Sözə əyiləni,
söz ucaldır
Sənətin pozulmaz qanunu belədir
Məlahət Yusifqızını «Pərvanə»
ədəbi məclisindən
tanıyıram. Üsyankar, çılğın, sanki
bir od parçası
idi. Nə bilim, kənardan
belə təsir bağışlayırdı. Tale elə gətirdi
ki, başqalarından
daha çox onunla ünsiyyət saxlaya bildim. Bir dəfə televiziyada hansısa şairin yaradıcılıq gecəsində
iştirak etdiyini gördüm. Bir də baxdım gözlərindən yaş
süzülür bu çılğın, üsyankar,
od parçasının.
O qədər sadə,
boyasız könlü
var ki, onun
yanında rahat, daha sərbəst hiss edirsən özünü.
Amma şeirlərini oxuyanda bir söz tutumunun,
üsyanın, tufanın
içində olduğunu
anlayırsan. Nəfəsin
daralır, az
qalırsan silahlı-silahsız
savaş meydanına atılasan və nərə çəkib cümləmizi səsləyəsən
ki, Qarabağ səni çağırır,
səni gözləyir,
yetər artıq sən onu gözlədiyin…
Məlahət Yusifqızının şeirlərinin bir özəlliyi də ondadır ki, o, ürəkdən aldığı
nəfəs, damarında
çağlayan qanı
kimi, qəlbindən keçəni yazır.
Bugünlərdə sözə böyük ehtiramla yanaşan, sözü urvatlı tutan şairə Məlahət Yusifqızı
ilə həmsöhbət
oldum.
- Məlahət
xanım, illərdi ki, sözlə-qələmlə
yoldaş, həmsöhbətsiniz.
Artıq can dostunuz, könül yoldaşınız
olan sözlə söhbətiniz, deyin görək həmişə
yaxşı tutur, yoxsa küsüb gedən vaxtlarınız da olur?
- Hər
kəsdən küssəm
də, (hərçənd
ki, heç küsən də deyiləm) sözdən küsmək olmaz. Sadəcə,
sözlə baş-başa
qalmağa macal versələr, mən həmişə onunla olaram.
Yolunda gəzdim
duruldum,
Demədim, bezdim, yoruldum,
Söz məni
əydi, vuruldum
Haqq bilib, əymədim sözü.
Əsas olan sözdür, qələm sadəcə vasitədir. Necə ki, silahlar, yaraqlar döyüşə
vasitə olan kimi. Mənim sözüm yaddaşımın
məhsuludur. Ümumiyyətlə, mənən yaranmışların
hamısı yaddaşın
məhsuludur. İnsanı kamilliyə çəkən
mədəniyyətdir ki,
ondan da bezmək, küsmək olmur. Sənətkarın qarşıdurması bütün zamanlarda mühitlə bağlı
olub. Çünki arzu, istək
heç vaxt mühitlə üst-üstə
düşməyib. Bu təzad və onu dərketmə nə qədər dərin olsa, sənət bir o qədər güclü və işıqlı alınar.
- Adam var
özü görünür,
adam da
var sözü. Sözünüz görünürmü? Ümumiyyətlə, sözün
görünməsi üçün
çoxmu zaman gərəkdi, yoxsa...
- Sözün
arxası olmamalıdır,
çünki söz özü arxadır. Söz öndə getməlidir, çünki söz irəli aparandır.
Söz yüksəkdə olmalıdır,
çünki söz ucaldandır. Söz dərin
olmalıdır, çünki
özülü olmayanın
ömrü qısa olur. Söz yaşamalıdır, çünki söz yaşadandır, hər kəsi (xalqı, milləti və dövləti) söz təsdiq edir və yaşadır.
Barışın da, döyüşün
də önündə
və sonunda söz dayanır. Hərdən
mənə elə gəlir insanla digər canlıların ən fərqli cəhətlərindən birincisi
sözdür. Söz insanı
digər canlılardan
ayırıb yüksəlişə,
elmə, mədəniyyətə
gətirib.
Yeri gəldi, usandırdı,
Yerində qandı,
qandırdı,
Hədəfə dəydi,
yandırdı
Dəymədisə, yaxıldı söz.
…Çatdısa, yatan
ayıldı,
Haqq sözü tutan sayıldı,
Gah cana
yağtək yayıldı,
Gah
da başa çaxıldı söz.
- Torpaqlarımızın
işğalı, Qarabağ
dərdi şeirlərinizdə
o qədər hiddətli,
güclü səslənir
ki, bir oxucu
kimi adama elə gəlir, sanki əlinizdəki qələm yox, silahdır...
- İdeologiya da bir silahdır. Əslində yaradıcılığımda aparıcı yeri millətim, dövlətim,
onun dünyadakı durumu, dünəni, bu günü, sabahı tutur ki, o da son zaman
sərhəddində Qarabağla
sonuclanır. Qarabağ
mövzu deyil, Qarabağ ağrıdı,
yaşamaq həvəsidi,
alın yazısıdı,
kiliddi, açardı,
dünəndən sabaha
gedən yoldu, gor evidi, verilən
candı, qayıdası
ümiddi, girov və əsir düşmüş ana-bacıdı,
boynumuzda ağırlığını
daşıdığımız dərdlər silsiləsinin
ən sonuncusu və təzəsidi.
Nə verdi
bu sabah adı?!
Qadalar bundan dahadı.
Qanımız candan
bahadı,
Qarabağ qandan sonrası.
- Neçə
kitabınız çap
edilib? «Qədərində
götür» adlı kitabınızın texniki
tərtibatından narazılığınız
var idi. Yenidən çap etdirdinizmi?
- İki kitabım var. Birinci kitabımın adı «Od parçası»dır. Çoxlarından fərqli
olaraq öz işimə daha az vaxt ayırıram. Görünür, istəmək azdır,
o işlə məşğul
olmaq lazımdır.
«Heç zaman, heç yerə mən tələsmirəm»,
ancaq özümə gələndə...
- Məlumatıma
görə, gənclik
illərində yaşıdlarınız
arasında sayılıb-seçilən
şairlərdən olmusunuz.
Həm də çox sevdiyiniz Məmməd İsmayılın
rəhbərlik etdiyi dərnəyin fəal üzvü kimi...
- Sənəti
sevən və haqqa tapınan hər kəs seçib məni. Eyni zamanda özündən bədgümanlar da seçib. Birincilər daha çox
olub. Bəli, Məmməd İsmayılın
ədəbi birliyinin üzvü olmuşam, həmişə də sayğı görmüşəm.
Məmməd İsmayılın
adına və yaradıcılığına
böyük hörmətlə
yanaşıram. Onunla
bağlı xeyli yazılarım da var. 80-ci
illərin əvvəlində
«Aç qapını,
söz deməyə gəlmişəm» dediyim Məmməd İsmayıla,
2000-ci ildə
Hara qocalırsan, atam
balası,
Ha yandan qazandın
bu qədər yaşı?!
Hələ irəlidə
döyüş olası
Kimə tapşırırsan bu son savaşı?!
- deyə müraciət
etdim.
- Deyirlər,
xoşbəxt olmaq üçün insana o qədər də çox şey gərək deyil. Siz necə düşünürsünüz?
- Xoşbəxtlik
nisbidir. Hərənin özünəməxsus xoşbəxtlik yozumu var. Hər kəs də o prizmadan yanaşır bu anlayışa. İnsanın maraq dairəsinə, dünyagörüşünə, elminə, savadına, mövqeyinə uyğun olaraq onun xoşbəxtliyə
münasibəti müəyyənləşir.
Bu dairə artdıqca
xoşbəxtliyin ömrü
qısalır. Yəni insan
dərinləşdikcə xoşbəxtliyin
əlçatmazlığını daha çox dərk edir. Şəxsən, mənim xoşbəxtliyim
millətim və dövlətimlə bağlıdır.
Onun yer üzərindəki mövqeyi,
ona münasibət və s. mənim üçün şəxsi
məsələləri çox-çox
üstələyir.
- Sizə
uğurlar...
Mina RƏŞİD
Mədəniyyət.- 2009.- 6 mart.- S. 12.