Rənglərin işartısı
Ayrı-ayrı əsərlərdə rəssamlığın
müxtəlif janrlarının uğurlu vəhdəti var
Rəssamlar İttifaqının V.Səmədova
adına sərgi salonunda istedadlı rəssam Təranə Məmmədovanın
qrafika və rəngkarlıq əsərlərindən ibarət
sərgi tamaşaçıların ixtiyarına verilib. Hələ
6 il əvvəl Miniatür Mərkəzində keçirildiyi
ilk fərdi sərgisində onun qrafika, rəngkarlıq və
miniatür janrında 120 əsəri nümayiş etdirilib. 2
il öncə də T.Məmmədovanın yeni sərgisi
açılıb. 2007-ci ildə Təranə xanımın
Parisdə açılan sərgisi fransalı
tamaşaçıların diqqətini cəlb edib, ciddi
marağa səbəb olub.
Bu sərgi isə rəssamın
üçüncü fərdi sərgisidir. Qeyd edək ki, rəssam Təranə Məmmədova
Azərbaycan Milli Konservatoriyasının nəzdindəki
İncəsənət Gimnaziyasının
müəllimidir. Onun
şagirdləri ölkədə
və xaricdə keçirilmiş müxtəlif
müsabiqə və sərgilərdə qızıl
və gümüş
medallarla, müxtəlif
diplomlarla təltif olunub. Rəssam eyni zamanda Mədəniyyət və
Turizm Nazirliyinin «Azərbaycan mənzərəsi»
jurnalının rəssam-direktorudur. Əsərləri
ABŞ, Rusiya, Fransa, Türkiyə, Polşa rəsm həvəskarlarının
fərdi kolleksiyalarında
sərgilənir, bununla
da Azərbaycan incəsənətini layiqincə
təmsil edir.
Xalq rəssamı
Toğrul Nərimanbəyov deyir ki, Təranə xanım əsərlərində
özünəməxsus dünyagörüşünü
ifadə edir: «Onun fərqli rəssamlıq üslubu var. Arzu
edirəm ki, bundan sonra Azərbaycandan kənarda daha çox sərgiləri
keçirilsin».
Təranə xanım isə
deyir ki, həyatın hər bir rəngi onun üçün əzizdir:
«Çalışıram həmişə yaxşı əhvalda
olum. Çünki həmişə
əhval qaydasında olanda bu, özünü
mütləq yaradıcılıqda
da göstərir. İstəyirəm ki, insanlar əsərlərimə
baxanda onların yaşamağa, yaratmağa
həvəsləri artsın.
Mənim konkret sevimli rəngim yoxdur. İşdən asılıdır. İşə
başlayanda heç vaxt fikirləşmirəm
ki, nədən başlayacağam. Sanki hər şey sövq-təbii gəlir. Bəzən çəkməyə başlayıram,
görürəm əlim
məni başqa istiqamətə aparır...
Rənglərin seçimi
də o anda başlayır, təbii şəkildə
düzümünü tapır.
Rəngi mənə mövzunun özü diktə edir. Qabaqlar çoxlu rəng çalarlarından
istifadə etməyi xoşlayardım».
Mövzunu sanki
yaradıcı insan birdən tapır, əslində isə bu,
uzun illərin gərgin axtarışlarının ifadəsi
olaraq təbii şəkildə üzə çıxır. Rəssam fikrimizlə
razılaşır: «Mövzu
daxili dünyamda illərlə yol gəlir. Elə məqamlar var ki, fikirləşdiyim iş çox gözəl alınır.
Təbiəti gəzirsən,
çoxlu müşahidələr
aparırsan, bir də görürsən, gözəl bir mövzu tapmısan. O mövzunu çəkməyə
bilmirsən. «Balıqlar»
adlı əsərimin
maraqlı yaranış
tarixçəsi var. Türkiyəyə getmişdik,
İzmir şəhərində
zooparkda qızıl balıqları gördüm.
Balıqlar daşların
arasından sanki süzülüb keçirdilər.
İki daşın arasından keçən balıqlar mövzusu ağlımda yer elədi. Özümə söz verdim ki, Bakıya qayıdan kimi bu mövzunu çəkəcəyəm».
Təranə xanım
insan-təbiət birliyini fəhmən duyur, bunların
arasındakı doğmalığı əsərlərində
çatdırır: «Təbiətdəki canlılarla
insanların xasiyyətləri arasında uyğunluqlar
tapıram. Başqa cür anlaşılmasın, məsələn,
elə meymunlar var ki, adamlara oxşayır və ya əksinə».
T.Məmmədova
daim yaradıcılıq
eşqi ilə yaşayır. Deyir ki, ağlındakı, ürəyindəki mövzuları
gerçəkləşdirmək istəyir: «Mənim üçün sənətsiz
yaşamaq anlamı yoxdur. Yaradıcılıq
məqamında az qala özümü unuduram. Hesab edirəm, bunsuz yaradıcılıq yoxdur.
Sevinirəm ki, evdə məni anlayırlar, sənətimə
böyük sayğı
bəsləyirlər. Doğmalarımdan
həmişə böyük
mənəvi dəstək
görmüşəm. Yoxsa
ki, bu sərgilərin
gerçəkləşməsi çox müşkül olardı».
Əsərlərinin
satışına gəlincə, Təranə xanım deyir
ki, əsasən rəssamlıq onun insani, yaradıcı
duyğularının ifadəsidir, bu sahəyə demək
olar, gəlir sahəsi kimi yanaşmır: «Hədiyyə
etdiyim əsərlər az olmayıb. Elə iş olur ki, onu
ümumiyyətlə satmaq
istəmirəm. Bir əsərim var ki, ona çox
bağlıyam. Adı
«Nur»dur. O əsərdə özümü
tapmışam».
Əslində əsərin
böyük-balacalığının
birbaşa mahiyyətə
dəxli yoxdur. Təranə xanımın
işlərində həcmcə
xüsusi böyük
əsərlər yoxdur.
Deyir, qabaqlar miniatürlər çəkib.
Burada təbii olaraq əsərin həcmi böyük olmur: «Miniatür janrında çəkmək
məndə yaxşı
alınırdı. Sonra
gördüm gözlərimə
ziyandır. Çünki
miniatür çəkməkdə
göz çox işləyir. Miniatürdə
dəqiqlik, xırdalıqlar
çoxdur. Qeyd edim ki, ikinci
sərgimdə əsas
işim miniatürlər
idi».
Çağdaş dönəmdə
miniatür janrının
inkişafı xüsusi
gərəklidir. Bu, rəssamlıqda Azərbaycan
mədəniyyətinin bənzərsizliyinin
təsdiqi kimi diqqəti cəlb edir. Təranə xanım deyir: «Ümumiyyətlə, həmişə
çalışmışam ki, bu sənətdə
öz dəsti-xəttim olsun, heç kəsə oxşamayım».
«Səhərin
açılması» əsəri
sərginin baş tərəfindən açılıb,
göz oxşayır.
Dan yerinin açılması lalələrin
fonunda təsvir olunub. Yağlı boya ilə çəkilmiş
əsərdə sanki
canlıymış kimi
təsvir olunan lalələrin arxasında
siluetvari lalə tumurcuqları təsvir olunub. Bu, bir
ilğım təsiri
bağışlayır sanki.
Şehli səhər böyük bir eşqlə doğulur, bu doğuluşun ilahi, insani əhvalını
insan seyr eləyir və vəcdə gəlir…
Təranə xanım
ona Səttar Bəhlulzadənin
yaradıcılığının mühüm təsiri
olduğunu deyir. «Yazın ətirləri»
əsəri 3 bölümdən
ibarətdir. Üçlüyün
düzümü şərtidir,
rəssam deyir ki, bu düzümü
istənilən kimi dəyişmək olar, ancaq yenə də rəssamın əvvəlcədən nəzərdə
tutduğu məna dəyişməyəcək. Bu, onunla bağlıdır ki, ilk növbədə
dəyişkən məzmunun
özü, gerçəklik
dəyişməzlik əsasında
təsəvvür edilir.
Qırmızı rəngin
tüğyanında «Flaminqo»
əsəri yaranıb.
«Flaminqo»nun alovlu rəqs olduğunu deyən rəssam bu səbəbdən əsərdə
qaynarlığı ifadə
edən qırmızı
rəngə üstünlük
verdiyini diqqətə
çatdırır.
Rəssam növbəti
əsərini isə
«Günəş» - «Nar»
- «Kəpənək» adlandırıb.
Üçlük ayrı-ayrı məzmunları bir məcrada təqdim edir, bölümlərin yerlərinin
dəyişilməsindən asılı olaraq məzmunlar adlarına görə konkret anlaşılır. Rəssam Günəş, Nar və Kəpənək
obrazları arasında
vəhdət görür,
bu vəhdət təbii şəkildə
alınıb. İmpressionist
əhvalda çəkilən
əsərdə abstraktçılıq
da var. Ümumiyyətlə,
Təranə xanımın
əsərlərində birbaşa
hansısa cərəyanın
təsirini açıqca
görmək azdır.
Ayrı-ayrı əsərlərində daha
çox rəssamlığın
müxtəlif janrlarının
uğurlu vəhdəti
var.
Azərbaycan əski
düşüncəsində odun insanın daxilini təmizləmək
xisləti-inancı var. Təranə xanımın müəyyən əsərlərində
odun bu keyfiyyəti
ifadəsini tapıb. Novruz bayramı ərəfəsində gördüyü
səhnələri rəssam
beləcə ümumiləşdirməyə
nail olub. «Tanqo» rəqsi ilğımvari əhval ifadə edir. Sanki pərdəarxasıdır,
iki sevən gəncin pünhan duyğuları əsərin
halından aydın sezilir. Rəssam deyir ki, burada
əslində rəqsdən
o yandakı əhvalı ifadə edib, əslində rəqsin mənası budur.
«Ulduzun yaranması»,
«Dünyaya gəlmə», «Sualtı aləm», «Kəpənəklər»,
«Su zanbağı», «Başlanğıc və son»,
«Natürmort», «Papaqlı oğlan». Bu əsərlərdə
rənglərin biri-birinə məharətli keçidinin şahidi oluruq. Sərgidə adsız əsərlər
də var. Miniatür əhvalı daşıyan əsərlər
də sərgidə diqqəti cəlb edir.
Elçin Qaliboğlu
Mədəniyyət.- 2009.- 26 iyun.- S. 9.