Nuh peyğəmbərin
məzarüstü türbəsi
Alimlər həmişə
bu fikirdə olublar ki, Naxçıvanda hər daşın, hər
qayanın altında bir tarix yatır. Bu
tarixin başlanğıcı
da məhz insan övladının meydana gəldiyi ilk dövrlərə aparıb çıxarır.
O vaxta ki, hələ də planetdə sinifli cəmiyyət yaranmamışdı,
insanlar daş mağaralarda yaşayırdılar.
Qazma, Əshabi-kəhf, Daşqala və Kilid mağaralarında
Qədim Daş dövrünün insanları
yaşayıblar. Eramızdan
əvvəl dördüncü
minilliyin sonu, ikinci minilliyin əvvəllərində isə
Naxçıvan ərazisində
Oğlanqala, Govurqala, Çalxanqala kimi qala-şəhərlər
yaradılıb. Onların
izləri bu gün də yaşayır.
Təbii ki, bu torpaqlarda
yaşayan ilkin insanlar da bizim əcdadlarımız,
ata-babalarımız olan qədim türk tayfaları olub.
Xalqımızın qədim
tarixə malik olmasını sübut edən dəlillərdən
birisi də qədim zamanlardan Naxçıvanda əhali
arasında yayılan əfsanələrlə
bağlıdır. Bir əfsanəyə görə, 7500 il bundan əvvəl baş vermiş tufan zamanı Nuh peyğəmbər və ona iman
gətirənlərin mindiyi
nəhəng gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və
burada məskən salmışdır. Əfsanəyə
görə, bəşəriyyətdə
yeni nəsil bu torpaqda törəyərək, müxtəlif
ölkələrə yayılmışdır.
Alimlər onu da sübut
etmişlər ki, Nuhla bağlı bu rəvayətin ilk
yazılı variantı eramızdan əvvəl ikinci minilliyin
ortalarına gedib çıxan şumer əfsanəsi ilə
bağlıdır. Şumer əfsanəsinin isə Naxçıvan şəhəri ilə bağlılığının elmi əsasları artıq sübut olunub. Deyilənə
görə, bir vaxtlar Naxçıvan Makedoniya, Babil,Xett və digər bu kimi qədim
mədəniyyət mərkəzləri
ilə sıx və yaxın əlaqələr şəraitində
inkişaf edib.
Şəhər adı
kimi “Naxçıvan” toponimi də ən qədim dövrlərdən
mövcud olub. Əldə olunan arxeoloji materiallara,Gəmiqaya
qayaüstü rəsmlərinə, buradakı daş abidələrə
və yazılı mənbələrə istinad edən tədqiqatçı
alimlər bu qərara gəliblər ki, Naxçıvan
dünyanın ən qədim şəhərlərindən
biri olub və onun 3500-4000 ildən artıq yaşı var.
Həmin əfsanəyə
görə, Kəmkir dağı əfsanəvi gəminin
dayandığı ilk yer olub. Nuh peyğəmbər buradan Ağrıdağ istiqamətinə
yola düşüb, oradan da Naxçıvan
ərazisinə gəlib.
Yolda bu gəmi Naxçıvanın
indiki Culfa rayonu ərazisində olan İlanlı dağa toxunub. Nəhəng gəmi dağın zirvəsinə
çırpılmaqla o,
iki yerə haçalanıb. Elə o vaxtdan da
bu dağ Haçadağ adlanıb.
Xalq arasında
yayılmış və bu gün də mövcud olan inama
görə, Naxcıvan şəhərinin cənubunda Nuhun,
şimal-qərbində isə onun bacısının qəbri
var. Bu isə o deməkdir ki, Nuh peyğəmbər də, onun
ailə üzvləri də bir müddət bu torpaqda
yaşayıblar.
XIX əsrin 80-ci illərində
Naxçıvanda maarifçiliklə məşğul olan
K.A.Hikitinin “Naxçıvan şəhəri və
Naxçıvan mahalı” adlı kitabının bir yerində
deyilir: ”Əfsanəvi gəmi quruya çıxdıqdan sonra
Nuh Naxçıvan şəhərinin yerləşdiyi yerdə
məskən saldı. Öz ailəsi ilə birlikdə burada qərar tutdu və gələcək şəhərin əsasını
qoydu. Şəhərin
ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana
gəlmişdir”.
Müəllif
Naxçıvanda Nuhun qəbrinin harada yerləşdiyini, cənazənin
harada dəfn olunduğunu və onun üzərindəki
türbənin hansı quruluşda olduğunu da təsvir edib:
”Nuhun qəbri şəhərin cənub tərəfində, qədim
qalanın qalıqlarının yaxınlığında yerləşir.
Məzarın hazırkı
görkəmi səkkizinci
yüzillikdə bərpa
edilmişdir. İndiki
görkəmdə o yerdən qalxan, çox da böyük
olmayan türbəni xatırladır... Məbədin
pilləkənlərlə aşağı
düşmək tələb
olunan interyer dairəsi, çətinliklə
keçmək mümkün
olan, ortadan daş dirəklərlə
möhkəmləndirilmiş daş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir”.
Rus tədqiqatçısı
V.M.Sısoyev isə Nuhun türbəsini təsvir edərkən
onun mərkəzində diametri 2 metrə çatan səkkizguşəli
sütun olduğunu qeyd edib. XVI əsrin
görkəmli ərəb
alimi, coğrafiyaşünas
Əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrini,
hətta gəmisinin də qalıqlarının
Naxçıvanda olması
barədə məlumat
verib. Yəhidi alimi İosif Flavi də öz
tədqiqatlarında Naxçıvan
torpağını Nuhun
gəmisinin dayandığı
ilk ərazi hesab edib. Rus
alimləri İ.M.Dyakanov
Gəmiqaya qayaüstü
rəsmlərindən danışarkən
Naxçıvanın Nuhla
bağlı tarixinə
də toxunub, K.İ.Smirnov isə Nuhun qəbrinin Naxçıvan şəhərinin
cənub hissəsində
olduğunu göstərib.
Bu mövzu o dövrdə
ölkə ziyalılarının
yaradıcılığında da əksini tapıb. Realist rəssamlıq məktəbimizin
banisi olan Bəhruz Kəngərli Nuh peyğəmbərin Naxçıvandakı türbəsini
düz altı dəfə naturadan kətan üzərinə
köçürüb. Özü
də ötən əsrin 20-ci illərində.
Həmin nadir əsərlər indi qiymətli eksponatlar tək Naxçıvandakı
mədəniyyət
müəssisələrində - Dövlət Tarix Muzeyində və Bəhruz Gəngərlinin
ev-muzeyində nümayiş olunur.
Əlbəttə,
bütün elmi dəlillər Nuh peyğəmbərin qəbrinin,
eləcə də məzarüstü türbəsinin
Naxçıvanda olmasını bir daha inandırıcı
edir. Təəssüf ki, sovet hakimiyyətinin ilk illərində həyata keçirilən ideoloji siyasət nəticəsində
Naxçıvanın ən
qədim dövrlərindən
Azərbaycan türklərinə
məxsusluğunu sübut
edən yüzlərlə
tarixi abidə məhv edilib. Nuh peyğəmbərin məzarüstü türbəsi
də onlardan biri olub.
Son illər
Naxçıvanda doğma tariximizin öyrənilməsinə,
tədqiqinə və təbliğinə olan maraq bu məsələni
yenidən gündəmə gətirib. Bu səbəbdən
də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı
sərəncama əsasən
iki ilə yaxındır ki, Naxçıvan şəhərində
Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi
bərpa edilir. Üç hissədən
- sərdabə, türbə və çardaq hissədən ibarət olan səkkizguşəli bu abidədə tikinti işləri artıq tamamlanmaq üzrədir. Kaşı daşlarla işlənən həndəsi
ornamentlər abidəyə
xüsusi yaraşıq
verir. Türbənin çardaq hissəsi
isə piramida şəklində əlvan
metallardan işlənib.
İnsafən Naxçıvan
MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı
mütəxəssisləri 15 metr hündürlüyündə
olan bu memarlıq
incisinin ruhunu, nəfəsini tam duyaraq, onu orta
əsrlər Naxçıvan
memarlıq məktəbinin
ənənələri əsasında
inşa edirlər. Yaxın vaxtlarda bu obyekt də
muxtar respublikanın memarlıq inciləri sırasına daxil olacaqdır.
Naxçıvanda Nuh
peyğəmbərin məzarüstü türbəsinin bərpa
edilməsi, eləcə də 60-a yaxın dünya əhəmiyyətli
tarixi abidənin mövcudluğu zaman-zaman torpaqlarımıza
“sahib” çıxmağa çalışan erməni millətçilərinə
qarşı ən tutarlı cavablardandır.
Məmməd
Məmmədov
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri namizədi,
əməkdar journalist
Mədəniyyət.- 2009.- 4 mart.- S. 14.