Mərhəmətli olaq

 

Məktub yazsam, verərsənmi?..

 

Vədələşib gəldiyim, mənim üçün bir qədər təzadlı, tərəddüdlü görünən bu məkanda ilk andan ruhum açılır. Nizami rayonundakı 1 saylı Uşaq evinin direktoru Nərminə Zöhrabova ilə söhbət zamanı, uşaq evini gəzdiyimiz anlarda belə uşaqlardakı o açıqlığı, dilavərliyi, səmimiyyəti, adamın düz gözünün içinə baxıb orda yazılanları oxumaq cəhdlərini unuda bilmirəm.  

Çox qəribədir, burda hər şey var, bir mənim gözlədiyim, yolboyu ağrısı ürəyimi sıxan kədərdən savayı. Bura tamam fərqli bir aləm, rəngarəng dünyadır. O dünyanın böyüklərdən böyük uşaqları, uşaq ürəkli böyükləri var. 120 nəfərdilər. Aralarında 3 yaşdan 20 yaşadək olanları var. Ölkəmizin bütün bölgələrindən uzanan, kəsişməyən yolar, magistrallar, cığırlar bir ünvanda birləşir. Burda yol bitir, burdan o yana hamı bircə yolla getməlidi. Uşaq evinin 50 ildən çox yaşı var. 2004-cü ildə yenidən qurulub, burda çoxlarının həsəd apara biləcəkləri, bu günün tələblərinə cavab verən şərait yaradılıb, ən son dəbli avadanlıqlar, əşyalar alınıb, hamısı qayğı ilə qorunur, çəkilən zəhmətə dəyər verilir. Tam təminatlı yataq, məşğələ-rəssamlıq, tikiş, xalça, toxuma, bədii naxış, biçmə-tikmə, kompyuter otaqları, kitabxana, oxu zalı, yeməkxana, idman zalı - hamısını sadalamayaq, bir sözlə, gərəkən varsa, hamısı öz yerindədir. Son illər yaradılan şəraitin, göstərilən qayğının bircə ünvanı var: Heydər Əliyev Fondu, fondun prezidenti Mehriban Əliyeva. Uşaq evi böyük bir ocağa sığınmış ailəni xatırladır. Talelər, xarakterlərsə müxtəlifdir. Bu barədə Nərminə müəllimə danışır:

- Hər uşağın bir nağılı var, bu nağılların bəzisi həqiqətdən yaranıb, bəzisi xəyallardan, düşüncələrdən. Amma hamısını bir tale birləşdirir.

Bir əhvalat danışım. Bir uşağımız vardı, 12 yaşında. Çox istiqanlı kövrək qəlbli, şirin bir oğlan idi. Hər gün gəlib qapımın kandarında dayanır, yazıq-yazıq üzümə baxır, dillənmirdi. Yaşıdlarının ailələrinin tapıldığını eşidirdi, kimlərisə valideynlərinin, qohumlarının gəlib apardığını görürdü, təsirlənirdi. Amma özü barədə heç soruşmurdu. Həmişə deyirdi ki, «uşaqlar deyirlər, məni metronun üstündən tapıblar». Dilə gətirməsə ailəsini tapmağımızı çox istəyirdi. Mən buna çalışırdım, hər dəfə onun baxışlarıyla qarşılaşanda kövrəlirdim. Xeyli yazışmalardan sonra anasını tapdıq, tüfeyli həyat sürən birisiydi, elə ana o uşağa layiq deyildi. Daxilən təmiz, saf uşaqdı, anasını tapdığımızı ona demədik. Bir neçə ildən sonra anasından aldığımız bilgiylə uşağın atasını tapdıq. Atasının çox gözəl ailəsi, böyük uşaqları vardı. O gəldi, əvvəl uşaqla görüşmək istəmədi. Biz qabaqcadan uşağa bu sirri açmayacağımıza söz verdik. Ata övladı ilə görüşdən sonra da onu götürməyə tərəddüd elədi, onunla sağollaşıb getdi. Biz uşağa onun kim olduğunu söyləmədik, «uzaq qohumundur» - dedik. Açığı sonradan heç onunla əlaqə saxlamadıq, bir daha onu narahat eləmədik. Bir müddətdən sonra ata gəldi. Övladlarıyla, həyat yoldaşı ilə birgə gəldi, uşağı apardı. Görünür, məsələni ailəsinə anlatmışdı, onların razılığını almışdı ki, belə bir addım atdı. Mən o atanın xanımını yüksək dəyərləndirirəm, o qadın böyük insandır, bu uşağı doğma övladı kimi qəbul elədi, bağrına basdı. İndi bizdə 18-20 yaş arası 10-a yaxın uşaq var. Ali məktəblərdə, texnikumlarda oxuyurlar, müstəsna hal kimi uşaq evində saxlamışıq. Təhsillərini başa vurandan sonra işlə təmin edib sərbəst yaşamasına imkan yaradacağıq. Bizim uşaq evinin tarixində ilk dəfə olaraq iki oğlumuz bu il əsgərliyə gedib. İbrahim Tərtər bölgəsində, Yaqub Füzulidə hərbi xidmətdədir, komandirləri onlardan çox razılıq edir. Özüm gedib yer-yurdları ilə maraqlanmışam, gündə, günaşırı əlaqə saxlayırıq. Heç bir şikayətləri yoxdur. İbrahimin rütbəsini artırıblar, ayda 26 manat maaş da alır. Biz uşaqlara təhsil, tərbiyə, hətta sənət verir, əsl vətəndaş kimi böyüdürük. 100 nəfər uşaq 220 saylı orta məktəbdə təhsil alır. Ötən il iki nəfər Neft texnikumuna daxil olub. 2009-cu ilin başlanğıcında uşaq evinin həyətində 18 yaşına çatmış qızların müvəqqəti yerləşdirilməsi üçün yataqxana funksiyası daşıyan iki nəfərlik, birotaqlı, tam təminatlı, avadanlığı, mətbəx mebeli, olan 50 mənzildən ibarət beşmərtəbəli bina tikilib istifadəyə verilib. Binanın açılışında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da iştirak edib. Bu dəfə o, uşaq evinə təzə bir avtobus da bağışlayıb. Bu avtobus uşaqların səyahət marşrutlarını bir qədər asanlaşdıracaq. Müsabiqələrdə, festivallarda, olimpiadalarda, xarici ölkələrdə keçirilən festivallarda rahat iştiraka şərait yaradacaq. «Azəri» rəqs ansamblı müxtəlif tədbirlərə, oğlanlardan ibarət reqbi komandası idman yarışlarına daha asanlıqla qatıla biləcəklər. Yayda istirahət evinə, Azərbaycanın görməli yerlərinə səfərlərin təşkili problem yaratmayacaq.

Uşaq evi ilə tanışlıqdan sonra ən fəal qızlarla görüşdük...

Uşaqları hələm-hələm aldatmaq, süniliklə, saxtalıqla sevgilərini qazanmaq olmur. Uşaqların gözü, uşaqların sözü, uşaqların özü - hamısı bir fikri ifadə edir. Onların qəlbi, dünyaları, arzuları tərtəmiz, apaydın. Bütün təmizliklər, saflıqlar bir nöqtədə kəsişir; bapbalaca uşaq ürəyində.

Aydan: Bizim uşaq evində yaşayanlar özlərini yetim kimi, hiss etmirlər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bizə çox böyük qayğı göstərir.

Aynur: Uşaq evi ömürlük deyil, qarşıda ayrı həyat var. Orda bizi nələr gözləyir bilmirik, amma Mehriban xanım qızlar üçün təzə bina tikdirib. 18 yaşından sonra ayrıca evdə yaşamaq imkanımız olacaq. Binanı gəzəndə mən Mehriban xanımın yanında idim. O bizə tapşırdı ki, burda qalanda mütləq məni evinizə qonaq çağırarsınız.

Nəcibə: Biz onun üçün yaxşı süfrə açarıq, yarpaq dolması bişirərik. O, dolmanı xoşlayır. Bir meyvə-tərəvəzi. Bizə həmişə meyvə-tərəvəz yeməyi məsləhət görür.

Xoşbəxt: Mehriban xanım gələndə biz ona öz əlimizlə toxuduğumuz kiçik xalça mənim toxuduğum bir cüt «papış» bağışladıq. Xalçanı da, rəngli, firuzəyi qırçınlı «papışlar»ı çox bəyəndi, təşəkkür etdi.

Səmarə: Doğrudur, bizim hər birimizin ürəyində bir nisgil var: «kaş valideyn, ana qayğısı görəydik». Amma yaxşı biz belə bir uşaq evində böyüyürük, qayğısız yaşayırıq.

Kəmalə: Bəlkə elə ata-analı uşaqlar var bizim qədər qayğılarını çəkən yoxdur. Çox şeydən məhrumdurlar, arzularını həyata keçirə, istədiklərini ala, geyinə, yeyə bilmirlər. Biz bu çətinlikləri hiss etmirik.

Görüşdük, söhbətləşdik, gördüklərimizin, eşitdiklərimizin gerçək olduğuna sevindik.

 

 

Fimar Asimqızı

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 8.