Təbiətin «gözəl
qüsuru»
Kütləvi kataklizmlərin
çoxaldığı, dünyanı bürüyən
ekoloji fəlakətlərin Yer kürəsini titrətdiyi
indiki zamanda mütəxəssislər, alimlər belə bir
fikir irəli sürürlər ki, artıq həyatın sonu
gəlib çatıb. Bu barədə hətta əsaslı faktlar da irəli sürülür.
Amma burada böyük rus yazıçısı Dostoyevskinin
söylədiyi «Gözəllik
dünyanı xilas edəcək» fikri yada düşür. Görəsən, bu dahi “gözəllik” deyəndə nəyi nəzərdə tutub? Rafaelin, Qoyyanın, onlarca rəssam və heykəltəraşın
yaratdığı qadın
cizgiləri əks olunmuş sənət nümunələrini, yoxsa
insanlar arasındakı
münasibətlərin səmimiliyini?
Bu siyahını uzatmaq da olar,
çünki bu çox mübahisəli bir fikirdir. Amma
nədənsə gözəllik
haqqında danışarkən
ilk əvvəl gözümüzün qabağına
bütün incəlikləri
özündə cəmləşdirən
qadın fenomeni gəlir. Qadın kimdir?
Deyirlər ki, qadın -
təbiətin yaratdığı ən gözəl
qüsurdur. Bəs görəsən, təbiət bu «gözəl
qüsuru» necə yaradıb?
Rəvayətə
görə, Allah bu dünyanı 7 günə yaratdı. Və hər şey verdi bu dünyaya: torpaq, hava, su,
dağ, meşə. Lakin Xudavəndi-aləm duyurdu ki, bu dünyanın
nəyi isə çatmır. Və bu zaman Tanrı
yerin ilk sakinini - Adəmi torpaqdan yaradaraq ona nəfəs verdi. Lakin yenə də
nə isə çatmırdı. Və
bu çatışmazlıq
Adəmin özünü
də darıxdırırdı.
Elə buna görə də Allah bu dəfə
Adəmin sol qabırğasından yerin
ilk qadını Həvvanı yaratdı. Nə yazıqlar ki, qadın Həvva ilə kişi Adəm bir-birini başa düşmədilər. O zaman
Allah özünə məxsus olan sevgidən bu iki gəncin qəlbinə saldı ki, onlar bir-birilərini sevsinlər, bir-birilərinə arxa-dayaq olsunlar, bir-birilərini bağışlamağı bacarsınlar.
Elə o zamandan da bu
dünyada dostluğun,
məhəbbətin əsası
qoyuldu. Bu dünyada kişinin ilk dostu qadın
oldu. Harada ki, bu dostluq
var, harada ki, bu dostluğun
içində bir Allah sevgisi var,
orada dünyanın bütün gözəlliyi
tamlanır. Orada xoşbəxtlik var, səadət var. Və nəhayət, Allahın ən xoş nəzəri var. Dünya durduqca bu dostluqdan
qaçmaq mümkün
deyil. Lap son nəfəsdə də olsa, bu
dostluğa, bu nəfəsə bir ehtiyac var, bu
sevgiyə bir ümid var.
Digər bir əfsanəyə
görə, isə Allah-təala gülün gözəlliyini,
yarpağın yüngüllüyünü, ceyranın
baxışını, dovşanın
qorxaqlığını, tovuz quşunun qüsurunu,
tutuquşu sinəsinin yumşaqlığını, pələngin
qəddarlığını, qu quşunun etibarını,
arı pətəyinin yığcamlığını,
balın şirinliyini, ilanın zəhərini, buludların
iniltili göz yaşını, almazın sərtliyini, küləyin
dəyişkənliyini, qızılın
saflığını və nəhayət, Adəm babanın
bir qabırğasını götürüb
qarışdıraraq qadını yaradıb.
Qadın - bizə həyat verən,
canından can bağışlayan, ömürlük qulu,
köləsi olduğumuz anadır. Əli öpülən və
ayağının altında cənnət olan möhtəşəm
ana. Onu istədiyimiz
qədər incidə
bilərik, ancaq o bizdən inciməyəcək.
Bircə yol əlindən öpməyimiz
yetər ki, bütün günahlarımızı
bağışlasın, yenə
bizi sevə-sevə, əzizləyə-əzizləyə isti qucağına alıb uşaqlığımızdakı kimi layla desin.
Anaları bəzən
mavidən mavi, təmizdən təmiz göy üzündə bir parça ağappaq buluda, övladları isə buludların tökdüyü
leysanın bir damlasına bənzədirəm.
Hərdən dumanda yolunu
azmış uşaq kimi əlacsız, köməksiz anlarımızda
hər zaman, hər birimizin möhtac olduğu bir cüt məhəbbətlə
dolu ana gözlərinə, nəvaziş
dolu «ana qurban» kəlməsinə hansımız ehtiyac hiss etməmişik? Anaların ürəyi də sahilsizdir, məhəbbəti də.
İnamı da, dözümü də. Göylərə sonsuzluğu,
Günəşə məhəbbəti,
insana inamı, dünyaya dözümü
analar bəxş edib. Hər birimizin qəlbində bu sonsuzluğun, məhəbbətin, inamın,
dözümün bir zərrəsi yanır. Dünyamızı köhnə
sahmanında ləngərli
saxlayan da, onu hər yeni
gəlişilə dəyişən,
təzələyən də
analarımızdı. Biz
ömrümüzlə, taleyimizlə,
beşikdən son anımızadək analara
borcluyuq. Bizi yaradan, yaşadan, qayğısı ilə ovudan analara borcumuzu ödəyə biləcəyikmi? Son anımıza qədər
bu qayğıya möhtacıq.
Qadın - dərdimizə,
qəmimizə ortaq olan, sevincimizə şərik
çıxmağı bacaran, təmənnasız
qayğısı, nəvazişi ilə bizə dayaq olan
bacıdır. Ailənin cəfakeşi, incə, həssas, zərif,
ağıllı, mehriban, ülfətli və namuslu bacı.
Qadın - sevgilidir. Bir ingilis yumorunda
deyilir: Allah öncə kainatı yaratdı, sonra istirahət elədi. Allah sonra kişini
yaratdı və yenə istirahət elədi. Nəhayət, Allah qadını yaratdı və o vaxtdan nə
Allah istirahət eləyib, nə də kişi. Əlbəttə, bu bir zarafatdır. Əslində isə qadın gələcəyin
yaradıcısıdır. Gələcək nəsli
dünyaya gətirən
də, onu tərbiyə edən də qadındır.
Fransızlar hamilə
qadın görəndə şlyapalarını
çıxarırlar, yaponlar hamilə qadınla rastlaşanda
təzim edib ona yol verirlər. Çünki
qadın - anadır, qarşısında da baş əyməyə dəyər. Və insanlar Allah-təaladan savayı, yalnız ananın qarşısında baş
əyə bilərlər.
Qadın -
ömür-gün dostu, qəlb sirdaşı, sevgi
dünyasının şahı, ev-eşiyin bəzəyi,
od-ocağın istisi, həyat yoldaşıdır. Onun bir
şirin gülüşü, gözəl təbəssümü
günəş şüasının hərarətinə,
qaş-qabağı isə yarpaq tökümünə bənzər.
Qadın - bütün
varlığı ilə bizə bağlı olan,
nazımızı çəkib, könlümüzü
oxşayan, bizi son mənzilə yanıqlı laylalarla yola
salan övladdır.
Sonda isə bu bahar ayının bahar ətirli bayram günündə sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm, əziz qadınlar! Ruhunuzu heç vaxt, heç bir vəziyyətdə kədər, ümidsizlik bürüməsin. Qəlblərinizin odu heç vaxt sönməsin, mehriban çöhrənizdən gülüş, təbəssüm heç vaxt əskik olmasın! Sizlərə bahar səması qədər saf, quzey qarı qədər təmiz, ləkəsiz bir məhəbbətlə sevib-sevilməyi arzu edirəm!
Nahidə Nəcəfova
Mədəniyyət.- 2009.- 6 mart.- S. 3.