Açılan səhərlərin «Gecə qatarı»
Amerika Birləşmiş Ştatları, İngiltərə,
Almaniya, Fransa, Norveç, Hollandiya, Lüksemburq, Belçika,
Afrika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri
… Bu ölkələrin məşhur konsert salonları dəfələrlə
Azərbaycan musiqisinin, Azərbaycan musiqiçisinin
böyük uğurunun, tamaşaçıların aramsız
alqışlarının şahidi olub. Azərbaycan adını ilk dəfə eşidənlərin
heyrətli baxışları pianonun dillərində gəzişən
barmaqlara zillənəndə Əminə qəlbində Azərbaycan
adının böyüklüyünə güvənib, onunla
qürurlanıb. Dünyanın müxtəlif ölkələrinin
ən ucqar nöqtələrində Azərbaycan musiqisi ilk dəfə
Əminənin ifasında səslənib. Azərbaycanın
adı Əminənin adı ilə birgə çəkilib. Onun həyatı təyyarə meydanlarında, mavi səmalarda,
polad relslər üzərində, aramsız məşqlərdə,
bir də konsert salonlarında keçir. Əslində isə
o, bizlərdən biri - vətənini, sevimli sənətini hər
şeydən üstün bilən Azərbaycan
qadınıdır. Onun yaradıcılığıyla
beş il bundan irəli tanış olmuşam. Az sonra
özüylə görüşdüm. O xanımın qəlbindəki
sənət sevgisinə heyran qaldım.
Əminəni sehrli caz
aləminə aparan sənət yolu Bakıdan - Bülbül
adına Orta İxtisas Musiqi Məktəbindən
başlayıb. Qızının
xüsusi musiqi duyumu, musiqi bəstələmək
bacarığı olduğunu vaxtında bilən Zemfira
xanım onu Bülbül adına məktəbə gətirir.
O, ilk sənət dərsini burda alır, ilk
uğurlarını bu məktəbdə qazanır. İlk dəfə
burda müsabiqə qalibi olur. Uğur onu addımbaaddım izləyir.
Sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına daxil olur.
Tələbə ikən
- onda səksəninci illərdi - «Hələ dünən»
adlı əsər yazıb mərkəzi televiziyanın
«Raduqa» verilişində elan olunan müsabiqəyə göndərir.
Müsabiqədən
qalib çıxır, laureat adı alır. Mükafatı isə
ona bəstəkar Tixon Xrennikov təqdim edir. Əsər mərkəzi
televiziya ilə səslənir. Az sonra Rafiq Babayev Əminə
ilə maraqlanır, onun əsərlərini lentə
yazdırır. 1988-95-ci illərdə Azərbaycan
televiziyasının «Xəbərlər» proqramı,
ictimai-siyasi verilişlər bu musiqi ilə başlayır,
ancaq müəllifi elan olunmur, Əminənin adı heç
yerdə çəkilmir. O illər Moskva sənətçilərindən
daha isti munasibət görən Əminənin yolu tez-tez sovetlər
birliyinin paytaxtından düşür. Arzusu Moskva
Konservatoriyasının caz fakültəsinə daxil olmaq idi.
Artıq onu SSRİ Bəstəkarlar İttifaqında
tanıyır və bəyənirdilər. Bir dəfə Əminə
bəstəkarların növbəti qurultayından sonra verilən
ənənəvi konsertə dəvət alır. «Durnalar» əsəriylə
çıxış edir. Böyük uğur qazanır, məşhur
bəstəkarların, paytaxt publikasının diqqətini cəlb
edir. Bir dəfə də mərkəz kinoteatrlardan birində
filmdən əvvəl göstərilən kinojurnalda öz əsərini
eşidəndə çox təəccüblənir.
Adını isə yenə titrlərdə görmür.
Növbəti Moskva
konsertlərinin birində İtaliya televiziyası gənc azərbaycanlı
bəstəkar və ifaçıya həsr olunan «Rauna»
adlı veriliş hazırlayır. Proqram Avropa ölkələrinə
yayımlanır. Bu dəfə Niderlanddan dəvət gəlir.
Əminə Hollandiya Dövlət Konservatoriyasındakı
«Açıq qapı» günündə çıxış
edir. Elə oradaca musiqiçiyə Rotterdam Şəhər
Konservatoriyasında təhsil almaq təklif olunur. Artıq Əminə
caz musiqisinin əsirinə çevrilmişdi və
özünü yalnız orda görürdü. Hollandiya isə
böyük imkan, caz dünyasına açılan pəncərə
idi. Əminə Fiqarova Hollandiya Konservatoriyasında təhsil
alan ilk azərbaycanlı tələbə olur. Burda o, elə
bir məktəb keçir ki, bütün istedad, bacarıq və
qabiliyyətini cəmləşdirə, göstərə
bilir. Bu dəfə ən yaxşı tələbə kimi
Bostona - xüsusi caz məktəbinə dəvət alır.
Altı ay «Acbin» caz məktəbində oxuyur. Yetkinləşir,
kamilləşir, dünyanın böyük cazmenləri ilə
tanış olur. Hər il Kann şəhərində
keçirilən caz festivalında iştirak edir. Festival
günləri onun disk və kasetləri hamıdan çox
satılır. Qalib də elə bu göstəriciyə
görə müəyyənləşir.
Hələ Azərbaycan
Dövlət Konservatoriyasında oxuduğu illərdə rus,
ingilis, ispan, italyan dillərini bilirdi. Sonralar fransız, alman, holland dillərini
də öyrənib. Əslində musiqi tərcüməsiz-tərcümansız
başa düşüləndi. Musiqinin öz dili var. Ancaq məşhur musiqiçilərlə, cazmenlərlə
tanış olmaq, onlarla əlaqə yaratmaqda çoxlu dil bilməyi
Əminəyə həmişə kömək olub. 1995-ci ildə
Rotterdam Konservatoriyasını bitirərkən rəhbərliyin
təşşəbbüsü ilə Əminənin əsərləri
onun ifasında diskə yazılır. Dərs vəsaiti
kimi tələbələrə təqdim olunur. Hollandiyalı
tələbələr, müəllimlər Əminənin sayəsində
Azərbaycana, musiqimizə yaxından bələd olur, onu
öyrənirlər. Çox keçmir ki, cazda yeni söz deməyi
bacaran, caz əfsanəsi yaradan, əsərləri ilə
tamaşaçıda musiqi zövqü
formalaşdırmağı bacaran azərbaycanlı sənətçinin
sorağı Avropaya yayılır. Ona Hollandiyada yaşamaq təklif
olunur. Qarşısında geniş yollar
açıldığını görən Əminə bu təklifə
bir şərtlə razılaşır:
- Mən hər yerdə
Azərbaycan musiqiçisi kimi təqdim olunmalıyam.
Beləcə, Tofiq
müəllimin, Zemfira xanımın yeganə övladı Əminə
Fiqarova Azərbaycandan, valideynlərindən,
doğmalarından ayrılır. Bir çox arzularını əbədi
sevgisinə - musiqiyə, sənətə qurban verir. Elə
orda tələbə yoldaşı fleytaçı Bartla ailə
qurur. Bart əslən Belçikadan olsa da, Hollandiyada
yaşamağı qərara alırlar. Gözəl
musiqiçi, gözəl insan olan Bart Əminəni musiqidən
də çox sevdiyini söyləyir. O, zarafatla deyir:
- Əminəni ilk dəfə
görəndə, çalğısını dinləyəndə
ağzım açıla qalmışdı.
Əminə xanım da
zarafatla əlavə edir:
- Bartın ağzı hələ
də bağlanmayıb.
Xətrinə dəyməsin
deyə doğma dildə söylədiyi bu sözləri tərcümə
eləmir. Tez-tez
Bakıya gəldiklərindən - Bart Azərbaycan dilinə
az-çox bələd olsa da - Əminənin zarafatını
başa düşmür, sadəcə, gülümsəyir.
O, azərbaycanlıların qonaqpərvərliyini çox bəyənir.
Hər ikisi ciddi pəhriz gözləsələr də, Azərbaycana
gələndə Bart pəhrizi unudur. Ləzzətli yeməklərə
meylini gizlətmir. Azərbaycan xörəklərini iştahla
yeyir, Əminənin iradlarına, - yeməsəm inciyərlər,-
deyə cavab verir. Plovu, yarpaq dolmasını xoşlayır.
Bartı bizimlə birgə ləzzətlə dolma yeyən
görən Əminə : - Bart, axı sən
Montinyakın dietasını pozursan, bu nədir belə?- deyib,
ciddiləşir. Bartsa:
- Əminə, Montinyak nə bilir
Azərbaycan dolması nədir? Bilsəydi heç vaxt o
dietanı təklif eləməzdi,- deyə bəhanə gətirir.
Bu cütlüyün həyatı
yalnız musiqidən ibarətdir. Əminənin rəhbərlik
etdiyi dörd caz qrupu var. Hər dəfə konsert proqramına
uyğun olaraq onların biriylə səfərə
çıxır. Bu musiqiçilərin hər biri Avropa məkanında
tanınan, seviləndi. Hərdən səhər Fransada,
axşam Almaniyada, o biri gün Dubayda konsert verməli olurlar.
Bundan yorulmur, əksinə, zövq alırlar. Hollandiyada onun
daimi tamaşaçıları var. Cazmen Əminə Fiqarova
ilboyu onların qarşısında hesabat verməyi
özünə borc bilir. Azərbaycan
tamaşaçıları Əminə ilə Bartı 2002-ci
ildə Bakıda keçirilən Beynəlxalq «Caz-Blyuz»
festivalından tanıyırlar. Bu festivaldan
fraqmentlər hərdən telekanallarda göstərilir. Əminənin
improvizəsi və Bartın solistliyi ilə ifa olunan
«Laçın» xalq mahnısı və T.Quliyevin
«Üzüyümün qaşı» mahnısı musiqisevərlərin
yaxşı yadındadır. Əminənin çox gözəl
vokal imkanları var. Ancaq bundan az istifadə edir. Bəstəkarlıq
və ifaçılığa daha çox üstünlük
verir. Bütün konsertlərində yalnız öz əsərlərini
ifa edir və bu əsərlərdə mütləq Azərbaycan
musiqisindən çalarlar olur. İndiyəcən on beş
disk yazdırıb. «Gecə qatarı», «Odlu külək»,
«Başqa mən», «Diana», «Xatirələr», «Qayıt» onun ən
çox sevilən əsərlərindəndir. «Odlu külək»
əsəri bizim Atəşgaha həsr edilib. Qədim yapon
hokkularıyla başlayan «Gecə qatarı»sa, insanlığa
doğru yol gedir. Bu qatarın sərnişinləri nələrdən
keçmir, nələr yaşamır: narahat günlər,
xoş anlar, həyəcan, sevinc, kədər, uğur, qələbə,
peşmançılıq, nifrət, qəzəb, ümid...
O, həyatın bütün sınaqlarına hazırdı,
çünki sonda onu insanlığın zirvəsi - sevgi, mərhəmət
və aman gözlədiyini bilir. «Gecə qatarı» səhərin
açılacağına inanır. İnsanı yaşadan da
elə bu ümid, inamdır. Bəlkə də maraqlı
süjet xətti olan bu əsər Əminənin doğma vətəndən
uzaqlarda yaşadığı nostalji hisslərdi. Ata-anası
dünyasını dəyişəndən o, Bakıya az-az gəlir.
Adı dünyanın sevilən cazmenləri - Claudio Roditi,
Komla Amoaku, Carry Coryell, Nahhan Davis, Reter Kinq, Dvayne Dolphin,
Şihard Harperlə bir sırada çəkilən azərbaycanlı
pianoçu Əminə Fiqarova doğma vətənində qədərincə
tanınmır. O isə Azərbaycanda solo konsert verə biləcəyi
günü böyük ümidlə gözləyir.
F.Qaziyeva
Mədəniyyət.- 2009.- 24 iyun.- S. 5.