Hər bir
zonada turizm infrastrukturunun inkişafı
planı hazırlanacaq
Əbülfəs Qarayev: «Bölgələrdə
mövcud olan kortəbiilik turizmin inkişafını ləngidir»
Turizmin inkişafı üçün əsas məsələ
istirahət mərkəzlərinin və mehmanxanaların
sayının artırılmasıdır. Bu barədə mətbuata
açıqlamasında bildirən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev deyib ki, Mədəniyyət
və Turizm Nazirliyi ölkə ərazisində turizm
zonalarının müəyyənləşdirilməsi
prosesini bu il tam yekunlaşdıracaq və bundan sonra hər bir
zonada infrastrukturun inkişafı planı hazırlanacaq:
“Bölgələrdə mövcud olan kortəbiilik turizmin
inkişafını ləngidir. Buna görə də hər
zonanın öz infrastruktur planı hazırlanacaq və
turizmin inkişafı həmin plana uyğun həyata
keçiriləcək”.
Nazirin sözlərinə
görə, son illərdə ölkədə turizm
infrastrukturunun inkişaf etdirilməsi nəticəsində
xarici turistlərin sayı 40 faiz artıb. 2009-cu ildə 35
mehmanxana və motel tikilərək turistlərin istifadəsinə
verilib, daha 56 belə obyektin inşası isə davam etdirilir. Əbülfəs
Qarayevin sözlərinə görə, istirahət mərkəzlərinin
və mehmanxanaların sayının artması nəinki xidmətin
keyfiyyətinin yüksəlməsinə, həmçinin bu
sahədə ucuzlaşmaya gətirib çıxaracaq: “Hesab
edirəm ki, bu il turizm şirkətləri tərəfindən
keçən ilə nisbətən daha yaxşı şərait
yaradılıb. Düzdür, 2009-cu ildə dünyada gedən
böhran səbəbindən Azərbaycana gələn turistlərin
sayında çox böyük artım gözləmirik. Təxminən
artımın 5-10 faiz civarında olacağını
düşünürük”.
Qeyd edək ki, Əbülfəs
Qarayev bugünlərdə Gəncəbasar zonasında yerləşən
mədəniyyət və turizm idarə və müəssisələrinin
vəziyyəti və fəaliyyətinin qiymətləndirilməsi
üçün təşkil olunan zona müşavirəsində
bu regiona gələn turistlərin Gəncəbasar
zonasının tarixi abidələri və mədəniyyət
obyektləri ilə də maraqlandığını
vurğulayaraq, onların vəziyyətinin
yaxşılaşdırılmalı olduğunu, bu sahədə
işlərin aparılmasının vacibliyini qeyd edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 7.