Məsumiyyət muzeyinin eksponatları

 

“Qoy bir az baxım!”

 

Puşkin

 

Bir ədəbi əsərdə ən çox axtarılan səmimiyyətdir. Oxucu - yəni mütəmadi olaraq oxumaq vərdişinə sahib olan biri - hansı ədibin hansı əsərdə, hətta hansı cümlələrdə səmimi olub-olmadığını duyur.

 

Ədəbiyyat ilk öncə duyulur və beləliklə oxucuyla əsər arasında doğmalıq yaranır. Ədəbi əsər duyulub doğmalaşdıqdan sonra, onu anlama prosesi başlayır.

Orxan Pamukun sonuncu romanı “Məsumiyyət muzeyi” guya bir sevgi romanıdır.

Romanın ilk hissələrini oxuyanda adama ucuz bulvar ədəbiyyatı təsiri bağışlayır. Belə ki, oxucunun yaddaşı zəifmiş kimi davamlı olaraq əsərdə təkrarlar baş verir. Əgər türk insanı mədəni bir həyat yaşamaq istəyirsə, bu, onun Avropaya olan həsədinin nəticəsidir. Müasir dəblə geyinirsə, maşınlarda gəzirsə, ad günləri keçirirsə, səyahətə çıxırsa, deməli, avropalını yamsılayır. Bu, məsələnin bir tərəfi.

Sevgi romanında anladılan “sevgi”, əslində tutqudur. Əsərin qəhrəmanı Kamalın dərdi sadəcə özüdür. O, Füsunu çox sevdiyini sözlərlə ifadə edir.

Amma yazıçı olmağın əsas məharətlərindən biri də duyğuları zamanla, məkanla, əməllərlə göstərməkdir.

Kamal Füsuna aid olan, onu xatırladan, toxunduğu bütün əşyaları oğurlayaraq evinə gətirir, qəhrəmanın əşyalara fetiş bir münasibəti var.

İlk vaxtlar sevdiyi qızın qulağındakı sırğanın fərqində olmayan biri, əsərin sonunda sevgilisinin toxunduğu bütün əşyaları toplayaraq muzey yaradır.

Bəlkə də Orxan Pamukun ədəbiyyatda olma səbəbi ədəbi gücündə deyil, ədəbiyyat dünyasına gətirdiyi forma yeniliklərindədir.

Orxan Pamuk məkanlarla, əşyalarla münasibətləri çox yaxşı anlada bilir. Onun bəhs etdiyi otaqda özünüzü rahatlıqla hiss edə bilərsiniz. Amma obrazlar üçün bunu demək olmaz. Yəni əsərlərində məkan var, insan yoxdu. Obrazların daxili dunyaları, psixoloji təzadları, insan ruhunun dərinliklərində baş verən təlatümlər sezilmir. (Bu, ədəbiyyat dünyasında Dostoyevski yaradıcılığında daha mükəmməldi). Əsərinin qəhrəmanları soyuq , qapalı, oxucudan uzaqdırlar.

Romanın sonlarına doğru yazarın yazıçılıq məharəti inkişaf edir. Belə ki, romanın sonları daha peşəkarcasına qələmə alınıb.

Əsərdə türk cəmiyyətində sevginin necə yaşanması, tabular və arzular öz əksini tapıb, amma mənəviyyatdan əsər-əlamət yoxdur. Sinfi təbəqələşmə bu sevgini nakam sevgi edir.

Yazıçının deyiləcək bir şeyi olmalıdır. Bu romanda səmimi saxtakarlıq daha çoxdur. Yazıçı tryukları, manevrləri «n» qədərdir. Amma ruha xitab edən bir cümlə yoxdur. Heç bir sosial, maddi, etnik, ictimai, siyasi sıxıntısı olmayan bir adamın uzaq bir qohumu ilə macərası forma baxımından, V.İ.P bucağından çox məharətlə anladılır.

Roman boyu insan düşünməyə məcbur olur: muzey sevgidən yaranır, yoxsa sevgi muzeydən. Sanki romanın qəhrəmanı Füsun həyatından getdikdən sonra əşyalar vasitəsilə onu sevməyi öyrənir.

“Məsumiyyət muzeyi»ni oxumamışdan qabaq, Əhmət Uzunun bir romanını (“Yitik bir aşkın gölgesində”) oxumuşdum.

Sırf ədəbiyyat baxımından deyə bilərəm ki, yazarın ədəbi səmimiyyəti məni ovsunlamışdı. Bu əsər bir sevgi romanıdı. Zatən bütün ədəbiyyat adamları illərdi bizə eyni mövzuları başqa tərzdə, fomalarda anladırlar.

Kimiləri “nələr olacaq” deyə soruşarlar, kimiləri isə “nələr edə bilərəm” deyə. İkisi arasındakı fərq taledir deyə başlayan roman sevgiyə və yurda olan həsrətin yanğısıdır.

Bir insanın dayana biləcəyi bütün həyat şərtlərinə rəğmən sevgisinə qovuşmaq cəhdlərindən vaz keçməyən Səlimin məyusluğunu hardasa dərinliklərdə yaşayırsan.

Bu vaxt “Məsumiyyət muzeyi”nin qəhrəmanı Kamalla bu romanın qəhrəmanı Səlim arasındakı sevginin fərqini görürsən. Kamaldan “Xoşbəxt olmamaq üçün sənin dərdin nə?” -deyə soruşmaq istəyirsən.

Romanda dəbdəbəli həyatlar təsvir olunmur. Elitanın kaprizlərinə, özü üçün deyil, ətraf üçün yaşamlara baxıb başını bulamaq keçir içindən .

Mənim üçün ədəbi qurğular, texnikalar, ədəbi oyunlar, avanqard formalar sadəcə vasitədir. Bunları bilmək çox gözəl, amma gərək deməyə bir sözün olsun.

Müasir ədəbiyyatımızda da səmimi saxtakarlıqlar və bu saxtakarlıqların müəyyən ədəbi priyomlarla bəzədilməsi çoxdur.

Amma və lakin oxuculuq hazırlığı olanlar bir əsəri sevgi ilə yazıb-yazmadığını duyacaqlar...

 

 

Turan

 

Mədəniyyət.- 2009.- 19 iyun.- S. 13.