Festi-hal
Və ya teatral Gəncə
Yəqin ki, həftənin Azərbaycan
mədəniyyəti üçün əlamətdar və
hadisə sayılacaq tədbiri Yeni Teatr Respublika
Festivalıdır. Azərbaycan tetarı «2009-2019-cu illərdə»
Dövlət proqramının 2.13 bəndinə əsasən
iyunun 23-dən 28-dək keçirilən Yeni Teatr Respublika
Festivalında paytaxt və bölgələrdə fəaliyyət
göstərən 14 teatr qatıldı. Bəlkə də
festivalın ilk, ümid edirik ki, yeganə olmayan əlamətdarlığı
da onun Gəncədə keçirilməsidir. Ölkənin
bütün teatrları Gəncəyə
yığışıb, festivalda öz
tamaşalarını göstərir. Tədbirdə
teatrşünaslar, dramaturqlar və mətbuat işçiləri
də iştirak edir.
«Çətin məsələ»
Əlbəttə,
festival keçirmək çətin məsələdir. Bunun
təşkilati tərəflərindən tutmuş bədii tərəflərinədək
hər şey tədbirin, yəni sənət bayramının
pozulmamasına, təmtəraqlı ovqat yaratmasına yönəlir.
Biz bir növ festivalın qonaqlarıyıq. Amma bəndənizin
festival təşkilində iştirak etmək kimi kiçik
bir təcrübəsi var. Ona görə də Yeni teatr
festivalının açılış günündə Gəncədə
ilk baxdığım kukla tamaşasının adı
(«Çətin məsələ») festival həngaməsinin
bütün irili-xırdalı detallarını yada saldı.
«Çətin məsələ» Gəncə Dövlət
Kukla Teatrının tamaşasıdır. Gəncədəki
maraqlı binalardan birində - keçmişdə Lüteran
kilsəsi olmuş binada yerləşən kukla teatrına
yığışan balacalar öz çoxluğu, sevimliliyi,
bir sözlə, balacalığı ilə ayrıca bir
festival idi. Böyüklərin qatılmaq istədiyi festival.
Tamaşanın quruluşçu rejissoru Xudayat Əsgərovdur.
«Çətin məsələ» qurdla quzunun əbədi
konflikti üzərində qurulmuş tamaşadı. Qurd quzunu
yeməyə gəlib, quzu da qurda məsələ həlli
kimi çətin bir şərt qoyur. Zəmanə
qurdlarının ən zəvzəyi və ən
istedadsızı bu nağıldakı qurddur. Amma bu qurdun həm
də kütlüyü hesabına süjet uzanır. Quzu
gözəlliyi, qurd isə şüşə gözlərinin
parıltısı ilə yadda qalır.
Yada salmaq
arzuolunmaz olan «Duel» adlı vaxt təhqirini (Qazax Dövlət
Dram Teatrı) ona görə xatırladırıq ki,
festvalın dözülməz məqamlarını da sizlə
bölüşək. Artıq «teatrların maddi texniki problemləri»
ağlabatan görünmür. Bunlar olsa-olsa yavaş-yavaş
kəsilən bəhanələrdir və bu gün
teatrımızın ciddi problemi varsa yoxsa,
yaradıcılıq problemidir. Belə tamaşadan sonra
açılışa qatılmaq böyük nikbinlik və
teatra bir anbar sevgi istər. O da Gəncə sakinlərində.
Zəif, əla demədən bütün tamaşalar
anşlaqla keçir. Elə açılış mərasimi
də.
Açılış
Keçmiş
Lüteran kilsəsində yerləşən Gəncə
Dövlət Kukla Teatrı ilə Gəncə Dövlət
Dram Teatrının arasından Gəncə çayı
axır. Bəlkə də bu çayın yanından laqeyd
keçməklə festivalın ən canlı
tamaşasını qaçırmış oluruq. Gəncə
Dövlət Dram Teatrının binasında baş tutan
açılış bayram təntənəsi yaratmaq niyyətindəydi.
Amma əslində bayram çoxdan başlayıb. Sevimli
aktyorlarının - Amalya Pənahovanın, Yaşar Nurinin gəlişi
gəncəlilər üçün əsl bayramdı.
Canlı orkestrin ifa etdiyi musiqidən, milli rəqslərdən
sonra rəsmi hissə başladı. «Festivalın sahibi» qismində
(Yeni Teatr Respublika Festivalı Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
keçirilir) mədəniyyət və turizm nazirinin müavini
Ədaət Vəliyev çıxış etdi. O, öz
çıxışında festivalın ölkənin ikinci
böyük şəhəri və qədim mədəniyyət
mərkəzi olan Gəncədə keçirilməsinin əhəmiyyətini
vurğuladı. Ölkədəki mədəniyyət obyektlərinin,
teatrların təmir-təchizat məsələləri barədə
Gəncə sakinlərinə məlumat-hesabat verdi. Nazir
müavini festivalın sonrakı illərdə beynəlxalq
statusda keçirilməsinin nəzərdə tutulduğunu
söylədi. Həmçinin açılışda Azərpaşa
Nemət, Yaşar Nuri və Ələddin Abbasov
çıxış etdilər. Mərasimdə tamaşalardan
parçalar da göstərildi.
Əbədi «Həvva kompleksi»
Həvva Gəncə
Dövlət Dram Teatrının «Varlı qadın» (Əli Əmirli,
rej. Bəhram Osmanov) tamaşasının qəhrəmanıdır.
Həvva kompleksisə psixoanaliz elminə indicə
yamadığım qeyri-elmi və qondarma bir termindir. Dramaturji
materialın keyfiyyəti, rejissorun mətnin imkan verdiyi incə
nüansları duyması aktyorların istedadına meydan verdi,
tamaşa temportmini qorudu. Pulun həyatda önəmi
böyükdür. Bunu əsərin hər parçası
söyləyir. Son dərəcə kasıb həyat sürən
elmi işçinin arvadı axsaq, deyingən, oğlu
meşşandır. Özü isə çox güman ki,
bivec bir elmi iş yazır. Evdə maddi vəziyyət
dözülməz həddədir. Ər-arvad dalaşmaları
bu ailə münasibətlərindəki səthiliyi üzə
çıxarır. Reallıq reallıqdır, yalnız seyr
edənlər üçün tamaşadır. Bir-birinə ikrahlarını
bildirəndən, nə qədər dəyərsiz
olduqlarını isbat edəndən sonra qadına böyük
miqdarda miras qaldığı bəlli olur. Amma bunun
üçün o, öz qohumlarından birinə ərə
getməlidi. Qadın pul xatirinə hər şeyə
hazırdı. Gəlin paltarı geyinib göstəbəyə
oxşar birilə nikaha girməyə yalnızca balaca bir tərəddüdü
var. Amma elə bu zaman süjetin dramaturgiyada peripetiya deyilən
bir məqamı başlayır; yəni tanınma baş verir.
Sən demə, elə qadının -Yeva Zərrinskayanın əri
onun qohumudur. İndi qadın yenidən keçmiş ərinə
bir də ərə getməlidi. Ər - Sarı
Göyüşov bütün alçalmalardan sonra Həvvanı
qəbul etmək istəmir. Amma onu susdururlar. Reallıq dəhşətli
bir şeydir. Pul bu reallığın hakimi-mütləqidir. Ləyaqətini
ucuzlaşdıranlara etiraz etmək istəyən kişini
susdura bilir- onun ağzını bağlayıb evləndirirlər
- «happy end». Tamaşaçılar razı qalır, ailə
dağılmadı, pul problemi də həlll olundu. Hətta
bir tamaşaçı zaldan səhnəyə -Həvvanın
ərinə məsləhət də verdi- «Sən canın
başını burax, evlən getsin». Milli
komediyalarımızın uğurlu nümunələrinin sonu
toyla bitir. Bunların arasına «Varlı qadın» da
qatıldı.
Yenə də pul...
«Pul
düşkünü Hacı Fərəc» Mingəçevir
Dövlət Dram Teatrının tamaşasıdı. Nəcəf
bəy Vəzirovun sözügedən əsərinə
rejissor Zülfüqar Abbasov quruluş verib. Tamaşa pafosu və
ağır temporitmi ilə yadda qaldı.
Teatrşünasların nəsə gözlədikləri
vaxtilə teatr ənənələri ilə şöhrət
tapmış Şəki Dövlət Dram Teatrı idi.
Teatrın dünya klassikasına müraciət etməsi bu
marağı birə beş artırırdı. Molyerin «Xəsis»
komediyasına Mirbala Səlimli quruluş verib. Dekorasiyasına,
geyimlərinə görə ilk səhnələrdən
marağı əlinə alsa da tamaşaçı
darıxmaya bilmədi. Ay işığının altında
çox poetik görünən ağac. Xəsis Qarpaqon
pullarını gizləməyə gəlir. Amma elə bu səhnələrdən
sonra tamaşa əhvalatı deməyə yönəlir.
Bütün qəhrəmanlar, o cümlədən qarpaqonun
özü də onun xəsisliyini nümayişkarcasına
göstərməyə yönəlir. Kostyumlar gözəldir.
Amma yenə də vaxtın necə keçdiyini saniyəbəsaniyə
hiss edirsən. Tamaşanın bitməyini gözləyirsən
və o maraqlı an yetişir. Tamaşanın final səhnəsi
təmsil illüstrasiyalarına xas uğurlu bir
görüntü ilə bitir. Qarpaqon pul dolu
mücrünün üstündə oturub. Ortada tək
ağac. Ay işığı. Onun üzü
tamaşaçılaradır. Mücrüsünü
altında gizlədib qoruyar kimi kəsik kəsik
hürür...
«Yar»
Allah qoysa
bizim yardan bol ədəbiyyatımızda yarıda bilən bir
neçə şairimiz var. Füzuli bu şairlərin
taxtında oturub. Yuğ Teatrının rejissoru Günay Səttarovanın
«Yar» tamaşası teatrın ötən il keçirdiyi «Mən
Məhəmməd Füzuli...» silsiləsindəndir. Gəncənin
Zərrabi Poeziya Evinin yaraşıqlı binasına
yığışan tamaşaçılar kəmhövsələ
olmadılar. Açıq havada oynanılacaq tamaşanı lap
hava qaralanadək intizarla gözlədilər. Gözləməyə
dəyərdi. Aktrisa Gülzar Qurbanovanın uşaqcasına səmimi,
qadın kimi gözəl və məlahətli, aktrisa kimi ifadəli
üzünü görmək elə-belə məsələ
deyil. Elə Füzuli özü də yar hicrindən
qan-yaş dolu qəzəllərini elə-belə yazmayıb.
Gülzar xanım yar deyə yuxarı işarə vurur. Fərhad
İsrafilov isə milli yumor altında gizlənən intuitiv dərk
olunan faciəni göstərir. Ömründəki
boşluğu - heçliyi sadə kəlmələrlə
sanki sözarası deyir. Dörd dirək arasındakı məkan
könüllü və ödənişli edam mərkəzidir.
Bu iki nəfər - kişi (Fərhad İsrafilov) və
qadın (Gülzar Qurbanova) intihara hazırlaşır. Amma nəsə
onları ləngidir, bir gözlənti var. Məgər
hamımız bir nəfəri o tək adamı (Qodonu) gözləmirikmi?
Kütləvi şəkildə bu, gah Mehdi Sahibəzzəmandı
ya da ağ geyimli xilaskar. Fərdi şəkildə o bir nəfər
kimdisə biz onun axtarışında, gözləntisində,
intizarındayıq. O, yardır. Biz yarıyıq.
Bütövlənmək arzusu ilə yaşayırıq. Bilsək
də, bilməsək də. İntihar cəhdi də bu
gözləntidən bezginlikdir hardasa. Kişinin də,
qadının da intihar cəhdi alınmır. Amma onlar bədənlə,
canla vidalaşmaq anında nəyisə dərk etmək məqamına
çatırlar. Yaşamaq gözəlləşir. Öz əvəzlərinə
yerdə qalan salaq bir bədəni, vücudu - kuklanı
asırlar. Qarışıq musiqilərlə başlayan
tamaşa ruhsal və həyatsevər bir melodiya ilə bitir.
Günəbaxan tarlası və
ziyarət
Pirlərə,
ocaqlara gedənlərə yarıkönül, etinasız və
kor-koranə, küt, ləng bir həyəcanla qoşuluram. Hərçənd
İmamzadəni ziyarət etməyi təklif edəndə
birinci razılıq verən mən oldum. Əvvəlinci
babı kimi dəstəmizə qoşulub (bu dəstəyə
teatrşünaslarımız Məryəm Əlizadə,
Aydın Talıbzadə, Əli Əmirli, Yaşar Nuri və
nazirliyin əməkdaşdarı Vəfa xanım, Naidə
xanım, binaların tarixçələrini xüsusi həvəslə,
ətraflı danışan Mina xanım daxildir) üz tutduq
İmamzadəyə. Əlbəttə, bizi dilənçilər
qarşılayıb yola saldı - o dünyanı yada salmaq
üçün İmamzada universal obyektdir onlara görə.
Ziyarətin poetik tərəfi başıma
bağladığım sarılı narıncılı əlvan
bir yaylıq və göyərçinlərə dən səpməyim
oldu. Axınla gələn adamların arasında
dolaşa-dolaşa oranı tərk etdik.
Böyük
Azərbaycan şairi Şeyx Nizaminin məqbərəsini ziyarət
etməksə yekdilliklə qət olundu ki, festival səfərinin
ən işıqlı tərəfidir. Canlı tamaşalar
yoxdusa da, cansız daşlar enerji ötürür. Məqbərənin
memarlıq üslubu ötürdüyü enerjiyə
uyğundur. Heyət səfərdən aldığı həzz
və razılıqla, həyətdən dərdiyi
şaftalılarla birbaşa teatra istiqamət
götürür. Aydın müəllim (Talıbzadə)
xüsusilə məmnundur və «şeyx», «şıx» və
«aşıq» sözlərinin işıq sözündən,
bununsa atəşpərəstlikdən
qaynaqlandığından danışır.
Yoldasa
günün ən gözəl mənzərəsi
açılır - gözəl günəbaxan tarlaları
öz nəhayətsizliyi ilə...
Aliyə,
Gəncə
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 8.