2008-ci ildə Naxçıvana
219 min turist gəlib
Bu, ötən
illə müqayisədə
55,5 faiz çoxdur
Bütün şüurlu həyatını
öz millətinin xoşbəxtliyinə həsr
edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı, Azərbaycan musiqişünaslarına
da çox böyük qayğı və ehtiram göstərib.
Təkcə onu demək kifayətdir ki, dövlət müstəqilliyimizin
ilk illərində, bazar
iqtisadiyyatına keçidlə
əlaqədar yaranmış
sosial problemləri dövlət səviyyəsində
müvəffəqiyyətlə həll edən Heydər Əliyev yaradıcı ziyalıların,
xüsusi xidmətləri
olan bəstəkar və musiqişünasların
əməyini yüksək
qiymətləndirirdi.
Həmin dövrlərdə bütün
sahələrin inkişafı
ilə yanaşı, turizmin inkişaf etdirilməsi ilə əlaqədar da çox mühüm dövlət qərarları
verilirdi. Bu qərarlar
əsas tutularaq, hazırda muxtar respublikada turizmin inkişaf amilləri yüksək qiymətləndirilir,
böyük işlər
görülür və
görülməkdədir.
Dünya iqtisadiyyatında ən gəlirli sahələrdən
birinə çevrilən
turizm Naxçıvanda
olduqca böyük potensiala malikdir. Muxtar respublikanın
sosial-iqtisadi inkişafındakı
tərəqqi, ekoloji cəhətdən təmiz
iqlimi, mədəni və tarixi abidələrlə zənginliyi
bura gələn turistlərin sayının
ildən-ilə artmasına
səbəb olur.
2008-ci ildə Naxçıvana
turist kimi gələnlərin sayı
219 min 118 nəfər olmuşdur
ki, bu da
2007-ci illə müqayisədə
55,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının zəngin təbii və maddi-mədəni sərvətləri turizmin
inkişafına geniş
üfüqlər açır. Sosial, iqtisadi
və mədəni tədbirləri özündə
cəmləşdirən turizm
həmçinin beynəlxalq
əlaqələrin möhkəmləndirilməsinə
də xidmət edir.
Turizmin inkişafında
xalq musiqisinin rolu böyükdür
Onu da qeyd etmək
yerinə düşərdi
ki, turizmlə mədəniyyət bir-biri
ilə sıx əlaqəlidir. Eyni zamanda turizmlə
mədəniyyətin özünəməxsus
yaxınlıqları var. Çünki
turizm qonaqların yerli mədəniyyətə
qarşı göstərdikləri
səmimi marağın
münasib formada ödənilməsidir.
Uzun əsrlərdən bəri
ölkələri gəzib
dolaşmış səyyahlar
şəhərlərin ümumi
simasını və ayrı-ayrı memarlıq
abidələrini seyr edərkən onları meydana gətirən bənzərsiz mədəniyyətlərlə
təmasda olmuş, eyni cəhəti folklor və etnoqrafiya, adət və ənənələr
üzrə də öyrənməyə səy
göstərmişlər.
İnsanların mənəvi-psixoloji aləmini
anlamaqda musiqinin əvəzsiz rolu var. Xalqın musiqisi onun qəlbinin tərcümanıdır, tarixi
mədəniyyətinin ayrılmaz
parçasıdır. Qonaqlar üçün
yeni və qeyri- adi olan
musiqi təəssüratları
isə təbii olaraq bir çox
maraqlar doğura bilər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalq musiqisinin ümumi mənzərəsi kifayət
qədər zəngin
və özünəməxsusdur. Burada muğamat,
aşıq sənəti,
xalq mahnı və rəqs yaradıcılığı dərin
tarixi köklərə
malikdir. Hətta digər
bölgələrdə çox
da yayılmamış
mərasim folkloru və xüsusilə də yallı rəqsləri, bəzi qədim adətlər (tulum zurnası, yan tütəyi və s.) bu və ya digər
dərəcədə yaşadılmaqdadır.
Zənnimizcə, turistlərə ilk növbədə
bu diyarın qədim tarixi, əzəli və əbədi Azərbaycan türk torpaqları olmasını və zəngin mədəniyyətini
parlaq bir şəkildə çatdırmaq
lazımdır. Azərbaycan xalq musiqisinin
qədim kökləri,
tarixi inkişafı və məhəlli üslubları, o cümlədən
Naxçıvanın özünəməxsus
"Musiqi dialekti"
etnomusiqişünaslarımızı düşündürən ən
vacib məsələlərdəndir.
Beləliklə, musiqişünaslar tədqiqat,
turizm işçiləri
isə təbliğat
sahəsində çalışmaqla
faydalı əməkdaşlıq
edə bilərlər.
İşin təşkili ilə əlaqədar bəzi mülahizələrimi də
bildirmək istərdim. Musiqi turizm
fəaliyyətində birinci
dərəcəli vasitə
olmasa da, bu sahədə gözəl nəticələrin
əldə olunmasında
çox önəmli
rol oynaya bilər. Musiqi ifalarını janr
və məzmunundan asılı olaraq turist bazarlarında, muzeylərdə, adi kənd mühitində və ya təbiət
guşəsində təşkil
etmək olar. Bunun üçün müxtəlif
məqamlardan-istirahət saatlarından,
nahar və ya şam yeməyi
vaxtından, muzey ekskursiyalarından istifadə
etmək mümkündür.
Nisbətən böyük musiqi
və rəqs ansamblları və nadir alətləri nümayiş
etdirən video-yazılar
və filmlər də köməyə gələ bilər.
Çoban və tulum çalğısına oynayan
turist...
Öz növbəsində turist marağı da bəzi arxaik janrların və alətlərin dirçəldilməsində
bir amil kimi diqqətə layiqdir. Belə ki, bu gün tulum
zurnası Naxçıvan
MR-in müəyyən kəndlərində
çox az
sayda qorunub saxlanılıb, onun tətbiq sahəsi də xeyli daralıb.
Lakin bir anlığa təsəvvür edin ki, çarıq, kürk, qoyun dərisindən papaq geyinmiş bir çobanın tulum çalğısına hələ
oynayan turist də tapılır.
Eyni zamanda turistlər qatıq, ayran və başqa nemətlərdən dada bilsələr,
onların xatirələrindən
silinməyəcək gözəl
səhnələr yaranar.
Bu xəyalların gerçəkləşdirilməsi
üçün bir o
qədər də vəsait tələb olunmur. Tulum, yan tütəyi
və ya saz turistlərin həqiqətən rəğbətini
qazana bilərsə, həmin alətlərin və müvafiq janrların yaşadılmasına
da yaxşı imkanlar açılar.
Ümumiyyətlə, musiqi nümunələrini
səsləndirməkdən başqa, onların məzmun və mahiyyətindən də bəhs etmək yerinə düşərdi. Məsələn, muğamatın fəlsəfi
ideyalar aləmindən
söz açmaq, saz havalarının epik qəhrəmanlıq xislətini anlatmaq turistlərin marağını
daha da artırmış
olar.
Hafiz Hüseynov,
Naxçıvan Dövlət Universitetinin
sosial idarəetmə və
turizm
kafedrasının müdiri,
fəlsəfə elmləri namizədi,
dosent
Mədəniyyət.- 2009.- 4 mart.- S. 8.