Üçüncülərdən biri
Sizə adı geniş
ictimaiyyətə və sənət aləminə hələ
yaxşı tanış olmayan 53 yaşlı rəssam - Nəcməddin
Hüseynov barəsində söz açmaq istəyirik. Bu pünhanlığın min
bir səbəbi olsa da, birincisi
Bakıdakı geniş
və işıqlı
sərgi salonlarından,
axırıncısı isə
çoxlarının pənah
apardığı fəvvarələr
meydanındakı «sənət
bazarı»ndan belə gen düşməsi,
doğulub boya-başa
çatdığı Qazax
rayonunun Çaylı
kəndində hələ də tikib tamamlaya
bilmədiyi yurd-yuvasına tapınmasıdır.
1981-ci ildə paytaxtdakı
məşhur «Əzimzadə
məktəbi»ndəki
təhsilini başa vuran Nəcməddin Çaylının sayagəlməz
gözəlliklərini Bakının
cəlbedici gur işıqlarından üstün
tutdu. Yaşıdları
arasında istedadına
görə duyulası
hörməti olan gənc rəssamın paytaxt «propiska»sının əyalətə
dəyişməsini o
vaxt çoxları Don Kixotluq saydı,
təkcə özündən
başqa... Nəcməddin
hesab edirdi ki, Bakıda onu ilhamlandıracaq heç nə yoxdu, uşaqlıqdan göz yaddaşına hopan nə gözəllik
vardısa, hamısı
Qazaxdadı... Göyəzən
dağı, Damcılı
bulağı, Dibvan qalası, Sınıq körpü... gecə yatanda da yadından
çıxmırdı. Hələ
göz açıb ünsiyyətdə olduğu
adamları demirik.
Bakıya yola düşəndə
onlara qayıdıb portretlərini çəkəcəyi barədə
verdiyi vədini də unutmamışdı. Beləcə, hamı irəliyə getdiyi halda, o «geriləməyə»
qərar verib. Amma arxada qalan
27 illik yaradıcılıq
yolu göstərir ki, elədikləri gec də olsa,
onu Bakıda qalanlardan da qabağa aparmaq gücündədir. Bunun əvvəllər baş verməsində özü
nə qədər təvazökarlığı üzündən
günahkardırsa, ondan
da çox bu məsələdə zəmanəmizin Firdovsisinin
olmaması, bir də biganəlik səbəbkardır.
Bir vaxtlar Rüstəm
Zalın igidliyini dünyaya yayan Firdovsi kimi bir
sənətkar ortaya çıxmışdısa, Nəcməddin
Çaylı kəndində
yaratdıqlarını başqalarına
tanıdacaq bir kəs tanımamışdı.
Təbii ki, bu, davamlı ola bilməzdi. Əsl Allah adamı olan Nəcməddin də buna inamlıydı, nə vaxtsa “Ağ atlı oğlan”ın kənddə peyda olacağına, onun da küçəsinin bayram libasına bürünəcəyinə ümidliydi.
Nəhayət, lap
nağıllarda olduğu kimi Çaylı kəndinə
tanınmış şair-publisist Taleh Həmid gəldi. O,
Qazax Rəsm Qalereyasında onun fırçasından çıxan
bir neçə əsəri görəndən
sonra vaxt itirmədən kəndə
üz tutmuşdu. Yaradıcı adamların bir-birini
yaxşı başa düşməsinin nəticəsi
idi ki, Bakıya
dönən Taleh Həmid Çaylı kəndindəki əsl istedaddan tanış-bilişə söz açdı. Şairin səyləri nəticəsiz
qalmadı. Tezliklə
Regionların İnkişafı
İctimai Birliyi rəssamın rəngkarlıq
və qrafika əsərlərindən
ibarət çox nəfis bir kataloqunu çap etdi. İndi əyalət rəssamının
Bakıda sərgisinin
açılmasına hazırlıq
görülür. Bu yerdə belə xeyirxahlara təşəkkür
bildirməyi lazım bilirik.
Rəssamın yaradıcılığı
mövzu və janr baxımından çox rəngarəngdir.
Bunu ilk növbədə onu düşündürən məsələlərin
çoxluğu şərtləndirmişdir.
Çoxsaylı əsərlərindən
alınan ilkin təəssüratda səmimilik,
təbiilik qabarıq duyulur. Gerçəkliyi ifadədə bu cür yanaşmanın, bədii şərhin zamanında qiymətləndirilmədiyinə
əvvəllər də
şahidlik etmişdik.
Düzdür, belə
sənətkarlar gec də olsa, öz
dəyərlərini alıblar.
Axı biz niyə həmişə sənətkarlığın fərdi
və fərqli ifadəsini dəyərləndirməkdə
gecikməliyik? Nə vaxta
kimi dahi Sabirin «Çıxmaz, çıxa da bilməz bu adət başımızdan»
sözlərindən nəticə
çıxarmaq əvəzinə,
onu özümüzə
bayraq edəcəyik? İnanmaq istərdik ki, sovet dönəmində
Vaqif Mustafazadə, Əşrəf Muradoğlu,
Tofiq Cavadov, Əlövsət Əliyev,
Mircavad Mircavadov, Şahid Əbdülkərimov,
Bəhram Nəsibov, Namiq Abdullayev və digərlərinə qarşı
göstərilən soyuq
münasibət Nəcməddindən
yan keçəcək.
Yaddaşı korşalmayanlar
xatırlayır ki, adlarını böyük
ehtiramla çəkdiyim
bu sənətkarların
qeyri-adiliyini yalnız
onlar ölümlə
çarpışanda etiraf
edildi. Onda da artıq gec
idi. Onda kommunist rejimi bu istedadları qiymətləndirməyə mane
olmuşdu, indi bizə mane olanlar kimlərdirlər? Aşıra bilsək, onun adı tez-tez
tuş gəldiyimiz biganəlikdir...
Qeyd etmək lazımdır ki, Nəcməddin Hüseynov ilk növbədə
fikir rəssamıdır. Onun
süjetli əsərləri
və portretləri insanı düşündürür,
mənzərələri tamaşaçını
ətrafına, gerçəkliyə
diqqətlə baxmağa
məcbur edir. Onun «Qaçqınlar», «Hücumdan
sonra», «Xocalı faciəsi», «Həlledici an», «Müharibəli Novruz», «Savaşın sonu» və «Rejim» əsərlərində
müstəqillik dövründə
tuş gəldiyimiz təzadlı hadisələr,
tarazlığı pozulmuş
haqq-ədalət tərəzisinə münasibət
özünün obrazlı-assosiativ bədii həllini tapıb. «Müharibəli Novruz»dakı görüntü sözün
əsl mənasında
rəssamın bədii
tanıntısıdır. Boşqabın
içərisində bir-birinə «qısılmış»
güllələri dövrələyən
al parça, mizin üzərindəki iki əl qumbarası
qırmızı yerliyin
qarşısında çox
həyəcanlı qəbul
olunur. «Savaşın sonu» əsərində isə kətanı atılmış top gülləsinin üzəri
ilə əvəzləyən
rəssam, təsvir etdiyi bir ayağını
itirmiş qoltuq ağaclı müharibə
veteranı ilə ədalətsiz nəticəni
çağırışa çevirməyə nail olub. Belə təsvirin önündə
yağı düşmənə
qarşı nifrət
hissini boğmaq çox çətindir.
Rəssamın çəkdiyi
portretlərdə də təsvir olunanların daxili aləminə
əsl sənətkar nüfuzu duyulur. Bu səbəbdən də
onun «Mustafa kişi»si, «Bizim qonağ»ı, «Keçəl»i,
«Aygün»ü, «Mənim balam»ı, «Xəyalə»si,
«Ömrün payızı», «Təbəssüm»ü, «Portret»i
psixoloji yükünə və bədii vasitələrin təsirliliyinə
görə özünəməxsusdur.
Nəcməddin
Hüseynov çəkdiyi çoxsaylı mənzərələrdə
isə ovqat ifadəçisidir. «Külək», «Bizim məhəllə»,
«Ay işığı», «Göyəzən», «Çaylı»,
«Noyabr» və s. əsərlərində təbiətin və
günün müxtəlif anlarının yaddaqalan, duyğulandırıcı
bədii həllini tapıb.
«İstək», «Sevinc»,
«Təbəssüm», «İblis», «Şeytan», «»Fikrimin sübh
çağı, «Bir dünya» əsərlərindəki
şərtilik, stilizə və deformasiyalar isə rəssamın
yaradıcılığındakı evolyusiyanın təzahürü
olmaqla yanaşı, həm də onun yaşantılarını
fəlsəfi qayə ilə bələyə bilməsinin
görüntüsüdür. Bütünlükdə isə
Nəcməddin Hüseynovun duyğularının gerçəkləşdirə
bildiyi görüntülərini duyulası bədii-estetik məziyyələrinə
görə uğurlu və
yaddaqalan hesab etmək olar. Rəssam bütün insanları üçüncü
- ata-anasının yaratdığı varlıq
kimi qəbul edir. Yəqin ki, bu ifadəni
bilavasitə yaradıcı
insanlara, o cümlədən Nəcməddin
Hüseynova yönəltməli
olsaq, onun yaratdıqlarını da üçüncülərdən hesab etmək olar. Özü də əbədiyyət qazanmışlarından...
Ziyadxan Əliyev,
əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2009.- 11mart.- S. 9.