“26-lar”ın aqibəti

 

Şaumyan Hindistanın Mədrəs şəhərində dəfn edilib

 

26 Bakı komissarı adı ilə şöhrətlənən müvəqqəti hökumətin bir neçə nazirinin (komissarının) liderliyi ilə formalaşmış bu “güllələnmə” qrupu Qafqaz sovetləşdikdən sonra əfsanəvi qəhrəmanlar taqımına çevrildi.

 

Necə oldu ki, nəinki Azərbaycan Xalq Cümhuriyyəti və İngiltərə dövləti hərbi cani hesab olunan, hətta özünün hakimiyyəti ötürdüyü Sentrokaspi Diktaturası tərəfindən də cinayət məsuliyyətinə cəlb edilən, üstəlik, məmləkətimizdə törətdiyi soyqırım aktları ilə Leninin də qınağına gələn bu “şayka” bir dönəm ötəndən sonra nağıl qəhrəmanlarına döndülər?!.. Törətdiyi cinayətlərin miqyasından sonralar özü də qorxaraq əməllərinə başqa don geydirən; vəhşilikləri ört-basdır edərək soyqırımını sinfi mübarızə çərçivəsini qeyri-iradi aşmış, “yol verilməsi mümkün olan” milli qırğın kimi təqdim edərək vəziyyətdən çıxmağa çalışan, qırğına məruz qalmış müsəlmanların sayını (kəskin şəkildə azaltmaqla) gizlədən; bu olaylarla bağlı “qanunsuzluqları araşdırmaq üçün” Koksemyakonun (bəzi mənbələrdə: Kojemyako) başçılığı ilə formal bir Fövqəladə İstintaq Komissiyası da yaradan və bütün bu kimi addımlarla özünü bataqlıqdan qurtarmağa çalışan Şaumyan hökuməti hər bir parametrə görə tamamilə iflas etmiş durumdaydı... Ancaq nədən “26-lar” “güllələndikdən” və Azərbaycan 1920-ci ildə XI Qırmızı Ordu tərəfindən yenidən qırılıb-çatılıb, sovetlərə qatıldıqdan sonra bu namərd kommunarlar əfsanəvi qəhrəmanlar kimi öyüldü?!

Xalqa indi bəlli olur ki, bütün bunlar dünya erməni mafiyasının və onun Mikoyan kimi “şeytana papış tikən“ hiyləgər simalarının böyük dövlətlərarası oyunlar qurması və arxivləri ələk-vələk edərək zəruri materialların iz-tozunu “silib-süpürməsi” yolu ilə nail olunmuş bir məsələymiş...

Bəbnam “26-lar” hekayətinin qaranlıq məqamlarına tarixi faktların şahidliyi ilə aydınlıq gətirmək üçünsə öncə Musa Bağırovun araşdırmalarına nəzər salaq...

Akademik, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Yemelyanovun Azərbaycan jurnalisti Musa Bağırova bildirdiyinə görə, azərbaycanlılara qarşı soyqırımı siyasətinin konturları Mikoyan tərəfindən təkbaşına cızılmırdı. 1942-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi planı Hindistanın Mədrəs şəhərindəki erməni icması tərəfindən hazırlanmışdı.

Sonralar Musa Bağırov Hindistanda, Mədrəs şəhərində erməni kilsəsinə gedib ermənilərlə təmasda olur. Keşiş erməni dilində gözəl danışan Musa Bağırovu erməni bilərək:

- “Qarabağı nə vaxt alırsınız?” - deyə ona sual edir...

Musa Bağırov Mədrəsdə ikən latış mühacirləri və fars tacirləri ilə təmasa girir. Söhbət zamanı bəlli olur ki, 26 Bakı komissarlarından S.Şaumyan son vaxtlaradək Mədrəsdə yaşayırmış...

Bu olaydan sonra Azərbaycanın qeyrətli jurnalisti Musa Bağırov 26 Bakı komissarından A. Caparidzenin qızı Lutsiya xanımla da görüşür. Lutsiya Caparidze də S. Şaumyanın 1918-ci ildə öldürüldüyünə şübhələrinin olduğunu bildirir...

Təəssüflər ki, 26 Bakı komissarından olan Məşədi Əzizbəyovun nəvəsi, mərhum tarixçi-akademik Püstəxanım Əzizbəyova özü də bənzər dəlillərdən xəbərdar ola-ola, Stepan Şaumyanın 1918-ci ildə öldürülmədiyini inkar edirdi.

Başqa bir təəssüfləndirici məqam isə Məşədi Əzizbəyovun oğlu Əzizağa Əzizbəyovun ölkəmizin milli maraqlarına qarşı fəaliyyətidir. Mir Cəfər Bağırov o dövrdə respublika ticarətini cənginə keçirmiş yüksək vəzifəli erməniləri sıxışdıraraq, ölkənin bu gəlirli sahəsini düşmən ünsürlərdən təmizləməyə çalışırdı. Bu məqsədlə də Əzizağa Əzizbəyovu Azərbaycan Xalq Ticarət Komissarı vəzifəsinə irəli çəkmiş, o isə bunun müqabilində ermənilərlə birləşmiş, hətta Mikoyana söykənərək Kremlə M.C.Bağırovdan rəsmi şikayətlər yazmışdır. Bir qədər keçdikdən sonra isə Moskvaya, Mikoyanın başçılığı altında olan SSRİ Xalq Ticarət Komissarlığında işləməyə getmişdi. Ancaq orada bir müddət çalışdıqdan sonra bağışlanmaz səhvə yol verdiyini (ermənilərə alət olduğunu və b...) başa düşmüş, yenidən M.C.Bağırovun himayəsinə qayıtmışdı)...

Öncə 26 Bakı komissarını ölümə aparan yolun son səhifələrinə nəzər salaq...

Tarixi qaynaqlardan bəlli olur ki, 26-lar ingilislərin Bakıya gəlişindən sonra dəfələrlə gəmilərlə şimal istiqamətində (Rusiyaya, Həştərxana doğru) qaçmağa cəhd göstərmiş, ancaq buna müvəffəq ola bilməmişdilər.

13 avqust. Bakı komissarları və Rusiyadan sonralar kömək üçün göndərilmiş Petrovun silahlı dəstəsi 17 gəmidə Həştərxana doğru yola düşsələr də, dənizdə qopan şiddətli fırtına onları Jiloy adasının qabağında dayanıb, lövbər saxlamağa “məcbur etmişdi”.

14 avqust. Sentrokaspi diktaturasının göndərdiyi hərbi gəmilər (“Ərdahan”, “Qars”, “Göytəpə” adlanan) komissarların gəmilərinə yaxınlaşaraq geri qayıtmalarını tələb edir, əks halda, top atəşinə tutulacaqları barədə ultimatum verərək hədələyirdilər.

Komissarlar ultimatumu rədd etmiş; mübahisəli durumda, avqustun 14 də və 15-də Jiloy adası yaxınlığında gözləməyə məcbur olmuşdular.

16 avqust. Hava əlverişli olduğunu görən Bakı komissarları yollarına davam etməyə çalışırlar. Bu dəfə də Sentrokaspi diktaturasının hərbi gəmilərindən biri meqafonunun metallik səsi ilə gecənin gətirdiyi sükutu pozur: «Sentrokaspi diktaturası və İcraiyyə Komitəsi adından əmr edirik ki, istiqaməti dəyişdirib, Bakıya qayıdın!”

“Ərdahan”, “Qars”, “Göytəpə” gəmilərindəki projektorlar komissarların gəmilərinə güclü işıq saçaraq, daha sonra göyərtədəki topların lülələri də o səmtə yönəldilir.

Komissarlar adından Çaparidze cavab verir ki, onlara verilən iki saatlıq möhlət bitdikdən sonra da Denstervil lakeylərinin hökumətini tanımayacaq və əmrə tabe olmayacaqlar.

İki saat ötür. Hərb gəmilərindən atılan top mərmiləri Sentrokaspi yetkililərinin öz tələbində qərarlı olduqlarını bir daha nümayiş etdirir. Projektorların işıq zolaqları komissarların olduğu “İvan Kolesnikov” gəmisini aramsız axtarır... İki mərmi eyni zamanda hədəf götürülmüş gəminin böyrünü deşir: maşın hissəsinə su sızmağa başlayır...

Neft və benzin yüklənmiş gəmilərə top mərmilərinin dəyməsi partlayış və yanğınlara, yüzlərə qaçqının ölümünə səbəb olacaqdı.

Gəmilərdə əsl fəlakət başlayır... Sonucda komissarlar bayraq əvəzinə, bir mələfəni yüksəklərlə qaldırıb, gəmilərin yönünü geriyə doğru dəyişməyə məcbur olurlar...

Stepan Şaumyanı oğlu Suren Şaumyan və sabiq hərbi komissar Korqanovla birgə Jiloy adası yörəsindən qayıtdıqdan sonra mindikləri “Leyla” barkasından düşürərək zirehli maşınla Şamaxı yolundakı “Sentralnı qazamat” deyilən dustaqxanaya aparırlar.

İngilis generalı Denstervil də Bakıdan aldığı teleqramda Petrovun dəstəsinin silahsızlaşdırıldığı və komissarların həbs edildiyi haqda xəbəri oxuyan kimi “Prezident Kryuger” gəmisinin kapitanına Bakıya yola düşməyi əmr edir.

Denstervilin yazdığına görə, üç minlik türk ordusu hücuma keçəndə düşmənin işğal etdiyi Bakı şəhərində və cəbhədə 40 mindən çox erməni-xristian (menşevik, eser, daşnak) silahlı qüvvəsi var imiş.

14 sentyabr. Komissarlar Bayıl qazamatında ikən türklər şəhəri geri qaytarmaq üçün həlledici savaşa başlamışlar.

Bir qrup silahlı fəhlə komissarları qazamatdan çətinliklə də olsa, azad edir (əslində bu əməliyyat Sentrokaspi hökumətinin son məqamda məsələyə loyal yanaşması nəticəsində baş tutub - X.İ.) və şəhərdən çıxarmaq üçün əvvəldən hazırlanmış “Sevan” gəmisinə doğru aparırlar.

Ancaq “Sevan” gəmisinə yetişə bilmirlər. Belə ki, onlar gələnədək gəmi dayandığı yerdən yoxa çıxır. Bir qədər sonra öyrənirlər ki, Sentrokaspi hökuməti “Sevan”ı zəbt edib aparıb...

Artıq atışmalar Bayıl küçələrinə qədər gəlib çıxmışdı; gizlənmək üçün geri çəkilən komissarlar güllələrdən qoruna - qoruna Sahil küçəsinə yetişincə gəmilərə tələsən bir dəstə adama rast gəlirlər. Daşnak Tatevos Amirov (Amiryan) da atın üstündə, bu adamların arasındadır. O, Şaumyanı görcək bərk sevinir və deyir: “ “Türkmən” gəmisi mənim sərəncamımdadır. Minib bizimlə bərabər gedə bilərsiniz”.

Komissarlar qaçqın və əsgərlərlə dolu “Türkmən” gəmisinə minirlər. Amiryanın göstərişi ilə komissarları üst göyərtədə və kayutda yerləşdirirlər. Buradakı silahlı dəstə içərisində nizam-intizam və qarşılıqlı olaraq bir-birinə inam yox idi, özbaşınalıq hökm sürür, hər kəsə qorxu hissi hakim kəsilmişdi...

Manaf Süleymanovun təbirincə desək, “Sevan” gəmisinin yoxa çıxması və “Türkmən” gəmisinin “təsadüfən xilas” kəmərinə dönməsində, şübhəsiz, ingilis barmağı olmamış deyildi; bu barmaq da komissarları öncə Türkmən sahillərinə, daha sonra Ağcaqum çölünə aparmışdı.

26 Bakı komissarının ölümünü öz gözləri ilə görmək imkanını məsuliyyətsizcəsinə qaçırmış tək azərbaycanlı qaçqın, feodal oğlu, Qızılsunun (kommunistlər onu sonradan “Krasnovodsk” adlandırmışdılar - X.İ.) polis komissarı Alaniyanın qonağı olmuş və sonralar Avropaya mühacirət etmiş yazıçı Məhəmməd Əsədbəy 1929-cu ildə Ştutqardda yayınlanmış “Şərqdə neft və qan” əsərində bu haqda yazırdı:

«Qızılsu Respublikasında inzibati amir hakimiyyətinə malik tək şəxs - polis komissarı, gürcü... Alaniya idi. Özü solçu sosial-demokrat, knyaz və gürcü istiqlalçısı olduğu üçün Alaniyanın kommunistləri görməyə gözü yox idi...

Gecəyarıdan xeyli keçmiş, biz öz mənzilimizdə yatarkən, qapı döyüldü. Knyaz Alaniya içəri girdi...

- Bu gün 26-lar edam olunacaq. Axı siz də iştirak etmək istəyirdiniz.

Atam yerindən sıçradı.

-Siz dəli olmusuz, nədir?, - deyə o çığırdı. - Göndərin onları gəldikləri yerə, qoyun Rusiyaya rədd olsunlar, onlar indi bizə nədə mane ola bilərlər axı?

Alaniya çiyinlərini çəkdi, ancaq sayğısını saxladı:

-Mənsə onların qanını içərdim; mən düşünürdüm ki, bu işi ilk bəyənən siz olacaqsınız. 26 komissar özlərinə ölümü yüz dəfə qazanıblar.

O çıxdı. Təbii ki, mənim yenidən yuxuya getməyim alınmadı. Ürəyimdə atamı suçlayırdım, axı komissarlar azərbaycanlıları qan dənizində boğmuş kəslər idi...”

 

 

(ardı gələn sayımızda)

 

Xaqani ISMAYIL

 

Mədəniyyət.- 2009.- 24 iyun.- S. 14.