I Respublika Muğam Müsabiqəsinə start verildi
Bildiyiniz kimi,
martın 17-dən 25-dək Bakıda Heydər Əliyev
Fondunun təşəbbüsü ilə «Muğam aləmi»
adlı Beynəlxalq Festival keçiriləcək. Bu
böyük mədəniyyət hadisəsi, milli sərvətimiz
olan muğamın dünya mədəniyyətinin tərkib
hissəsi olduğunu bir daha nümayiş etdirir.
2009-cu ildə
Bakının İslam mədəniyyətinin paytaxtı elan
olunması ilinə təsadüf edən festival çərçivəsində
simpozium və konfransların, eləcə də beynəlxalq
muğam müsabiqəsinin keçirilməsi nəzərdə
tutulur. Tədbirin tərkib hissələrindən biri də
I Respublika Muğam Müsabiqəsidir. Heydər Əliyev
Fondu, Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqının təşkil etdiyi yarışmaya Azərbaycan
Mədəniyyətinin Dostları Fondu və Azərbaycan
Respublikası Təhsil Nazirliyi də dəstək verib.
Elə dünən R.Behbudov adına Dövlət Kukla Teatrında I Beynəlxalq
Muğam Festivalında iştirak edəcək gənc muğam
ifaçılarının I Respublika Muğam Müsabiqəsinə
start verildi.
Müsabiqənin
açılışında iştirak edən təhsil naziri
Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev tədbirin muğam sənətinin inkişafına
böyük töhfə olduğunu dedilər.
Təhsil naziri Misir Mərdanov
I Beynəlxalq Muğam Festivalının keçirilməsini
çox yüksək qiymətləndirdiyini və bu layihənin
Heydər Əliyev Fondunun muğam sənətinə diqqətinin
nümunəsi olduğunu bildirib: “Bu gün hamımız
xoşbəxt insanlarıq ki, müstəqil, çiçəklənən,
dünya dövlətləri sırasında öz nüfuzu
olan dövlətin vətəndaşlarıyıq. Təbii ki, bu da ölkə rəhbəri cənab
İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.
Bu gün çox vacib bir tədbirə
toplaşmışıq. Azərbaycanın
birinci xanımı, hər bir Azərbaycan vətəndaşının
sevimlisinə çevrilmiş Mehriban xanımın təşəbbüsü
ilə ölkəmizdə Beynəlxalq Muğam Festivalı
keçiriləcək. Bu, çox
böyük hadisədir.
Son illər
ölkəmizin mədəni həyatında baş verən ən
önəmli hadisələrdən biri də muğam sənətinə,
milli təfəkkürümüzün özülü olan
xalq yaradıcılığına böyük diqqət və
qayğıdır. Təbii ki, bu qayğı birbaşa
dövlətimizin başçısı və onun
xanımı tərəfindən həyata keçirilir.
Əslində bu həm də muğamsevərlərə,
bu sənətin təəssübünü çəkənlərə
qarşı sevginin təzahürüdür. Müsabiqədə ölkəmizi təmsil edəcək
gənclərə uğurlar arzu edirəm. Azərbaycan festivalın təşkilatçısı
kimi bu tədbirə çox ciddi şəkildə
hazırlaşır. Azərbaycan tərəfindən
bu mötəbər festivalda iştirak edəcək gənc
ifaçıları müəyyənləşdirmək
üçün bu gün buraya
yığışmışıq. Bu
gün müsabiqənin ilk mərhələsi başlayır.
Bu müsabiqəyə 100-dən artıq
muğam ifaçısı öz sənədini təqdim edib
və onların arasından 27 nəfər seçilib”. M.Mərdanov
çıxışı zamanı mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə bu vəzifəni
daşıdığı müddət ərzində həyata
keçirdiyi layihələrə görə təşəkkürünü
də bildirdi: “Əbülfəs Qarayev bu cür işləri
ilə bu vəzifəni layiqincə həyata keçirir. O,
Qarayevlər nəslinin layiqli davamçısı olduğunu
sübut edir”. Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev I Beynəlxalq
Muğam Festivalının həyata keçirilməsinin Azərbaycan
xalq sənətinin inkişafı üçün dəyərli
layihə olduğunu diqqətə çatdırdı: «Azərbaycan
xalqı çox gözəl dövrü yaşayır. Bu dövr iqtisadi, sosial, siyasi inkişafla
yanaşı, mədəniyyətin tərəqqisi ilə də
müşayiət olunur. Bu inkişaf
yenilik, tərəqqi və müasirliklə müşayiət
olunur. Azərbaycanın bu gün dünya
ictimaiyyəti qarşısında özünə layiq yer
tutmasının, öz imicini formalaşdırmasının əsasında
təbii ki, cənab prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasət durur.
Bunun məntiqi nəticəsidir ki, bir il
bundan öncə İSESKO kimi nüfuzlu beynəlxalq qurumda Azərbaycanın
paytaxtı Bakı İslam mədəniyyətinin paytaxtı
elan olundu. İlin açılışı ilə
əlaqədar bu yaxınlarda həyata keçirilən təntənəli
mərasim də bunun bariz nümunəsi oldu. Təbii ki, bu festival həmin ilin tədbirlərinin ən
öncülü, incisidir. Bu gün
muğam yenidən xalqa, onu yaradan və yaşadan millətə
qayıdaraq adət-ənənlərimizin əbədiyaşarlığının
isbatı oldu. Hörmətli Mehriban
xanımın təşəbbüsü ilə Azərbaycanda
muğam sənəti ilə bağlı bir çox uğurlu
layihələr həyata keçirilmişdir. Onun təşəbbüsü ilə Bakıda
analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi tikildi. Təbii ki, bütün bu addımlar bir siyasətin
- xalqın maddi-mədəni irsinə ehtiramın təzahürüdür.
Hesab edirəm ki, ı Respublika Muğam
Müsabiqəsinin keçirilməsi bu işin
davamıdır. 100 nəfərdən
artıq iştirakçı arasından seçilən 27
muğam ifaçısının həyatında
yarışmanın öz yeri var. Çünki bu, ilk və
çox mötəbər tədbirdir. Mən
inanıram ki, münsiflər heyətinin də qərarı həmişə
olduğu kimi ədalətli olacaq və Azərbaycanı ı
Beynəlxalq Muğam Festivalında təmsil edəcək
layiqli iştirakçıları seçəcəklər.
Əminik ki, iştirakçılarımız o
müsabiqədə də layiqli yer tutacaqlar».
Nazir həmçinin ı
Beynəlxalq Muğam Festivalının Heydər Əliyev
Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı,
Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil
Nazirliyinin sponsorluğu ilə “Muğam aləmi” adı
altında baş tutacağını diqqətə
çatdırdı. Qeyd edək ki, dünən
müsabiqədə iştirak edən 27 gənc muğam
ifaçısının püşkatması da keçirildi.
Müsabiqədə 27 muğam
ifaçısının iştirakı nəzərdə
tutulsa da, onların 24-ü müsabiqənin
püşkatmasına qatılıb. Püşkatmada
iştirak etməyən üç gənc muğam
ifaçısı - Abgül Mirzəliyev, Güldanə
Cavadzadə və Rəvanə Ərəbova münsiflər
heyətinin qərarı ilə müsabiqədən kənarlaşdırıldı.
Digər iştirakçıları
8 nəfərdən - xalq artistləri Əlibaba Məmmədov,
Arif Babayev, Ağaxan Abdullayev, Siyavuş Kərimi, Səkinə
İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və
Azərbaycan Mədəniyyəti Dostları Fondunun direktoru
İbrahim Quliyevdən ibarət münsiflər heyəti qiymətləndirdi.
Xatırladaq ki, qalib
adını alan 4 iştirakçı həm
də beynəlxalq muğam müsabiqəsində
çıxış etmək hüququ qazanacaq.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2009.- 6 mart.- S. 2.