Vurğun yadigarı
dünyadan köçdü
Ötən həftə Azərbaycan elm və mədəniyyətinə
ağır itki üz verdi. Dahi Azərbaycan şairi, görkəmli
dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət
mükafatı laureatı Səməd Vurğunun yadigarı
Aybəniz Vəkilova əbədiyyətə qovuşdu.
Aybəniz xanım 9 sentyabr 1937-ci ildə Bakıda anadan olub. 1944-51-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orta
ixtisas musiqi məktəbində oxuduqdan
sonra təhsilini 132 saylı məktəbdə
davam etdirib. Azərbaycan dili və ədəbiyyatına
maraq göstərən
A.Vəkilova elə bu istəklə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1960-cı ildə
ali təhsilini
başa vuran Aybəniz xanım özünü elm sahəsinə
həsr edir. Əmək fəaliyyətinə
Nizami adına
Azərbaycan Ədəbiyyatı
Muzeyində elmi işçi kimi başlayan bu xanım sonralar Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında
təhsil alıb. Və elə bu elm ocağında da çalışıb.
1975-ci ildə Azərbaycanda
yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək
üçün yaradılmış ilk memorial muzey - Səməd
Vurğunun ev-muzeyi fəaliyyətə başladıqdan sonra
Aybəniz xanım ömrünün sonuna qədər
özünü bura həsr edib. Belə ki, atasının
ev-muzeyində əvvəlcə mühafizəçi kimi
çalışan Aybəniz xanım, artıq 2006-cı ildən
baş mühafiz, az keçməmiş muzeyin direktoru vəzifələrinə
qədər yüksəlib.
Qeyd edək ki, Azərbaycan
ədəbiyyatını, Səməd Vurğunun ədəbi
irsini yorulmadan təbliğ edən, xalq şairinin xatirəsini
ölməzləşdirən Aybəniz xanımın xidmətləri
həmişə diqqət mərkəzində olub. Elə bu səbəbdən o,
SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət
Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf nişanı» ordeninə layiq görülüb.
Təsadüfi deyil ki, muzeyin fəaliyyəti hər zaman mədəniyyətə xüsusi
dəyər verən ümummilli lider Heydər Əliyev tərəfindən də
yüksək qiymətləndirilib.
Muzeyə rəhbərliyi dövrundə
onun fondunu xeyli zənginləşdirən,
yeni ekspozisiya bölmələri yaradan,
şairin həyat və yaradıcılığı
ilə bağlı gərgin araşdırmalar
aparan Aybəniz xanımın bu sahədə sərf etdiyi gərgin zəhmət respublika rəhbərliyinin nəzərindən
yayınmayıb. Ona 60 illik
yubileyi münasibətilə
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev təbrik məktubu göndərib.
A.Vəkilova 2002-ci ildə
Əməkdar mədəniyyət
işçisi adına, 2003-cü ildə
isə Prezident təqaüdünə layiq
görülüb. Daim öz
üzərində çalışan,
dövlətə və
millətə xidmət
edən Aybəniz xanım Beynəlxalq Muzeylər Şurasının
üzvü kimi Amerika, Norveç və İspaniyada keçirilən konfransların
iştirakçısı olub.
Səməd Vurğunun
həyat və yaradıcılığı ilə
bağlı onlarla kitabın tərtibatçısı,
elmi məsləhətçisi,
«Səməd Vurğun»
sənədli filminin məsləhətçisi, «Sözləri
Səməd Vurğunundur»
adlı mahnı diski və bir
sıra elmi işlərin müəllifi
olub. Türk xalqları mədəniyyətinin
inkişafına göstərdiyi
xidmətlərinə görə
Türk Dünyası
Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının
fəxri professoru adına layiq
görülüb. Azərbaycan mədəniyyəti,
xüsusən də muzey işi sahəsində xidmətləri
olan Aybəniz Vəkilovanın vəfatı
Mədəniyyət və
Turizm Nazirliyinin kollektivini, eləcə də çoxminlik mədəniyyət işçilərini
kədərləndirmişdir. Böyük şairimizin yadigarının
əziz xatirəsi heç vaxt unudulmayacaq.
Allah rəhmət eləsin!
Mədəniyyət.- 2009.- 19 iyun.-
S. 2.