Teatr klassikanı
seçir
(Əvvəli ötən
sayımızda)
Bu surətin ədəbi
ləyaqətləri barədə ədəbiyyatşünaslıqda
geniş təhlillər aparılmış, onun xarakterik məziyyətləri,
konfliktin inkişafındakı mövqeyi və əhəmiyyəti
yetərincə dəyərləndirilmişdir. Amma təcəssüm
prosesində Qurbana ayrılan bədii pay, hadisələr xətti boyu realizə edəcəyi funksiya rejissor tərəfindən fərqləndirilmiş,
ideya-estetik vurğuların
yeri dürüst müəyyənləşdirilmişdir. Müəllifə görə,
“qurban” olan Qurban surəti (dolaşıqlığa görə
oxucu bağışlasın)
doğrudanmı “qurban”dır. Rejissor əmin edir ki, yox.Yaxud o
qədər də yox. Başqa sözlə desək, Allahın verdiyi qismətə qarşı
nankorluq edən Qurban, sanki macəra
axtarır. Və həmin macəranın sonu onun acınacaqlı
aqibətini labüdləşdirir.
Bu surətin
ifaçısı Rəhim Qocayev bütövlükdə
öz qəhrəmanını dürüst anlayır,
yozumunun, eləcə də bu yozumun təqdimi olaraq plastik səhnə
həllini bədii aktyor vasitələri ilə
anlaşıqlı çatdıra bilir. Amma aktyorun bütün tamaşa boyu ifasını izlədikcə, bəzi məqamlarda diqqəti çəkən qüsurlar
səhnə obrazının
bütövlüyünə xələl gətirir. Yəni aktyorun Səlimə və Şamama Cadu ilə olan
səhnələrdə təklif
edilmiş şəraitə
uyğun məqsədli
oyunundan fərqli olaraq, Hafizə, Əmrah və Pəri ilə olan səhnələrdə
aşkar süstlük,
əsas hədəfdən
yayınan, yozumun məntiqinə uyğun gəlməyən oyun
görürük.
Halbuki istər rejissorun
yozumuna, istər təcəssümün bədii-estetik prinsiplərinə
görə, həmin surətin mahiyyətcə puç
olması həqiqəti hadisədən-hadisəyə, səhnədən-səhnəyə
inkişafda verilməli idi. Elə bil
ki, ifaçı aktyor bayaq qeyd
etdiyimiz səhnələrdə,
öz qəhrəmanının
məzmun potensialını
tam büruzə verərək onu tükətmiş, sonrakı
səhnələrdə yalnız
təsviri cizgilərin
qayğısına qalmışdır.
Əlbəttə, buna
inanmaq istəməzdik,
çünki Rəhim
Qocayev istedadlıdır, böyük
yaradıcılıq imkanlarına
malik olan, daha mürəkkəb səhnə obrazları yaratmaq bacarığı ilə seçilən aktyordur.
Tamaşanın tərtibat
prinsipləri, xüsusən geyim elementləri barədə
mülahizələrimiz (geyim üzrə modelçi Elman Rəşidovdur)
alınan təsərrüfatlardan doğur. Buradakı geyimlərin
bir qismi etnoqrafik süslənmələrlə
bağlıdırsa, başqaları,
o cümlədən İblisin, Şamama Cadunun, Pəri Cadunun, əcinnələrin
və s. geyimləri rəmzi mücərrədliyin bədii-tətbiqi ifadəsi kimi verilmişdir. Əsas olan budur ki, bu
sayaq geyim tərtibatı əcaib suallar yaratmır, surətlərin
təqdim edilən yozum prinsiplərinə uyğundur, ifaçı aktyorların səhnədə
sərbəst davranışına
tam imkan verir. Yeri gəlmişkən, öz geyimlərində yetərincə sərbəst
davranan, ifadəli plastik oyunları ilə diqqət çəkən aktyorlar
(Rəşad Rüstəmov,
Laçın Abbasov, Əlgüşad Rəhimov)-əcinnə obrazlarının
ifaçıları, özünəməxsus
şuxluq, estetik ahəngdarlıq nümayiş
etdirirlər.Tamaşanın
bir məqamında iki əcinnənin ifa etdiyi pantomim oyun özünün orqanikliyi, aktyor texnikası, məharət
səviyyəsi ilə
təsirli və yaddaqalandır.
“Pəri Cadu”
tamaşasının poetika
göstəriciləri quruluşçu
rejissorun təcəssüm
prosesindəki özünüifadə
tərzində, pyesin səhnə həllində
bədii təzahürünü
tapır. Burada irili-xırdalı səhnə
tapıntıları effektli
aktyor texnikası ilə mənalanır. Rejissor üstünlüyü
təsviri zənginliyə
yox, səhnədə
canlı oyun vasitəsilə əyaniləşən
ideya-estetik mərama, insan “məni”nin hadisələr boyu açılmasına vermişdir. Ayrı-ayrı səhnələrin
dinamikasının sabit
inkişafı, məntiqi
bədii vurğuların
dürüst oyun prinsipləri ilə işarələnməsi rejissorun
başlıca yaradıcılıq
qayğısı olaraq
öz uğurlu bəhrəsini vermişdir.
Tamaşanın
ideya-estetik konsepsiyasının bədii realizəsinin tərkib
elementləri olan janrı, konflikti, hadisələr xətti
rejissorun məharətli səyi nəticəsində
dürüst tətbiqi həllini tapır, konkret səhnə
məqsədləri və aktyor oyunu vasitəsilə
aşkarlanır. Bu zaman bəzi səhnələrdə
müşahidə etdiyimiz əməl xəttinin ətalətini,
təklif edilən janra yad oyun üslubunu, ayrı-ayrı
aktyorların yozuma uyğun olmayan “sərbəst” ifa tərzini
istisna etsək, bir küll halında “Pəri Cadu”
tamaşası, həm rejissor Mirbala Səlimlinin, həm də
Şəki teatrının yaradıcılıq
bioqrafiyasında uğurlu tamaşa kimi, klassik əsərin
çağdaş dövrün mədəni-estetik tələbləri
səviyyəsində təqdimatı baxımdan olduqca dəyərli
səhnə işidir.
Bu tamaşa ilə Şəki
teatrı özünün ilk fəaliyyət illərindəki
canlı yaradıcılıq ənənələrinə
sadiq olduğunu təsdiq etməklə, milli klassikadan bəhrələnmənin
uğurlu nəticəsinə imza atmışdır.
İsrafil İsrafilov,
sənətşünaslıq doktoru,
professor
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 10.