“Niyyət”in hara...
Samir Kərimoğlu: “Çəkdiyim
filmin beynəlxalq festivalda mükafat alacağına inanıram”
Son illərdə
kinomuz dövlət qayğısı hesabına
yeni dirçəliş
mərhələsinə qədəm
qoyub. İlbəil filmlərin sayı və onlara ayrılan vəsait artır, gənclərə
özlərini kinoda sınamaq imkanı verilir. Gənclər isə dövlət hesabına ərsəyə
gələn “böyük
kinoya” birdən- birə gələ bilmirlər. Burda istedad, inam və
etibar çox önəmli rol oynayır. “Sirat körpüsü”, “Qanadlarıma
sığal çək”
filmləri ilə bu etimadı qazanan gənc rejissor Samir Kərimoğlu hazırda Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında
yeni ekran əsəri üzərində
işləyir. Çəkilişləri
davam edən film ilin sonuna kimi
təhvil veriləcək.
Rejissorla söhbətimiz
əsasən yeni filmi ətrafında olsa da, imkan
tapıb digər mətləblərə də
aydınlıq gətirdik.
- Sizin filmin ssenari müəllifi Yavər Rzayevdir. Bildiyim qədər ssenaridə bəzi dəyişikliklər
etmisiniz. Müəllifin
buna münasibəti necə oldu?
- Doğrudur,
ssenaridə Yavər Rzayevin razılığı
ilə bəzi dəyişikliklər etdim,
çünki bu çox vacib idi. Ssenari on il əvvəl yazıldığından onu
bu günümüzə
uyğunlaşdırmalıydım. Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan
edir. Qəhrəmanlardan
biri qumar oynayır, içki içir, gününü
boş və mənasız keçirir,
o birisi isə dünyanın əyləncələrindən
imtina edib bir niyyətlə yaşayır. Həyat bu iki gəncin
yollarını toqquşdurur
və sonda hər ikisi bir yolda addımlamağa
başlayırlar.
- Film hansı
adla ictimaiyyətə
təqdim olunacaq?
- Bu filmin
adında da müəyyən maraqlı
məqamlar var. Ssenari
“Həcc” adı ilə yazılıb, “Ziyarət” kimi istehsalata buraxılıb,
“Niyyət” kimi isə ictimaiyyətə təqdim olunacaq. Soruşa bilərsiniz ki, niyə “Niyyət”? “Həcc” və “Ziyarət”? Bu, sanki filmi bağlayır.
Davama ehtiyac olmur. Niyyət isə filmə tam uyğundur. Filmdə qəhrəmanlardan birinin niyyəti Las-Veqasda qumar oynamaqdırsa, digərinin məqsədi,
niyyəti Həccə
gedib Məkkəni ziyarət etməkdir.
- Hazırda
film hansı mərhələdədir?
- Çəkilişləri
davam etdiririk. Tezliklə pavilyon çəkilişlərinə start veriləcək. İki həftə davam edəcək pavilyon çəkilişlərindən sonra aprel ayında
son çəkilişlər üçün Səudiyyə
Ərəbistanına- Məkkəyə
yola düşəcəyik.
May ayından filmin montaj, səsləndirmə
mərhələsi başlayacaq.
İnşallah, sentyabr
ayında “Niyyət”in
premyerasını planlaşdırırıq.
- “Sirat körpüsü” və “Qanadlarıma sığal çək” filmlərinizdə
daha çox qeyri-peşəkar aktyor heyətinə üstünlük
vermisiniz. Yeni filminizdə kimləri görəcəyik?
- Peşəkar
aktyorlarla işləmək
daha rahatdır, amma bəzən qeyri-peşəkarlar da gözəl oyun göstərirlər.“Sirat körpüsü”ndə
qeyri- peşəkar saydığımız Elşən
Xəzər, Rövşən
Ağayev, “Qanadlarıma
sığal çək”də
on üç yaşlı
İnna Xripnova özlərini doğrulda bildilər. “Niyyət” filmində isə çox maraqlı və peşəkar aktyor heyəti ilə çalışırıq.
Qəhrəmanlardan birini
canlandıran Fuad Axundov peşəkar aktyor deyil. Bu, filmöncəsi bir çoxlarını narahat
edirdi. Amma Fuad sübut etdi ki, rejissor
seçimində yanılmayıb.
Digər rolları Rövşən Məmmədov,
əməkdar artist Münəvvər
Əliyeva, Naidə Əliyeva, Nana Bax (Almaniya), Elşən Rüstəmov oynayır.
- Bəs filmin texniki heyəti barədə nə deyə bilərsiniz?
- Texniki heyət də tam peşəkar insanlardan formalaşıb. Quruluşçu
operator Nadir Mehdiyev, quruluşçu
rəssam Fikrət Ələkbərov, səs
rejissoru Əsəd Əsədov və Pərviz Ramizoğlu, bəstəkar Tunar Rəhmanoğludur. Filmin bədii rəhbəri isə Rüstəm İbrahimbəyovdur.
- Məşhurlardan
biri deyib ki, filmi insan
çəkir, insanlarla
birgə çəkir
və insan üçün çəkir.
Gənc rejissor kimi siz necə
düşünürsünüz?
- Kino rejissorun
özüdür. O, rejissora
aiddir, amma onun deyil. Rejissor
filmi özü üçün çəkməməlidir.
Film birbaşa tamaşaçınındır.
İstər dövlət,
istərsə də prodüser çəkəcəyin
filmə müəyyən
miqdar pul ayırırsa, demək, bu pulu sənə
boş-boşuna vermir.
Sən də bunun qarşılığında
xalqa səviyyəli və mükəmməl
film verməyə borclusan.
Hərdən rejissordan
soruşurlar ki, filmin bu yerini
niyə belə çəkmisən, rejissor
cavab verir ki, film mənimdi, istədiyim kimi də çəkmişəm.
Axı film sənin deyil, tamaşaçınındı.
Onun yaxşı, yaxud da pis
olmağına tamaşaçı
qərar verməlidir.
Adi və professional tamaşaçının filmə
baxış bucağı
da başqadır. Rejissorun borcu isə hər iki tamaşaçını
razı salmaqdır.
- Siz dediyiniz borc rejissorun özü üçün məhdudiyyət
yaratmır ki?
- Qətiyyən.
Əksinə bu rejissorun özünü sınaması üçün
şansdır. Əgər
rejissor öz kinosunu çəkmək istəyirsə, bunu öz puluna etməlidir. Dövlətin
hesabına çəkilən
filmlərə daha məsuliyyətlə yanaşmaq
lazımdır. Çünki
çəkdiyin film sabah
dövlətin xaricdə
kino siması olacaq. Kino xaricə çıxırsa, demək
bu xalqın özünü, mədəniyyətini
həm təmsil edir, həm də təbliğ. Hazırda ölkəmizdə
kino bazarı olmadığından bu nəhəng sistem yalnız birtərəfli inkişaf edir. Dövlət geri almamaq şərti ilə kinoya pul ayırır. Amma əminəm ki, yaxın illərdə bizdə bazar da olacaq,
kinoprodüserlər də
çoxalacaq, kinoya investiya da qoyulacaq
və o zaman kinomuzun inkişafı hərtərəfli olacaq.
Kino elə biznesdir ki, həm zövq
verir, həm də çoxlu pul qazandırır.
- Ümumiyyətlə,
bizim kino deyilən məfhum varsa, bunu necə
görürsən?
- Bizim kinoda Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Arif Babayev
kimi rejissorlar olub. Bu rejissorların filmləri əsl Azərbaycan kinosudur. Arada çox uzun fasilə verildi. Amma son illər kinomuz dirçəlib və bu da gələcəyə
nikbin baxmağa əsas verir. Azərbaycanda kinonun gələcəyinə inanmayan
insanlara sadəcə bir sualım var. Onlar nə vaxtsa
inanardılarmı ki,
Azərbaycanda idman, siyasət, təhsil belə inkişaf edəcək? İnanın,
beş ildən sonra Azərbaycan filmləri dünya səviyyəsində təmsil
olunacaq. Bunun üçün çalışmaq
lazımdır və çalışırıq.
- “Niyyət”dən
nə gözləyirsiniz?
- Ən azı “Berlin” festivalından
mükafat.
Aylin
Mədəniyyət.- 2009.- 11 mart.- S. 11.