Ən qiymətli «cehiz» gözəl
əxlaqdır
Azərbaycanın dilbər guşəsi Lənkəran özünün qədim adət-ənənələri ilə məşhurdur. Bu yerlərin toyları özgə bir aləmdir. Toy təbii ki elçilikdən başlayır: Oğlan evindən qız evinə bir-iki hörmətli ağbirçək gəlir. Onlar qızın, ilk növbədə, səliqəsini bilmək istəyirlər. Bunun üçün onlar həyətin təmizliyinə diqqət yetirir, qapı ağzında çıxarılmış ayaqqabıların qoyuluşuna nəzər yetirirlər. Əgər ayaqqabılar nizamsız, tay-dəyişik, natəmiz düzülübsə, belə düşünərdilər ki, bu evin qızı səliqəsizdir.
Nənələr qızları hamamda, təndirxanalarda,
mal-qara sağarkən, ev şirələyərkən
və s. yerlərdə gözaltı edərdilər.
Elçilər, ilk növbədə, qızın danışığına, yerişinə, duruşuna, ədasına, ağlına, qonaqlara necə qulluq göstərməsinə fikir verərdilər.
Bəyənilən qızın ata-anasının razılığı alınandan sonra, kişi elçilərinin gələcəkləri gün təyin edilərdi. Elçi gələn kişilərin gəlişi «ağsaqqal plov» adlanırdı.
«Ağsaqqal plov»un xərcini oğlan evi çəkərdi. Bunun üçün düyü, yağ, ət, cücə, qoz, meyvə, tərəvəz göndərirdilər. Bu sırada acılıq əlaməti olan soğan, bibər və duz olmazdı.
Gələcək toyun ikinci mərhələsi «paltarkəsdi», üçüncü mərhələsi «xınayaxdı», dördüncü mərhəsi hırdaboy - oğlan evindən qıza məxsus toy ləvazimatlarının göndərilməsi - adlanırdı.
Bu mərhələlərin hər birində şərbət paylanırdı.
Sonra qız evində böyük toya (xınayaxdıya) hazırlıq işləri görülür. Həmin vaxta qədər hər gün axşamçağı məhəllə qızları gəlin köçəcək qızın başına yığılıb çalğısız nəğmələr oxuyardılar, yelləncəkdə yellənərdilər. Buna «küp» yellənməsi deyərdilər.
Elə ki, «xınayaxdı» gecəsi yetişdi, qız-gəlin bir yerə yığışıb, gəlin gedən qızın başına, əl-ayağına xına yaxardılar: Buraya toplaşan qız-gəlinlər yaxın adamlar da əl-ayaqlarına xına yaxardılar. Bu işi icra edərkən «Çox mübarək!» nidaları ətrafa yayılardı.
«Xınayaxdı»da iştirak edənlər müxtəlif mahnılar oxuyar, bəy evinə köçəcək qıza nəsihətli fikirlər söyləyərdilər:
Almanı alma, gəlin,
Al, yerə salma, gəlin,
Evlərdə çox söz olar
Ürəyinə salma, gəlin.
Ən böyük toy mərasimi oğlan
evində gəlinin gətirilməsindən bir saat
keçmiş, bəy hamamdan gətirildikdən sonra
başlanardı. Üç gündən
sonra oğlan evində «üç gün» mərasimi
olardı. Bu vaxt gəlin qüləbdanla gələnlərə
gülab paylayardı. Mərasimə gələnlər gəlinə
«Çox mübarək!», «Allah xeyir versin!»
deyərdilər.
Qeyd etmək lazımdır ki, çəkilən
xərclər, gəlinin gətirdiyi cehizlər çox da baha
başa gəlməzdi. Gəlinin cehizi
özünün həsir, xalça, bir də ki, mis qab-qacaq və
yorğan-döşəkdən ibarət olardı.
Haşiyə: Bütün bunları xatırlayanda
müasir dövrümüzdə gəlinə verilən cehizlərin,
toya çəkilən xərclərin həddindən
artıq olması çox təəccüblü
görünür.
Aşağıda müqayisələrə
diqqət yetirin.
Təqribən 1880-1890-cı illərdə
gəlinlərə palaz, kilim, həsir, ağac taxt, nimdər,
mütəkkə, yorğan-döşək, məfrəş,
mis və saxsı qablar, taxta mətbəx əşyaları,
pərdələr, möhür, təsbeh, lampa, güzgü və
digər vacib ləvazimatlar cehiz verərdilər.
Gəlini at üstündə, cehizlərini
isə araba ilə göndərərdilər. Gəlin əyninə çaxçur, arxalıq,
baharı geyinər, onun üzünə rübənd,
başına duvaq salınardı. Gəlin
qayınanasına və özünə çadra da
götürərdi.
1930-1940-cı illərdə isə gəlinlər
yorğan-döşək, mütəkkə, balış,
xalça, palaz, həsir, mis qablar, alüminium qaşıqlar,
çəngəllər, nimçələr, saxsı qablar, ət
taxtası, oxlov, sandıq, pərdələr, güzgü,
şamdan, dəmir çarpayı və s. əşyaları
və s. cehiz aparırdılar.
Gəlinlər başına tirmə
şal örtüb bəy evinə faytonla yola
salınırdı. O vaxt əlli il əvvəlkindən
fərqli olaraq, gəlin baldız, qayınana və qayınata
üçün özünün toxuduğu araxçın,
təlis, tütün kisəsi, pul kisəsi, paltar,
sandıqüstü örtüklər, süfrələr də
gətirərdi.
Bəzi ailələr qızlarına arı pətəyi,
gilas gülü və dibçəkdə limon
ağacı verirdilər.
Bəs müasir gəlinlərin cehizləri
nədən ibarətdir? Əlbəttə,
keçmiş illərdən fərqli olaraq, adət-ənənələrə
xeyli «düzəlişlər» edilmişdir. İndi
qızlarımızın böyük əksəriyyəti ali təhsil almış, sosial-iqtisadi və mənəvi
tələblər dəyişmiş və yeniləşmişdir.
Gəlinlərin indiki cehizləri əsasən soyuducu,
paltaryuyan maşın, tozsoran, televizor, audio-video cihazlar, qiymətli
qab-qacaq dəstləri, büllur qablar, müasir mebel dəstləri,
çil-çıraq, yorğan-döşək,
xalçalar, yataq dəsti, pianino, oğlan adamları
üçün qiymətli hədiyyələr və s.dən
ibarət olur. Bu siyahıda daha başqa əşyalar da ola bilər. Hətta cehiz kimi maşın, ev verənlər də var.
Həmin cehiz əşyaları qabaqcadan göndərilir
və ev bəzənir. Toy
günü gəlin və bəy müasir dəblə geyinirlər.
Əgər 120-130 il bundan əvvəl gəlinlər
at üstə, öküz, kəl arabası ilə, 70-80 il əvvəl
faytonla gedirdisə, indi onlar bəy evinə bahalı xarici
maşınlarda yola salınır.
İndi toy mərasimlərinin əksəriyyəti
müvəqqəti qurulan mağarlarda deyil, çoxsaylı
şadlıq evlərində, qulaqbatırıcı musiqinin,
çox vaxt da xarici musiqinin sədaları altında
keçirilir.
Özünü başqalarından üstün göstərmək
üçün bəzi təkəbbürlü valideynlər
qızlarına bahalı cehiz verir, şadlıq evlərində
isə ərzaq, çörək israf olunur...
Lənkəran şəhər sakini 72 yaşlı Ramiz
Bəşiroğlu ilə milli adət-ənənələrimizlə
bağlı söhbət edərkən dedi:
- Müqəddəs Qurani-Kərimdə
israfçılığın yolverilməzliyi dönə-dönə
qeyd olunur. Çörəyin, ərzağın yersiz
olaraq israf edilməsi günahdır... O ki qaldı bahalı
cehizə, mən deyərdim ki, gəlin gətirdiyi cehizlə
qiymətli olmaz. Gəlin ən əvvəl, öz
ağlına, savadına, təvazökarlığına, ədəb-ərkanına,
gəldiyi evdə mehribanlıq iqlimi yaratmasına güvənməlidir.
Valideyn öz övladını ər evinə
qiymətli əşyalarla deyil, onu verdiyi gözəl tərbiyə
ilə, yüksək əxlaqla yola salmalıdır. Səmimiyyət, qarşılıqlı hörmət
olarsa, onda ailə də xoşbəxt və möhkəm olar.
Canalı Mirzəliyev
Mədəniyyət.- 2009.- 6 mart.- S. 14.