Filmlərdə yaşayan sənətkar
«Əsl sənətkar cəmiyyətdə baş verən
hadisələrin işıqlı, yaxşı tərəflərini
görməyi bacarmalıdır. Rejissor film çəkəndə
ssenarinin ideyasını, onun təlqin etdiyi başlıca qayəsini
əsas götürməlidir. Bədii cəhətdən
dayaz, sönük mövzuları lentə almaq heç də əsl
yaradıcılıq deyil. Hər bir ekran əsərində əsas
mövzu insan olmalıdır: onun amalı, istəyi,
mübarizəsi.
Əsl yaradıcı sənətdə
yeni cığır açmalı, özündən
sonrakı nəsil üçün bir örnək
olmalıdır. Çünki
sənətkar hər şeydən əvvəl vətəndaşdır,
zəmanəsinin oğludur».
Bu sözlər Azərbaycanın
və SSRİ-nin xalq artisti, kinorejissor, ssenarist, aktyor Əjdər
İbrahimova məxsusdur. Lakin bu sözlər eyni ilə onun
özünə aiddir: o, əsl vətəndaş və zəmanəsinin
oğlu idi. Əgər belə olmasaydı, Ə. İbrahimov
«Bir məhəlləli iki oğlan», «Onun böyük ürəyi»,
«Ulduzlar sönmür», «Ürək əhvalatları», «Məhəbbətim
mənim, kədərim mənim», «Qəribə adam» kimi dəyərli
filmlər yarada bilməzdi.
Əjdər müəllim
deyirdi ki, onun həyat yolunu, sənət yolunu düzgün seçməsində
müdrik insanların böyük rolu olub. Lakin bu yolla irəliləməkdə
qarşısına qoyduğu aydın məqsəd, sənətdə
öz sözünü demək istəyi, ən
başlıcası isə özünə və
gördüyü işə inam ona arxa olub, onu həmişə
irəli aparıb.
Əjdər Mütəllim
oğlu İbrahimov 1919-cu ildə Aşqabadda anadan olmuş,
ilk təhsilini də burada almışdır. Sənətə
olan böyük maraq gənc Əjdəri əvvəlcə
Aşqabaddakı musiqili dram teatrına gətirir, burada aktyor
işləyir, sonra təhsilini Aşqabad Teatr Məktəbində
davam etdirir.
1942-ci ildə çoxları
kimi Əjdərin də həyat yolu cəbhə bölgələrindən
keçir. Əjdər
müəllim o ağır illəri xatırlayarkən deyirdi:
«Cəbhə mənim üçün ilk həyat məktəbi
oldu. Müharibə mənə çox şey
öyrətdi, məni ağlasığmaz hadisələrin
iştirakçısına çevirdi. Çətin
müharibə yollarında xeyri də gördüm, şəri
də, onların mübarizəsini də. Artıq biz cavanlar
üçün həyat və ölüm abstrakt kateqoriyalar
deyildi. Ona görə də biz sonralar ekrandan nə isə
yeni bir söz deyə bildik...»
Ə.İbrahimov
müharibədən sonra - 1952-ci ildə Ümumittifaq Kinematoqrafiya
İnstitutunun rejissorluq fakültəsini bitirir. Diplom işi üçün
çəkdiyi «Sülh uğrunda mübariz» filmi onun kino sənətindəki
yolunu təyin edir. N.Hikmətə həsr olunmuş bu
kiçik həcmli filmdə cavan rejissor böyük şairin
həyat və yaradıcılığını canlı
şəkildə ekranda göstərməyə müvəffəq
olmuşdur. Diplom müdafiəsindən sonra gənc rejissora
Moskvada qalıb işləmək təklif olunur. Lakin o,
Aşqabada qayıdıb yerli kinostudiyada «Firuzə», «Xəzər
dənizinin şərqində» və s. sənədli filmlərini
çəkir, «Sovet Türkmənistanı»
kinojurnalının bir çox seriyalarının rejissoru olur.
1954-cü ildə Ə.İbrahimov
Bakıya gəlir. Tezliklə Nazim Hikmətin böyük
şəxsiyyəti və tükənməz
yaradıcılığı gənc rejissoru yenidən
özünə cəlb edir və o, 1957-ci ildə İ.Qurinlə
birgə «Bir məhəlləli iki oğlan» bədii filminə
quruluş verir. Bakı kinostudiyası ilə M.Qorki adına
kinostudiyanın birgə istehsalı olan bu filmdəki hadisələr
Yaxın Şərq ölkələrindən birində cərəyan
edir. Xalqın həyatını və onun mübarizəsini
son dərəcə inandırıcı göstərən bu
film N.Hikmətin coşub daşan istedadını və
quruluşçu rejissorların belə vacib mövzunu kino
dilinə çevirmək bacarığını təsdiq
edir.
Özünün ilk
böyük işindən ruhlanan Ə.İbrahimov 1958-ci ildə
İmran Qasımovun ssenarisi əsasında müstəqil
olaraq «Onun böyük ürəyi» filmini lentə alır. Üç
tarixi dövrü - müharibədən əvvəl,
İkinci Dünya müharibəsi və dinc quruculuq illərini
əhatə edən bu kinopovestdə adamların yüksək
mənəviyyatından, yaradıcı əməyindən, hər
bir çətinliyə mətanətlə sinə gərmələrindən
bəhs edilir, cəmiyyətdə özünə rahat yer,
asan gəlir yolu axtaran bəzi əliəyri, yüngül
xasiyyətli tiplər tənqid olunur.
Bundan sonra Ə.İbrahimovun
yaradıcılığının Vyetnam dövrü
başlanır. 50-60-cı illərin kəsiyində o, bir
neçə il bu ölkədə işləmiş, Vyetnam
kinematoqrafiyasının yaradılmasında əlindən gələn
köməyi əsirgəməmişdir. O, Hanoyda milli kino məktəbi
açmış, özü burada dərs demiş, kinorejissor
və kinoaktyorlar hazırlayan emalatxanalara rəhbərlik
etmişdir. Onun bu ölkədəki gərgin pedaqoji və
yaradıcılıq fəaliyyəti Vyetnam Demokratik
Respublikasının ali mükafatları ilə qiymətləndirilmişdir.
Vətənə qayıtdıqdan sonra o, Vyetnam təəssüratları
əsasında üç kitab - «Vyetnamda gördüklərim»,
«Günəş yandırır» və «Tan qəbiləsindən
olan qız» kitablarını nəşr etdirmişdir.
Vyetnam ezamiyyətindən
sonra Ə.İbrahimov 1962-ci ildən «Mosfilm» kinostudiyasında
fəaliyyətini davam etdirmiş, doğma Azərbaycanla da əlaqəsini
kəsməmişdir. Bu yaradıcılıq əlaqəsinin
nəticəsi olaraq, O, «Mosfilm» və «Azərbaycanfilm»
kinostudiyalarının müştərək istehsalı olan
«İyirmialtılar» (1966) və «Ulduzlar sönmür» (1971) iri
həcmli tarixi-inqilabi filmlərinə quruluş vermişdir.
«İyirmialtılar» epik
filmi 1918-ci ildə Bakıda baş verən dramatik hadisələrdən
bəhs etsə də, əslində bu mövzu sovet
ideologiyasının tələblərinə uyğun olaraq,
öz ekran həllini tapmışdır. Ancaq tarixi-inqilabi mövzu filmin bədii
dəyərini heç də əskiltmir. Sənət
baxımından bu kino əsəri bu gün də öz əhəmiyyətini
qoruyub saxlamışdır.
Onu da qeyd etmək
lazımdır ki, bu filmin çəkilişləri çox
mürəkkəb şəraitdə
aparılmışdır: iri kütləvi səhnələr
45 dərəcə istidə lentə alınmışdır,
iş zamanı qrim əriyir, bığ-saqqalı
yapışqan saxlamırdı, bəzən də adamın
iliyinə işləyən küləklər əsir, qumu
göyə sovururdu. Filmin çəkilişi
üçün Bakının ətrafında xüsusi olaraq
18 qazma buruğu tikilmişdi: bunların taxta ilə
örtülmüş metal gövdələri 10 bal
gücündə tufana dözə bilərdi, onların ətrafında
süni neft gölü yaradılmışdı. Bunların
tikintisinə üç ay vaxt sərf olunmuşdu. Sonra bu qurğuların
hamısına od vurulmuş və onlar bir neçə dəqiqənin
ərzində yanıb kül olmuşdur. Geri çəkilən
ingilislər tərəfindən yandırılan neft mədənlərində
yanğın epizodu belə çəkilmişdi.
Hər səhər
Bakıda yol polisi işçiləri motosikletlərdə
başlarında iri papaq, bellərində qılınc olan 250
süvariyə yol açırdılar, onların ardınca
Bakı milyonçularının gəzdikləri qədim
faytonlar gedirdi. Axırda isə müasir avtobuslarda çəkiliş
qrupu gəlirdi.
Aktyor seçimində də
böyük iş aparılmışdır. Epizodlardan birində 70-ə yaxın
aktyor iştirak etmişdir. Təsadüfi deyil ki, bu ekran əsəri
1968-ci ildə Leninqradda (Sankt-Peterburq) III Ümumittifaq
Kinofestivalında ən yaxşı tarixi-inqilabi filmə
görə II mükafata layiq görülmüşdür.
«Ulduzlar
sönmür» genişformatlı bədii filminin mərkəzində
isə mürəkkəb, çoxcəhətli şəxsiyyət:
müəllim, həkim, yazıçı-publisist və
dövlət xadimi Nəriman Nərimanov durur. Müəlliflər
filmdə novella-xatirə formasından istifadə edərək
böyük şəxsiyyətin və onun yaşayıb
yaratdığı dövrün tarixini, qəhrəmanın
xarakterini və onun digər insani keyfiyyətlərini
açıb göstərmişlər.
Rusiya kinosunun məşhur
rejissoru A.Alov bu filmlə bağlı demişdir: «Bir neçə
kino novellasından ibarət olan «Ulduzlar sönmür» filmi Nərimanovun
xarakterinin və fəaliyyətinin bir çox cəhətini
açıb göstərir. Filmdə N.Nərimanov qeyri-adi dərəcədə hərtərəfli
istedada malik bir insan: görkəmli dövlət və partiya
xadimi, maarifçi, ədib, diplomat, həkim kimi təcəssüm
etdirilir. O, ömrünün axırınadək zəhmətkeş
kütlələrin mənafeyinə sədaqətlə xidmət
etmiş, alovlu qəlbinin bütün hərarətini onlardan əsirgəməmişdir.
«Ulduzlar sönmür» filmi kinematoqrafiya cəhətindən
maraqlıdır və yaxşı baxılır. Film üslubunun vahidliyi,
yaradıcı qrupun istedadlı işi ilə diqqəti cəlb
edir. Filmin yaradıcılarından birinci növbədə
parlaq fərdi dəst-xətti olan, filmdən-filmə
inkişaf edən rejissor Ə.İbrahimovun xidmətlərini
qeyd etmək lazımdır».
Geniş
yaradıcılıq diapazonuna malik sənətkar hansı
mövzuya, hansı janra müraciət edirdisə, onun
yaratdığı hər bir əsər, istər xalq
dramı, istərsə də məişət filmi olsun, diqqətdən
yayınmır, maraqla baxılır, yaddan çıxmır.
1973-cü ildə
«Mosfilm» kinostudiyasında ailə-məişət mövzusunda
çəkdiyi və «Təcili yardım» işçilərinə
həsr etdiyi «Ürək əhvalatları» filmi rejissorun lirik
planda işləmək bacarığını üzə
çıxartdı. Ə.İbrahimov bu filmdə daşqəlbli
adamlardan fərqli olaraq, açıq ürəkli və həssas
insanların zərif duyğularla yaşadıqlarını,
başqalarının dərdinə şərik
çıxdıqlarını incə ştrixlərlə
tamaşaçılara çatdırmışdır.
Bu mövzunu bir qədər
də dərinləşdirərək rejissor növbəti
filmində-«Qəribə adam» (1978) televiziya filmində cəmiyyətdə
hökm sürən mənəviyyatsızlığın və
satqınlığın acı nəticələrindən
ürək ağrısı ilə danışır. N.Hikmətin
eyniadlı əsərinin motivləri əsasında
yaradılmış bu filmdə çox mühüm mənəvi
məsələlərə toxunulmuşdur.
Hələ
sağlığında Ə.İbrahimov professional kinorejissor
kimi nəinki keçmiş SSRİ-də, həm də xarici
ölkələrdə yaxşı tanınırdı. Onun filmləri dünya
ekranlarında uğurla nümayiş etdirilirdi. Elə
bu səbəbdən də «Mosfilm» kinostudiyası (SSRİ) ilə
«Tuğrafilm» (Türkiyə) kinoşirkəti «Məhəbbətim
mənim, kədərim mənim» bədii filminin birgə
istehsalına qərar verəndə, hər iki tərəf
böyük məmnuniyyətlə quruluşu Əjdər
İbrahimova həvalə etdi. Rejissor dördüncü
dəfə idi ki, N.Hikmətin yaradıcılığına
müraciət edirdi. Bu dəfə o, şairin «Məhəbbət
əfsanəsi» pyesinə müraciət etmiş və həmin
əsərin motivləri əsasında çox maraqlı və
baxımlı kino əsəri yaratmışdı.
Ə.İbrahimov gözəl rejissor olduğu qədər
də istedadlı ssenarist idi. O, «Qayınana» kinokomediyasının
ssenarisini M.Maleyeva, «İyirmialtılar»ı İ.Hüseynov və
M.Maksimovla, «Ulduzlar sönmür»ü İ.Hüseynovla, «Məhəbbətim
mənim, kədərim mənim» filminin ssenarisini tək
özü, «Qəribə adam»ı
M.Maleyeva ilə birgə yazmışdır. Öz filmlərində
aktyor kimi də çıxış etmişdir: «Onun
böyük ürəyi»ndə Rəsulov, «Ulduzlar
sönmür»də Bequlov, «Qəribə adam»da tacir Rəcəb
rollarını məharətlə ifa etmişdir.
Görkəmli sənətkar
20 ildən artıq Moskva Dövlət Mədəniyyət
İnstitutunda kino rejissorluğu və aktyor sənətindən
dərs demişdir.
Azərbaycan kino sənətinin
yorulmaz təbliğatçısı Əjdər İbrahimov
1993-cü il sentyabrın 20-də uzun sürən ağır
xəstəlikdən sonra, ömrünün 74-cü ilində
Moskva şəhərində vəfat etmiş, doğma
Bakıda Fəxri Xiyabanda torpağa
tapşırılmışdır.
Aydın Kazımzadə,
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi
Mədəniyyət.-
2009.- 26 iyun.- S. 11.