Böyük sənətkar, böyük
rejissor
Zəngin həyat və
yaradıcılıq yolu keçmiş unudulmaz sənətkarımız,
Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist, aktyor Tofiq
Tağızadə 1919-cu ildə Bakıda müəllim ailəsində
anadan olub. Hələ uşaq yaşlarından incəsənətə
maraq göstərmiş, 5 il musiqi məktəbində təhsil
almışdır. Daha sonralar incəsənətə məhəbbəti
onu Moskvaya ÜDKİ-yə gətirib çıxarır və
o, rejissorluq fakültəsinə daxil olur. Müəllimləri
S. Yutkeviç və L. Kulaşovdan dərs alan
T.Tağızadə təhsilini uğurla başa vurub “Mosfilm”
kinostudiyasına təyinatını alır. Ancaq gənc
rejissor vətəndə yaşayıb işləməyi
üstün tutur, ona görə də 1954-cü ildə
Bakıya qayıdır. T.Tağızadə 1955-ci ildə
özünün ilk filmini - “Görüş”
kinokomediyasını çəkir. İlk işindən
ruhlanan rejissor 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli
yer tutan məşhur “Uzaq sahillərdə” filminə
quruluş verir. Film Kiyevdə keçirilən Ümumittifaq
Kinofestivalında diploma layiq görülür. Bundan sonra Tofiq
Tağızadə müxtəlif illərdə “Əsl dost”,
“Mateo Falkone”, “Arşın mal alan”, “Mən ki gözəl
deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə
Qorqud”, “Evin kişisi”, “Babamızın babasının
babası”, “Bağ mövsümü”, “O dünyadan salam”,
“Köpək” və s. filmlərini yaradıb.
Bu həftə Azərbaycan
Dövlət Film Fondunun təşəbbüsü ilə
keçirilən tədbir də məhz Tofiq Tağızadənin
90 illik yubileyinə həsr olundu. Tədbiri açıq elan
edən kinoşünas Aydın Kazımzadə rejissorun
yaradıcılığı haqqında danışdı:
“Tofiq Tağızadə deyəndə Azərbaycan kinosunun
çox böyük bir mərhələsi yada
düşür. 30-cu illərin sonu filmlərin istehsalında
böyük böhran yaranmışdı. Bu böhran demək
olar ki, Stalinin vəfatından sonra başa çatdı. Bundan
sonra totalitar rejimin çərçivələri genişləndi
və bir neçə kino işçimiz, o cümlədən
Tofiq Tağızadə Azərbaycan kinosunun inkişafında
böyük rol oynadı. O, çox işgüzar, kinonu sevən
biri idi. İlk çəkdiyi film “Görüş” olsa da,
ikinci çəkdiyi “Uzaq sahillərdə” filmi ona
böyük şöhrət gətirdi. Hətta Mehdi
Hüseynzadənin bacısı Pikə xanım filmin
premyerasında öz xatirələrində yazırdı ki,
filmdə aktyor oyunu, rejissor işi o qədər dolğun,
inandırıcı idi ki, sanki filmdə qardaşım Mehdini
canlı olaraq görüb hiss edirdim. Tofiqin belə
böyük zəhmətlə ərsəyə gətirdiyi
filmlərində - mənəviyyat, insanların birliyi, qəhrəmanlıq,
həqiqət ön plana çəkilirdi. Özü də
çox incə yumora malik zarafatcıl insan idi, lakin işində
çox ciddi olurdu. Onun ən populyar, böyük ajiotaj
yaratmış, bir filmi də var idi ki, bu da “Yeddi oğul istərəm”
idi. Hətta filmlə bağlı xarici ölkələrdən
ona məktublar da gəlirdi”.
Daha sonra tədbirdə
onunla birgə filmdə çalışmış operator Fərəməz
Məmmədov, Azərbaycanın görkəmli rəssamı
Rafiq İsmayılov da öz ürək sözlərini, xatirələrini
danışaraq T. Tağızadəni yad etdilər. Tədbirdə
rejissorun çəkdiyi filmlərdən fraqmentlər göstərildi.
Özünün də aktyor kimi çəkildiyi
“Qızıl qaz”, “Qəribə adam”, “Bəxt
üzüyü”, “Anlamaq istəyirəm” və s.filmlərdən
kadrlar da nümayiş etdirildi.
Tofiq Tağızadə
sənətdə öz sözünü deyərək
adını əsl sənətkarlar sırasında
möhürləyə bilmişdir. Elə özünün
dediyi kimi: “Sənətkar əgər yaratdığı əsərlərdə
öz sözünü deyib qurtarırsa, deməli, onun
yaradıcılığında qapanma əmələ gəlir.
Sənətdə söz deyib nöqtə qoymaq
qeyri-mümkündür”.
Yeganə Cansail
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 11.