Peşəkar operatorun 52 yaşına
Azərbaycan kinosunda onun öz dəst-xətti var
O, 2004-cü ildə
"Lider" kanalının "Azərbaycan"
redaksiyasında bir qrup gənci başına toplayaraq sənədli
filmlərin istehsalına başladı. Onun bu təşəbbüsünə
onlarla gənc rejissor qoşuldu. Məhz onun səyi nəticəsində
yeni sənədli kino dili tapmağın axtarışına
çıxdılar.
Rafiq Quliyev peşəkar
operator kimi Azərbaycan kinosunda onlarla filmdə
çalışıb. 1987-ci ildə Moskva Ümumittifaq
Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirəndən
sonra "Azərbaycanfilm" kinostudiyasında Cəmil Quliyev,
Gülbəniz Əzimzadə, Hüseyn Mehdiyev, Yavər Rzayev,
Vaqif Mustafayev və başqa rejissorlarla
çalışmağa başlayıb. 1975-ci ildə "Azərbaycanfilm"də
operator köməkçisi kimi fəaliyyətə başlasa
da, sonralar ölkənin bir çox telekanallarında uğurlu
layihələr həyata keçirib.
"Cansıxıcı
əhvalat", "Qətl günü", "Şahid
qız", "Hər şey yaxşılığa
doğru", "Ümid", "Girov", "Qala"
"Ölüm növbəsi" və s. bədii filmlərdə
quruluşçu operator kimi çıxış edən əməkdar
incəsənət xadiminin fevralın 27-də 52 yaşı
tamam oldu.
Bir dəfə
Kinematoqrafçılar İttifaqında "Azərbaycan"
redaksiyasına rəhbərlik etdiyi vaxtlarda gənclərin
çəkdiyi filmləri müzakirəyə
çıxartmışdılar. Həmin müzakirədə
onun "komandası"nın ərsəyə gətirdiyi
filmlər də müzakirə olunurdu. Diqqətimi cəlb edən
məqamlardan biri isə onun öz "tələbələri"ni
can-dildən müdafiə etməsi oldu. Müzakirədən
sonra söhbətində bildirdi: "Mənə belə gəlir
ki, gəncləri sıxmaq lazım deyil. Onlara sərbəstlik
verilməlidir ki, özlərini sübut edə bilsinlər".
Bu söhbətin üstündən bir il keçəndən
sonra onun nəzərdə tutduğu gənclərin adları
xarici ölkələrdə keçirilən festivallardan gəlməyə
başladı.
Hərdən kinostudiyada
qarşılaşanda bir müəllim, peşəkar kimi onun
kinoda baş verən yeniliklərlə bağlı münasibətini
öyrənməyə çalışıram. Çox vaxt
sakit görünsə də, mənə belə gəlir ki, hər
an gərgin vəziyyətdədir. Heç vaxt mübarizə
əhval-ruhiyyəsində görmədim peşəkar
operatoru. Problem yaranan kimi, qarşıdakını uzaqlaşdırmaq
əvəzinə, özü oradan uzaqlaşıb. Bir dəfə
bu haqda nəsə soruşanda belə cavab verdi: "Sadəcə
öz vaxtımı gözləmişəm".
Rafiq Quliyevin operator kimi
Azərbaycan kinosunda öz dəst-xətti var. Ona
cansağlığı və zəngin filmoqrafiya arzu edirik.
İntiqam
Mədəniyyət.- 2009.- 4 mart.- S. 10.