Uzaq sahillərdə»n «Fəryad»a qədər
Milli Ordu Günündə müharibə mövzusunda
çəkilmiş filmlərə baxış
«Uzaq sahillərdə», «Şərikli çörək»,
«Mən sizi dünyalar qədər sevirdim», «Onun böyük
ürəyi», «Bizim Cəbiş müəllim», «Tütək səsi»,
«Bizim küçə», «Mən ki, gözəl deyildim», «Gilas
ağacı», «Fəryad», «Girov», «Sarı gəlin», «Ağ
atlı oğlan»… Bu, tam olmayan sıralama diqqətli oxucuya
aydınladır ki, söhbət müharibə ovqatı əks
olunan, yəni hərb mövzusunda çəkilmiş Azərbaycan
filmlərindən gedir.
Sovet dövründə
bizim belə filmlərimiz çox olmayıb, heç indi də
onların sayı çox deyil. Amma kimsə deyə bilməz ki, müharibədən bəhs edən köhnə bədii lentlərimizin insanların
qəlbinə, düşüncəsinə
təsir gücü, yaradıcı heyətin işi, aktyor ifası zəifdir. Azərbaycan kinematoqrafiyasında
müharibə mövzusuna
dair filmləri yada salsaq, görərik
ki, bizim birbaşa ön cəbhədən, savaş
meydanından bəhs edən filmimiz çox azdır. Ola blisin ki,
sovet dönəmində
aşkar söylənilməyən
yasaqlar müharibə
mövzusunun milli respublikalarda, xüsusən
də ön cəbhədən uzaq bölgələrdəki kinematoqrafçılara
da aid edilib.
Böyük Vətən müharibəsində
(bu ifadəni 1941-45-ci
illərdə döyüşmüş
qəhrəman oğul
və qızlarımızın
xatirəsinə sayğı
naminə işlətməliyik)
şücaət göstərmiş
Sovet İttifaqı Qəhrəmanları Mehdi
Hüseynzadə və
general Həzi Aslanovdan başqa digər igidlərimizin bədii obrazı da kino qəhrəmanlarının
cərgəsində yoxdur.
Buna görə də
«Azərbaycanfilm»də müharibə mövzusunda çəkilmiş
filmlərdə daha çox arxa cəbhədəki
insanların mərdliklə ön cəbhəyə yardımı,
yorulmadan çalışması, sonsuz dözümü və
ən başlıcası, qələbəyə inamı
göstərilib. «Mən ki, gözəl
deyildim» və «Tütək səsi» filmi arxa cəbhədəki
insanların güzəranını,
düşüncələrini əks etdirir. Təbii ki, bu filmlərdə
daha çox ərini, sevgilisini, atasını, oğlunu cəbhəyə yola salmış qadın obrazı qabarıqdır.
Əgər «Mən ki, gözəl deyildim»də süjet xətti kəskin və gözlənilməz konfliktsiz
davam edirsə (hərçənd bu axar filmin təsir
gücünə
xələl gətirmir), «Tütək
səsi»ndə vəziyyət fərqli, daha bəşəri, daha sarsıdıcıdır.
Sevmədiyi ərinin qara kağızını
alan əsgər arvadı o dövr
üçün çox
inqilabi bir addım atır - analıq məhəbbətinə
sığınmaq istəməyib,
müharibənin sonunu
gözləmədən sevgilisinə
qovuşmağı üstün
tutur. Kənd camaatının qınaq obyektinə çevrilmək,
övladlarının ondan
üz çevirəcəyini
bilmək də onun içindəki qadınlıq sevgisini boğa bilmir.
Maraqlıdır ki,
müharibə dövründən bəhs edən başqa bir
filmimizdə - «Onun böyük ürəyi»ndə də
qadının döyüşçüyə münasibəti
ön plandadır. Səmayə bir zaman sevgisini rədd etdiyi Mənsura
«səni gözləyəcəyəm» deyib ümid verir, Xalidə
cəbhədəki sevgilisini ona rahat həyat vəd edən
başqasına dəyişir, Rəna gözündən
yaralı Rəcəbi sağaltmaq naminə özünü
Xalidə kimi tanıdır.
«Şərikli
çörək» və «Bizim Cəbiş müəllim» filmlərinə
neft Bakısının arxa cəbhə ovqatı hakimdir. Bu filmləri sadə insanların, uşaqların və böyüklərin bu savaşdan necə qurtulmaq, xoş günlərə yetişmək
üçün əllərindən
gələni əsirgəməmək
cəhdi birləşdirir.
Bu da savaşdır - özü də ən böyük savaş - öz nəfsini cilovlamağı
bacarmaq və mənliyini itirməmək
savaşı. Arxa cəbhənin adi qəhrəmanları - çörək
kartoçkasını itirib
ac qalan, amma oğurluq etməyən balaca Vaqif də, məsləkindən üz
döndərməyi bacarmadığından
Hitlerlə qoşa qarğışlanan Cəbiş
müəllim də bu savaşdan qalib çıxırlar.
Ötən əsrin
80-90-cı illərində Rusiya kinematoqrafı Böyük Vətən
müharibəsi mövzusuna dəfələrlə müraciət
etdi, müharibə tarixini sovet ideologiyasının
basqısı olmadan, obyektiv mənzərələr və real
obrazlarla ekrana çıxardı. Bəlkə Azərbaycanda
da tarixin bu dönəmi ilə bağlı yeni bədii filmlər çəkilərdi.
Amma bizim başımız növbəti
savaşa - Qarabağ müharibəsinə qarışdı.
Üst-üstə düşən problemlər
hətta bir neçə il boyunca Azərbaycan kinosunu iflic etdi, film çəkilişi
müşkül işə
çevrildi. Bununla belə, Qarabağ savaşının ilk illərindəcə «Fəryad»
filmi ekrana çıxdı - baş
rolun ifaçısı
və quruluşçu
rejissor Ceyhun Mirzəyevin ekranda görə bilmədiyi «Fəryad». Təəssüf ki, bu filmin ardınca dövlət vəsaiti, yaxud sponsor yardımının
gücünə, prodüser
hünərinə ərsəyə
gələn heç bir film «Fəryad»ın Azərbaycan kinomanına təsir gücünü təkrarlamadı.
Səbəbi təkcə
filmlərin bədii tutumunun zəifliyi deyil.
Bəri başdan deyək
ki, Qarabağ savaşındakı gerçəklik - qalibiyyətin
ya məğlubiyyətin təyin olunmaması müharibə
mövzusuna seyrçi, gözləmə münasibətinin
yaranmasına istər-istəməz öz psixollji təsirini
göstərir. Yəni qələbəyə, ölkəmizin
hərbi qüdrətinə nə qədər inansaq belə,
bu savaşın bitməməsi, o illərin korazehin siyasi və
hərbi rəhbərlərinin günahı üzündən
«qazandığımız» torpaq itkisi, vətəndə
qaçqın problemi qələbə
çağırışlı bədii əsərlərə
qarşı diləgətirilməyən bir qıcıq
oyadır.
Müasir Azərbaycan
tamaşaçısının Qarabağ savaşına dair
filmləri sevməməyinin ikinci, ancaq çox incə
psixoloji məqamı var. Biz rəhmdillik və
utanc saydığımız
xüsusiyyətlərin ekranda
qabardılmasını istəmirik.
Məsələn, «Girov» filminin
son epizodunda erməni əsirinin taleyini həll etmək ixtiyarı olan qadın «zavallı» ermənini azadlığa buraxır. İnsanlıq baxımından
həmin fağır erməninin günahı yoxdur, amma ərazisinin
dörddə biri erməni işğalı
altında olan tamaşaçının bu
sonluğa münasibəti
müsbət deyil. Yaxud da «Sarı
gəlin» filmində zorən əlinə silah almış iki sadə insanın
- erməni ilə azərbaycanlının bir-birinə düşmən
kimi baxmaması birmənalı qarşılanmır.
Bəlkə də həmin sadə insanların müharibəyə
nifrəti daha qabarıq göstərilsəydi,
müəlliflərin məramı
səmimi qəbul edilərdi. Həmin filmdə namusu
ləkələnmiş azərbaycanlı
qızın çıxış
yolunu düşməndən
intiqam almaq əvəzinə, özünə
qəsd etməkdə
görməsi də vətənpərvərlik mövzusunda
bir o qədər
də ürəkaçan
örnək sayıla
bilməz.
Müharibədən bəhs
edən son filmlərimizin seyrçi rəğbəti
qazanmamasının bir cəhəti də texniki və texnoloji
incəliklərlə bağlıdır. Tamaşaçı
çoxmilyonluq büdcəli «Vətənpərvər»,
«Sıravi Rayanın xilası» kimi gerçək savaş
meydanını təkrarlayan bədii əsərə
baxır, qrafik-rəssamın fantaziyası ilə ən son
kompyuter texnologiyasının hünərini görür və…
sonra öz filmlərimizdən həmin emosional gücü ala
bilmir.
Bu gün sənət sənət
üçündür fikri nə qədər məqbul
sayılsa da, sənətdə vətənpərvərlik
mövzusunun əksi birbaşa tamaşaçıya (oxucuya,
dinləyiciyə) hesablanmalıdır. Dövlət siyasətini,
bütün xalqın istəyini bu mövzu qədər əks
etdirəcək, diqqəti cəlb edəcək ikinci bir
tematika yoxdur.
Azərbaycan kinematoqrafının
Milli Ordumuzun qurucularını, adları hərb tarixinin
şanlı səhifələrinə yazılmış sərkərdələri,
Böyük Vətən müharibəsinin, Qarabağ
savaşının qəhrəmanlarını ekrana gətirmək
borcu var.
Hələliksə, bu məqamda
biz taleyindən savaş meydanı keçmiş bütün
sənət adamlarımızı Milli Ordu Günü
münasibəti ilə təbrik edirik.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 10.