Səhnə palitrasının quruluşu

 

O, ilk qadın rejissorlardandır

 

Budəfəki qəhrəmanım rejissordu. Özü Azərbaycanın ilk peşəkar qadın rejissorlarındandı, xalq artistidi. Gülcahan Güləhmədovanı 70-ci illərin teatrsevərləri yaxşı tanıyırlar. Tale elə gətirdi ki, uzun illər ötəndən sonra onu şəxsən onu şəxsən tanıdım. indi yaşa dolmuş, qənirsiz gözəlliyinin üstündən çox yellər ötmüş bu xanımın peşəkarcasına söhbətinə, sadə, qayğıkeş, mehriban münasibətinə heyran olmaya bilmirsən. Səmimi deyim ki, əlimə qələm alandan bəri Azərbaycanın mədəniyyət, elm, idman tarixinə düşmüş haqqında söhbət açdığım yüzlərlə insanın içərisində Gülcahan xanım təvazökarlığı, intellektuallığı ilə seçilənlərdəndi. Bəs görəsən, bunun mənbəyi hardandı?

- Hardan olacaq? Kökdən, tərbiyədən, müəllimlərimdən. Valideynlərim həkim idi. O zaman ziyalı ailələrdə uşaqlara məğrur olmağı, ləyaqəti gözləməyi aşılayırdılar. Hərçənd mənim uşaqlığım 30-cu illərin tutatut dövrünə düşmüşdü. Xoşbəxtlikdən gənclik illərində tale mənim qarşıma Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Cəfər Cəfərov, Məhərrəm Haşımov başqa ustadları çıxardı. Rus Dram Teatrında mənim düz otuz ilim keçib. Həyatda qazandıqlarıma görə o teatra borcluyam. Eh, xoşbəxt anlarım o qədər olub ki...

- Bəs ağrı-acılar, zərbələr, intriqalar. Bunsuz teatr olar? (İkimiz gülürük)

- edəsən ki, dediyiniz həqiqətdi. Mənim başım az çəkməyib. İnstitutu fərqlənmə diplomuyla bitirib teatra gəlsəm , beş il assistentlik etdim. Şarlaxov kimi təcrübəli aktyorun «bu qız mənə verəcək», Stepanov-Kolosov kimi rejissorun bütün truppaya «bax elə eləməyin ki, onu sizin yanınızda qoyub gedim» kimi tənəli sözlər deməsinə dözdüm. Ancaq onlar həqiqətən böyük sənətkarlar idi. onları da müəllimlərim hesab edirəm. Müstəqil rejissor kimi quruluş verdiyim ilk tamaşa «Şadlıq sorağında» oldu.

- beləcə söz-söhbətə, saysız-hesabsız gül-çiçəklərə, pərəstişkar məktublarına yol açıldı. Yoxsa, siz bu şadlığın sorağındaydınız?

- Doğrudan da, bu məsələdə dərəcədə qanunauyğunluq var deyə bilmərəm, lap yerinə düşüb. Sonra «Mariya Stüart», «Antiqona», «Sən həmişə mənimləsən», «Varşava melodiyası», «On üçüncü sədr», daha nələr-nələr yarandı. Gərək ki, hamısı bir yerdə 70-dən artıqdı.

 - «Kamandorun addımları» tamaşasının adını çəkməyi unutduz. Bu tamaşa sizə Dövlət mükafatı gətirib.

- Heç onu unutmaq olar? Tamaşa böyük rus şairi Puşkinin həyatından bəhs edir. Mən Puşkinin həyatını ətraflı öyrənməyə düz bir il vaxtımı sərf etdim. Qazancımdan kəsə-kəsə üç dəfə Leninqrada (Sankt-Peterburq) getdim. Puşkinin evində saatlarla, günlərlə vaxt keçirdim. O vaxtacan Bakıda rast gəlmədiyim, nadir, qiymətli sənədlərlə tanış oldum. O tamaşanın Dövlət mükafatı alması da elə-belə olmadı. Adi bir misal. Mizanlardan birini belə qurmuşdum ki, çar öz qalın üst geyimini Puşkinin kürəyinə salıb. Tamaşaya baxan komissiya irad tutdu bu mizandı. Puşkin I Pyotr haqqında əsər yazmışdı. Çar da şairdən belə bir əsəri onun üçün yazmağı xahiş etmişdi. Puşkin yazmışdı. Belə olduqda çarın şairə sevgisinin olması təbii idi. Soyuq havada nazik paltarla bayıra çıxmış Puşkinə çarın qayğı göstərməsi inandırıcı idi. Bu fikrimlə hamı razılaşdı.

- Bildiyimə görə, siz orta məktəbdən sonra bir il ərzində iki yerdə - Sənaye Tibb institutlarında oxumusuz. Qonşunuz, sonralar teatrşünas, tərcüməçi kimi tanınan İshaq İbrahimovla bəhsləşərək Teatr İnstitutuna daxil olmusuz. Həmin xoş təsadüfdən altmış dörd il ötür. Həyatınız qədər sevdiyiniz teatrdan enerjili vaxtınızda - 27 il öncə ayrıldız. Yəni doğrudan ayrı çıxış yolu yox idi?

- Bayaq dediyiniz intriqalar, şantaj xəyanətkarlığa etiraz kimi çoxlarının gözləmədiyi halda ərizə yazıb birdəfəlik getdim. Məndən çox soruşurlar yenə ora qayıdarsan? Yox. Demirəm ki, ora pisdi, əsla, ancaq o indi başqadı, mənimki deyil. Hanı o illərin Falkoviçi, Ginzburqu, Tumarkinası, Adamovu, Yegizarovu. Hələ repertuarımızı, tamaşaçılarımızı demirəm. Eh... deyim, heyif.

Gülcahan xanımın bir neçə aydan sonra səksən dörd yaşı tamam olacaq. Yaşının bu çağında da o çalışır. Bakı Musiqi Akademiyasının professorudu. Vokalçı gənclərə aktyor sənətini öyrədir, onların iştirakıyla opera studiyasının səhnəsində maraqlı tamaşalar hazırlayır.

 

 

Seymur Elsevər

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 6.