Salam, Lalə xanım, necəsiz?
Allahın adı ilə başlanan bu
sualımızı müsahibəmizə başlıq etdik...
Millət vəkili, jurnalist-yazıçı, qəzet
təsisçisi, Birlik sədri və həvəskar bəstəkar
Lalə Abbasova həm də halal insan və müdrik
anadır.
- Lalə xanım, bax,
bu saat titullarınızdan hansına bab əhval-ruhiyyədəsiz?
- Hamısına
uyğun ovqatdayam. Bir günün bir neçə saatı ərzində
deputatam, iki-üç saatında jurnalist-təsisçiyəm,
bir-iki saatlığa «Qadın və Tərəqqi» -
İctimai Birliyinin sədri, bir saat yazıçı (hekayələr
yazıram), para saat həvəskar bəstəkarlıq...
- Deyəsən, söhbətimiz
«beşulduzlu» alınacaq...
- Bu qəribə
«rubrika»nıza, olsa-olsa, kolleqalığımız xatirinə
«dobro» verə bilərəm.…
- Bu titulların
hansı ilə «forslanırsız»?
- (Gülümsünür)
Mən bütün ömrüm boyu heç nə ilə
forslanmamağımla «forslanmışam» və gəlin, «oxucu
ovqatı»na hesabladığınız bu yumoristik tonu ciddiyə
dəyişək. Mən belə düşünürəm
ki, hər bir insan həm də özündən sonrakı - yəni,
fiziki yaşamından sonrakı adı üçün,
xüsusən də övladları üçün
yaşamalıdır, yaxşı xatirələr
qoymalıdır. Məncə, övlad üçün ən
qiymətli vərəsə valideynlərindən qalan (və xərcləndikcə
azalan) ləl-cəvahirat yox, eşidildikcə artan xoş
xatiratlardır.
- Bu gözəl kəlmələr,
belə demək mümkünsə, «ailə vəkilliyi»nizə
aiddir. Bəs millət vəkilliyinizə dair nələr deyə,
hansı məsələlərə toxuna bilərsiniz?
- Elə deputat kimi də
məni ən çox narahat və məşğul edən məsələ
gənclərimizin ailə problemləri, elm və təhsil
qayğılarıdır. Gənclərimizin tez ailə qurub,
bundan da tez ayrılmaları məni çox narahat edir. Bildiyiniz
kimi, Konstitusiyada əlavələr var ki, ailə dövlət
tərəfindən qorunur. Bu, öz yerində. Amma mən istərdim
daha güclü, bu «kiçik dövlət»lərin möhkəmliyi
naminə elə sərt qanunlarımız olsun ki, gənclər
evlənərkən, çox məsuliyyətli olsunlar.
- Dediniz gənclər nə
edərkən?..
- Evlənərkən...
- Bilirəm, Lalə
xanım, mən bu sualı bir xatirəyə ayaq
üçün qəsdən verdim. 1960-cı illərin əvvəllərində
ADU-nun (BDU) jurnalistika fakültəsinin gənc müəllimlərindən
biri uzun yazışmalardan sonra (əvvəl Azərbaycan, sonra
rus, daha sonra isə ingiliscə teleqramları hesabına) Azərbaycan
KP MK-nın birinci katibinin qəbuluna düşür və bəyan
edir ki, mən elmlər namizədiyəm, 32 yaşım var və
hələ subayam. Katib çox nəzakətlə: «Evlənin
dəə...» deyir. Müəllim isə ondan da nəzakətli
bir tərzdə buyurur: «Yoldaş katib, əvvəl «ev» gəlir,
sonra «lənmək» Ev verin, lənim».
- (Gülür) Eşq
olsun o mübariz bəyə və məncə, o məntiq təməlində
qurulmuş ailə elə o məntiqlə də ömür
sürmüş olar. Siz isə, sözsüz ki, bu xatirə
ilə bugünkü gənclərimizin ev problemlərinə
işarə vurursuz. Deyim ki, bu məsələ bütün
dövrlərimizin problemidir, ancaq indilər
xalqımızın əməkhaqqı «səbəti», qazanmaq
müstəqilliyi əvvəlki dövrlərə nisbətdə
xeyli artıqdır və üstəgəl, məlum «ipoteka»
kreditləri.…
Bundan əvvəl etdiyim
söhbətin nəbzi isə təkcə maddi,
«daşınmaz əmlak» üstə yox, nəsildən-nəslə
daşınan mənəvi əmlak, şan-şərəf
üstə döyünür. Maddiliyə qalsa, hər çətin
dünənin asan sabahı ola bilər. Amma hər hansı
maddi səbəbdən dağılan ailənin mənəvi
sabahı yoxdur. Yəni, istərdim yeni ailə quran gəclərimiz
dərk etsinlər ki, evlilik tək elə gözəl hisslər
deyil. Bizim valideynlərimiz bunu öz «saqqallı»
uşaqlarına daim ən vacib layla kimi səslənməlidirlər.
- Bəs bir jurnalist, mətbuat
işçisi kimi özünüz barədə nə
söyləyə bilərsiniz?
- Deyim ki,
jurnalistikaya korrekturadan başlamışam. 21 il «Vışka»
qəzetində çalışmışam. Azərbaycanın
çox rayonlarını gəzib-dolaşmış,
bütün xarakterial xüsusiyyətlərini, ictimai-məhəlli
fəlsəfəsini müşahidə etmiş, kifayət qədər
görüb-götürmüşəm. Cəmiyyətə,
xüsusən gənclərə fayda verən materiallar
yazıb dərc etdirməyə çalışmışam.
- Yəqin
ki, rayonlarda sadə insanlarla da çox
görüşmüsünüz və indi deputatlıq
fonunda, onları necə və kimi daha çox
xatırlayırsız?
- 20 il əvvəl
Şamaxıda bir çobanın qonağı olmuşam və
onun zəhmətkeşliyi, dünyagörüşü, həyat
fəlsəfəsi məni çox heyrətləndirmişdi.
- Nəğmələriniz
haqda - biz bura bəstəkarlığınızı deyib gəlmişik...
- Mən professional
bəstəkar deyiləm. «Ömrümdən gedən illər»
mahnımı Nisə xanım Qasımova ifa edir. Mən hər
şeirə musiqi bəstələyə bilmirəm. O şeir
ki mənim könlümü çalır, mən yalnız
onda bəstələyirəm.
- Mahnı,
musiqi yaradıcılığınız daha çox hansı
ehtiyacdan yarandı; öz könül rübabınızdan,
ya həyat diktəsindən?
- Mənim
bütün qərarlarımın fərmanvericisi öz ürəyimdir.
- O cümlədən
yazıçılığınızın...
- Hə. Gəncliyimdən
yazırdım. Amma sovet vaxtı «dəcəl» hekayələrimi
çap etdirmək çox çətin idi, hər zaman
siyasi «olmaz!»lara, ədəbi tənqidlərə məruz
qalırdım. Lakin 40 yaşımdan sonra balaca-balaca hekayələr
yazdım və «Anlamaq istəyirəm» adlı bir kitabçam
çıxdı.
-
Diktofonöncəsi söhbətinizdən duyduğuma görə,
analıq «vəzifə»nizdən daha geniş
danışacaqsız...
- Bu «yaradıcılıq»da
özümü çox xoşbəxt sayıram. Bir oğlum,
iki qızım var. Oğlum kişi kimi kişidi,
qızlarım da xanım kimi xanım. Allahın köməkliyilə
çalışmışam onları həyata elə
hazırlayım ki, aylarla, illərlə qoyub öz işimin
dalıyca getsəm, narahat olmayım. Onlar da mənə hədsiz
etibar qayığısı göstərirlər.
-
Hansının adını Siz qoymusuz?
-
Hamısının. Hamısının da adında bir
işıq var: Ziya, Səma, Nuranə.
-
Hansını daha çox istəyirsiz?
- Ana öz
övladları barədə fərq qoymaz.
- Sizcə,
«besavadlıq zamanasında» boşanmalar çox idi, ya
müasir savadlılıq zəmanəsində?
-
Keçmiş zamanlarda boşanma, sadəcə, ayıb
sayılıb. Ərə gedən qadınlar
döyülüb-söyülsələr də, təhqirlərdən
üzləri, əzab-əziyyətdən belləri əyilsə
də, başlarını qaldırıb yuxarı
baxmırdılar. Dözürdülər və müəyyən
bir yaşa gələndə insan simasını itirirdilər.
Bu məsələdə həm savad, həm də insanın
genetikası böyük rol oynayır. İnsanın
genetikası pis, savadı, «hüququm» anlayışı
aşağıdırsa, hər şey bitdi. Burda heç nə
etmək olmaz. Ancaq savadlı, intellektual ölkənin gələcəyi
ola bilər. Mən 10 ildir uşaq evlərilə əlaqələrdəyəm.
Ətrafımdakı çox gözəl, ayıq, ictimai
düşüncəli qadınlarla çox işlər
aparmışıq və bu da ona gətirib
çıxarıb ki, o uşaqlar məktəbi bitirərkən
«neynim-necə eləyim» dilemmaları qarşısında qalmırlar;
universitetlərə daxil olurlar, ailə qururlar. Bizim Oksana
adlı bir sevimli qızımız var. Öz savadı ilə
universitetə daxil olub. Məktəbi bitirərkən mən
ona dedim: «Sən düz ol, Allah ilə ol, yolların həmişə
açıq olacaq». Yeri gəlmişkən, mən bu sözləri
bütün insanlara aid edirəm. Hə, o qızı bir ailə
himayəyə götürdü və bu yaxınlarda o, mənə
zəng vurub dedi ki, bu il universiteti bitirir və daha yüksək
təhsil və ümumən karyera üçün Amerikaya
gedir - dövlət xətti ilə. Kim nə deyir desin, məncə,
təkcə yaradıcıların yox, bütün
insanların «şah əsəri» övladdır.
- Bu postulatda jurnalistlik-yazıçılığınızın «baiskarlığı» az deyil və istərdim bu sahələrdəki fəaliyyət və özəlliklərinizdən də bir «özünəməxsus» söhbət edəsiniz..
- Çox əfsuslar
olsun ki, mən jurnalistikada özümü peşəkar kimi
realizə edə bilmədim və özümü
güclü jurnalist saymıram.
- Bəs təsisçisi
olduğunuz bu maraqlı «Mir jenşinı» qəzeti azmı
söz deyir?
- (Məmnun
bir təbəssümlə) Bu qəzetim nə qədər
söz deyir, bilmirəm, amma mən özüm deyim ki,
böyük təcrübəm olsa da, böyük jurnalistlərin
yanında özümü sıravi qələm əhli hesab
edirəm. Məsələn, çox yaxın rəfiqəm
Elmira Axundova! Mən onunla qürur duyuram. Onun ulu öndərimiz
Heydər Əliyev haqda elə kitab və yazıları var ki,
oxucuya ustad qələm, ecazkar maestro simfoniyaları təsiri
bağışlayır!
- O ampluada
neçə jurnalistin adını çəkə bilərsiniz?
- Çox
olsa, barmaqhesabı qədər.
- Bayaq
valideyn-övlad tandemindən bəhs etdik, bunu sənət-peşə
sələf-xələfliyinə də aid etmək olmazmı?
Yəni, niyə axı jurnalistikanın Elmira Axundova kimi
valideynləri özləri kimi övladlar yetişdirməyiblər?
- Bunu zaman
elədi. İqtisadiyyatı olmayan ölkənin mənəvi
inkişafı olmur. Bu da bizdə müharibədən sonra
yarandı. İnşallah, indi inkişaf var və zaman elələrini
yetişdirəcək.
- Təbiətin
hansı səsindən xoşunuz gəlir: yağışdan,
maşın səsindən, quş cikkiltisindən, ya bilkə
kiməsə vurulan şapalaq səsindən?
- Quş səsləri
daha xoşdur.…
- Sizi bəstəkarlığa
o səslər gətirdi?
- Yox, sənətə səsləyən
səs İlahi bir şeydi. Bir 10 il öncə bir
şairənin şeiri tutdu məni və musiqi təhsilimə
güvənib, keçdim pianino qarşısına. Bir
günün içində iki şeirə musiqi yazdım:
«Ömür belə neçə keçdi» və «Bu eşq
yandırdı məni».
- Əgər
o şeirin adı, tutalım, «Bu yol yaman yordu məni»
olsaydı da yazardınız o musiqini?
- Yox, o tip
mövzular adamı pianino arxasına yox, yazı masası
arxasına çəkə bilər.
- Bəstəkarlardan
kimi daha çox sevirsiz?
- Klassiklərdən
Qara Qarayevi, Bethoveni, müasirlərdən Eldar Mansurovu.
- Deputat,
camaat, dolanışıq...
-
Aydındır. Bəzi jurnalistlər yazırlar ki,
deputatların maaşı çoxdur. Amma, inanın, mən
jurnalist olarkən aldığım maaşla öz tələblərimi
daha yaxşı ödəyirdim, nəinki indi. Hətta o
vaxtkı qazancımdan uşaq evinə də aparırdım.
İndi deputatam və xərc ünvanları o qədər
artıb ki, maaşım məni görmür.
- Sizə
«axırıncı dəfə avtobusa nə vaxt minmisiz»
sualı verilsə, inciməzsiz?
- İncimədən
cavab verirəm ki, bugünlərdə uşaq evinə getdiyim
avtobus istisna edilməklə, bir 10-15 ildi ictimai nəqliyyata
minməmişəm. Bilirsiz, bu da var ki, əgər bu gün mən,
tutalım, öz rayonumuza avtobusla getsəm, seçicilərimin
bir çoxu məni öz «sovet mentaliteti» səviyyəsində
qarşılayar.…
- Deyirlər, analara məsləhəti
yalnız analar verə bilər...
- İlk növbədə,
övladları arasında fərq qoymasınlar, səbrli
olsunlar, yetkinlik yaşına çatanda uşaqlara ehtiyatla
yanaşsınlar, səbrlə davransınlar, onlara dost kimi yol
göstərsinlər, ailə qurduqdan sonra həyatlarına
müdaxilə etməsinlər.
Söhbətləşdi: K.Cəbrayıl
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 4.