İslahatlar günün tələbidir

 

   Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclaslarının bölgələrdə səyyar şəkildə keçirilməsi artıq özünü doğruldub və yaxşı bir ənənəyə çevrilib. Bu dəfə ölkəmizin qərb bölgəsinə daxil olan şəhər və rayonların mədəniyyət və turizm məsələlərinin müzakirəsinə həsr edilən kollegiya iclası qocaman Gəncə şəhərində işinə başladı. Toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin aparat rəhbəri Firudin Qurbanov və kollegiyanın digər üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eyni zamanda ətraf rayonların icra hakimiyyəti başçıları iştirak edirdilər.  

 

   Mədəniyyət və Turizm Nazirliyinin Gəncə şəhərində keçirilən səyyar kollegiya iclasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq tədbir iştirakçılarını salamladı və fəxrlə qeyd etdi ki, prezident İlham Əliyevin 5 il ərzində 9 dəfə Gəncəyə səfər etməsi bu bölgənin iqtisadi və sosial inkişafını şərtləndirən başlıca amil olmuşdur: “Bu gün respublikamızda inkişaf tempinə görə Gəncə xüsusi yerə malikdir. Və bu sırada mədəniyyətin öz yeri var”.

   Başçı nazir Əbülfəs Qarayevə təşəkkürlərini çatdıraraq bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin belə mühüm bir toplantısının məhz Gəncədə keçirilməsini alqışlayır və bu tədbirin Gəncənin və onun ətraf rayonlarının mədəni həyatında əhəmiyyətli rol oynayacağına inanır.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kollegiya iclasının iştirakçıları ilə əvvəlcə Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyət Günləri ilə bağlı təəssüratlarını bölüşdü. O qeyd etdi ki, dövlətimizin mədəni siyasətində strateji əhəmiyyətə malik olan xalqlararası mədəniyyət mübadiləsi bu dəfə Gürcüstanda müvəffəqiyyətlə həyata keçirildi: “Tədbir xüsusilə orada yaşayan soydaşlarımızda böyük maraq və sevinc doğurdu. Hesab edirəm ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıların mədəni inkişafına xüsusi diqqət yetirməli, orada böyüyən istedadlı işaqlara və gənclərə dəstək verməliyik”.

   Əbülfəs Qarayev sözünün davamında qeyd etdi ki, Gürcüstan Respublikasının Prezidenti ilə onun rəsmi görüşü zamanı Mixail Saakaşvili Azərbaycan və Gürcüstan xalqlarının dostluq və qardaşlıq münasibətlərindən söhbət açaraq, dəstək və köməyə görə Azərbaycan hökumətinə və prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

   Mədəniyyət və turizm naziri xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin ölkəmizi, onun zəngin tarixini və mədəniyyətini tanıtmaq baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmaqla yanaşı, qeyd etdi ki, beynəlxalq aləmə istiqamətlənmiş tanıtım layihələrinin uğurunu həm də yerli mədəniyyət müəssisələrinin layiqli işi şərtləndirir: “Məsələn, bu gün biz aşıq musiqimizin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil olunması təşəbbüsləri ilə çıxış edirik.

   Səylərimiz nəticəsində artıq bu musiqi Luvr muzeyində səslənir. Bəs Azərbaycanda, xüsusilə yerlərdə bu əvəzsiz musiqinin vəziyyəti necədir, onun təbliği, yeni nəslə ötürülməsi qənaətbəxşdirmi? Və yaxud muzeylərimiz, rəsm qalereyalarımız, digər mədəniyyət müəssisələrimiz Azərbaycana xaricdən gələn turistlərdə məmnunluq təəssüratı yaratmağa hazırdırlarmı? Bugünkü kollegiya iclasında məhz bu kimi suallara cavab axtaracağıq”.

   Nazir həmçinin iclasın qərarına daxil ediləcək bir neçə məsələni də diqqətə çatdırdı.

   “Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi haqqında” kollegiyanın iclasına daxil edilmiş məsələ barədə məlumat verən nazir qeyd etdi ki, biz hansısa keyfiyyətə uyğun olmayan mala irsimizin daşıyıcısı olan xüsusi adların verilməsinə nəzarət etməliyik. Bu barədə xüsusi komissiyanın hazırladığı arayışla, real vəziyyətlə kollegiya üzvlərinin tanış olduğunu bildirən nazir, dövlət rəsm qalereyalarında incəsənət əsərlərinin mühafizəsi və bərpası işlərinin vəziyyəti haqqında məsələnin gündəliyə çıxarılmasına da aydınlıq gətirdi. O bildirdi ki, incəsənət əsərləri mədəni sərvətdir və onların qorunması işi ciddi surətdə bir daha müzakirə edilməlidir.

    Quba, Qusar, Xaçmaz rayonlarında turizmin inkişafı barədə məsələnin də kollegiyanın diqqətində saxlandığını bildirən Ə.Qarayev turizmin inkişafında mədəniyyət müəssisələrinin işinin önə çəkilməsini vacib saydı.

   Nazirliyin regionlarla iş üzrə şöbəsinin müdiri Azəri Əhmədzadə iştirakçılara təqdim etdiyi təhlili araşdırmasında Gəncə və onun ətaf rayonlarında -Qazağın, Göygölün, Tovuzun, Samuxun, Şəmkirin və Gədəbəyin mədəni həyatının real mənzərələrini konkret faktlarla açıqladı. Xüsusilə nöqsanlar diqqətə çatdırılıb, müzakirəyə çıxarıldı. Hər bir rayon mədəniyyət və turizm şöbəsinin fəaliyyətinə ayrıca toxunulan məruzədə regionun ümumi problemlərindən doğan nöqsanlarla yanaşı, spesifik və subyektiv fəaliyyətdən doğan çatışmazlıqlar da qeyd olundu. Məruzəçi iştirakçıların diqqətinə onu da çatdırdı ki, sözügedən şöbələrin və idarələrin uğurlu fəaliyyəti az deyil: “Lakin məqsədimiz nöqsanları üzə çıxarmaq və həll etmək olduğundan, əsasən çatışmazlıqlar iclas iştirakçılarının nəzərinə çatdırılacaq”. Məruzədə həmçinin bir çox rayonların klub müəssisələrinin daha çox səmərəsiz fəaliyyət göstərdiyi də bildirildi.

   Gəncə şəhər və ətraf rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri söz alaraq öz sahələrinə aid səslənmiş nöqsan və çatışmazlıqlara dair izahat verdilər və perspektiv planlarını açıqladılar.

   Hər çıxışçıdan sonra nazir müvafiq bölgələrin mədəniyyət müəssisələrinin fəaliyyətində üzə çıxarılmış nöqsanların hər biri ilə bağlı izahat istəyərək onların həlli üçün konkret göstərişlər verdi. O, kitabxana işi, turizmin inkişafı, mehmanxanaların lisenziyalaşdırılması, bölgənin spesfik mədəni irsinin üzə çıxarılması yönündə atılmalı addımlara diqqət göstərməyin, sadalanan çatışmazlıqlarla bağlı ciddi fəaliyyətin vacibliyini önə çəkdi. Mövcud çatışmazlıqlar, problemlər diskussiyalı şəraitdə müzakirə edildi. Bölgələrin icra hakimiyyəti rəhbərləri də müzakirələrə qoşularaq öz münasibətlərini bildirdilər.

   Müzakirə obyekti olan şəhər və rayonların icra hakimiyyəti başçılarının da konkret məsələlərə münasibət bildirmələri və təkliflər vermələri diqqətçəkən oldu.

   Tədbirin sonunda nazir Əbülfəs Qarayev aşağıdakıları iştirakçıların diqqətinə çatdırdı:

   «Bu kollegiya iclasında biz regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə geniş şəkildə baxa bildik, nöqsanların, problemlərin də olduğunu gördük. Bizim müzakirələrin də məqsədi bu idi ki, vəziyyətə real qiymət verib, düzgün fəaliyyət istiqamətlərini müəyyənləşdirək. Ümumiyyətlə, regionun özünəməxsusluğu onun mədəni dəyərləri, təbiəti, yaradıcı potensialı ilə müəyyənləşdirilir. Məhz buna görə sizin üzərinizə düşən vəzifə məsuliyyətlidir. Çalışmalıyıq ki, hər bir insan özünün mədəni mövcudluğunu hiss etsin. Bu baxımdan dəfələrlə regionda müxtəlif mədəni layihələr təşkil edilib, müsabiqə və festivallar keçirilib. Regionun böyük turizm potensialı var. İnfrastrukturun yenilənməsi turizmin də yeni inkişaf mərhələsinə keçməsinə şərait yaradır. Bizim vəzifəmiz odur ki, turizmin müasir səviyyədə inkişafı üçün zövqsüz tikililərin, aşağı səviyyəli xidmətin qarşısını alaq.

    Bu gün Azərbaycan mədəniyyəti dünyaya çıxır, bu uğurlar bizi sevindirir. Və bu uğurların genişlənməsində yerlərdəki mədəniyyət potensialının xüsusi yeri və rolu var. Siz də dünyada qazandığımız uğurları yerlərdəki layiqli işlərinizlə dəstəkləməlisiniz. Eyni zamanda təşəbbüskarlıq göstərərək müəssisələrin işinin canlanması, yeniliklərin tətbiqi üçün çalışmalısınız. Bu, bizim ölkəmiz və xalqımız qarşısında olan borcumuzdur.

   Biz prezident İlham Əliyevin ümumi siyasətini mədəni sferada layiqincə yerinə yetirməliyik”.

   Bununla da Gəncədə keçirilən növbəti kollegiya iclası öz işini başa çatdırdı.

  

 

   Sabutay

 

   Mədəniyyət.- 2009.- 24 iyun.- S. 3.