Milli musiqimizin bələdçisi
“Konservatoriya” dərgisinin
ilk sayı çapdan çıxdı
Qədim tarixə, zəngin
ənənələrə malik Azərbaycan musiqisinin nailiyyətlərinin
çağdaş zəmanəmizdə daha da inkişaf
etdirilməsi və dünya çapında təbliği, gələcəyin
yüksəkixtisaslı mütəxəssislərinin
hazırlanması, milli mədəniyyət
konsepsiyamızın strategiyasını müəyyənləşdirən
başlıca istiqamətlərdir. Təsadüfi deyil ki, son
illər bu sahədə irimiqyaslı layihələr həyata
keçirilmiş, diqqətəlayiq işlər
görülmüş və görülməkdədir. Bu
baxımdan ümummilli lider Heydər Əliyevin 10 avqust 2001-ci
il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan
Milli Konservatoriyasının fəaliyyəti xüsusilə
qeyd edilməlidir.
Sözügedən bu
elmi müəssisə Cənubi Qafqazda musiqi yönümlü
yeganə ali məktəbdir ki, YUNESKO-nun Avropa İncəsəsnət
Universitetləri Liqası (ELYA) təşkilatının və
Türkiyədəki Yüksək Öyrətim Kurumunun
üzvüdür. Hazırda 20 nəfərdən çox xalq
və əməkdar artistin, 5 elmlər doktorunun, 25 professorun,
20-dən artıq dosentin çalışdığı
AMK-da 2 fakültə, 8 kafedra, “Milli musiqinin tədqiqi”, və
“Milli musiqi alətlərinin təkmilləşdirilməsi”
elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir.
Fərəhli haldır ki, qısa bir zaman ərzində Azərbaycan
Milli Konservatoriyasının yetirmələri Fransa, ABŞ,
Kanada, Almaniya, Türkiyə, İran kimi ölkələrdə
verdikləri konsertlərdə Azərbaycan musiqisinin
şöhrətini daha yüksəklərə
qaldırmış, milli musiqimizin salnaməsinə yeni səhifələr
yazmışlar.
Bakının İslam mədəniyyətinin
paytaxtı elan edildiyi 2009-cu ildə isə bu musiqi məbədinin
həyatında daha bir əlamətdar hadisə baş verib: -
Bugünlərdə Azərbaycan Milli Konservatoriyası Elmi
Şurasının qərarı ilə nəşrə
başlayan “Konservatoriya” adlı elmi dərginin ilk sayı
işıq üzü görüb. On bir fəsildən,
otuzdan artıq elmi məqalədən ibarət olan, ildə 6
dəfə dərc olunacaq bu məcmuənin hansı zərurətdən
yarandığı, hansı məqsəd və mərama
söykəndiyi, hansı oxucu auditoriyası üçün
nəzərdə tutulduğu Milli Konservatoriyanın rektoru,
xalq artisti, professor Siyavuş Kəriminin “Ön sözü”ndə
belə açıqlanıb: “Beşikdən qəbrədək
öyrənin” (Həzrəti Məhəmməd Peyğəmbərin
kəlamıdır. C.T.) hikməti, “yüz il yaşa, yüz
il öyrən” təklifi hamımızı gün-gündən
artan informasiya okeanından gərəklini seçməyə,
ən vacibi götürməyə sövq edir. Doqquz il öncə
yaranmış konservatoriyamız milli özüllü musiqi
elmimizi daha da inkişaf etdirmək və sərhədlərini
genişləndirmək üçün “Konservatoriya” adlı
elmi jurnalın nəşrinə başlayıb. Əlinizdə
tutduğunuz jurnalın ilk sayı musiqi elmimizin
çağdaş vəziyyətini əks etdirir. Milli
musiqimizi, musiqi elmimizi daha da inkişaf etdirmək, bu sahədə
təbliğ, təşviq və tədris işlərini daha
da yaxşılaşdırmaq, elmi səviyyəni yüksəltmək
əsas məqsəddir”.
İlk öncə qeyd
etmək yerinə düşər ki, “Konservatoriya” elmi dərgisi
professional musiqişünasların, milli incəsənətimizin
nəzəri problemlərinə dərindən bələd
olan mütəxəssislərin, muğam və xalq musiqisi tədqiqatçılarının,
sənətşünasların, Azərbaycan və Şərq
ədəbiyyatının, poeziyasının, alətşünaslığının
tarixini araşdıran pedaqoqların birgə əməyinin məhsuludur.
Dərginin “Üzeyirbəyşünaslıq”,
“Etnomusiqişünaslıq”, “Azərbaycan muğamları və
təbabət”, ”Alətşünaslıq”,
“İfaçılıq”, “Qaynaqlar” adlı fəsillərində
verilmiş məqalələr öz sanbalı və mövzu əhatəliliyi
baxımından böyük maraq doğurur. Konkret mövzulara
həsr olunmuş bu məqalələr milli musiqi tariximizin
araşdırılması sahəsində təkcə kəmiyyət
etibarilə deyil, həm də keyfiyyətcə yeni bir mərhələdir
desək, yanılmarıq. Bu baxımdan AMK-nın dosenti, sənətşünasliq
namizədi Fəttah Xalıqzadənin ”Üzeyir Hacıbəyli
və folklor musiqisi” sərlövhəli məqaləsi
yuxarıda söylənən fikirləri təsdiqləməkdədir.
Məqalədə milli musiqimizin əsasını qoymuş
ölməz Üzeyir bəyin misilsiz
yaradıcılığının məhz xalq musiqisi, folklor
qolu ilə bağlı məqamları
araşdırılmış, dahi bəstəkarın bu sahədəki
həyat yoluna işıq salınmışdır. Müəllif
məqalədə həmçinin belə bir maraqlı fikri də
önə çəkir: “Muğam təfəkkürünə
xas olan meditasiya tərzi, improvizasiya üslubu, intonasiyalı
tematik inkişaf məqamlarının bərqərar olmuş
semantikası, formayaradıcı gücü və sair ənənəvi
cəhətlər Azərbaycan bəstəkarları
üçün (o cümlədən Üzeyir bəy
üçün-C.T.) tükənməz bədii qaynaq
olmuş və yüzillik sənət təcrübəsində
həmin qaynaqdan rəngarəng istifadə üsulları hasil
edilmişdir”.
Topluda sənətşünaslıq
namizədi, dosent Ülkər Əliyevanın rus dilində dərc
olunmuş “Bütpərəst Qafqaz Albaniyasının musiqi mədəniyyəti”
sərlövhəli elmi araşdırması da milli
musiqişünaslığımızda az işlənmiş və
demək olar ki, daha əhatəli tədqiqatlara ehtiyacı olan
mövzulardandır. Məqalədə eramızdan dörd
yüz il əvvəlki dövrdən başlayaraq,
eramızın dördüncü əsrinə qədər
olan geniş bir arealda araşdırılmış “bütpərəst”
Qafqaz Albaniyasının musiqi mədəniyyətinin ümumi
xarakteristikası milli musiqi tariximizdə ilk dəfə olaraq tədqiqat
predmetinə çevrilmişdir. Müəllif tarixi faktlar əsasında
bir sıra hipotezlər irəli sürərək, Azərbaycan
musiqisində xristian dövrünə qədər Qafqaz
Albaniyası musiqi mədəniyyətinin inkişaf perspektivlərinə
toxunmuşdur.
Dərgidəki “Azərbaycan musiqi
elmində məqam nəzəriyyəsinin təşəkkülü
və təkamülü məsələləri”nə həsr
olunmuş məqalə də maraq doğurur. Bakı Musiqi
Akademiyasının professoru, sənətşünaslıq
namizədi Cəmilə Həsənovanın qələmə
aldığı bu elmi araşdırmada şərq alimlərindən
Əbu Nəsr Farabinin, Əbu Əli ibn Sinanın, Əl
Kindinin, Səfiəddin Urməvinin, Əbdülbaqi
Marağainin, Mirzə bəyin, Mir Möhsün Nəvvabın
və digər qüdrətli zəka sahiblərinin məqam nəzəriyyəsinin
inkişafındakı xidmətləri qeyd olunur. Müəllif
yazır: “Məhz orta əsr Şərq alimlərinin elmi
yaradıcılığı məqam nəzəriyyəsinin
yaranmasına təkan vermiş, elmi-nəzəri fikrin
sonrakı inkişafına işıq saçmış və
öz davamını XX əsrdə Azərbaycan musiqi elmində
yenu mərhələ açan Üzeyir Hacıbəylinin
yaradıcılığında tapmışdır”.
Məqalə müəllifi
belə bir fikri də xüsusilə vurğulayır ki, milli
musiqişünaslığımızda məqamla bağlı
məsələlərin daha dərindən
araşdırılmasına çox böyük ehtiyac
vardır. Bu baxımdan klassik və müasir nəzəri
sistemlərlə yanaşı, milli lad nəzəriyyəsi
konsepsiyasının tədqiqi səmərəli nəticələr
verir və böyük əhəmiyyətə malikdir.
“Konservatoriya”nın “Bəstəkar
dünyası” fəslində dərc olunmuş məqalələr
sırasında “Qara Qarayev yaradıcılığında bədii
məzmun məsələləri” adlı araşdırma da
diqqətdən yayınmır. Məqalədə
musiqişünaslığın çox ciddi bir sahəsinə-bədii
məzmun məsələsinə toxunulur. Musiqişünas
Vüsalə Qarakişiyevanın qələmə
aldığı bu yazıda dünyaşöhrətli bəstəkarın
nəhəng və çoxşaxəli
yaradıcılığında bədii məzmun məsələsinin
nə dərəcədə əhəmiyyətli bir faktor
olduğu önə çəkilir və problemin şərhində
dahi sənətkarın öz sözlərinə istinad edilir.
Vaxtilə musiqidə forma və məzmun vəhdətindən
söz açan Qara Qarayev deyirdi: “Əgər insan öz
dövrünün ideyaları və hissləri ilə
yaşayırsa və o, bunları ifadə üçün dəqiq
forma tapırsa, öz dövrünün həqiqətini, həmçinin
təsirli cəhətlərini verə bilirsə - bu
novatorluqdur. Biz hamımız ifadə vasitələri
axtarırıq, - istər adi olsun, istərsə də
qeyri-adi və ya kəskin olsun, fərqi yoxdur, - istədiyimiz məqamda
onlar bizə yalnız və yalnız fikrimizi ifadə etmək
üçün gərək olur”.
“Konservatoriya” elmi dərgisinin
ilk sayında AMK-nın baş müəllimi İlham Nəcəfovun
“Klassik Şərq və Azərbaycan ədəbiyyatında
ney aləti”, sənətşünaslıq namizədi Abbasqulu
Nəcəfzadənin “Azərbaycan dastanlarında ideofonlu alətlər”,
sənətşünaslıq doktoru, professor Səadət
Abdullayevanın “Azərbaycan musiqi
ifaçılığı təsviri sənətdə”,
Bakı Musiqi Akademiyasının dosenti Elnarə
Dadaşovanın “Azərbaycan xalq rəqslərinin janr təsnifatı”,
Firudin Qurbansoyun ingilis dilində dərc olunmuş “Musiqi ilə
(Azərbaycan muğamları) müalicə”, sənətşünas
Zakir Mirzəyevin “Azərbaycan qarmonu”, respublikanın xalq
artisti Mənsum İbrahimovun “Xanəndə Əlibaba Məmmədovun
sənət ömrü”, AMK-nın dosenti Yaqut
Şıxseyidin “Kamançanın Azərbaycanın musiqi mədəniyyətinin
inkişafında rolu”, İstanbul Dövlət Universitetinin
müəllimi Teymur Rzayevin “İslamaqədərki Azərbaycan
heykəltəraşlığı”, AMK-nın müəllimi
Mahmud Səlahın “Qədim şaman qavalı” və digər
məqalələr də maraqla oxunur. Əsasən mütəxəssislər,
musiqişünaslar, milli musiqi sahəsinin tədqiqatçıları,
tələbələr üçün nəzərdə
tutulan “Konservatoriya” elmi dərgisi həm də bütün
musiqisevər ziyalılarımızın, jurnalistlərin,
KİV nümayəndələrinin stolüstü kitabı da
bilər.
Yeri gəlmişkən
qeyd edək ki, elmi dərgi nöqsan və qüsurlardan da xali
deyildir. Topluda getmiş qrammatik səhvlər, çoxsaylı
korrektura xətaları, bəzi məqalələrdəki dil
və üslub dolaşıqlığı, həmçinin
illüstrasiya materiallarının qıtlığı, təqdim
olunan aşağı əyarlı, monoxrom (ağ-qara) şəkillər,
nəşrin sanbalına xələl gətirib. Əlbəttə,
bütün bu deyilənlər dərgiyə çəkilən
zəhmətlə müqayisədə “bir çəllək
balda bir qaşıq qətran” təsiri bağışlasa da,
arzuolunmazdır.
Çöx güman ki,
nəşrin gələcək saylarında qeyd olunan
qüsurlar aradan qaldırılacaq, “Konservatoriya” elmi dərgisi
oxucularının görüşünə daha oxunaqlı,
daha maraqlı və cəlbedici tərtibatda gələcəkdir.
Bu yolda dərginin bütün cəfakeşlərinə
cansağlığı, yaradıcılıq uğurları,
uca zirvələr arzulayırıq.
Cəlal Tağıyev
Mədəniyyət.- 2009.- 6 mart.- S. 5.