“Arşın mal alan” - bu dəfə
məktəblilər oynadı
Bütün mənalı ömrünü Azərbaycan
musiqisini inkişaf etdirib, onu yeni keyfiyyətlərlə zənginləşdirməyə
sərf edən Üzeyir bəyin xalq arasında tez bir zamanda
şöhrət qazanmış və indiyədək
bütün dünya səhnələrində müvəffəqiyyətlə
tamaşaya qoyulmuş “Arşın mal alan” musiqili
komediyasının bu il 96 yaşı tamam olur.
“Arşın mal
alan”ın bu yaxınlarda qeyri-adi şəkildə səhnələşdirilməsindən
danışmaq istəyirəm. Tamaşanın yeniliyi və
qeyri - adiliyi onun əvvəldən axıradək uşaqlar tərəfindən
göstərilməsində idi. Fikrət Əmirov adına 6
saylı 11 illik uşaq musiqi məktəbinin müdiriyyəti
və təcrübəli müəllimlərinin
yaratdığı şərait nəticəsində
buraxılış siniflərinin şagirdləri qısa bir
müddət ərzində hazırladıqları tamaşanı
yüksək səviyyədə oynadılar.
Qeyd edim ki, tamaşa
üzərində gedən məşqlər çox dinamik,
canlı olub, böyük zövq verirdi. Məşqlər
zamanı operettanın səkkiz iştirakçısından
hər biri ilə sıx təmasda olduğumdan onların bir məşqdən
digərinə doğru inkişafı, əlbəttə ki,
sevindirici idi. Uşaqlar ölməz Füzulinin qəzəllərinə
müraciət edən Üzeyir bəyin böyük ədəbi
zövqünü dərindən duyaraq, 4 pərdəli dinamik
tamaşanı vahid bir xətlə, bədii formada
oynadılar. Tamaşaya çox geniş auditoriya
toplaşmışdı. Səhnənin maraqlı tərtibatı
isə əsl teatr mühiti yaradaraq, tamaşaçılara
böyük estetik zövq verdi.
Məktəbin
istedadlı şagirdləri Vahid Pirəliyev (Əsgər), Əminə
Qurbanova (Gülçöhrə), Hacı Eynar (Soltan bəy),
Fəridə Abdullayeva (Cahan xala), Bəybala Məmmədov
(Süleyman), Fənarə İsmayılova (Asya), Gülbəniz
Məmmədova (Telli), Rəvan Əlixanov (Vəli), Günel Həmzəyeva
(aparıcı), Türkan Alışlı (fortepiano) 14 - 16
yaşda olmalarına baxmayaraq, rolların öhdəsindən
müvəffəqiyyətlə gəldilər. Uşaq
kollektivində belə çətin əsərin uğurla tamaşaya
qoyulması həm də ona görə maraqlı idi ki,
tamaşada iştirak edən məktəbin şagirdlərindən
V.Pirəliyev istisna olmaqla, digərləri müxtəlif musiqi
təhsili alırlar. Onlar xüsusi vokal hazırlığa
malik olmasalar da, öz daxili imkanlarına uyğun olaraq rolları
əla ifa etdilər. Şagirdlərin həm musiqiçi, həm
də aktyorluq qabiliyyəti hərtərəfli üzə
çıxdı. Tamaşadan sonra məktəbin müəllimi,
Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru, əməkdar incəsənət
xadimi Sərdar Fərəcov öz təəssüratlarını
bölüşərək iştirakşıları təbrik
etdi: ““Arşın mal alan” musiqili komediyası
yarandığı tarixdən etibarən minlərlə
tamaşaçı üzü görüb, onu
dünyanın, demək olar ki, bütün mədəni
xalqları dinləyib, öz dillərində ifa edib. Bununla bərabər,
məktəbin şagirdlərinin göstərdiyi tamaşada
xüsusi təravət, gözəllik vardı. Özüm bu
məktəblə bağlı adam olsam da, heç gözləməzdim
ki, bizim məktəbimizdə bu qədər istedadlı
uşaq var”.
Məktəbin direktoru Nəriman
Əliyev şagirdlərinin yaradıcı qabiliyyətlərini
vurğulayaraq, “Arşın mal alan” musiqili
komediyasındakı yüksək əxlaqi keyfiyyətlərin
sağlam əqidəyə mənəviyyata yüksək təsirini
önə çəkdi: “Ü.Hacıbəyovun 96 il bundan əvvəl
yaratdığı “Arşın mal alan” musiqili komediyasında
irəli sürdüyü vacib həyati məsələlər
bu gün də öz aktuallığını itirməmişdir.
Operettada mənalı surətləri yaradan bu yeniyetmələr,
deyə bilərik ki, böyük bir hazırlıq məktəbi
keçdilər. Musiqili komediyadakı parlaq obrazlar onların hər
birinin daxilində artıq dərin kök salmışdır.
Çünki Üzeyir sənəti insanı mənən
ucaldaraq yüksəldir. Onun zəngin musiqi irsi Azərbaycanın
böyüməkdə olan nəcib və
gözüaçıq nəslinin bədii qidasıdır. Bu
tamaşanın yeniyetmələrin ifasında
oynanılması da bunun sübutudur”.
Kəmalə Ələsgərli
Mədəniyyət.- 2009.- 19 iyun.- S. 2.