olar. 

 

Etiraf edim ki, istedadlı söz ustasının yeni kitabını vaxt darlığına baxmayaraq, böyük həvəslə, bir qədər də acgözlüklə oxudum. Təbii ki, bunu həyatımızda, içində olduğumuz hadisələrə yeni və özünəməxsus, həm də gözlənilməz bədii münasibət görəcəyimə inamla etdim. Çünki Orxan Fikrətoğlunu həmişə orijinal və yeni görməyə adət etmişik. Necə ki, bu hissləri bizə son bir qərinədə poeziyada Ramiz Rövşən və Baba Pünhan, musiqidə Vaqif Mustafazadə, Alim Qasımov və Qədir Rüstəmov, rəssamlıqda Səttar Bəhlulzadə və Mircavad Mircavadov, teatr sənətində Tofiq Kazımov və Mehdi Məmmədov, Ədil İskəndərov və Məlik Dadaşov kimi şəxsiyyətlər yaşadıblar. Onların öz missiyalarını duymaları və onun gerçəkləşdirilməsinə vicdanla xidmət etmələri bizi mənəvi aclığa tuş gəlməkdən xilas edib desək, yanılmarıq.

Bir həqiqətdir ki, mövzu dairəsi az qala dəyişməz qalan qosqoca dünyanı, onun tərkib issəsi olan ədəbi məkanı məlumlara ancaq çox yeni və fərdi münasibətlə təravətləndirmək mümkündür. Orxan Fikrətoğlunun lap vaxtında nəşr olunan “Vaxt”ı, bizcə, belə nümunələrdəndir. Etiraf edim ki, müəllifin bu kitabda toplanmış çoxsaylı hekayələri, povest və kinossenariləri bir oxucu kimi məni ovqat burulğanına saldı. İç dünyamı bu qədər təzadlı yaşantılarla zənginləşdirən ilk növbədə oxuduqlarımda həqiqət qüvvəsinin duyulası dərəcədə güclü olması idi. Ən müxtəlif və ən adi görünə biləcək hadisələrin şərhindəki bu həqiqət qüvvəsi bədii gücünə, ifadə sərtliyinə görə, haradasa, Mirzə Cəlil, Sabir, Baba Pünhan ruhu ilə anım yaratdı. Orxan Fikrətoğlunun yazdıqlarını forma və üslub cəhətdən sələfləri kimi hansısa, “izm”ə də aid etmək olar, ancaq onun acı reallıqdan, fərdi yaşantılardan və müşahidələrdən qaynaqlandığı birmənalıdır. Özü də bu “yeni-Orxan reallığı” adlandırıla biləcək görüm və ifadə tərzi təqdimatına, məzmun tutumuna görə bir çox hallarda klassik və “ölməz” hesab olunan bir ənənəvi cərəyanın ən çeşidli bədii məziyyətlərindən qat-qat gözlənilməz və təsirlidir. Bu ənənəvi reallıqla irreallığın arasında məhz Orxan Fikrətoğlu təxəyyülünün nəticəsi olan yeni bir bədii məkandır ki, burada insanlar nə özlərini, nə də bizləri daha aldada və riyakarlıq edə, maskalana bilmirlər. Odur ki, oxuduqlarımız eşitdiklərimizdən çox fərqli bir həyat hesabatıdır, bəzəksiz-filansız, pripiskasız... Başqa sözlə desək, nəql olunanlar bu günümüzə tutulan çox sərt bədii güzgüdür. Odur ki, “Vaxt”da toplanan və sözə, əslində isə mənəvi qidaya çevrilənlərə münasibət də, bizcə, başqa cür olmalıdır. Kitabı əlinə alan və oxuyub başa çıxan kəs “Vaxt”ın bizdən nə istədiyini özünə sual etməlidir. Etiraf edək ki, kitabda insana düşünüb-daşınmağa, nəticə çıxarmağa imkan verən, hətta yol göstərən aforizmsayağı ifadələr kifayət qədərdir. Orxan Fikrətoğlu fikir-tövsiyələrini ulu Dədə Qorqudun, filosofun və ilahiyyatçının, Molla Nəsrəddinin layiqli xələfi kimi, mahir bir rəssamın gözü-sözü ilə təqdim edir və yeniliyinə görə oxucusunun təfəkkürünə daxil olur. Çünki Orxan Fikrətoğlunun reallıqdan qaynaqlanan bədii təfəkkürü az qala yenilməz sayılan, başımızın üstündən Domokl qılıncı kimi asılan mentalitetin mənfiliklərini bütün çılpaqlığı ilə sərgiləyir və oxucusunda ən azı onlara qalib gəlmək ümidi oyadır. Fikirlərin çoxunu çıxarmaqla bəlkə kitabı hələ oxumayanları dediklərimizə inandırmaq mümkün olardı. Elə düşünürük ki, buna bir o qədər də ehtiyac yoxdur. Ancaq hər halda, fikrimizi bir-neçə nümunə ilə möhkəmləndirmək pis olmazdı.

Əgər “Yol yerişi vızıltılı, oturuşu yungüldü” deyimində o şairdirsə, “Sakitcə yumurlanıb yatıb. Üstünə örtdüyü içi boş yorğan çiyinləri tərəfdən elə köpürüşüb ki, deyirsən qanadları var” (“Milçək” hekayəsi) və “Torpağı xəmirə döndərdi” (“Təxtu-şəcərə və yaxud Muradəlinin itmiş sevgisi” hekayəsi), “Qız toxum kimi idi. Böyüyürdü.”(“Adsız” hekayəsi), “Katibə yumşaq-yumşaq soyundu. Qıncanıb yumşaq yerişlə ona sarı gəldi. Yerişi dişi tovuz quşunun mövsüm rəqsinə oxşayırdı” (“Bayram şamı”) ifadələrində çox iti müşahidəsi olan rəssamdır... “Yaddaşı ağrıya-ağrıya gözünü döyürdü, hirsi, kini çölə çıxa bılmirdi” (“Cangüdən” hekayəsi) ifadəsində mahir psixoloq hissiyyatı, yaşantısı, “Muradəli Abbasuşağı nəslinin nöqtəsidir” (“Təxtu-şəcərə və yaxud Muradəlinin itmiş sevgisi”) və “İt səsi kəndin sərhədidir” (“Axrestomatik əhvalat” hekayəsi) deyimləri isə fəlsəfi hissiyyatın ifadəsidir.

Bütünlükdə ədəbi mühitdə yazıya çevrilənlərın oxucuya təsir göstərəcək çoxsaylı bədii məziyyətlərindən birincisi ya adının, ya da elə birinci cümləsinin təsirli və cəlbedici olmasıdır. Həmin gözəçarpacaq ifadələrin oxucunu “ələ almaq” gücündən çox şey asılıdır. Bu mənada Orxan Fikrətoğlunun belə fikirləri əksər hallarda aydın bir havada şimşəyin çaxmasına bənzəyir. Odur ki, oxucu elə ilk cümlədən az qala ovsunlanır və yazılanların “əsirinə” çevrilir. “Cangüdən” hekayəsindəki “Qorxusunu qalın şüşəli eynəyinin arxasında gizlətmiş həkimin arıq çiyinlərindən tutub silkələyirdi. Gözləri hədəqəsindən çıxsa da, şişmiş dili, ətə dönmüş bədəni tərpənmirdi. Beyninə axan qanın şırıltısını eşidirdi”, “Əmim” hekayəsindəki “Əmim şəhərə gələndə elə bil hava təmizlənir. Yəqin o, havatəmizləyən qurğudur”, “Tarixi-çibi”dəki “Yeddi ay durmadan yağış yağdı, Kəndin yollarını yudu, kəpənəklərini öldürdü. İtlərin səsi su çəkdi. Qoyunlar soyuqladı...” və Çuğul Qulunun sosializmin təəssübünü çəkmək cəhdi, xüsusilə “Yağış sosializmi yuyub, ölkə azaddır” və s. fikirləri bu mənada oxucunu öz arxasınca aparır, desək, həqiqəti ifadə etmiş olarıq...

Gəlin bir anlığa kitabın lap əvvəlinə qayıdaq... Davamlı gəlişi ilə atasından verdiyi “borcu” almaqda israrlı olan övladın (“Borc” hekayəsi) bir neçə dəqiqəlik dialoqu əslində məkana tutulan bədii, lakin çox sərt güzgüdür, baş verənlərin bədii görüntüsüdür. Bu dialoqa göz qoyanda Orxan Fikrətoğlunun böyük Sabir və Mirzə Cəlil kimi hələ bundan çox-çox sonralar da müasir olacağını “təəssüflə” dərk və etiraf etməli oluruq. Bunu zəmanəmizin bu gedişi də, davranışımızın bu həddi də şərtləndirir. Oğulun tez-tez ”Sənnənəm, borcunu qaytar, gedirəm” deməsinin ardınca atanın “Görəsən, mən ona nə borcluyam axı?” deməsi oxucunu da onu dünyaya bəxş etməsinə görə peşmançılıq çəkən valideyn kimi suallar burulğanına salır.

“Ögey” hekayəsindəki olumla-ölüm arasındakı çox qısa məsafəni, bəlkə də marafonu başa vurmağa hazırlaşan evin kişisinin yaşantıları da bu günümüzün sosial-psixoloji məqamlarını bizə sərgiləyir. Ölüm ayağında arvadına “Ağlama, ağlasan, durub atanı dalına səriyəcəm” kəlməsi ilə başlanan bu hekayədə cəmiyyətimizin müxtəlif təbəqələrinin real durumu çox səciyyəvi dialoqlarla faş olunur. Ölüm şərbətini içməyə hazırlaşan evin kişisinin böyük qardaşına yönəli “Mən istəmirəm Rəna gedib kişilərin içində işləyə, siz də onu saxlayan deyilsiz, bəlkə ona bir diplom düzəldəsən!” söyləməsi cəmiyyətdəki “Məndən ötdü qardaşıma dəydi” və yaxud “Toxun acdan xəbəri yoxdur” prinsiplərinin hələ də taxtda oturmasıdırsa, kiçik qardaşa yönəli “O, bu dünyaya ancaq özünə gün ağlamağa gəlmişdi” fikrində olması müəllifin onun özünün yeniyetməlik dövrünün qızğınlığına işıq salan “Sınıq çarpayı o gecə düzəlmədi” və qəhrəmanının vəsiyyət eləməzdən vaz keçməsi, bu məqamda “Pullu-paralı kişilər kimi nəyini vəsiyyət edəcəkdi? Nəyi vardı ki? Qırxı çıxandan sonra unudulub gedəcəkdi. Otaqdakıların çoxunu buraya gətirib çıxaran maraq idi. Onu heç kəs istəmirdi” fikrinin ardınca hamıdan halallıq istəməsi və bu arzusuna müsbət cavab alması da özündən yaddaqalan heç nə qoymayan kişini razı salmaması və onlara “Guya siz halallıq verməsəydiniz, ölməyəcəkdim” cavabı verməsi də onun yaşadığı məmləkətdə daha çox “Heç kim heç kimin kitabını oxumur” prinsipinin mövcudluğundan xəbər verir...

Orxan Fikrətoğlunun ən müxtəlif məzmunlu yazılarında da yumor var. Odur ki, fikirləri əvvəlcə insanlarda təbəssüm yaradır, ancaq az sonra bu, əslində ironik münasibəti başa düşənlər üçün düşüncə qaynağına çevrilir. Hiss olunur ki, onun yumoru incə müşahidələrin nəticəsidir. Yoxsa onları bu qədər “rəngli” görmək və ifadə etmək olmazdı: «Bizim kəndə soyuq dəyib, burnu axır. Yolları həmişə yaş olur. Evləri nəm çəkir. Yayın cırhacırında itlər öskürür. Meyvələrimiz qızdırmalı olur. Daxmalarımızın damı yoxdur. Evdə başıpapaqlı oturur”, “Muradəli bir-iki qız sevgisi yaşadı. Sonra bir-birinin ardınca altı arvad aldı, iki öküz. Arvadlarının altısı da atası evinə qaçdı, öküzlərin ataları yox idi” (“Təxtu-şəcərə və yaxud Muradəlinin itmiş sevgisi” hekayəsi), “ Əmim çox danışmağı sevməzdi. Şəhərə gələndə əlimdən tutub dəlləyə aparırdı. Sözlərimin artıq-urtuğunu dəllək Səfərə kəsdirib sakitləşərdi. Qorxumdan iki hecalı söz öyrənməzdim”, “Əmim heç vaxt bütöv halda bizə gəlməyib. O, çox iridir, evə sığmır” (“Əmim” hekayəsi)...

Bütün bu müsbət yaşantıları bizə Orxan Fikrətoğlunun hekayələri yaşadır. Onlar bəzən duyulası dərəcədə qısa olsalar da, məzmun yükünə görə tutumlu və korşalmaqda olan yaddaşları dirçəltmək gücündədir. Qənaətimizcə, bu hekayələrdə hadisələrin bu qədər qabarıq göstərilməsi yəqin ki, Orxan Fikrətoğlunun kinoçuluğundan irəli gəlir. Əslində o, hekayə və povestlərində ədəbiyyatla kinematoqrafiyanı uğurla birləşdirməyə nail olub. Qeyri-ənənəvi rakurslardan təqdim olunanlar öyrəşdiyimiz görkəmlərini itirsələr də, kökündə reallıq durduğundan inandırıcı və düşündürücü, bir çox hallarda isə duyğulandırıcıdır. Müəllifin kitabda yer almış povestləri və üç kinossenarisi barədə də eyni müsbət fikirləri söyləmək olar. Belə ki, onlarda da bədii təxəyyülün nəhayətsizliyinə şahidlik etmək mümkündür...

Müəllifin sayca altıncı olan bu kitabı sübut edir ki, Orxan Fikrətoğlu televiziya ekranlarından gördüyümüzdən də zəngin məzmunlu və yazdıqlarında ənənə və müasirliyi uğurla birləşdirən bir söz adamı kimi duyulası dərəcədə müdrikdir.

Sonda demək istəyirik ki, Orxan Fikrətoğlu potensialından hələ də tam istifadə edə bilmədiyimiz yaradıcılardandır. Nə vaxtsa gecikdiyimizi etiraf etməli olsaq, buna görə onu yox, bizi qınayacaqlar. Gəlin tələsək. Sağlığında qiymət verməyə qızırqansaq da, heç olmazsa canındakıları çıxarmağa çalışaq. Bunu ki, bacarırıq...

 

 

Ziyadxan Əliyev,

Azərbaycan Respublikasının

əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2009.- 19 iyun.- S. 14.