20 iyun Ümumdünya
Qaçqınlar Günüdür
Hər il iyun ayının 20-də Birləşmiş
Millətlər Təşkilatı Ümumdünya
Qaçqınlar Gününü qeyd etməklə
bütün dünyada qaçqınların və məcburi
köçkünlərin vəziyyətinə diqqət
ayırmağa çalışır. Ümumdünya
Qaçqınlar Günü 4 dekabr 2000-ci ildə BMT Baş
Assambleyası tərəfindən qəbul edilən qətnamə
ilə müəyyən olunmur. 20 iyun şərəf və ləyaqətini
ən çətin şəraitdə qorumaq üçün
mübarizə aparan didərgin və yurd-yuvasından məhrum
olmuş insanların həmrəyliyi günüdür.
Hazırda dünyada
milyonlarla insan zorakılıq, təqib və münaqişələr
nəticəsində yurd-yuvasından didərgin
düşüb ki, Azərbaycan da bu sıraya daxildir. Ermənistan
Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarına hərbi
təcavüzü nəticəsində doğma yurdlarından
didərgin düşmüş bir milyon soydaşımız
var. Həmin insanların qayğıları, sosial problemləri,
münaqişənin siyasi cəhətdən həlli məsələsi
müasir Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.
Belə ki, respublika prezidenti İlham Əliyev tərəfindən
son 5 ildə qarşıda duran prioritet məsələlərdən
biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü
tədbirlər həyata keçirilib. Ümumən,
qaçqınların və məcburi köçkünlərin
sosial müdafiəsi ilə bağlı son 5 ildə Azərbaycan
Respublikasının Prezidenti 19 fərman və sərəncam
imzalayıb, 1 Dövlət Proqramı və ona əlavələr
təsdiq edib. Bu sənədlərin icrası ilə əlaqədar
Nazirlər Kabineti tərəfindən 65 qərar və sərəncam
verilib, Milli Məclisdə 1 qanun qəbul edilib, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə qaçqın və məcburi
köçkünlərin probleminə həsr olunan beynəlxalq
konfrans və iki geniş müşavirə keçirilib. Təkcə
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti 1 fərman,
2 sərəncam imzalayıb, Nazirlər Kabineti 8 qərar və
sərəncam qəbul edib. İlham Əliyev son 5 ildə 11 dəfə
məcburi köçkünlərlə şəxsən
görüşüb. Hələ 2003-cü il oktyabrın 1-də
prezident seçkiləri ərəfəsində ilk
görüşünü Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün salınmış
yeni qəsəbələrdə keçirən cənab
İlham Əliyev «Ölkədə bir dənə də
çadır düşərgəsi qalmayacaq»-deyə bəyan
etmişdi. Prezidentin bu vədi vaxtından bir il əvvəl
yerinə yetirilmiş və çox acınacaqlı şəraitdə
yaşayan məcburi köçkünlərin çadır həyatına
son qoyularaq, onlar müasir standartlara uyğun, tam infrastruktura
malik yeni qəsəbələrə
köçürülüblər. Ötən 5 ildə
görülən misilsiz işlər nəticəsində bu bəyanat
qısa müddətdə reallığa çevrildi,
respublikamızda qalan 7 çadır düşərgəsi də
ləğv edildi.
Eyni zamanda Ermənistan-Azərbaycan
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin
apardığı uğurlu xarici siyasət nəticəsində
beynəlxalq səviyyədə mühüm tədbirlərin
həyata keçirilməsi işi davam etdirilir. 2008-ci ilin 14
mart tarixində BMT-nin Baş Assambleyasının 62-ci
sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət” adlı qətnamə qəbul edilib. Sənəddə
erməni silahlı qüvvələrinin Azərbaycanın
işğal altındakı ərazilərindən
çıxarılmasını birmənalı şəkildə
əksini tapmışdır.
2008-ci ilin xüsusi əhəmiyyət
kəsb edən məqamlarından biri də noyabrın 2-də
Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan
və Ermənistan prezidentləri arasında ikitərəfli və
Rusiya prezidentinin iştirakı ilə üçtərəfli
görüşlərin keçirilməsi olub. Görüş
zamanı dövlət başçılarının
imzaladığı bəyannamədə münaqişənin
siyasi vasitələr, beynəlxalq hüquq normaları çərçivəsində
həll edilməsinin zəruriliyi göstərilir. Bu isə
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini,
Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsini,
həmçinin BMT Baş Assambleyasının bu ilin mart
ayında qəbul etdiyi qətnaməni də özündə
ehtiva edir. Beləliklə, bu bəyannamə bir daha
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
həll edilməsinin labüdlüyünü təsdiq edir.
Bundan başqa, son 15 ildə
Ermənistan ilk dəfə olaraq bu münaqişənin
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllinin
mümkünlüyünü təsdiqlədi.
Ermənistan-Azərbaycan
- Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
ictimaiyyətə çatdırılması məqsədilə
müntəzəm olaraq müvafiq tədbirlər həyata
keçirilir. Bu istiqamətdə təbliğat da
mühüm əhəmiyyət kəsb edir. Belə ki,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi tərəfindən
hazırlanan kitablar, qısametrajlı filmlər səfirliklər
vasitəsilə dünya ölkələrinə
yayılır. Fəaliyyətə başladığı ilk
gündən etibarən Heydər Əliyev Fondu da
qaçqın və məcburi köçkünlərin
üzləşdikləri çoxsaylı problemlərin
dünya ictimaiyyətinə çatdırılmasına və
onların həllinə daim diqqətlə yanaşır.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaradılmış «Azərbaycan»
internet portalının böyük əhəmiyyəti
xüsusilə qeyd olunmalıdır. Burada Ermənistan-Azərbaycan
- Dağlıq Qarabağ münaqişəsindən, Xocalı
soyqırımından, erməni təcavüzündən bəhs
edən məlumatların yerləşdirilməsi saxta erməni
təbliğatına qarşı tutarlı cavab olmaqla
dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə
yaxından tanış olmasına şərait yaradır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev öz
çıxışlarında ölkəmizin ərazi
bütövlüyü ilə bağlı dəfələrlə
vurğulayıb: «Azərbaycanın işğal olunmuş
torpaqları işğalçı qüvvələrdən
azad olunmalıdır. Azərbaycanın məcburi
köçkünləri öz doğma torpaqlarına
qayıtmalıdır, o cümlədən Dağlıq
Qarabağa qayıtmalıdır. Təbii ki, torpaqlarımız
sülh yolu ilə azad edilməsə, istənilən vasitə
ilə azad ediləcəkdir».
Mehparə
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 3.