“Məndən arxayın
olun”
Gürcü şairəsinin dilimizdə nəşr
olunmuş kitabı belə adlanır
Azərbaycan
Yazıçılar Birliyində gürcü şairəsi
Maqvala Qonaşvilinin “Məndən arxayın olun” adlı
şeirlər kitabının təqdimatı keçrilib. “Mütərcim”
nəşriyyatında 200 tirajla nəşr olunan kitabda müəllifin
100-ə yaxın şeiri toplanıb. Tərcüməçilər
Hidayət, Əjdər Ol, İmir Məmmədli və Səlim
Babullaoğludur. Tərcümə prosesində tərcüməçi
Nelli Məmmədlinin sətri tərcümələrindən
istifadə olunmuşdur. Kitaba Hidayətin (ön sözü:
“Çətin yolun yolçusu”) və Əjdər Olun (son
sözü : “Şair və qadın olmaq”) məqalələri
daxil edilmişdir. Maqvala Qonaşvilinin “Məndən arxayın
olun” şeirlər kitabı “Dünya ədəbiyyatı” dərgisi
və Azərbaycan Yazıçılar Birliyinin tərcümə
sektorunun birgə təsis etdikləri “Dünya ədəbiyyatı
books” seriyasından 13-cü nəşridir. Seriyanın tərtibçisi
və redaktoru Səlim Babullaoğludur. Maqvala müxtəlif
janrlarda 16 kitabın müəllifidir. Eyni zamanda
Gürcüstanın Qalaktion Tabidze (2007) və Anna Kalanadze
(2008) adına ədəbiyyat mükafatlarını alıb. Məlumat
üçün bildirək ki, xanım Maqvala 2004-cü ildən
Gürcüstan Yazıçılar Birliyinin sədridir.
“Məndən arxayın
olun” kitabını birnəfəsə oxudum. Bütün
şeirləri eyni səviyyədə maraqlı və təsirli
deyildi. Zəif, ortabab də var. Əjdər Ol və Səlim
Babullaoğlunın etdiyi tərcümələr daha uğurlu
olmuşdu.
Maqvala Qonaşvilinin
şeirlərindəki metrik sistem və poetik ruh çox
xoşuma gəldi. Onun şeirlərindəki hadisələr və
obrazlar öz dili ilə danışır. Bu deyim tərzini bəzən
maraqlı metonimiyalar üstündə qurur və əksər
hallarda da çox orijinal alınır.
Mənsə dəcəl quşlara
da
yelləyə bilmərəm əlimi
ölmüşəm götürən
yoxdur ölümü.
Vecinə deyil yiyəmin.
“Heykəlin gileyi”
şeirində metonimiya və digər poetik ünsürlər
müəllifin dili ilə heykəlin fikirləri kimi təzahürünü
tapır. Bu tipli başqa bir şeir “Ağ maralın
mahnısı” adlanır. Hər iki şeirdə müəllif
əşyaların (istər canlı, istərsə də
cansız) dili ilə düşüncələrini faş
edir.
Maqvalanın şeirlərindəki
bənzətmələr “qışqırıqla” yox,
“pıçıltı” ilə oxucuya
çatdırılır. “Uşaq evinin sakininə” şeirinə
baxaq:
Bir cüt gün
şüasıdır
Hər uşağın gözləri.
Ümumən onun
şeirləri tənhalıq, kimsəsizlik, nihilizim
sonluqları işıqla - nikbinliklə qurtarır:
Bir gün atanla anan
yerini biləcəklər.
Əvvəl yuxuna,
Sonra
yanına gələcəklər.
Maqvalanın ənənəyə
bağlı, gürcü xalq mahnıları, ümumən
xalq ədəbiyyatının ritmi üzərində qurulan,
klassik üslublu şeirləri də var. Məsələn, “Cənab
və xanım” şeiri:
Günəş minib
haçandı
gecə arabasına.
Mənim
daqqa cənabım
dönmür xarabasına.
Digər gürcü
şairlərində olduğu kimi, Maqvala Qonaşvilinin də
şeirlərindəki ictimai motiv, vətən mövzusu
konkret yox, ümumi kontekstdədir.
Hamı qisasçı olub
peyğəmbər köynəyitək.
Ortada qalıb Gürcüstan.
Şeirdəki təşbehin
orijinallığına baxaq: ”Peyğəmbər köynəyitək
ortada qalıb Gürcüstan”. Görünür, şair real
hadisələrin fonunda ictimai problemləri həll etməyə
çalışır.
Kitabda ən çox bəyəndiyim
“Akasiya ağacı” şeiri oldu. Şeir istər metrik sisteminə
görə, istərsə də fəlsəfi-poetik səmimiyyətinə
görə tam mənada “qan qrupuma” uyğun gəldi.
İlahi, akasiya ağacına
döndər məni!
Ağrılarımı tikanlara
çevir,
zinətlərimi - ağ
çiçəklərə.
“Cənab və
xanım” şeiri kimi bu şeir də xalq ədəbiyyatının
şirəsindən qidalanır. Bilirik ki, istər dünya,
istərsə də milli nağıllarda Allaha müraciət
edərək quşa, daşa çevrilən nağıl qəhrəmanları
olub.. Maqvala isə ənənəvi mövzuya öz daxili
hisslərinin çərçivəsində, modern tərzdə
yanaşır. Ümumən, şeirdə bezən bir insanın-qadının
duyğuları əks olunur. Maqvalanın şair kimi ən
üstün cəhəti şeirlərində obrazını
yarda bilməsidir. Yəni şeiri oxuyarkən qeyri-ixtiyari
müəllifin qadın olduğu anlaşılır.
Fərid Hüseyn
Mədəniyyət.-
2009.- 26 iyun.- S. 13.