35 illik ömrün 30 yaşlı muzeyi
Cəfər Cabbarlı-110
Bir türk oğlu olmalı...
Mədəniyyət bulmalı
Zaman, zamanla birgə
dünyamız dəyişir. Dəyişməyən tarixdir.
Tarix zamanın sərt sınağından ləyaqətlə
çıxan, sıx süzgəcindən əyilmədən
keçən, ədəbi-bədii sözü bütün
varlıqlardan uca bilən söz-sənət sərraflarını
həmişə qiymətləndirib, onların əsl dəyərini
verib. Bu insanlardan söz düşəndə
«yaşasaydı»…kəlməsiylə başlanan çoxlu
sayda təəssüflə qoşalaşan arzular, istəklər,
gözləntilər dilə gəlir. Əlbəttə,
yaşasaydılar... Tanrı Cəfər Cabbarlı,
Mikayıl Müşfiq, Əli Kərim kimi sənət fədailərinə
qıymasaydı, XX əsr Azərbaycan ədəbiyyatı
daha da zənginləşər, o insanların ömrü də
bütövləşər, tamlaşardı.
Yaşasaydılar... Gəlin etiraf edək, onların hər
biri qısa ömürlərində yaşaya, yarada bilmədiklərinin
də əvəzini çıxıblar. Bir
çoxlarımızın yelə verdiyi 30-35 illik yaş
dönəmində onlar özlərindən sonra böyük ədəbi
irs qoyub gediblər. Bu irsi qoruyub saxlamaq, yaşatmaq, nəsillərə
ötürmək məsuliyyəti hamıdan çox, ədəbiyyat
tədqiqatçılarının, muzey işçilərinin
öhdəsinə düşür.
Əbədi həyat dastanı
Ədəbiyyat əbədi
həyat, dünya durduqca var olan həyatdır. Bu həyatda
yeri olanlardan biri erkən yaşlarından ədəbi
mühitə can atan, özünü təsdiq edən
yazıçı, dramaturq, şair, tərcüməçi,
kino xadimi, bəstəkar, aktyor, gözəl insan Cəfər
Cabbarlının çoxşaxəli ədəbi irsi, həyat
və yaradıcılığının əksi olan əsərləri,
əşyaları Bakının mənzərəli yerlərindən
birində hələ də tarixiliyini, qədimliyini qoruyan
evində yaradılmış muzeydə saxlanır. XIX əsrin
sonuncu ilində Xızıda doğulan C.Cabbarlı XX əsrin
birinci ilindən ailəsi ilə birgə Bakıda
yaşamağa başladı. İlk şeirini yazanda 12
yaşı vardı, son əsərini 35-ində yazdı. Həyatın
hər üzünü gördü, məhrumiyyətlərlə
üzləşdi, həbslərdə yatdı,
dövrünün yaşantılarını əsərlərinə
köçürdü. 35 illik məhsuldar ömür qəlblərdə,
ədəbiyyatlarda, arxiv sənədlərində, Nizami
adına Ədəbiyyat İnstitutunda, Əlyazmalar
İnstitutunda, Cəfər Cabbarlı adına Teatr Muzeyində
(bu muzeyə 25 il ədibin həyat yoldaşı Sona xanım
Cabbarlı rəhbərlik edib), Xızıda - dramaturqun
doğma kəndində və Bakıdakı ev-muzeylərində
yaşadılır.
Cəfər
Cabbarlının 35 illik ömrə sığmayacaq qədər
böyük yaradıcılıq irsi Azərbaycan Xalq
Cümhuriyyətinə sayğıdan yaranan, sovetlər birliyinin
təməl prinsiplərindən olan sovet ideologiyasının
tələbindən doğan əsərlərlə,
çoxşaxəli yaradıcı fəaliyyətlə zəngindir.
Azad qadın, azad insan, azad torpaq, azad millət- bu ideya
Cabbarlı əsərlərinin ana xəttidir. «1905- ci ildə»
əsəri, bizim şahidliyimizlə keçən 1988-dən
bu yananın Qarabağ savaşı. Yazıçının
böyüklüyü yaratdığı əsərlərin
hər zaman tarixi dəyərini itirməməsində,
aktuallığını saxlamasındadır:
Buraxınız, seyr edəyim,
düşünəyim, oxşayayım
Şu sevimli üç
boyalı, üç mənalı bayrağı
Mələklərin
qanadımı üzərinə kölgə salan?
Göy yapraqlı, al
çiçəkli, yaşıl otlar topasımı?
Hayır, hayır!
Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim
bayrağımız ucaları pək seviyor
Yıldızlardan,
hilaldan da
yüksəklərdə
fırlanıyor…
35 ilə sığmayan ömür
Cəfər
Cabbarlının ev-muzeyinə qədəm basanları öncə
göy qumaşa yazılmış, müstəqilliyimizin
atributlarından olan ay-ulduzlu milli bayrağımıza həsr
edilmiş bu şeir salamlayır. Ondan qabaq həyətdə
«yaşlaşıb beli bükülən, qolları
torpağı qucan» qosqocaman tut ağacı, qışın
sazağında belə dərilməmiş meyvəsi
qıpqırmızı qan rənginə çalan itburnu kolu,
bir də paytaxtın hay-küyündən uzaq, bir əsr irəlinin
Dağlı məhəlləsinə xas olmayan sakitlik
içində uyuyan, çox təntənələrə,
görüşlərə, çox dəyərli
insanların gəlişinə, duyğusal
çıxışlarına şahidlik edən bu
daş-divar həzin bir ovqat yaradır. 80 il bundan irəli
böyük Cəfərin öz layihəsi ilə tikilmiş
yeddi otaqlı, üzü dənizə baxan bu bina 1979-cu ildən-Cabbarlının
80 illik yubileyindən - ümummilli lider Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə ev-muzeyi kimi fəaliyyət
göstərir. Elə həmin illərdə Heydər Əliyevin
göstərişi ilə paytaxtın Dəmiryol
vağzalının qarşısındakı meydanda heykəltəraş
Mirəli Mirqasımovun müəllifliyi ilə ədibin
böyük heykəli ucalır. Ev-muzeyinin rəsmi
açılışı 1982-ci ilin mart ayında
Cabbarlının doğulduğu bahar gününə təsadüf
edir. O çağdan bu yana muzeyin direktoru, şairin
qızı Gülarə xanım Cabbarlıdır. Bu il mart
ayının 22-də Cəfər Cabbarlının 110, muzeyin
yaradılmasının 30 ili tamam olacaq.
30 ildə
keçilmiş yolla, görülmüş işlərlə
bizi muzeyin baş elmi işçisi, Cəfər
Cabbarlının nəvəsi Qəmər xanım Abbaszadə
tanış edir. Hər eksponat, fakt barədə ayrıca
danışır, ətraflı bilgi verir, söylədiklərini
tarixi sənədlərlə təsdiqləyir. «Muzeyimizin
fondunda 9000-dən çox eksponat qorunub saxlanır, eyni zamanda
yeni daxil olan materiallar hesabına günbəgün zənginləşir.
Cabbarlının həyat və
yaradıcılığını əks etdirən sənədlər,
fotoşəkillər, sağlığında istifadə
etdiyi, özünə, ailəsinə aid şəxsi əşyalar,
əlyazmalar, məktublar, tamaşalara hazırlanmış səhnə
maketləri, afişalar, müxtəlif rəsm əsərləri,
1946-cı ildə xalçaçı-rəssam Lətif Kərimovun
eskizi ilə Gəncə şəhərində toxunmuş
böyük xalça (bu xalçanın üzərində ədibin
şəkli, əsərlərinin adları həkk olunub,
çox dəyərli eksponatlardan biridir), Cabbarlı irsini tədqiq
edən alimlərin elmi əsərləri, 1918-ci ildə Qafqaz
İslam Ordusunun komandanı Nuru Paşanın hədiyyəsi
olan divar saatı, asılqan, çarpayı, 1934-cü ildə
yazıçıların I qurultayında rus yazıçısı
Maksim Qorkinin hədiyyəsi olan qrammofon ekspozisiyada yer alıb.
Cəfər
Cabbarlının 100 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi barədə mərhum prezident Heydər Əliyev
xüsusi sərəncam imzalamışdı. Bu fərmandan
sonra 2000-ci ildə yazıçının əsərlərindlən
ibarət «Mənim Tanrım gözəllik» adlı kitab nəşr
etdirmişik. 2001-ci ildə BP şirkətinin dəstəyi ilə
«Cəfər Cabbarlı mükafatı» təsis etmiş, onu
qaliblərə təqdim etmişik. Sonrakı il «XX əsr Azərbaycan
incəsənətinin inkişafında Cəfər
Cabbarlının rolu» kitabımız çap olunub. Muzeyin
layihəsi əsasında dramaturqun əsərlərinə
özünün bəstələdiyi 5 mahnıdan ibarət
«Azad bir quşdum» adlı musiqi albomu işıq üzü
görüb. Bu mahnılar «Almaz», «1905-ci ildə», «Od gəlini»,
«Sevil» və «Yaşar» əsərlərindəndir. «Almaz» əsərində
Yaxşının mahnısının klip çəkilişləri
aparılıb, babamın «Sevdiyim» şeirinə musiqi bəstələnib,
klipi çəkilib. Bu sıradan hələlik son işimiz
«Olmasın» şeirinə bəstəkar Emin Sabitoğlunun
yazdığı mahnının təqdimatıdır. Daha bir
neçə irihəcmli layihəmiz də var» - bunları Qəmər
xanım birnəfəsə, ilk tanışlıq
üçün söylədi.
Cəfər
Cabbarlının ev-muzeyinin qapıları şəhər
sakinlərinin, qonaqların üzünə hər zaman
açıqdır. Amma bura ən çox üz tutan tələbələr,
məktəblilər, ədəbiyyat həvəskarları,
böyüməkdə olan gənc nəsildir. Onlar
üçün burda gördükləri hər eksponat
canlı tarixdir. «Ay Sonası, çay gətir» - kiçicik
çay stəkanına diqqət yetirirsən, bu sözlər
yada düşür. Divardan asılmış tara, qavala, qonaq
otağının yaraşığı pianinoya baxırsan, Cəfərin
səsi gəlir: «Hə indən belə məni işə
tar-qavalla yola salarsınız». Xatirələrdi, eksponatlara
baxırsan özləri dillənir. İl boyu
Cabbarlının ev-muzeyində müxtəlif səpkili tədbirlər,
bayramlar, yubileylər keçirilir. İndi hamılıqla ədibin
110 illik yubileyinə ciddi hazırlıq görülür,
geniş tədbirlər planı hazırlanır.
Həyat, sən onunsan
Axan çaylar, sən
kiminsən?
-Mənə
körpü salanın.
Doğan günəş,
sən kiminsən?
-Məndən
işıq alanın.
Sonsuz fəza, sən
kiminsən?
-Məndə qanad
çalanın.
Həyat, söylə, sən
kiminsən?
-Mən həyatı
öyrənənin, bacaranın, alanın.
Görünür, Cəfər
Cabbarlı həyatının yarıda
qırılacağını hiss etdiyindən, qısa
ömründə onu öyrənməyi, həyatdan istədiklərini
almağı, eləcə də xalqa, millətə gərək
olanı verməyi bacardı. Özündən sonra neçə-neçə
nəslə yadigar qalacaq, onları tərbiyə edəcək,
dünyəvi, milli dəyərlər aşılayacaq, vətənə
məhəbbət, elə bağlılıq hissləri
doğuracaq əsəplər toplusu yadigar qoydu. Dünya ədəbiyyatından
ən seçmə nümunələr tərcümə elədi,
dram əsərləri, hekayələr, şeirlər, ssenarilər
yazdı, musiqilər bəstələdi, musiqi alətlərində
ifa eləməyi öyrəndi, 1927-ci ildə Rza Təhmasibin
rejissorluğu ilə çəkilən
«Balıqçılar» filmində balıqçı rolunda
aktyorluğunu sınadı. Mollaxanada, rus-tatar məktəbində,
realnı məktəbdə, Politexnik Sənaye Texnikumunda
(indiki Neft Akademiyası), Bakı Dövlət Universitetinin tibb
fakültəsində, həmin universitetin şərq
fakültəsində təhsil aldı, tarix fakültəsində
mühazirələr dinlədi, Bakı Teatr Texnikumunda oxudu.
Qısa müddətli həbslər üzündən təhsilini
tamamlaya bilmədi, amma çox böyük həyat məktəbi
keçdi. Həyatı, insanları, vətənini sevdi, bu
sevgi ilə qürur duydu. Bu gün Cəfər
Cabbarlının ruhu olduğu kimi, ola biləcəyi kimi
Bakının Dağüstü yamacındakı o köhnə,
ciddi təmirə, qayğıya ehtiyacı olan qədim
binadakı ev-muzeyində sakit, rahat bir ömür
yaşamaqdadır. Yaşamaqdadır, çünki onu
yaşadan ədəbi irsi, yaşatmağı bacaran insanlar
var.
Bu göy boya Göy
Moğoldan qalmış
bir türk
nişanı,
Bir türk oğlu
olmalı!
Yaşıl boya
islamçılığın sarsılmayan inamı,
Ürəklərə
dolmalı!
Şu al boya
azadlığın, təcəddüdün fərmanı
Mədəniyyət
bulmalı!
Fimar Asimqızı
Mədəniyyət.- 2009.- 4 mart.- S. 5.