«Keçid» filmi
O, insanın mənəvi dəyişikliyindən bəhs
edir
Yusif Quliyevin
«Keçid»i müəllifin həyat və ölüm
mövzusundan bəhs edən trilogiyasının ikinci filmidir. Bu bədii ekran
əsəri «Yeni dalğa» prodüser mərkəzinin istehsalıdır
(birinci «Katarsis»). Bu yaxınlarda baxdığım filmin ideyası və ssenarisi rejissor Yavər Rzayevə məxsusdur. Filmdə operator işini Rövşən Quliyev, Araz Məmmədyarov və Samir Süleymanov
həyata keçiriblər.
Prodüser «Yeni dalğa» prodüser mərkəzinin direktoru Rasim Həsənovdur.
«Azərbaycanın ucqar
bir kəndinin yaxınlığında, dağların qoynunda
təbiətin yaratdığı bir daş var. El arasında bu daşa «Keçid
daşı» deyirlər.
Xalqın inancına görə, bu daşdan keçə bilən hər kəs arzusuna, niyyətinə çatır.
Ona görə də bu daşda
özünü sınamaq
üçün Azərbaycanın
hər yerindən adamlar axışıb gəlir.
Daşın qeyri-adiliyi ondadır ki, o, ana bətninə
bənzəyir. Sanki ondan keçən adamın arzusu gerçəkləşməklə bərabər, o, həm də elə bil yenidən
doğulur. Bununla təbiət insanı dünyaya necə gətirdiyini göstərmək
istəyir.
Kənddə cavan bir gəlin ana olmağa hazırlaşır. Qadının
doğuşdan asan azad olmasından və körpəsinin sağ-salamat doğulmasından
ötrü kənd sakinləri qədim adətlərinə görə
«Zikr» məclisi qururlar. Ağrılar şiddətləndikcə, məclis
qızışır. Bətndəki
uşaq da daşdan keçənlər
kimi bir dünyadan başqa dünyaya keçməyə
hazırlaşır» (filmin
sinopsisindən).
«Keçid» filmi qadın-ana-torpaq haqqındadır. Niyyət daşına
pənah gətirənlərin
əksəriyyəti yaşlılardır.
Onlar daşdan keçəndə
(daş onları özündən buraxanda)
sanki yenidən doğulurlar. Günahlarından, yaşadıqları həyat
boyu çiyinlərinə
yığdıqları yükdən
azad olurlar - dünyaya yeni gələn körpə uşaq kimi. Bu, bir növ
buddizmdəki reinkarnasiya
ritualını xatırladır.
Fərq yalnız ondadır ki, keçiddən keçənlər onlara ikinci şansın verildiyini dərk edirlər. Əgər reinkarnasiya nəticəsində
insanlar keçmiş
həyatlarındakı günahlara
görə cavab vermək üçün
yenidən və başqa cilddə doğulurlarsa, daşdan keçənlər günahlarından
təmizlənirlər.
Qadın bətni də keçiddir. Mənəvi, ruhi aləmdən
cismani dünyaya.
Ruhlar bətndən keçərək
maddiləşirlər, bədənə
sahib olurlar. Bir sözlə,
insan ömrünün
başlanğıcında qadın
və sonunda da qadın-torpaq. Dairə qapanmışdır.
«Keçid» filmində daha bir maraqlı
epizod - «Zikr» mərasimidir. Mərasimdə iştirak edən
kütlə həm hadisələrin ayrılmaz
hissəsi, həm də fondur. Hamısı
da yaşlılardırr
- 50-80 yaş arası
qoca kişilər və qadınlar. İçlərində elələri
var ki, ayağa
qalxa bilmir, amma ümumi axından bir an belə kənarda
qalmır, mərasimin
ahəngini pozmur. Filmdəki əsas hadisə - doğuş prosesi gərginləşdikcə “Zikr”
mərasiminin də
tempi yüksəlir. Rejissor çox
ustalıqla etdiyi montaj sayəsində filmin ritmini ritualın get-gedə transa düşmək dərəcəsinə qədər
artan tempilə uyğunlaşdırıb. Beləliklə, gözünü bir anlığa da olsa, ekrandan
ayırmayan tamaşaçı
müşahidə etdiyi
proseslərin (keçid-zikr-doğuş)
həm də iştirakçısına çevrilir.
Bir sözlə,
«Keçid» filminə baxan tamaşaçı tam 15 dəqiqə
ərzində hər şeyi unudaraq könüllü surətdə
ekrana əsir düşür. Alfred Hiçkok deyirdi ki, əsl
kino tamaşaçının
bütün diqqətini
özünə çəkməli,
tam gərginlikdə saxlamalıdır:
«Əks halda onu çəkməyin heç bir əhəmiyyəti yoxdur».
Sonda: «Görəsən,
hansı səbəbdən
Allah özünün yaratmaq
qabiliyyətini özündən
olan Adəmə yox, onun qabırğasına
bəxş edib?»
İntiqam
Mədəniyyət.- 2009.- 11mart.- S. 10.