“Qoy həmişə
Günəş olsun!”
Uşaqların rəsm sərgisi bu devizlə
keçirildi
Abşeron Rəsm
Qalereyasında “Uşaq ili” çərçivəsində
“Qoy həmişə Günəş olsun!” devizi altında
uşaqların rəsmlərindən ibarət sərgi təşkil
olunmuşdu. Sərgini Bakı şəhər 46 saylı Məktəbdənkənar
Tərbiyə İşi Mərkəzinin nəzdində fəaliyyət
göstərən “Günəş” rəsm studiyası təşkil
etmişdi. Qrafika ustası N.Rzayevanın
başçılıq etdiyi studiya 1997-ci ildən fəaliyyət
göstərir. Təşkil olunmuş sərgidə “Günəş”
rəsm studiyasının 4 üzvünün - Mustafa Məmmədov,
Aslan Rzayev, Sevda Qasımova və Fidan Babayevanın rəsm əsərləri
nümayiş olunurdu. Nümunələr arasında Aslan
Rzayevin obrazlı əsərləri, Sevda Qasımovanın mənzərə,
Fidan Babayevanın natürmort janrında yaratdığı,
Mustafa Məmmədovun ağ-qara rəsm kompozisiyaları diqqəti
cəlb edirdi. Mərkəzin 100-dən çox dərnək
üzvünün də iştirak etdiyi sərginin sonunda
işləri nümayiş olunan uşaqlara diplom və fəxri
fərmanlar verildi.
Mərkəz “Uşaq
ili”nin sonunadək balaca rəssamların
yaradıcılığına həsr olunmuş tədbirləri
davam etdirməklə bərabər, onların əl işlərindən
ibarət kitabın nəşr etdirilməsini nəzərdə
tutub.
ELMİN
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 3.