Köhnə ünvanda yeni görüş

 

Fevralın 28-də Əbilov adına Mədəniyyət Mərkəzində xalq artisti, Prezident təqaüdçüsü Yaşar Nuri ilə görüş keçirildi

 

Tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açan Yaşar səhnəyə 11 yaşında ikən - ADMKT-da Məhərrəm Əlizadənin «Toy kimindir?» tamaşasında Tapdıq rolu ilə gəlib. Sənətkar hələ uşaq vaxtlarından özünəməxsus oyun üsulu və istedadı ilə seçilib. Sonradan o, Azərbaycan səhnəsinin görkəmli komediya aktyoruna çevrilmiş, tamaşalarda və kinolarda psixoloji və dramatik rolların mahir ifaçısı kimi yaddaqalan obrazlar yaratmışdır. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda sənət nümunələri kimi qorunur. Buna misal olaraq «Yollar görüşəndə», «Ömrün yolları», «Qatarda», «Evləri köndələn yar», «Səni axtarıram» və s. televiziya tamaşalarını göstərmək olar.

Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşar Nuriyə xarakter obrazlar tapşırılmış və aktyor bu rolların öhdəsindən ustalıqla gəlmişdir. Teatrsevərlər aktyorun «Övlad», «Bağlardan gələn səs», «Quşu uçan budaqlar», «Dəli yığıncağı» və onlarca digər tamaşada yaratdığı obrazları yaxşı xatırlayırlar.

İlk dəfə «Dörd bahar günü» filmində Seyran rolunu yaradan aktyor sonrakı 30 ildə 100-ə qədər bədii və sənədli filmlərdə heç zaman yaddaşlardan silinməyəcək obrazlara kino həyatı vermişdir.

Zəngin yaradıcılıq elementlərinə, fitri istedada malik Yaşar Nuri bu gün də tamaşaçılarının görüşünə dadlı-duzlu lətifələri, monoloqları ilə gəlmişdi.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan aktyor da, öz növbəsində, görüşə gələnləri hərarətlə salamladı. Sonra həyat yaradıcılığından, ömrünün ayrı-ayrı anlarında baş verən maraqlı məqamlardan danışdı. Bu sözləri isə xüsusi vurğuladı:

Mən 1000, 5000, 10000 nəfərlik tamaşaçı tutası auditoriyalarda çıxış etmişəm. Yalan olmasın, dünyanın yarısını gəzmişəm. Ancaq Əbilov adına Məddəniyyət Mərkəzində görüş keçirmək mənə ikiqat əzizdir. 42 il bu burada çalışan, öz işinin ustası fanatı olan Mirəhməd müəllim mənimlə görüş keçirmək istəyini bildirəndə bu təklifi ona görə sevinclə qəbul etdim ki, mənim uşaqlığım bu məhəllədə keçib. Bu gün bura piyada gəldim. Hər küçə, hər dalan, hər daş mənə uşaqlığımı gəncliyimi xatırlatdı. Qarşıma çıxan hər adam yaşlı da, cavan da mənə ehtiramla salam verirdi. Mən bura necə gəlməyə bilərdim?

Sonra öz yaradıcılığındakı yeniliklərdən söhbət açan aktyor bildirdi ki, «rejissorlar Eldar Quliyevin və Ayaz Salayevin ekranlaşdırdıqları iki filmə çəkilmişəm. Artıq işlər başa çatdırılıb. Bundan başqa, AzTV-nin Ramiz Həsənoğlunun ssenarisi əsasında çəkdiyi televiziya filmi üzərində işləyirik. Teatrda təmir işləri getməsinə baxmayaraq, orada da tamaşalar davam etdirilir. Əfqan Əsgərovun pyesi əsasında bir tamaşa hazırlamağa başlamalıyıq”.

Öz məzəli söhbətləri ilə tamaşaçıları güldürən sənətçi, onlara daha bir şad xəbəri açıqladı. Dedi ki, yaxın günlərdə Heydər Əliyev Sarayında əməkdar artist Baloğlan Əşrəfovla birlikdə «İki səs, iki nəfəs» adlı layihəni həyata keçirəcəklər.

Mədəniyyət mərkəzinə bu böyük sənətkarla görüşə sənət dostları da gəlmişdi. Onların arasında xalq artistləri - rəqqasə Roza Cəlilova, aktyor Arif Quliyev, müğənni Rüfət Axundov (aktyorun bacısı oğlu) başqaları da var idi. Onlar da aktyor haqqında xoş xatirələrini söylədilər.

Xalq artisti Arif Quliyev: «Yaşar Nuri ilə yaxından təmasda olmaq xoşbəxtlikdir. Yaşından, sənətindən asılı olmayaraq hamı onun sənətinin vurğunudur. Xalqımız ona görə xoşbəxtdir ki, onun Yaşar kimi sənətkarı var. Səhnəmiz ona görə cazibədardır ki, orada Yaşarın səsi, nəfəsi, sözü var».

Xalq artisti Yaşar Nurinin köhnə ünvanındakı (hamının Sovetski kimi tanıdığı məhəllə) sözlü, məzəli, musiqili, uzun müddət yaddaşlardan silinməyəcək yeni bir görüşü də beləcə tarixə döndü.

  

 

Fərahim Şükürov

 

Mədəniyyət.- 2009.- 4 mart.- S. 3.