Bakı MDB-nin ən bahalı şəhəri oldu
Avropada Kopenhagen, Amerikada Nyu York liderlik edir...
Londondakı “ECA
İnternational” konsaltinq şirkəti turistlər və ezamiyyətə
gedənlər üçün dünyadakı ən
bahalı şəhərlərin yeni reytinqini
açıqlayıb.
APA-nın xarici KİV-ə
istinadən verdiyi məlumata görə, 2008-ci ilin
dekabrında açıqlanmış son reytinqdə ən
bahalı şəhər Zimbabvenin paytaxtı Harare
olmuşdusa, hazırda bu yeri Anqolanın paytaxtı Luanda tutub.
Hazırkı reytinqin əsas nəticəsi ondan ibarətdir ki,
maliyyə böhranına baxmayaraq, Asiyada yaşamaq Avropa və
Amerikadan daha bahalıdır. Belə ki, Luandanın münasib ərazisində
2 otaqlı mənzilin aylıq icarə qiyməti 15 min dollar, 1
litr südün qiyməti 3 dollar, Avropadan gətirilən
pendirin 200 qramı 15 dollardır. Kafedə nahar etmək isə
100 dollardan baha başa gəlir. Sonrakı 4 yeri Yaponiyanın
Tokio, Naqoya, Yokoqama və Kobe şəhərləri tutur.
Avropanın ən
bahalı şəhəri Danimarkanın Kopenhagen şəhəridir.
Bu sıralamada Rusiyanın paytaxtı Moskva 23-cü yerdədir.
ABŞ-da ən bahalı şəhər Nyu Yorkdur. Bu şəhər
ən bahalı şəhərlərin siyahısında
84-cü yerdən 17-yə qalxıb.
Müstəqil Dövlətlər
Birliyi məkanında isə ən bahalı şəhər
Bakıdır. Azərbaycanın paytaxtı reytinqdə 20-ci
yerdədir. Keçən ilin sonunda açıqlanmış
reytinqdə isə Bakı 109-cu yerdə olub.
Qeyd edək ki, “ECA
İnternational” araşdırmalarını dünyanın 270
iri şəhərində aparıb. Bu şirkətin mütəxəssisləri
125 növ xidmət və məhsulun qiymətini
araşdırıblar.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 9.