Kinomuzun qadınları
Qadın
azadlığı! Bu məfhumun yaranmasından neçə
illər keçdiyini dəqiq təyin etmək çətindir.
Ancaq beynəlxalq aləmdə qadın
azadlığının ötən əsrin 14-cü ilindən
və 8 Mart günündən rəsmiləşdiyi məlumdur.
Əksər filosofların fikrincə, qadın çox sirli
bir məxluqdur. Eyni zamanda qadın anadır. Şərq
kişisinin qiyməti mövqeyindən və
bacarığından asılı olmayaraq daha çox
qadınına görə verilib. Yəni qadını əsl
qadın olmayan kişi, el dili ilə desək,
başıpapaqlı sayılmayıb.
Bəs görəsən,
bir çox özəl cəhətlərinə görə nəinki
Avropa, hətta Şərq qadınından seçilən,
spesifik psixologiyası, bənzərsiz ömür yolu olan Azərbaycan
qadını filmlərimizdə necə əks olunub? Filmlərimizdə
yalançı, partiyaya, işlədiyi kolxoza sədaqətli
qadın obrazları üstünlük təşkil edir. Neyləyək
ki, bu bizim tariximiz və kinomuzun keçdiyi yoldur. Odur ki, bu,
gün belə obrazlara gülə də bilərik, lağ da
edə bilərik, amma kino tariximizdən silib ata bilmərik. Təkcə
ideoloji məsələdə deyil, ayrı-ayrı əsərlərdə
də yalançı, uydurma Azərbaycan qadını var.
Əksər filmlərimizdə qadın sadəcə
kişinin kölgəsidir
Azərbaycan
kinematoqrafiyasında qadınlar daha çox ikinci plana layiq
görülüblər və qalıblar ssenaristin insafına.
Milli kinomuzun qadın obrazları deyəndə ilk
növbədə yada Cəbiş müəllimin arvadı,
diribaş Şəfiqə düşür. Düzdür, Cəbiş
müəllimin Şəfiqəsi təmiz azərbaycanlı
deyil, italyan neorealist Anna Manyaninin təsiri altında onda həm
italyan, həm də azəri xarakteri var. Amma
burada da rejissor və aktrisa ustalıq göstəriblər.
Şəfiqə obrazını, həyatı məişətlə
vuruşda keçən (o ki qala bu vuruş müharibə illərinə
təsadüf etmiş ola), həm ərinin, həm
özünün yerinə işləyən «ancaq ailəm və
bir də ailəm!» ideyasını özü
üçün ideologiyaya çevirən Azərbaycan
qadını kimi «tərbiyə ediblər».
Filmlərimizdə
qadınlar müstəqil deyil və kişi qəhrəmanın
müsbət keyfiyyətlərini qabartmaq
üçündür. Qadın sadəcə ailənin
bir üzvüdür, kişinin arvadı. Qəhrəman cavan
oğlandırsa, onu sevən bir qız olmalıdır. Sanki
filmin müəllifləri qeyri-şüuri qatda yaratdıqlarının
səthi olduğunu bilirlər, onu belə priyomlarla
canlandırmağa, dərinləşdirməyə
çalışırlar. Nümunə: «Uzun ömrün
akkordları» filmi. Filmdə dahi bəstəkarın həyat
yoldaşı Məleykə Terequlovaya müəllif tamam
epizodik və hətta əhəmiyyətsiz yer ayırıb.
Filmin bir-iki yerində bəstəkarın qoluna girmiş halda
peyda olan Məleykə xanım gözəl kuklaya bənzəyir.
İstedadlı aktrisamız, xarakterik rollar ifaçısı
Həmidə Ömərova bu obrazda tamamilə fəaliyyətsizdir.
«Bəyin oğurlanması» filmində öz çəkingənliyi,
bütün dünyadan gizlətdiyi sirri, kədərli
gözləri ilə Həsənin anası (Lətifə Əliyeva)
daha maraqlı, yaddaqalan qadındır, nəinki Məleykə
xanım Terequlova...
Kişi rejissorların
düşüncəsindəki, təsəvvüründəki
qadının sxematik şəklini Vaqif Mustafayev «Yoxlama» serialında,
«Yerlə göy arasında», «Fransız» filmlərində
çəkib: gəlinlik paltarında toyunu gözləyən
Səidə Quliyevanın qəhrəmanları hələ
toydan sonra yaşamağa hazırlaşır. Artıq ailə-uşaq, ər «sahibi olan», arzusuna
çatmış Nuriyyə Əhmədovanın qəhrəmanları
ərini ancaq əri olduğu üçün qısqanan,
qadınlığı ekstremal situasiyalarda yadına
düşən, ehtirası, hissləri çox dərinə
gömülmüş, övlad böyütməklə məşğul
olan qadınlardır. Onlar həyat
yoldaşlarını, övladlarını başa
düşməyə nəinki cəhd etmirlər, əksinə
bu məsələlərlə heç maraqlanmırlar. Onlara
lazım olan sadəcə ər, övladdır, o da var.
Yalnız «Tütək səsi»ndə
«tamaşaçıların etirazı nəzərə
alınmadan» Sayalının hüququ ona verilir
Filmlərimizdə bəzən
epizodik, heç kəsin diqqətini çəkməyən
elə qadın obrazları vardır ki, adi bir jesti, adi bir
sözü, adi bir hərəkəti ilə milli qadın
psixologiyasının açılmasına nail olur, adamı
heyrətə salır. «Tütək səsi» filmində
İsfəndiyar kişinin gəlinini xatırlayın. Əsərdən
fərqli olaraq filmdə bu obrazın o qədər də ciddi mövqeyi
yoxdur. Ancaq onun kolxoz sədri, cəbhədə ölən
«dostunun arvadına göz dikən» Cəbrayıla dediyi
sözlər tamaşaçının iç
dünyasını alt-üst edir. Məlum olduğu kimi, Cəbrayıl
dostunun arvadı Sayalını da götürüb ağsaqqal
İsfəndiyarın evinə gəlir ki, evlənmələri
üçün onlara kömək etsin, kənd
camaatını yola gətirsin. Bu zaman İsfəndiyarın əri
cəbhəyə getmiş gəlini çıxır və
onları qapıdan qovur. Sədr bu pisliyi unutmur və məqamı
gələn kimi vəzifəsindən istifadə edib öz
heyfini çıxır. İsfəndiyarın gəlini:
- Qisas
alırsan! Binamus köpəkoğlu! Qızıl əsgər
ailəsinə göz dikib, balalarını düzlərə
salan qudurğan!
Müharibə
dövrünün Azərbaycan kəndi. Dəqiq bir mənzərə.
Qəribədir ki,
Sayalı da olduqca milli koloritli bir obrazdır. Onun
ölmüş ərindən sonra istədiyi bir insanla evlənmək
hüququ var. Ancaq istənilən bir toplumun, bir cəmiyyətin
yazılmamış qanunları da olur ki, çox vaxt bu
qanunlar qırmızı papaqlı məmurlar tərəfindən
qorunan qanunlardan daha güclü, daha qiymətli olur.
Azərbaycan filmlərində qadın azadlığı
problemi, adətən, İslama, şəriətə
qarşı qoyulur
Məşhur «O
olmasın, bu olsun» filmi bu sözlərlə başlayır:
«Bütün Şərqdə olduğu kimi, bu şəhərdə
də qadının heç bir hüququ yox idi...» Təbii ki,
şəriətin xurafat tərəfinin gətirdiyi bəlalar
kontekstində filmin müəllifləri ilə
razılaşmaq olar. Rüstəm bəy də həmin
«xurafat şəraitində» öz əməllərini həyata
keçirmək üçün əlverişli imkan tapa
bilir. Belə
demək mümkünsə, qızını satır! Ancaq unutmaq olmaz ki, bu, həm də xarakterdir. Filmdə qulluqçu Sənəm obrazı da kifayət
qədər faciəlidir. Rüstəm bəyin
həyat yoldaşı yoxdur. Hər ikisi -
Rüstəm bəy və Sənəm duldur. Ancaq Rüstəm bəy Sənəmlə ailə həyatı
qura bilmir. Ona görə ki, feodalizmdə
siniflər arasındakı sədd buna imkan vermir. Bu sədd
və qadın mövzusu «Arşın mal alan»
filmində daha da dərindən işlənib.
Xatırlayın: «O, qızını
arşınmalçı Əsgərə verməz, tacir Əsgərə
verər». Halbuki, Gülçöhrə tacir Əsgəri
sevir. Bəs bu oyun nə üstündə qurulur;
qızı görmək üçün! Bir
oyun sonda 4 nəfərin izdivacına gətirib çıxarır.
Qəribədir ki, hər kəs (Əsgər,
Süleyman, Sultan bəy və nökər Vəli) ilk
gördükləri qadınlara (Gülçöhrə, Asya,
Xala və Telli) vurulurlar. Bununla filmdə
komik situasiya yaranır. Necə deyərlər,
başqa bir qadını açıq-saçıq,
çadrasız görmək mümkündür ki, seçim
edəsən?!
İdeologiyanın güclü dövrlərində filmlərimizdə
yalançı obrazlar peyda olur
Ancaq bu obrazlarda da Azərbaycan
qadınına məxsus bəzi cizgilərə rast gəlmək
mümkündür. «Almaz», «Görüş», «Ulduz» bu tip filmlərdəndir.
«Almaz»da yeni düşüncəli azad
qadının üzləşdiyi problemlər
qabardılır. Sadəcə, o dövrdə,
hətta indi də, istənilən Azərbaycan kəndində
atası məlum olmayan uşağa «mənimdir» söyləmək
təbii etiraz doğuracaqdır. Böyük mütəfəkkir
C.Cabbarlının əsəri əsasında çəkilən
bu filmdə incə bir fənd işlətmək lazım idi:
birmənalı şəkildə Almazın tərəfində
dayanmamaq! Yəni bəzi qənaətləri
tamaşaçının ixtiyarına buraxmaq. Ancaq müəlliflər Almazı hamıdan
ağıllı hesab edir, kənddəki əksər şəxsləri
savadsız, dünyagörüşsüz, hətta normal əxlaqa
malik olmayan insanlar kimi təqdim edirlər.
«Görüş» isə
başdan-başa ideoloji dəyər üzərində qurulub.
Burada artıq qadın azadlığı problemi
«partiyanın uğurlu siyasəti nəticəsində həll
olunmuş», qadınlar ictimai fəaliyyətə elliklə cəlb
edilmişlər. Hətta kişiləri
düz yola gətirmək (Lalə-Kamil, Bilqeyis-Şıxəli
və s.) kimi böyük bir işin öhdəsindən də
müvəffəqiyyətlə gəlirlər. Ona
görə beşillik plan artıqlaması ilə dolur,
Özbəkistan-Azərbaycan pambıqçıları elə
tarladaca sevişirlər.
«Ulduz»da da artıq
qadınla bağlı heç bir problem qalmamışdır.
O, böyük güc sahibidir və sonda hamıya qalib gəlir.
«Böyük
dayaq» filmində hadisələr nisbətən dramatikdir. Ancaq burada da
Mayanın kənddə özünü «azad sovet
qadını» kimi aparması tamaşçıda ən
yaxşı halda ikrah doğurur. Təsəvvür
edə bilmirəm ki, hansısa kəndə gəlin gələn
gözəl bir xanım kolxozun mühasibinin atının tərkinə
minib yaylağa qalxsın. Mayanın
azadlığında bir şitlik, bir sünilik var. Adam inanmaq
istəyir ki, partiyanın xüsusi tapşırığı
ilə belə bir qadın obrazı yaradılıb.
Təbii ki,
istisnalar da var. Məsələn «Təhminə»də Təhminə,
«Sahilsiz gecə»də Zibeydə kimi. Amma bu personajlar da həyatlarına
tamaşaçı qarşısında bəraət
qazandırmağa, özlərini müdafiə etməyə
çalışırlar. Sanki «Bizə
yazığınız gəlsin. Biz belə
yaşadığımız üçün təəssüf
edirik, amma əlimizdən heç nə gəlmir» - deyə
qışqırırlar, təhtəlşüurda günahkar
olduqlarını etiraf edirlər və özlərini cəzalandırırlar.
Bəzi filmlərimizdə
isə sevgi azadlığı faciə ilə sonuclanır («Təhminə»,
«Ölsəm, bağışla»). Ancaq qadınların əzilməsini,
fiziki və mənəvi şəkildə məhv edilməsini
əks etirən filmlərimiz daha inandırıcıdır. Ona görə
ki, bu filmlərdə hər şey olduğu kimidir, hər hərəkətimizdə
səmimiyik. Bu qəbildən «Qaraca qız» (Tutu), «Yeddi
oğul istərəm» (Humay), «Bir cənub şəhərində»
(Muradın bacısı), «Ölsəm, bağışla»
(Gülya), «Dəli Kür» (Mələk, Şahnigar), «Nəsimi»
(Fatimə, Şəms), «Otel otağı» (Kərimin
qadını və qızı) və s. filmləri göstərmək
olar.
İ.Hacılı
Mədəniyyət.- 2009.- 6 mart.- S. 10.