Məmməd Araz ürəyi
Məmməd Aslan
xatırlayır:
"Ədəbiyyat və
incəsənət " qəzetində işləyirdik. Hər
günorta Zevin küçəsində yerləşən
redaksiyadan qalxıb dənizin gözünə girmiş
"Sadko" qəhvəxanasına qəhvə içməyə
gedirdik.
Bir dəfəsində Məmməd
( Məmməd Araz ) ehtiyatla soruşdu:
-Sabah günorta özgə
bir işin yoxdu ki?
- Var.
Daha heç nə soruşmadı. Ona görə özüm dilləndim:
- Niyə soruşmursan:
işin nədi?
- İş işdi də.
Deməli, imkanın yoxdu.
- Yox, demək istəyirdim
ki, işim-peşəm günortalar səninlə
"Sadko"ya getməkdir.
- Onda sabah həvəsin
varsa, birlikdə bu fabrik-zavod məktəbləri tələbələrinin
klubunda mənim oxucularla görüşümə gedərik.
Novruz bayramı ərəfəsiydi. O zamanlar
xalqımız bu bayramı dövlətdən,
məmurlardan gizli keçirirdi. Bayramın səhərisi az
qala adamın ağzına baxırdılar
ki "aş yeyib, yeməyib". Tonqalların
başında ancaq uşaqlar düyülərdi.
Yasaq istəkləri
alovlandırır . Ona görə də
uşaqlar elə indi aşkarda keçirtdiyimiz bayramdan daha çox ehtirasla bu bayrama
hazırlaşar, məktəbi-zadı
buraxıb, bayramlaşmağa
gedərdilər.
Görüş
keçiriləsi klubda Məmmədi bu qayğıdan
doğan bir "xoşagəlməzlik" gözləyirdi
.Yalan olmasın cəmi - cümlətanı ya beş uşaq
vardı, ya altı. Görüşü təşkil edənlər
yamanca pərt olmuşdular. "Bir az da gözləyək",
- deyə qapı-pəncərədən
yollara boylanırdılar . Amma nə
qədər... zor deyil ha, uşaq gəlmirdi... Hardaydı ki, gələ?
Hamı çıxıb rayonlara getmişdi.
Mən də pərtliklə
Məmmədin qoluna girdim:
- Gedək, əmi
- Hara?
- Belə oldu də...
Məmməd çox
böyük təhnizlə üzümə baxıb, sakitcə
oturub gözləyən bu beş-altı günahsız tələbəni
göstərdi:
- Onların təqsiri nədir?
Gəlməyənlərin yerinə bunlaramı cəza verək?!
Sonra da kişi oğlu,
kişi dolu salonlarda kürsüdən çıxış
edirmiş kimi çox böyük həvəs və maraqla ən
seçmə əsərlərini söyləməyə
başladı. Özü də necə: Bu uşaqların ətrafında
dolana-dolana, onların boynunu, başını
sığallaya-sığallaya.
İndi mən onun səsini
eşitməkdən daha çox, bu ürəyinə
heyranlıqdan özümə qapılmışdım
Tribunalardan salonlara naz
satan, aləmdən özünü yüksəkdə görən,
dahilik iddiası ilə hər kəsi özünə borclu
bilən qələmdaşlarımız üçün, elə
bilirəm ibrətli misaldır...
Mədəniyyət.- 2009.- 11 mart.- S. 13.