İki hekayə haqqında düşündüklərim

 

Xeyli vaxdır, internet saytlarından həmyaşıdlarımın əsərlərini izləyirəm. Onlar haqqında yazmaqsa mənimçün çətindir. Çünki eyni ədəbi nəslin nümayəndələriyik və heç də özümü onlardan təcrübəli hesab etmirəm. Bu yazı nə ədəbi tənqid, nə analitik təhlildir. Sadəcə, yazı-pozu ilə məşğul olan bir oxucunun şərhidir. Bir neçə internet saytları sırf gənclər tərəfindən idarə olunur. Bu saytlar vasitəsilə gənclər öz yazılarını internet istifadəçilərinin ixtiyarına verirlər və oxucular şərhlər yazırlar. Oxucu kimi iki nasir mənim diqqətimi daha çox cəlb edir. Onların əsərlərini daim izləyirəm.

 

Ziyad Quluzadədən başlayaq. Onun “Bimboqami” hekayəsini maraqla oxudum. Hekayənin bir neçə müsbət və mənfi tərəfləri var. Obyektivliyi oxucu rəyinə və tanışlığa qurban vermədən həmin cəhətlərə nəzər salaq.

Hekayədə Qərb və Şərq dəyərlərinin toqquşduğu üzə çıxır. İlkin anda düşüncələrim qarışdı. Ziyadın dil sitixiyasını Kafkaya bənzətdim. Sonra Kafka kimi böyük yazıçı ilə Ziyadı müqayisə etməyin gülünclüyünü anlasam da, gənc yazarın hekayələrini çox xoşladığımdan bu hiss ötəri oldu. Ola bilər ki, bu müqayisə sizə gülünc görünsün. Bu halda siz Kafkanın “Kənd həkimi” novellasını oxusanız, aradakı oxşarlığı açıq-aşkar hiss edəcəksiniz. Diqqətimi cəlb edən bir neçə məqamı nəzərinizə çatdırım. Daim sintezə can atan Ziyad müəyyən zaman fərqi ilə hekayəsinin daxilinə daim keçmiş zamanı, olub bitmiş hadisələri əlavə edir. Hazırkı hadisələr keçmişlə o qədər bağlıdır ki, hekayənin əsas qəhrəmanları unudulur, oxucu keçmişi daha diqqətlə izləyir. Bu hal Bulqakovun “Master və Marqarita” romanındakı hadisələr kimi bir-birindən kəskin şəkildə fərqlənsə də, mahiyyət baxımından situasiyalar özlüyündə bir-biriylə üzvi surətdə bağlıdır. Ziyad da bu cəhəti hekayədə qorumağa çalışır. Bulqakovdan fərqli olaraq yenidən indiki zamanda baş verən hadisələrdən danışanda müəllif özü belə “yaratdığı zamanda” azır. Hadisələr baş verən məkan Bakıdır, İçərişəhərdir, obrazlarsa milli deyil. Təsəvvür edin, oxucu nə qədər çaşqınlıq içərisində qalır. Ziyadın hekayələrinin adları adətən başqa dillərdə olur. Bu, eksperiment baxımından yenidir, maraqlıdır. Çox təəssüf ki, bütün hekayələrində həmin prinsipə söykənir, bu isə həmişə yerinə düşmür.

Hekayədəki təhkiyə forması nağılvaridir. Əgər hekayəni oxusanız və saytda qeyd edilsə ki, romanın bir hissədir, istənilən oxucu buna inanar. Çünki hekayə müstəqil deyil, sanki nağılın, romanın, povestin bir parçasıdır.

Hekayədəki eyni bir obrazın dilində həm kübarlıq, həm də loruluq var. Hadisəni danışan obrazın dilindəki ikiləşməyə baxaq. “Mənim ulu babalarım çoban olublar. Çarın dövründə də, Cümhuriyyətin zamanında da, sovetin dövründə də”. Bimboqaminin nitqindəki loruluğa, adiliyə nəzər salın. “Sovetin dövründə də” biz bu ifadəni yaşlı nəslin dilindən eşitmişik. Məişət üslubu üçün normal sayıla bilər. Digər bir misala diqqət edək: “Mənim babalarım da, babalarımın babaları da həmişə həyatın bu nöqtəsində ilişib qalıblar. Bilirsən niyə? Ona görə ki, çox səfeh olublar. Sənə Dannaklar nəsli barəsində qəribə bir əhvalat danışacağam”. Əvvəlki cümlələrlə müqayisədə təhkiyə kübar bir adamın nitqi ilə əvəz olunur. Sanki hekayənin bu hissəsi hansısa dildən tərcümə olunub. Ziyadın hekayəsində bu sözləri tum satan Bimboqami söyləyir. Bədii əsərdə dörd yaşlı uşağın atası ilə iyirmi beş yaşındakı bir oğlan kimi danışması maraqlı olduğu qədər də təəccüblüdür. Mifoloji əsər olmadığından bu, inandırıcı görünmür. Bədii əsərlərdə obrazların dili, hərəkəti hadisələrlə nə qədər düzgün uzlaşırsa, mətndə o qədər dolğun təsir bağışlayır.

“Dannaklar nəslinin çoban nümayəndələrindən biri Hazaret çöldə qoyun otarırmış. Sovet hakimiyyəti Cümhuriyyəti devirən zamanlar imiş. Muzey müdiri bir çuxa qızılla qaçırmış. Sərhədi keçə bilməyəcəyini görən qaçaq öz qızıl dolu kisəsini Hazaretə təklif edir və gələcəyi təqdirdə şərik olacaqlarını bildirir. Hazaret isə razı olmur. Qaçaq bir az gedib irəlidə quzu otaran birinə qızılları verir və heç vaxt geri dönmür. Dannaklar bir yerə yığışan kimi babalarının bu səhvi barəsində elə coşqu ilə danışırlar ki, ailədə hələ yeni-yeni öz çoban nəsli barəsində anlayışı olanlar Hazaret babaya lənətlər yağdırır”. Yuxarıdakı cümlələr hekayədəki yeganə süjetdir. Məlum olur ki, Bimboqami babalarının səhvnə qurban gedib, ona görə səfil yaşayır. İkinci bir günahkar mühitdür, axund həm faizlə pul, həm də məsciddə azan verir. Ziyad mətləbləri çox ustalıqla oxucuya faş edə bilir. Ziyadın bu hekayəsində bir uğuru da xüsusi vurğulamaq lazımdır. Ziyad digər hekayələri ilə müqayisədə dil problemini yenmək ərəfəsindədir. Artıq oxucunu yormur, əksinə, mətnin heyrətinə sala bilir. Ziyadin hekayələrinin çoxunda mövzu və özündən əvvəlki yazıçıların həmin mövzuya baxış bucağı fərqlidir. Amma bir cəhət var ki, Ziyad əksər hekayələrində üzə çıxır. Bu, ironiyadır, satirik danlama metodudur. Ziyadın hekayələrində insan və cəmiyyət haqda düşüncələr nə qədər problematik xarakter daşısa da, yenə mövzuların bətnindən bir satira baş qaldırır. Görünür, Ziyadın ürəyində yaşadığı mühitə qarşı dərin narahatlıq hissi var. O, problemlərdən yan keçə bilmir. Hər ziyanda bir xeyir də var. Satira Ziyadda mövzulara obyektiv yanaşma imkanını genişləndirir və növbəti əsərləri üçün cəsarətini bir az da artırır. Satira problemləri, mətnin fəlsəfəsini üstələyir. Satira diqqəti cəlb edir, fəlsəfə satiranın kölgəsində qalır. Çünki əsərin fəlsəfi qatı bütün oxucularçün anlaşıqlı deyil. Hər gün vətəndaşlar satirik ünsürlərlə rastlaşdığı üçün daha anlaşıqlı olur. Əgər Ziyad bu məqamı nəzərə alsa, növbəti hekayələrində oxucu birbaşa fəlsəfə il üz-üzə qalacaq. Daha satiraya əl aparmağa lüzum qalmayacaq.

Hekayədəki təsvirlər oxucunun gözü qarşısında obrazların siluetini və məkan detallarını canlandıra bilir. Ziyadın hekayələrindəki təsvirlər uğurludur. Çünki inandırıcı təsir bağışlayır. Bimboqamiyə nəzər salın “O, çirkli dırnaqları arasında satdığı tumların ən böyüklərini seçib qırır və dişsiz ağzında isladırdı”. Bu təsvirdən sonra hekayənin sonuna qədər bir dəfə belə olsun obrazı təsvir etmir. Bir cümlə ilə oxucuda tam təsəvvür yaranır. Bimboqaminin yaşını və yaşantısını anlamaq oxucuya çətin olmur. Mümkün qədər lakonikliyə can atan Ziyad oxucunu yormur, bütün mətləbləri bir səhifəyə ustalıqla sığışdıra bilir. Ziyad hekayələrini oxuduğum iki-üç ən yaxşı nasirlərdəndir ki, oxucu kimi məni incitmir, əksinə, zövqümü oxşayır.

İndi isə Zərdüşt Səksənaltı və onun “Möcüzə” hekayəsi haqqında danışmaq istəyirəm.

Zərdüştün nəsri milli və effektlidir. Zərdüşt oxucuya əla “yalanlar” danışmağı bacarır. Hadisələrin daxilindən hadisə çıxır. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının strukturu Zərdüştün “Möcüzə” hekayəsində təkrarlanır. Hadisələr tez-tez kəsilir və müəllif öz dilinə keçir. Gəldiyi qənaətləri oxucuyla bölüşür. Maraqlıdır ki, bu proses sona qədər təkrarlanır. “Yarımçıq əlyazma” romanında süjet natamamlıqla sonuclanır. “Möcüzə” hekayəsi isə artıq qənaətlərin ifadəsi olan aforizmlə bitir. Zərdüştün nəsr dilində həm təbiilik var, həm də qeyri-səmimilik. Bu cəhət obrazların fərqli xarakterlərinin təzahüründən yox, müəllif təcrübəsizliyindən irəli gəlir. “Möcüzə” hekayəsindəki loruluğun daxilində təbiilik var. Çox təəssüf ki, bəzi gənc yazarlar ucqar dağ kəndində yaşayan kəndli obrazını oxucuya ziyalı dili ilə təqdim edir. Nəzər salaq: «Elə istehzalı bir mimika ilə soruşdu ki, yekəqarın bunu, elə bil təbiətdə bütün möcüzə işlərinə bu baxır, bütün möcüzəçilər buna ərizəylə müraciət edirlər və bu icazə verməsə, heç kim möcüzə görsə də bilmir, deməli, bu oğlan da möcüzə-filan göstərə bilməz”. Ancaq Zərdüştün dili nə qədər sadə və təsirli olsa da, hələ püxtələşmiş deyil. Yuxarıda göstərilən cümlələrin tərkibində möcüzə-filan ifadəsi dilimizdəki qarşılığı ilə əvəzlənsə daha yaxşı olar. Digər tərəfdən, sadəlikdən qaçmaq müəllifi mürəkkəbliyə aparır, fikrlər tamamlansa da, müəllif nöqtə qoymur, əksinə, vergüllərlə cümləni qəlizləşdirir. Cəlil Məmmədquluzadə və Yusif Vəzir Çəmənzəminlinin hekayələrində cümlələrin əksəriyyəti sadədir. Zərdüştünsə hekayəsində əlli yerdə Kİ bağlayıcısı işlədilib. Elə bu qədər də və bağlayıcısı qrammatik cəhətdən cümlələri bir-birinə birləşdirir. Cümlələrin strukturunu qəlizləşdirir, ancaq məna yükünü artıra bilmir. Nəzərə almaq lazımdır ki, müasir oxucu çox qəliz cümlələri sevmir. Zərdüşt “Möcüzə” hekayəsini müəmmalar, gözlənilməzliklər maraqlı edir. Bu qədər izah oxucunu müəmmalardan azad edir. Zərdüştün hekayəsində bu müəmma, möcüzə probleminə toxunulur. “Çünki artıq min cürə oyunlar görən milləti hansısa bir möcüzəylə maraqlandıra bilmirsənsə, gülməlisən. İllah da, bu boyda tarixi təcrübəsi olan bir xalqa öz yazdığın heç kimə lazım olmayan gic-gic aforizmlərini oxumaq istəyirsənsə. Çünki indi insanlar möcüzə gözləyirlər”.

Hekayədə müəllif sıravi vətəndaşların psixoloji tərəflərini açmağa çalışır. Mətnə gəldikdə isə özü “möcüzələri” müəmmalardan Kİ bağlayıcısı vasitəsilə ayırır.

Hekayənin bədii texnika baxımından mütaliəli və az-çox həyata bələd olan müəllifin qələmindən çıxdığı sezilir. Müəllif oxucunu gah mətnin sehrinə, gah da “alma yeyə-yeyə” düşüncələrinə ortaq edir. Oxucu iki tərəfi də diqqətlə izləməyə girişir və tərəfləri bir-birindən ayırmağa çalışır. Sonda bütün ayrılan tərəflər eyni süjet daxilində qovuşur. Bədii texnika baxımından çox uğurlu hekayədir.

 

 

Fərid Hüseyn

 

Mədəniyyət.- 2009.- 24 iyun.- S. 13.