“Buta” pul qazanacaq, özü də
Avropa bazarından
“Butafilm” prodakşnın direktoru İlqar Nəcəf
bu prodakşnın istehsalı olan “Teatral həyat”
qısametrajlı bədii filmə quruluş verdikdən sonra
Mədəniyyət və Turizm Nazirliyi onun “Buta” layihəsinə
dəstək verdi. Film bu il “Azərbaycanfilm” kinostudiyasında
istehsalata buraxılıb. Rejissorla görüşüb
ümumi proses haqqında danışdıq.
İlqar Nəcəf: “Prodüser mərkəzləri
Azərbaycan kinosunun inkişafı naminə öz maliyyələrini
də ortaya qoymalıdırlar”
-
Aldığımız məlumatlara görə, “Teatral həyat”
filmi artıq hazırdır.
- 20 dəqiqəlik
“Teatral həyat” filmi, demək olar ki, tamamlanıb. “Bu meydan, bu
ekran” müsabiqəsi çərçivəsində dövlətin
dəstəyi ilə qisametrajlı filmlərin çəkilməsindən
xəbərim var. Həmin filmlərin bir neçəsinə
baxmışam. Onların səviyyəsi haqqında
danışmaq isə başqa söhbətin mövzusudur. Bu
müsabiqəyə adi iş kimi yanaşmaq
yanlışdır. Yəni “Təki iş olsun və çəkim
qırağa qoyum” tendensiyası ilə çəkmək
düzgün deyil. “Teatral həyat” qısametrajlı filmini isə
Mədəniyyət və Turizm Nazırliyi ilə qeyri-rəsmi
razılaşmamıza görə çəkdim.
Razılaşma “Buta” tammetrajlı film ssenarisi ilə
bağlı idi. Müəyyən mənada nazirliyi “Teatral həyat”
qısametrajlı filmi qane edərsə, “Buta”nın çəkilməsinə
maliyyə ayıracaqlar. “Teatral həyat”ın hissələrini
montaj prosesində izlədikdən sonra nazirlik bu gün
“Buta”nı istehsalata buraxıb. O ki qaldı “Teatral həyat”a,
film İrandan tam hazır vəziyyətdə
qayıtdıqdan sonra onun festival və prokat taleyi bəlli
olacaq.
-“Buta” filmi
nədən bəhs edir? Çünki son illər Azərbaycanda
istehsal olunan tammetrajlı bədii filmlərimizdə fərqli
və ölkədən kənarda diqqət cəlb edəcək
mövzuya rast gəlinməyib. İlqar Nəcəf də
“Buta” ilə bu sıraya aid olacaq?
-
2003-cü ildə Avropanın dəstəyi ilə gənc
rejissorların biliklərini artırmaq üçün Tiflisdə
treninq təşkil olundu. Bu birillik kursda mən çox
şeylər öyrəndim. Həmin vaxt ora “Buta”nın
sinopsis variantı ilə getmişdim. Ssenari isə bir il ərzində
yazıldı. Filmin mövzusu əslində butadan
götürülüb. Filmin əvvəlində belə bir
açıqlama olacaq və həmin açıqlamanın son
cümlələri belədir: “Buta məlum olmayan zamanlarda
yaranıb. Parçalarin, freskaların üzərində
naxışdır. O, həyatın özüdür”.
Düzdür, “Buta” filmində Buta qəhrəmanın -
uşağın adıdır. Amma janr film-pritçadır,
müqavilədə isə rəvayət yazılıb. Bu 7-dən
77-yə hamı üçün bir rəvayətdir. “Buta”da hər
şey şərtidir, hətta zaman və məkan da.
Çünki burda ən vacib məsələ hadisələrin
harada cərəyan etməsi deyil, insanlar arasındakı
münasibətdir. Qoca ilə uşaq arasında olan münasibətdir.
Mənəvi cəhətdən əzab və sarsıntı
içərisində olan bir adamı necə xilas etmək
olar? Filmdə bütün bunlar hamısı
çılpaqlığı ilə göstərilir. Kino elə
bir janrdır kı, o, nə tam səsdir, nə də tam
görüntü. Əslində görüntü ilə səsin
vəhdətindən yaranmış bir sənət
növüdür. “Buta” bunun bariz nümunəsi olacaq. Filmdə
həm hər kəs üçün aydın olacaq fəlsəfi
sözlər də işləniləcək, həm də
gözəl görüntülər olacaq. Bu
görüntülər, sözlər birbaşa “Buta” filminin
personajlarının içinin, psixoloji vəziyyətinin,
bir-birilərinə münasibətlərinin nəticəsidir,
başqa cür desək, formasıdır. Burada bir tandem var. Təbiətlə
insanlar sanki birləşir. Nəhəng bir şəhərdən
sabun istehsal edən böyük bir şirkətin meneceri uzaq
bir dağ kəndinə düşür. Elə bir kənd ki,
bu insanlar qablaşdırılmış, etiketləşdirilmiş
sabun görməyiblər. Menecerlə Qönçə
bir-birilərini sevirlər. Böyük bir şəhərdən,
sanki kosmosdan gəlmiş bu adam get-gedə həmin kəndin
insanlarına, landşaftına oxşamağa başlayır.
Çünki kənddə bütün hadisələrin hamısı
muncuq kimi bir-birinin ardınca düzülüb. Bu muncuq da əslində
xalçadır. Bütün hadisələrə xalça
üzərində həkk olunan butadan keçirik. Avropalı
da bu filmə baxarkən ona məlum olacaq ki, xalça üzərindəki
buta nə anlamını verir. Ola bilsin, onlar butanın nə
olduğunu anlamasınlar. Amma bu filmi izlədikdən sonra
xalçadakı butaları oxuya biləcəklər. Əslində
xalça bir kitabdır. Onların üzərində də nəsə
yazılıb. Filmdə də nənə Qönçəyə
deyir ki, nəyi hiss edirsənsə, onu da toxu. Hiss elədiyin
mütləq xalçada görünəcək. Sevirsənsə,
xalçada görünəcək, nifrət edirsənsə
xalçada görünəcək. Araşdırmalar
zamanı da bunun şahidi oldum. Misalçün, hansı
xalçada qara rəng çoxdursa, onu toxuyanın qəlbində
bir təlatüm, yas olub. Daha isti rənglər olan
xalçanı bir gənc qız toxuya bilər. Bütün
bunlar “Buta” filmində var. Filmdə hər şeyi - nostalji
duyğuları, kədərlə xatırlanan keçmiş
həyatı ilə bağlı bir nənə öz
xalçasını və yenicə həyata
başlamış 17 yaşli qız - Qönçə də
öz xalçasını toxuyur. Xalça toxuyan iki fərqli
adamın dialoqlarından da belə başa
düşülür ki, xalça cansız bir şey deyil. Əslində
o toxunan zamanda da yaşayır, toxunandan sonra da.
Orijinal ideya və
orijinal ssenari problemi isə bütün dünyada mövcuddur.
Amma faiz məsələsi var. Düşünürəm
ki, Azərbaycan dövlətinin kinoya ayırdığı vəsait
kifayət qədər böyükdür. Maliyyə problemi
aradan qalxmaq üzrədir. Dramaturji cəhətdən zəif
olan ssenarilər qəbul olunub çəkilib və bundan sonra
da çəkiləcək, bu artıq mənim işim deyil.
Seçənlər seçir, çəkənlər çəkir.
Öz haqqımda və filmim barədə deyə bilərəm.
- Filmi
birinci rejissor özü görür. Deməli, artıq
“Buta”nın gələcək uğuruna əminsiz?
- Rejissor
filmi virtual yaşamırsa, onu görmürsə, vizual həlli
də alınmır. Düzdür, orada müəyyən
texniki problemlər ola bilər. Amma hər şeyi istedadla,
peşəkarlıqla həll etmək mümkündür. Kim
“Buta”ya yaxşı mənada ümid edirsə, mən
onların ümidini düşündüyündən də
yüksək səviyyədə doğruldacağam.
- Deyirsiniz
ki, Azərbaycan dövlətinin kinoya ayırdığı vəsait
kifayət qədər böyükdür. Maliyyə problemi
aradan qalxmaq üzrədir. Amma bunun
qarşılığında Azərbaycan kinosu mənəvi
böhrandan qurtula bilibmi, ya da gələcək
üçün bu ab-hava görünürmü?
- Mən hələlik
ümidverici heç nə görmürəm. Prodüser mərkəzlərinə
də deyirəm ki, Azərbaycan kinosunun inkişafı naminə
öz maliyyələrini də ortaya qoysunlar. Necə ki, “Buta”
filmində bu proses var. Prodüser o zaman özünü
yaxşı prodüser hesab edə bilər ki, o filmə kənardan
maliyyə vəsaiti cəlb edir. “Butafilm” prodüser mərkəzi
Azərbaycan prodüser mərkəzləri arasında yeganə
şirkətdir ki, öz maliyyəsi ilə film - “Teatral həyat”ı
çəkib. Bundan əlavə, “Buta” filminin maliyyəsinin
17%-i “Butafilm” prodakşn tərəfindən verilir. Bilirsiniz bu
hardan irəli gəlir? Biz o qədər də maliyyə
imkanlarına malik adamlar deyilik. Amma biz öz işimizdə
iddialıyıq, bu ondan irəli gəlir. Yəni mən bir
rejissor kimi inanıram ki, “Buta” bədii filmi pul qazanacaq,
özü də Avropa bazarından. Bunu düşünərək
17% pul qoymuşam. Buna görə də ilkin olaraq 10-15%-lə
də başlamaq olar. Əgər bu maliyyəni də əldə
edə bilmirsə, yalnız dövlətin vəsaiti ilə
çəkib, özləri baxıb özlərinə əl
çalırlarsa, onda heyif o pula. Dövlətin puluna elə
“Azərbaycanfilm” kinostudiyasında da film çəkmək
olar.
- Filmin
yüksək səviyyədə alınmasında çəkiliş
heyətinin də rolu böyükdür. “Buta” filmində
İlqar Nəcəf hansı heyətlə işləyəcək?
- “Teatral həyat”da
işlədiyim heyətin, demək olar ki, 50-60%-i “Buta”nın
çəkilişlərinə cəlb olunub. Azərbaycanda
texniki işçilərin sayı az olduğundan seçim
imkanı da azdır. Peşəkarları barmaqla saymaq
mümkündür. Ona görə də hər kəs film
istehsalına başladıqda peşəkarları cəlb etmək
marağında olur. İkinci rejissor Çingiz Həsənov,
operator “Absurdistan” filminin operatoru gürcüstanlı Georgi
Beridze, rəssam Əziz müəllim, filmin direktoru “Azərbaycanfilm”
kinostudiyasının direktor müavini Azər Quliyevdir. Konkret
hansı aktyorların təsdiq olunacağını indidən
demək çətindir. Çünki rejissor həmişə
ümid edir ki, daha yaxşısını tapacaq. Amma deyə
bilərəm ki, Rafiq Əzimov baş rollardan birinə yüz
faiz təsdiq olunub. Filmdə Butanın nənəsi roluna biz
Şamaxının Ərkivan kəndində film
üçün məkan axtararkən tanış olduğumuz
bir xalça toxuyan nənəni dəvət etdik. Ən vacib
rollardan biri filmin qəhrəmanı Butadır ki, biz hələ
də bu balacanın axtarışındayıq. 8-9
yaşında bu oğlanı hələ tapa bilməmişik.
Aktyor seçimi hələ davam edir və hər gün
ümid edirik ki, istədiyimizi tapacağıq. Rafiq Əzimov məndən
soruşdu ki, mənim personajım kimdir. Dedim ki, qoca kişi həmin
kəndin Cəlaləddin Rumisidir. Buta adlı uşaq da həmin
kəndin balaca dahisidir.
İntiqam Hacılı
Mədəniyyət.- 2009.- 24 iyun.- S. 11.