Tufanlı əsrdə yaranan ordu
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası
qoyulan ordumuz dövlətçilik tariximizdə mühüm
rol oynayıb. Xalqı erməni
daşnaklarının qırğınlarından müdafiə
etməsi, torpaqlarımızın qorunması uğrunda
böyük uğurlara imza atıb. Və bu gün qətiyyətlə
demək olar ki, Səməd bəy Mehmandarov, Əliağa
Şıxlinski, Süleyman Sulkeviç və başqa vətənpərvər
oğullarımızın sayəsində Milli Ordumuzun
atdığı addımlar indiki müasir dövr Azərbaycan
hərbçilərinə doğrudan da əsl nümunədir.
Qeyd edək ki, Rusiya
imperiyasının işğalına qədər Azərbaycanda
dövlət quruluşu xanlıqlar formasında mövcud idi. İşğaldan sonra nəinki
ölkə ərazisində milli ordu yox idi, eyni zamanda azərbaycanlılar
çarizm tərəfindən hərbi səfərbərliyə
cəlb edilmirdilər. Məhz ölkəmizə qarşı
ögey münasibətin nəticəsi idi ki, Azərbaycan
Demokratik Respublikası yarandığı dövrdə (1918-ci
il) Gürcüstan və Ermənistanın kifayət qədər
ordusu olduğu halda azərbaycanlıların ordusu yox idi. Arada
yaranmış uzun fasilə ordu yaratmaq üçün kifayət
qədər təcrübəyə ehtiyac olduğunu ortaya
qoyurdu. Azərbaycanlıların da belə bir hərbi təcrübəsi,
səriştəsi olmadığından ordu yaratmaq çox
çətin idi. Milli Ordunun yaradılmasında Qafqaz İslam
Ordusunun, o cümlədən onun başçısı Nuru
paşanın, Mürsəl paşanın, Rəhim
paşanın və onlarla başqalarının böyük
xidmətləri olub. Tarixçi Anar İsgəndərli deyir
ki, Nuru paşa ilk dəfə Azərbaycan torpaqlarına qədəm
qoyarkən 300 nəfərlik dəstə ilə gəlmişdi
və ona elə gəlirdi ki, Qafqazda olan erməni və
gürcülər kimi, bizim də silah və ordumuz var. Amma hər
şey əksinə idi. Ona görə Nuru paşa
qardaşı Ənvər paşaya belə bir teleqram vurdu ki, əlavə
qüvvələr göndərilməlidir. Beləliklə,
Nuru paşanın Azərbaycanın ayrı-ayrı bölgələrinə
göndərmiş olduğu raportla bağlı olaraq qısa
müddət ərzində 7-8 min azərbaycanlı onun ordusu
ilə birləşdi və Qafqaz İslam Ordusu yarandı.
Ancaq əvvəlkindən çox təcrübəsi olan azərbaycanlılardan
ibarət olan ordu xüsusi əlahiddə ordu adlanırdı və
buna da Əliağa Şıxlinski rəhbərlik edirdi. Məhz
onun rəhbərlik etdiyi qüvvələrin birləşməsi
iyun ayının 26-da əlahiddə Azərbaycan korpusunu
yaratdı və bununla da Milli Azərbaycan Ordusunun
bünövrəsi qoyuldu.
Ordu quruculuğunun çətin yolları və ilk qələbələr
Beləliklə,
1919-20-ci illərdə mövcud olan Azərbaycan Xalq
Cümhuriyyəti qısa müddətə, yəni 1920-ci ilin
aprelinə qədər 40 minlik bir ordu yaratmış oldu. Ordunun böyük bir hissəsi
süvari, bir hissəsi piyada idi. 1919-cu ildə Əsgəran
yaxınlığında ilk dəfə Milli Ordu
separatçı qüvvələri darmadağın edərək
Əsgəranı, Şuşanı aldı və erməni
separatçılarını məcbur etdi ki, Azərbaycan ərazisində
olan qanunları və siyasəti qəbul etsinlər. Bu, Milli
Ordumuzun ilk uğurlarından biri idi.
Ümumiyyətlə, söhbət
gedən dövrdə Azərbaycanda vəziyyət çox gərgin
idi. Ölkənin şərqində kommunist diktaturası
yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min
döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı
boğmaq üçün qəti hücuma
başlamışdı. Tamamilə erməni daşnak qüvvələrindən
təşkil olunmuş ordu, müsəlman əhalisinə
qarşı hər cür amansızlığa yol verirdi. Odur
ki, müstəqillyin ilk günlərində silahlı qüvvələrin
təşkilinə başlanıldı. İsgəndərlinin
sözlərinə görə, Milli Ordunun ilk hərbi birləşmələri
Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam
Ordusunun tərkibində bolşevik-daşnak hərbi qüvvələrinə
qarşı döyüşlərdə və Bakının
azad olunmasında fəal iştirak etmiş, Cümhuriyyətin
düşmənlərinə qarşı Qarabağda, Lənkəranda
uğurlu döyüş əməliyyatları
aparmış, daşnak-bolşevik hərbi birləşmələrinin
Azərbaycan xalqına qarşı həyata keçirdikləri
soyqırımlarının qarşısını
almışdı: «Avqustun 11-də ümumi hərbi səfərbərlik
elan edildi və 1894-1899-cu il təvəllüdlü Azərbaycan
vətəndaşları hərbi xidmətə
çağırıldı. Elə həmin il sentyabrın
1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında
da qərar qəbul olundu. Hökumətin fərmanı ilə
dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi
nazir, general Əliağa Şıxlinski hərbi nazirin
müavini, general Süleyman Sulkeviç Baş qərargahın
rəisi təyin edildi. Tez bir zamanda qoşun hissələrinin
formalşmasında, döyüş hazırlığına,
hərbi əməliyyatların icrasına
başlanılmış, xidmət vəzifəsinə, xidmət
dövründə əldə etdiyi nəticələrə və
qoşun növlərinə görə hərbi
qulluqçulara fərdi qaydada verilən rütbələr təyin
edilmişdi».
Silahlı Qüvvələrimiz
müasir standartlara uyğun qurulur
Məlum aprel
işğalı nəticəsində Azərbaycanda qurulan
bolşevik rejiminin ömrü 70 ildən çox çəksə
də, xalqın qəlbində yaşayan azadlıq atəşini
söndürməyə müvəffəq olmadı. Nəhayət,
1991-ci ildə Azərbaycan zorla əlindən
alınmış azadlığını yenidən bərpa
etdi, üç rəngli bayrağını göylərə
ucaltdı və Milli Ordusunu yaratdı. Amma ölkədə
peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin
sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna
elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr
pərakəndəlikdən xilas olundu, ordudakı siyasiləşməyə
son qoyuldu. Qısa vaxt ərzində həyata keçirilən
tədbirlər nəticəsində silahlı qüvvələrin
maddi-texniki təminatı möhkəmləndirildi, onun şəxsi
heyətinin döyüş və mənəvi
hazırlığı əhəmiyyətli dərəcədə
yüksəldi. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 1998-ci il 22 may tarixl fərmanı ilə iyunun
26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri
Günü elan edildi. Müasir ordumuzun hazırkı vəziyyətindən
danışan Milli Məclisin Təhlükəsizlik və
müdafiə komitəsinin sədr müavini, millət vəkili
Aydın Mirzəzadə deyir ki, bu gün istənilən Azərbaycan
vətəndaşı özünün silahlı qüvvələri
ilə fəxr edə bilər: «Hər bir dövlət ilk
növbədə ordu quruculuğu, müasir silahlı qüvvələri
ilə möhkəm və qüdrətlidir. 1993-cü ildə
hakimiyyətə gələn Heydər Əliyevin siyasəti nəticəsində
Azərbaycan ordusunda ciddi dəyişikliklər edildi.
Bugünkü Azərbaycan ordusu nəinki regionda, hətta NATO
sistemində də ən müasir tələblərə cavab
verir. NATO standartları ilə ordu quruculuğu, müasir
texnika və silahlarla təchizat, kadr hazırlığı,
qarşıya qoyulan vəzifəni yerinə yetirmək
üçün resursların mobilizasiya edilməsi,
bütün bunların hamısı Azərbaycan ordusuna
xarakterik olan cəhətlərdir. Bu gün dövlət
özünün güclü ordusunun olması
üçün çalışır. Hər il Azərbaycan
büdcəsinin təqribən 12-13 faizi ordunun ehtiyacları
üçün sərf edilir və mütləq rəqəmdə
isə bu artım 2 milyard dollara bərabərdir. Ümumən
götürdükdə, prezident İlham Əliyevin
apardığı siyasət, Azərbaycanın təkcə hərbi
büdcəsinin Ermənistanın illik dövlət büdcəsinə
bərabər olmasına gətirib çıxardıb.
Artıq Azərbaycan hava hücumundan müdafiə və hərbi
hava qüvvələrinə malikdir. Bu qoşun növləri
potensial rəqiblə hücum, qırıcı və
bombardmançı təyyarələrlə effektiv mübarizə
apara bilər. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin
tez-tez səsləndirdiyi «Azərbaycan xalqı, Azərbaycan
ordusu hər an ərazi bütövlüyünü bərpa
etmək üçün addımlar ata bilər!» bəyanatı
həm işğalçı Ermənistana xəbərdarlıq,
həm də ordumuza böyük inam kimi başa
düşülür».
Son illərdə ordu
quruculuğu ilə bağlı strateji xətt Azərbaycanda
prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda
islahatların aparılması və hərbi hissələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi
dövlət başçısının daim diqqət mərkəzindədir.
Qeyd edək ki, iyunun 24-də Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin yaradılmasının 91-ci
ildönümü münasibətilə Müdafiə
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili
Qoşunların birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimi
keçirilib.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
bölmələrin, hissələrin və silah sistemlərinin
taktiki döyüş tətbiqini əhatə edən təlimin
əsas mərhələsini izləyib və
çıxış edərək bildirib: «Azərbaycan Ordusu
güclü ordudur. Azərbaycanda ordu quruculuğu prosesi
uğurla və sürətlə davam etdirilir. 1993-cü ildə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda
nizami ordunun yaradılması istiqamətində əməli
işlər görülməyə başlanmışdır.
Heç kəs üçün sirr deyil ki, əgər
müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycanın
rəhbərliyində olsa idi heç vaxt Azərbaycan
torpaqları işğal altına düşməzdi».
Sonra prezident 1993-cü
ildən bu günə qədər ordumuzun keçdiyi şərəfli
döyüş yolundan söhbət açıb: «Bütün
silahlı qüvvələr çox şərəfli və
böyük yol keçib. Orduda peşəkarlıq və
döyüş qabiliyyəti artır. Mən hərbi hissələrdə
tez-tez oluram və özüm müşahidə edirəm ki,
bizim hərbi gücümüz gündən-günə
artır. Bu gün keçirilən irimiqyaslı hərbi təlimlər
bunun gözəl nümunəsidir. Ordumuzun peşəkarlığı
artır, eyni zamanda maddi-texniki bazası da möhkəmlənir.
Bu gün Azərbaycan ordusu çox böyük imkanlara
malikdir. Son illər ərzində ordumuzun gücləndirilməsi
üçün çox böyük işlər
görülübdür. Hərbi xərclərimiz ildən-ilə
artır. Son 5 il ərzində Azərbaycanda bütün hərbi
xərclər 6,5 milyard dollar səviyyəsində idi. Bu, əlbəttə
ki, bizim hərbi gücümüzü böyük dərəcədə
artırmışdır. Bu il hərbi büdcəmiz 2 milyard
dollardır. Gələcək illərdə bu məbləğ
daha da artacaqdır. Görülən bütün bu işlərin
nəticələrini biz görürük. Ordumuzun
döyüş qabiliyyəti artır. Ordumuz istənilən vəzifəni
icra etməyə qadirdir. Mən şübhə etmirəm ki,
Azərbaycanın ərazi bütövlüyü bərpa
olunacaq. Bu ədalətsizliyə son qoyulacaq. Çünki
bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir.
Mötəbər beynəlxalq təşkilatların qərarları,
qətnamələri Azərbaycanın mövqeyini əks
etdirir. Silahlı qüvvə, hərbi güc bizim tərəfimizdədir.
Bizim həm siyasi sahədə, həm iqtisadi məsələlərin
həllində çox düşünülmüş
strategiyamız, taktikamız var. Azərbaycanın hərtərəfli
inkişaf etdirilməsi üçün lazımi tədbirlər
görülür və ordu quruculuğu prosesi bu işlərdə
başlıca rol oynayır. Yenə də deyirəm, biz
müharibə şəraitində yaşayırıq, buna
görə də biz ilk növbədə, ordu quruculuğu ilə
məşğul olmalıyıq və məşğul oluruq.
Müharibə hələ bitməyib, müharibənin birinci
mərhələsi başa çatıbdır və hər
an hazır olmalıyıq ki, öz doğma
torpağımızı düşməndən silahlı
yolla azad edək».
Mehparə
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 3.