Gələcəyi qoruyan əllər

 

Həftənin tam beş günü onunla qırğına çıxırdıq: üç yaşlı qızım israrla “bağçaya getmirəm” - deyib haray çəksə də, körpəmin göz yaşlarına məhəl qoymamaq məcburiyyətində qalırdım. Çünki uşağın evdə aldığı tərbiyə ilə hər hansı məktəbəqədər müəssisədə əldə etdiyi kompleks təlim-tərbiyənin fərqi yüzdə-yüz bəllidir. Ailənin əhatə etdiyi üç-dörd nəfərlik cəmiyyətdən çıxıb daha böyük kollektivlə ünsiyyət qurmaq körpənin təbiətinə yalnız müsbət təsir göstərə bilər. Yaxşı ki, çəkişmələrimiz uzun sürmədi: üç yaşının tamamında qızım nisbətən böyük yaşlı uşaqlarla bir qrupa keçdi və vəziyyət hiss olunacaq dərəcədə dəyişdi. İndi artıq hər səhər onu əvvəlki tək zorla yola salmalı olmuruq, əksinə, özü böyük həvəslə yoldaşlarının yanına can atır. Söz yox ki, hər səbəb arxasında bir səbəbkar dayanır. Elə söhbətimin canı da məhz bu səbəbkarla, daha dəqiq desək, uşaqların özəl dünyasını qurub-yaratmış Ziba müəllimə ilə bağlıdır.

Ziba müəllimə artıq otuz səkkiz ildir ki, Nəsimi rayonunda yerləşən 100 saylı Uşaq bağçasında çalışır, körpələrin tərbiyəsi ilə məşğul olur. Onu tanıdığım beş-altı il ərzində bir şeyə şahid oldum ki, bu xanım işini vicdanla görür. Evdə bir-iki uşaqla dil tapmaqda çətinlik çəkən biz valideynlərə tam örnək sayılacaq şəkildə iyirmi beş-otuz uşaqla eyni zamanda ünsiyyət qurur. Aşıladığı yazılmamış qayda-qanun körpə beyinlərə pozulmayacaq bir dərinliklə həkk olunur. Hətta axşamlar evdə işlətdikləri «yaramazlıqları» da tez “Ziba müəllimə görür” - deyə ört-basdır etməyə çalışırlar. Yox, bu bir qorxu hakimiyyəti deyil, sadəcə, onlarla birgə gəzən gizli nəzarət, təlim çərçivəsinə sığınmış ehtiyatlanmadır. Kimsə söhbətimə kinayə ilə dodaq büzə bilər ki, hə, nə olsun, bu yazdıqların hər bir müəllimin müqəddəs vəzifə borcudur və ya hamı belə edir də. Amma inandırım sizi ki, hamı belə etmir. Körpələrimin təlimini layiqincə təşkil etmək məqsədilə son dövr bir çox uşaq müəssisələri ilə əyani və qiyabi formada təmasda olmuşam. Əksər hallarda hər iki dilli qruplarda səs-küylə, uşaqların «özbaşınalığı» ilə üzləşmişəm. Ola da bilər ki, məsələnin əsl səbəbini başqa yerdə axtarmaq lazımdır. Bəlkə də məvacibi aylıq ehtiyacının üçdə birini ödəməyən tərbiyəçi-müəllim üçün azyaşlı balalara vaxt sərf etmək o qədər də ürəkaçan deyil. Bu halda yalnız daxili mədəniyyət və kübarlıq, insani keyfiyyətlərin üstünlüyü müəllimi düzgün yönləndirə bilər ki, o da ancaq Ziba xanım kimilərdə tapılır. Həmin xüsusiyyətlər isə nə müəllimin təcrübəsi, nə də savadının dərəcəsi ilə ölçülür. Sırf əxlaqi məziyyətlərinin çoxluğu ilə xarakterizə olunur. Ziba xanım əsil-nəcabətli qadın olaraq dərindən-dərinə dərk edir ki, müasir cəmiyyətimizin qurucularından biri də elə özüdür. Bəlkə də, gələcəkdə dünyaya səs salacaq yüzlərlə gəncin ilkin mənəvi özülünün elə uşaq bağçasında qoyulduğu danılmaz həqiqətlərdən biridir.

Kənardan durub məşğələlərini dinlədikcə açıq-aydın hiss edirsən ki, bu sakit, səliqə-sahmanlı təlim-tərbiyə saatları yuxarıda qeyd etdiyim pərakəndə vaxtitirmələrdən yerlə-göy qədər fərqlənir. Uşaqların istirahət saatından özgə boş zamanları yox : onlar ya şeir əzbərləməklə, ya şəkil çəkməklə, ya da müxtəlif rəngli fiqurlar düzəltməklə məşğuldurlar. Uşaqların məişət və mədəniyyət, bacarıq və vərdişlərinə yiyələnmələri burada tərbiyənin hərtərəfli, yüksək səviyyədə təşkilindən xəbər verir. Açığı, evdə qızımı yarım saat eyni yerdə oturdub nəsə maraqlı bir əyləncə ilə başını qatmaqda aciz olduğum halda, onun saatlarla stol ətrafında necə bənd almasına təəccüblənməyə bilmirəm. Bu bir müəllimin uğurudur: körpələrlə birgə rəqs edib nəğmə oxuyarkən gənc, sağlam enerjiylə dolu, biliklərini masa arxasında əyləşib gözlərini zilləyən balacalara aşılayarkən isə ahıl, təmkinli, xanım-xatın görünüşlü bir qadın, bir ana, bir ziyalı tərbiyəçi - ömrünü körpə fidanlara həsr eləmiş Ziba xanımın uğurudur. Dünən əli ilə məktəb həyatına yola saldığı balacaların neçəsinin sorağı bu gün onlarla tanınmış ali təhsil ocağından gəlir. Müəllimçün bundan böyük sevinc təsəvvürə gəlməz. Belə qismət payını bütün balalara, onlara baxıb qürurlanmağı, hələ neçə ilini, beləcə, uşaqlarla sıx təmasda olmağı və cansağlığı ilə bərabər, Ziba müəlliməyə arzulayırıq!  

 

 

Samirə Səma

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 8.