«Keşikçidağ»da araşdırmalara ehtiyac var
Ötən ilin yay və
payız aylarında aparılan araşdırmalar zamanı
burada yerləşən Keşikçi qalanın ilkin orta əsrlərə
aid olması, müdafiə məqsədilə tikilməsi,
buranın qədim alban yaşayış məskəni
olduğu, həmçinin təbii mağaraların
eramızın əvvəllərinə, ərazilərdəki
süni mağaraların isə 8-15-ci əsrlərə təsadüf
etdiyi məlum olub. Keşikçidağ mağaralar kompleksindən
ibarət Keşikçidağ Dövlət Tarix Mədəniyyət
Qoruğunda 70-ə qədər mağara, 1 qala, 1 məbəd,1
inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə,
rayonunun sonuncu yaşayış məntəqəsindən -
Böyük-Kəsik kəndindən 28 kilometr uzaqda yerləşən
qoruqdakı abidələr uzun müddət
araşdırılmamış qalıb. Dəniz səviyyəsindən
850 metr hündürlükdə, Gürcüstan ilə sərhəddə
yerləşən bu abidələr kompleksində Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
ekspedisiyası iki dəfə araşdırma aparıb.
Qoruğun direktoru Musa Mursaquliyevin sözlərinə görə,
nəticələr böyük maraq doğurub.
Mağaraların birində 3 ədəd qəbirin olduğu
aşkarlanıb. Hazırda abidənin
araşdırılması istiqamətində işlər
aparıldığını deyən qoruq direktoru uzun müddət
bu ərazilərdəki abidələrin
araşdırılmadığını deyir:
“Keşikçidağ
Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində
bir əsrdən çox hərbi poliqon olub. Yəni qapalı
bir yer olduğundan alimlərimiz tərəfindən
araşdırılmayıb! Yaxın gələcəkdə
qoruq ərazisindəki abidələrdə təmir və bərpa
işlərinin aparılmasının nəzərdə
tutulduğunu deyən həmsöhbətim, belə uzun
mağaralar kompleksinin Azərbaycan ərazisində unikal fakt
olduğunu bildirdi. Elə bu baxımdan burada turistlər
üçün muzey yaradılması da nəzərdə
tutulub. "Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin
izləri, ocaq yerləri, məişət əşyaları,
küp qırıqları, saxsı qablar oradakı
mağaraların birində saxlanır. İndi bizim fikrimiz var
ki, mağaranı qoruqda bir muzeyə çevirək, gələcək
nəsillərə, turistlərə təqdim edək”.
Bundan başqa, yaxın
zamanda Keşikçidağ qoruğunun rəsmi İnternet
saytının yaradılması, bukletlər hazırlayıb
digər rayonların mədəniyyət və turizm
şöbələrinə paylanması və bölgəyə
turizm marşrutunun təşkili də
planlaşdırılıb.
Turan
Mədəniyyət.- 2009.- 4 mart.- S. 14.