Yaradıcılıq insanın ən böyük kompleksidir

 

Şeir haqqında hər bir şairin fərqli düşünməsi təbiidir. Həmsöhbətim Narıngülün düşüncəsinə görə isə şeir həm də fəlsəfi düşüncə, adi gözlə görünməyən, qəlbin ən dərin qatlarından süzülüb gələn poetik fikir axınıdır. İntellektual səviyyəli oxucunu təəccübləndirmək bu gün o qədər də asan deyil. Bunu oxuduqca anlayan, anladıqca oxuyan istedadlı şair Narıngül şeirləri ilə nə redaksiyaları gəzir, nə də qələmi ilə hər sözə, hər kəlməyə imza atır. Səmimi, bu kiçik söhbətə görə məni də yaman incitdi… Mən onda tənbəllik də görürəm. Bahar fəslində edəcəyimiz söhbət onun ucbatından yayın bürküsünə gəlib düşdü...

 

- Narıngül, şeirlərin adi oxucu tərəfindən mücərrəd, anlaşılmaz hesab edilsə də, intellektual fikir müstəvisində qəbul olunur və bir çoxları tərəfindən sevilir. Sən necə, bəziləri kimi “özüm üçün yazıram” prinsipinə üstünlük verirsən, yoxsa oxucu maragı, oxucu fikri sənin üçün daha əhəmiyyətlidir?

- Özüm üçün yazıram desəm, sözsüz ki, mübaligəli olar. Əgər mən yazdıqlarımı üzə çıxarıramsa, oxucunun ixtiyarına verirəmsə, deməli, oxucu rəyi ilə mütləq hesablaşmalıyam. Nəzərə alsaq ki, yaradıcılıq insanın böyük kompleksidir, onda çox şey aydınlaşmış olar. Yaradıcılıq zamanı insan azaq olmaqla, öz hissləri, düşüncələri ilə baş-başa qalmaqla yanaşı, həm də şüuraltı istəklərdən, eqoizmdən, praqmatiklikdən xilas ola bilmir. «Mənim hisslərim, düşündüklərim başqaları üçün nə dərəcədə maraqlıdır, yazdıqlarım necə qəbul olunacaq” kimi fikirlər insanı istər-istəməz məşğul edir. Başqa sözlə desək, yaradıcı şəxs həmişə oxucudan cavab gözləyir və gözlənilən cavabın müsbət, yaxud mənfi olmasından asılı olmayaraq onun üçün bu cavab çox əhəmiyyətlidir. Hər halda, yaradıcı öz yaratdığını qəbul etməyə məhkumdur. Mücərrədliyə qaldıqda isə mən yazı zamanı psixologiyamın dərinliyində, qaranlıq qatda olanları cilalayıb şeirə gətirməyə çalşmıram. Bura sosial mühitin, ictimai çevrənin təsiri zəif şəkildə çatır.

- Amma real görüntülər, asan ram olunan şeylər bu gün adamları daha çox cəlb edir.

- Elədir, ideal olanların daha çox subyektivliyə söykənməsi, bəzən praktiki cəhətdən əhəmiyyətsiz görünməsi onu insan təmasından bir qədər uzaqda saxlayır. Realizm oxucuya daha çox tanış gəlir, daha yaxındır. Ancaq istənilən halda oxucunun estetik zövqü böyük əhəmiyyət kəsb edir.

- Nədənsə, axır vaxtlar çox az çap olunursan. Əvvəllər ölkə mətbuatında sənin imzana tez-tez rast gəlinirdi və bildiyimə görə, çap olunmaq imkanların məhdud deyil. Az çap olunmagının səbəbi nədir, daxili senzura, yoxsa təvazökarlıq?

- Bu sualı hərdən öz-özümə də verirəm və cavablandırmaqda çətinlik çəkirəm. Bir şeyi qeyd edə bilərəm ki, son vaxtlar mütaliəyə güclü ehtiyac duyuram. Oxuduqca hiss edirəm ki, hələ çox oxumaq lazımdır, çox şeyi bilmirəm. Bəzən kitablara o qədər vaxt sərf edirəm ki, özüm də buna çox təəccüb edirəm. Mən yaradıcılıqda daxili senzuraya da çox önəm verirəm, daxili senzuranın olmaması çox vaxt eqoistlikdən və yaxud bədii zövqsüzlükdən xəbər verir.

- Qloballaşma, beynəlxalq aləmə inteqrasiyanın gücləndiyi, ədəbi mübadilələrin genişləndiyi bir vaxtda çoxları əsərlərinin xarici ölkələrdə, başqa dillərdə çap olunmasına cəhd edirlər. Sən necə, bu işə cəhd göstərirsənmi?

- Əlbəttə, ədəbiyyatın təbliği, xüsusən də ölkə hüdudlarından kənarda təbliğ olunması vacib olduğu qədər də məsuliyyətlidir. Eyni zamanda mənə elə gəlir ki, öncə yazılan əsər istər ideya- məzmun, istərsə də forma və struktur cəhətdən dünyəviliyə uygun olmalı, zaman məkan kəsiyinə sıxılmamalıdır. Tərcümə edilərək ölkə hüdudlarından kənarda çap olunan kitab əvvəlcə ölkə daxilindəki ədəbi mühitdə oxucu auditoriyasındayaşamaq hüququqazanmalıdır. Son vaxtlar bəzi müəlliflərin bu işə yalnız praktiki cəhətdən- maliyyə problemlərinin həlli baxımından yanaşması, eləcə bəzi zəif, bədii keyfiyyətlərə cavab verməyən kitabların xarici dövlətlərdə çapı hesabına kompensasiya edilməsi xoşagələn hal deyil. Konkret suala gəldikdə isə mən hələlik buna hazır deyiləm.

- Ümumiyyətlə, bugünkü ədəbi mühitə münasibətin necədir?

- İndi ədəbi mühitdə əvvəlki illərə nisbətən bir canlanma duyulmaqdadır. Yeni-yeni imzaların görünməsi, kitab təqdimatlarının, ədəbi diskussiyaların keçirilməsi, virtual aləmdə ədəbiyyat saytlarının çoxalması, ənənəvi üslubların təzə forma üslublarla əvəzlənməsi - bütün bunlar göz qabağındadı. Son vaxtlar müəllif günlərinin keçirilməsini xüsusi olaraq qeyd etmək olar ki, bu oxucu ilə müəllif arasında birbaşa ünsiyyətin yaranmasına, oxucunun kitaba olan marağının artmasına, zəifləmiş olan alıcılıq qabiliyyətinin yüksəlməsinə təkan verən amildir. Yəqin ki, dövlətin ədəbiyyata qaygısının artması, virtual aləmin inkişafı, dünya ədəbiyyatından tərcümələrin çoxalması, latın qafikası ilə kitabların nəşri, yeni tərcümə kitablarının çap olunması s. bu kimi sosial gerçəkliklərin ədəbi dinamikliyə müsbət təsiri az deyil. Ancaq bugünkü ədəbiyyatımızda «formalizm» axınının genişlənməsi, «sənət sənət üçündür» prinsipi altında şou yaratmaq, populyarlıq qazanmaq meyillərinin çoxalması da istisna deyil.

- Neçə kitabın işıq üzü görüb?

- «İşıqda adiləşmək qorxusu» adlı kitabım 1994-cü ildə «Vektor» nəşriyyatında çap edilib. İkinci kitabımı çapa hazırlayıram.

- üçün ədəbi imzan sadəcə Narıngüldür?

- İmzaya bir təxəllüs, yaxud bir xüsusiləşmə artırmaqla dəyişir ki... Dəqiq deyə bilmərəm, bəlkə bu daha çox bayağılıqdan qorxmagımın, yaxud mühafizəkarlığımdan da ola bilər.

 

 

Söhbətləşdi: Mina RƏŞİD

 

Mədəniyyət.- 2009.- 24 iyun.- S. 12.