Vidadi Babanlı: «Ədəbiyyatda
onun dəyişilməz prinsipləri
vardı»
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev məşhur
yazıçı Mehdi Hüseynin
anadan olmasının 100 illiyinin
yüksək səviyyədə qeyd
olunması ilə əlaqədar sərəncam imzalayıb. Qeyd edək ki, Mehdi Hüseyn Azərbaycanın
xalq yazıçısı, SSRİ
Dövlət mükafatı laureatı olub.
Yazıçı-dramaturq, tənqidçi, ictimai xadim kimi
tanınan M.Hüseyn Azərbaycan
Yazıçılar İttifaqının sədri olmuşdur. 1909-cu ildə Qazax
rayonunun Şıxlı kəndində dünyaya göz
açmış yazıçı «Xavər», «Abşeron», «Vətən çiçəkləri»,
«Səhər» kimi əsərlərin
müəllifi olaraq geniş
oxucu kütləsi
qazanmışdır. Yazıçı 1965-ci ilin
martın 10-da Bakıda vəfat etmişdir.
Mehdi Hüseyn ədəbiyyatımızda
gənc nəslə qayğısı ilə də tez-tez xatırlanır. Onun
qayğısı ilə ədəbiyyatda imzasını təsdiq
etmiş nasir Vidadi Babanlı bizimlə söhbətində
də o illəri xatırladı:
- Vidadi müəllim, Mehdi Hüseyn Azərbaycan
xalqı üçün kim
idi?
- Mehdi Hüseyn
Azərbaycan ədəbiyyatının ən görkəmli
nümayəndələrindəndir. İstər ictimai, istər ədəbi fəaliyyəti ilə
örnək idi. Mən hətta deyərdim
ki, ədəbi tənqidçi kimi o öz
yaradıcılığından üstün
idi. Sözsüz ki, «Səhər», «Qara daşlar», «Yeraltı çaylar dənizə axır», «Abşeron» kimi dəyərli
əsərlərin müəllifi olan Mehdi Hüseynin imzası
Azərbaycan ədəbiyyatı üçün
ciddi fakt idi. Ədəbiyyat barədə fikirləri
yüksək elmi səviyyələrdə
hörmət və heyrətlə
qarşılanırdı. Bir faktı
xatırladım. O vaxtlar sovet
respublikalarının yazıçılar birliyinin
sədrləri yay aylarında Moskvaya gedər və müvəqqəti olaraq SSRİ Yazıçılar
İttifaqının katibi kimi
fəaliyyət göstərərdilər. Mehdi
müəllim də belə bir katib funksiyasını yetirəndə mən də
Moskvadaydım. Onu daim
tanınmış rus
yazıçılarının, tənqidçilərinin əhatəsində
görürdüm. Mehdi
müəllimlə söhbət etmək, fikir
mübadiləsi aparmaq onlara
çox xoş gəlirdi
və onun fikirləri ilə
razılaşırdılar. M.Hüseyn həm
də öz xalqının görkəmli
ziyalısı olaraq yüksək mədəniyyəti
ilə fərqlənən humansit insan idi.
- Mehdi Hüseynin
Azərbaycan Yazıçılar İttifaqının sədri
kimi siz gənclərə
münasibəti necə idi?
- Ədəbiyyatda onun
dəyişilməz bir prinsipi
vardı. Yaxşıya yaxşı, pisə pis
deməyi bacarırdı. Yazıçılar
İttifaqının sədri olanda
istedadlı gəncləri tam qayğı
ilə əhatə etməyə çalışırdı.
Yadımdadır, İsa Hüseynovu
nə qədər hücumlardan qoruyurdu. Çalışırdı ki, gənc istedadlar çap çətinliyində ruhdan düşməsinlər. Ümumiyyətlə,
Mehdi müəllim öz
müasiri və yaxın dostları olan Süleyman Rəhimov,
Əbülhəsən, Əli Vəliyev kimi
yazıçıları belə tənqid etməkdən
çəkinməzdi. Onlar da bu tənqidi normal qarşılayırdılar.
- Bu qayğıdan hansı gənclər
sonradan ədəbiyyatımızın
gerçək imzasına çevrildilər?
- İsa Hüseynov, Nəbi Xəzri, Əliağa
Kürçaylı, Bayram Bayramov,
İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və bir çox
başqaları Mehdi müəllimin
qayğı göstərdiyi gənc nəsildən ortaya çıxmış, ədəbiyyatımızın
inkişafında fərqlənmiş yazarlar
oldu. M.Hüseyn
dünyasını dəyişəndə böyük
insan Mir Cəlal Paşayevin «Ədəbiyyatımız yetim qaldı» sözlərini eşitmişdim.
Bu təsadüfi sözlər deyildi. Çünki Mehdi müəllimin yoxluğundan
ədəbiyyatımıza qayğı sarıdan xeyli boşluq yarandı.
- Maraqlıdır, bəs sizin Mehdi Hüseynlə isti
münasibətləriniz necə yarandı? Bildiyimizə
görə, gənc yazar olaraq
Mehdi müəllim sizin
də yaradıcılığınıza diqqətini əsirgəmirmiş.
- Bilirsiniz, mən ədəbiyyata poeziya ilə gəlmişəm. Şeirlərim
Bakıda və Moskvada çap
olunmuşdu. Moskvada təhsil
aldığım vaxtlar idi.
Bir poema yazmaq istəyirdim. Heç
cür alınmırdı. O vaxta qədər oçerk
belə yazmamışdım. Məni narahat
edən mövzunu nəsrə çevirib bir povest yazdım. Göndərdim Azərbaycan
Yazıçılar İttifaqına. O vaxt
gənclər üzrə məsləhətçi İlyas Əfəndiyev idi.
Onun imzası ilə məktub aldım. Povest bəyənilmişdi
və bəzi düzəlişlər məsləhət görülürdü. Düzəlişləri
edib, yay vaxtı
Bakıya dönəndə povesti «İnqilab və mədəniyyət», indiki «Azərbaycan» jurnalına apardım.
Əli Vəliyev jurnalın baş redaktoru idi. Povesti verib,
çapını gözlədim. Yay tətili
qurtarırdı, amma povest
çap olunmurdu, məndə
Moskvaya qayıtmalı idim.
Həm çap olunmaq
arzuma, həm də kasıb tələbə
kimi qonorara görə
yenidən jurnalın redaksiyasına yolladım. Əli müəllim
dedi ki, özün get Mehdi müəllimin yanına gör
nə deyir. Mehdi
müəllimin kabinetinə girib sakitcə
dayandım. Eynəyinin altından baxıb soruşdu
ki, «nə istəyirsən, bala?» Dedim ki,
bəs mənim povestim çap
olunmayıb. Sözümü
ağzımda qoyub dedi
ki, xahiş etməyi
də bacarmırsan, povestini oxumuşam, növbəti nömrədə çap olunacaq. Sənsə
yazmağını dayandırma, əsərin çox
xoşuma gəldi. Böyük
sevinclə onun otağını tərk etdim. Növbəti nömrədə əsərim
çap olundu. Moskvadan qayıdanda mənə xəbər
verdilər ki, bəs Mehdi
müəllim povestə yüksək qiymət verir
və səni axtarır. Evinin
ünvanını verdilər, çəkinə-çəkinə
getdim. Gülərüzlə
qaşıladı. Tənqidi qeydlərini söyləyib dedi ki, povestinin
kitab halında çapını
hazırla, amma bəzi
çatışmazlıqları yenidən işlə. Beləcə,
«Gəlin» adlı ilk kitabım M.Hüseynin sayəsində çapdan
çıxdı və o vaxtdan
nəsrə keçdim.
- Neçə yaşınız vardı ilk
kitabınız çap olunanda?
- 26 yaşım vardı, o vaxt bu yaşda
kitab nəşr etdirmək çox çətin idi.
Kitabdan sonra bir hekayə yazıb çap
etdirmək istəyirdim. «Kommunist» qəzeti
çapa götürdü.
Çap olunmamışdan əvvəl isə
hekayəni Mehdi müəllimə oxudum. Qısaca dedi ki, hələ çap tezdi, cilalanmağına ciddi
ehtiyac var. Düzü, incidim və pərt
oldum. Sonradan həmin
hekayəni nəzərdən keçirəndə Mehdi müəllimin verdiyi
qiymətin dəqiqliyinə inandım və hekayəni yenidən
işlədim.
- M.Hüseyn imzalı hansı əsəri
daha çox
xoşlayırsınız?
- «Səhər» inqilabi əsər idi. «Abşeron» neftə həsr
olunmuşdu. Amma mənim
ən çox xoşuma
gələn «Yeraltı çaylar dənizə
axır» povesti idi. Bu povest Stalinin ölümündən
sonra yazılmış cəsarətli əsər
idi. Çoxları bu
əsərdən sonra müəllifin cəzalanacağını
düşünürdü. Əsər sovet ideologiyasının əleyhinə
idi, 37-ci il repressiyalarından bəhs
edirdi. Əslində Mehdi müəllimin əsl yaradıcılıq
ömrü başlayırdı.
Amma təəssüf
ki, 56 yaşında, qəfildən vəfat etdi. Mehdi Hüseyn həm
də «Cavanşir», «Alov» kimi pyeslərin
müəllifi idi.
- Bəzi əsərlərinə film də
çəkilib.
- «Səhər»
əsəri ekranlaşdırılıb.
Mehdi müəllimin «Qara daşlar» əsərinə
çəkilən film isə
xüsusilə bəyənilirdi.
Bir çox əsərləri
isə səhnəyə
qoyulmuşdu.
- Vidadi müəllim, M.Hüseynin
100 illiyi bu il dövlət
səviyyəsində qeyd
ediləcək. Bu baxımdan onunla təmasda olmuş yazıçı kimi xatirələrinizi qələmə
almısınızmı?
- Mənim «Gizlinlər» adlı avtobioqrafik əsərim var.
O dövr yazıçılarından
Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rəhimov haqqında xatirələrimi
qələmə almışam.
Bu əsərdə Mehdi Hüseynlə bağlı xatirələrə,
faktlara kifayət qədər yer ayırmışam.
- Deyirlər, Mehdi Hüseyn sərt xarakterli, ağırtəbiətli olub.
- Onun sərtliyi yalnız ədəbi məsələlərlə
bağlı idi. Ədəbiyyatda güzəşti sevmirdi. Amma xeyirxahlığını, qayğıkeşliyini kimsədən
əsirgəmirdi. Ova getməyi çox sevirdi. Həmişə də İsmayıl
Şıxlı ilə
ova çıxardılar. Məni də bir neçə
dəfə özü
ilə aparıb.
Onda görmüşəm ki, Mehdi müəllim necə zarafatcıl, hazırcavab insandır.
Mehdi müəllimi hər dəfə xatırlayanda
Mir Cəlal Paşayevin
o dəqiq qiyməti yadıma düşür.
- İndiki
ədəbi gənclik
M.Hüseyndən hansı
örnəyi qəbul
etməlidir?
- Bu günün
ədəbi gəncliyində
obyektivlik çatışmır.
Yersiz mübahisələrlə ədəbiyyat
yaranmır. Bir-birilərini tərifləyib, digərlərini
pisləmək adəti
yaranıb. İstərdim ki, gənclik ədəbiyyata baxışda
Mehdi Hüseyn sərtliyini və prinsipiallığını örnək,
yol olaraq qəbul etsin.
Sabutay
Mədəniyyət. - 2009.- 11 mart.- S. 13.