O ki gözəldir!...
Həyat müvəqqəti, sənət isə əbədidir!
(İ. Əfəndiyev)
Yazıma Cabir Novruzun çox sevdiyim şeirindən
bir misra ilə başlamaq istərdim: “Sağlığında
qiymət verin insanlara!” İnsanın özünü,
onun yaradıcılığını,
sənətini çox
yox, layiq olduğu qədərində
qiymətləndirmək çoxmu
çətindir? Vallah,
hər hansı bir sənətkar üçün sağlığında
deyilən balaca bir xoş söz,
ölümündən sonra
qoyulan heykəllərdən
daha dəyərlidir. Həqiqətən də insana vaxtında qiymət vermək nə gözəlmiş...
Buna bir daha ötən gün iştirak etdiyim tədbirdə əmin oldum.
Bugünlərdə
Kinematoqrafçılar İttifaqının iclas zalında Azərbaycan
Dövlət mükafatı laureatı, Azərbaycan Opera və
Balet Teatrının solisti, bir çox mükafat və
diplomların, o cümlədən “Qran pri” qızıl
medalı və “Şöhrət” ordeninin sahibi, Azərbaycanın
xalq artisti Xuraman Qasımovanın doğum günü
münasibətilə gözəl bir tədbir təşkil
olundu. Tədbiri açıq
elan edən Rafiq Haşımov təbrik nitqindən sonra ilk sözü
kinoşünas Aydın
Kazımzadəyə verdi.
Aydın müəllim
hər iki bacını ürəkdən
təbrik edib Xuraman xanımın kino sahəsindəki yaradıcılığından bəhs etdi: “Xuraman Qasımova “Liftçi qız” (1966) filmində ifa etdiyi Lalə roluna çəkiləndə
cəmi- cümü
15 yaşında idi. Amma yeri gəlsə,
bir çox aktyorlardan qat- qat peşəkarcasına oynayırdı. Sonra o, “Mən ki,
gözəl deyildim”
(1968) filmində Səidə
rolunda göründü.
Bu ifadan sonra Rüfət Şabanov demişdi: “Xuraman xanım dünya səhnəsinə
çıxmağa layiq
aktrisadır”. Səidə
rolu Xuramana ən yaxşı qadın aktrisa adını və diplomunı hədiyyə etdi. Daha sonra
isə o, “Həyat bizi sınayır” (1972) filmindəki
Hicran kimi tanınmağa başladı.
O, bu obrazların hər birini oynamadı, yaşadı!”
Tədbirdə aktrisanın çəkildiyi
filmlərdən fraqmentlər
də nümayiş olundu. Gözəl sənətkarımızın
həmkarı, Azərbaycanın
xalq artisti Tariel Qasımov öz çıxışında
birgə çəkilişləri
zamanı baş verən maraqlı hadisələrdən danışdı.
Opera sənəti üzrə dünyaşöhrətli
xanımın kino sahəsi üzrə də məşhur ola bilməsi üçün böyük imkanlarının olmasına baxmayaraq, bunu istəməməsindən
gileyləndi. Əməkdar
incəsənət xadimi,
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev də məhz bu gecənin təşkilində fondun böyük rolu olduğuna görə çox şad olduğunu bildirdi: “Ümumiyyətlə, 60-cı
illər Azərbaycan
kinematoqrafiyasının ən
vacib və ən maraqlı illəridir. Lakin, düzü, bu illərin ən uğurlu məqamları məhz sizinlə bağlıdır, sizin əvəzolunmaz ifalarınızla.
Biz sizin kinoekranlardakı çıxışlarınız,
gözəl aktrisalığınız
üçün həqiqətən
çox darıxmışıq”.
Xalq artisti Amalya Pənahova
da öz ürək sözləri ilə
çıxış edərək, Xuraman və Fidan
Qasımovaları Azərbaycan incəsənətinin
primadonnaları adlandırdı: “Sizi bir- birinizdən
ayırmaq istəmirəm. Çünki siz həm
həyatda, həm də sənətdə daim çiyin- çiyinə, əl- ələ görünmüsünüz.
Hər ikinizi ürəkdən təbrik
edir, həyat və yaradıcılığınızda
sizə uğurlar diləyirəm!”.
Sonra söz Azərbaycan Kinematoqrafçılar İttifaqının
sədri, görkəmli
dramaturq Rüstəm İbrahimbəyova verildi.
Təbrik və gözəl sözlərindən
sonra Rüstəm bəy Xuraman xanımın daha kinoda çəkilmədiyinə
görə Azərbaycan
kinematoqrafiyasının çox
şey itirdiyindən şikayətləndi. Bütün
bu xoş sözlər, tərif- təbriklərdən sonra
səbəbkar mikrofon
arxasına keçdi.
Sevinc göz yaşları içində
özünü xoşbəxt
hesab etməsindən danışdı: “Əgər
məndən nə vaxtsa “özünüzü
xoşbəxt insan hesab edirsinizmi?”- deyə soruşsaydılar,
düşünmədən “hə!”- deyə cavab verərdim. Mən Azərbaycanda, həm də gözəl bir ailədə doğulduğuma, gözəl
nəslin və familiyanın daşıyıcısı
olduğuma, ümumiyyətlə,
hər bir şeyə görə öz taleyimə minnətdaram. Əvvəllər
küçədə məni
kimsə görüb
“cüllüt” adlandıranda,
bir qədər əsəbiləşirdim.
İndi isə bunun nə demək
olduğunu daha yaxşı anlayıram. “Oynadığım obrazlarla
insanların yaddaşında
qalmağım nə gözəl şeymiş”-
deyə düşünürəm.
Düzdür, son zamanlar kino incəsənətindən
bir qədər uzaq düşmüşəm.
Amma bu gün
mən hər şeyi yenidən yaşadım. Mənə
bu xoşbəxtliyi yaşatdığınıza görə
sizə minnətdaram”.
Sonda “Mən ki, gözəl
deyildim” filmindən ən maraqlı, yəni Xuraman
xanımın olduğu kadrlar zaldakı
tamaşaçıların ixtiyarına verildi.
Könül NƏCƏFOVA
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 4.