Danışan Dumbadzenin qəhrəmanlarıdır
Bugünlərdə Badamdar Mədəniyyət Evinin nəzdində
fəaliyyət göstərən xalq teatrının həvəskar
aktyorları gürcü yazıçısı Nodar
Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsərini
səhnəyə qoymuşdu. Tamaşanın rejissoru Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dördüncü kurs tələbəsi Anar
Sadıqov idi. Rolları Fidan Cabbar (nənə), İlkin
Babayev (İliko), Niyaz Qasımov (İllarion), Elmin Bədəlov
(Romulu və Alfez), Afaq Abbasova (Meri) və başqaları ifa
edirdi.
Tamaşa bir qəhrəmanın
əlində kitab zaldan səhnəyə doğru gəlişi
ilə başlayır. Bununla göstərmək istəyirlər
ki, biz tamaşaçı ilə əlaqəni möhkəm
qururuq. (Bəlkə də rejissor bunu belə fikirləşməyib.)
Ciddi yerişlərlə gələn bu qəhrəman müəllifin
və əsərin adını oxuyub, kitabı səhnənin
ön hissəsinə qoyur. Daha sonra cibindən dəsmalını
çıxarıb möhkəm fınxırır. Amma
heç kim gülmür. Bəlkə də çoxları “hə,
nə olsun?” deyə təəssüflənir.
Əsas hissə
Muradanın anım mərasimi ilə başlayır. Bütün
qohumlar yığışıb çaxırdan içir və
ağlayırlar. Hamı “rəhmətlik” Murada haqqında
danışır. Onun sadiq “dost” olduğundan söhbət
açırlar. İllarion isə Muradanın çox gözəl
bir it olduğunu deyir. Nəhayət, bu məqamda
tamaşaçılar gülür. Bu, gözəl rejissor
işi olmasa da, tamaşaçı yazıçı
istedadının məhsuluna gülməli olur. Axır ki,
gürcü yumorunun özünəməxsusluğu
görünür. Yazıçı müharibə
dövründə təhsilin vəziyyətini Zurikonun xarakter
və işlərində qələmə almışdır.
Rejissor hadisəni lazımi səviyyədə aça bilməmişdi.
Qəhrəmanı canlandıran həvəskar aktyorun da
bacarıqsızlığı kənardan
görünürdü. Tamaşa boyu qəhrəmanlar bir-birinə
tələ qurur və didişirdilər. Bu məqamda nənə
səs-küyü, hay-həşirləri ilə daha çox
yadda qalırdı. O, yersiz qışqır-bağır
salır, kimisə döyür-söyürdü. Hətta nənə
bir dəfə səhnəyə gələndə zalda əyləşən
uşaqlardan biri dedi: “Vay aman. Nənə yenə gəldi”...
Maraqlı səhnələrdən
biri də Zuriko və Merinin görüşüdür. Bir-birini
sevən bu iki gəncin danışmağa sözü olmur. Zuriko
“rəhmətlik” iti Murada haqqında danışır...
Sonda nənə
ölür. Nəvəsi Zurikonu dostlari İliko və
İllariona tapşırır. Yazıçı bununla
göstərmək istəyir ki, nə qədər
dava-dalaş olsa da, insan dar gündə bir-birinin
qayğısına qalmağı bacarmalıdır...
Tamaşa bir o qədər
effektli alınmasa da teatr üzvlərinin həvəslə
işləməsi və əsər seçimi bizi sevindirdi. Həvəskar
aktyorlar bu tamaşa üzərində üç ay işləyiblər...
ELMİN
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 6.