“Həyat, söylə,
sən kiminsən?”
Cəfər Cabbarlı... Böyük sənətkarın
adını daşıyan Respublika Gənclər
Kitabxanasında keçirilən tədbirdən öncə
poetik bir mətləb üstə kökləndim...
...Deyirlər, ədiblər
gələcəyə məktub yazanlardır.
Onlar öz “məktub”larında həyatı insanlara anlatmağa çalışırlar.
Şeir, poema, hekayə, roman və s. formalarında
olan bu “məktub”lar oxucu-sevgililərə şanlı həyatsevərlik,
mübarizlik, əzmkarlıq
aşılayırlar. Aşılayırlar
ki, yaşamağı
bacaraq. Ötəri səbəblərdən məyuslanmağımızın
nə qədər mənasız olduğunu dərk edək. Görək ki, həyatımızı nə
qədər mənasızlıqlarla
çətinləşdirmiş, keçilməzliklər yaratmış
və bunlara nə qədər vaxt, enerji sərf
etmişik.
Ədəbiyyat tarixinin
maraqlı məqamlarından biri də ədibin öz
dövründə anlaşılmamasıdır. Bu, təbii deyilmi?.. Axı sənin yazdıqların gələcəyə yazılmış
“məktublardır”. Qorxma,
bu məktubları gələcək oxucular anlayacaqlar. Sən öz keçmişində
qalsan da, gələcəyində nə
demək istədiyin anlaşılacaq.
İndi biz neçə-neçə
illər, əsrlər öncə yazılmış “məktubları”
- ədəbi əsərləri - anlamağa
çalışmırıqmı? Anlamaq üçün təkrar-təkrar
oxumuruqmu?
Gələcəyə
“məktub” yazanlardan biri də Cəfər Cabbarlı olub. O, mürəkkəb,
ziddiyyətli bir tarixi - ədəbi dövr səhnəsindən
bu səhnənin həm qaranlıq, həm də işıqlı cəhətlərini
bizə çatdırmaq
üçün gəlmişdir.
Ədib “məktubları”nın birində deyir:
Ey Şərq, sənin üstündə
cahan çarpışırkən,
Aləm səni bölməklə səadət
bölüşürkən,
Övladın əsarətdə,
yazıq, can çəkişirkən,
Hələ də sükut etməkdəsən,
ey evi bərbad!
Kimdən, əcəba, ummadasan,
dərdinə imdad?
Bu “məktubları” oxuduqca, insan həyat və yaşamının “mənəvi
rənglərinin” hər
zaman eyni olduğunu görəcəksən.
Əgər diqqətlə
oxusan, zamanın səninlə həyat birinciliyi uğrunda minimum “1:0” hesabı ilə öndə başladığı oyunun
gedişini anlayacaqsan.
Mən susmaz bir duyğuyam ki,
ürəklərdə gəzərəm,
Mən səninçin ömrüm boyu
cəfalara dözərəm.
Sənsiz güllər açılmasın,
axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Ədəbiyyatdan az-çox xəbəri olanlar C.Cabbarlı yaradıcılığının çalarlarını görüb-duymamış olmazlar.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında görkəmli ədibin 110 illik yubileyinə həsr olunmuş “Oxşa məni, yeni tanrım, sevindir. Artıq fikrim, ruhum, duyğum sənindir” adlı ədəbi-bədii gecə keçirildi və onun yaradıcılığına müxtəlif aspektlərdən müraciət olundu.
Tədbirdə iştirak edənlər - kitabxananın direktoru Tahir Sadıqov, cabbarlışünas Asif Rüstəmli, şair Gülhüseyn Hüseynoğlu, filologiya elmləri doktoru Rəhim Əliyev, teatrşünas Atababa İsmayılov, C.Cabbarlının qızı Gülarə Cabbarlı və başqaları ədib haqqında fikirlərini bölüşdülər.
Ədəbi-bədii gecədə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblı C.Cabbarlının şeirlərinə bəstələnmiş mahnıları səsləndirdi. Cəmi 35 il yaşamaq və bu yaşamın 20 ilini gələcəyə müxtəlif janrlı - hekayə, şeir, dram, məqalə və başqa - “məktublar” yazmaq hünər istər. Görkəmli dramaturq, yazıçı, şair, tənqidçi, mühərrir, teatr və kino xadimi, ssenarist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı yorulmadan Azərbaycan mədəniyyətinin inkişafı üçün çalışdı. Ədəbi-bədii gecədə C.Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş “Vaxtsız qırılan ömür” adlı kitab sərgisinə baxış da keçirildi. Yenə onun “gələcəyə yazdığı məktublar”ını oxuduq. Yenə nəsə öyrəndik. C.Cabbarlı həyatın nələri diqtə etdiyini bizə bir daha xatırlatdı.
Axan çaylar, sən kiminsən? -
Mənə körpü salanın!
Doğan günəş, sən kiminsən? -
Məndən işıq alanın!
Sonsuz fəza, sən kiminsən? -
Mənə qanad çalanın!
Həyat, söylə, sən kiminsən? -
Mən həyatı öyrənənin,
bacaranın, alanın!
Turan
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 2.