150 cildlik dünya!
Ədəbi mətbuat və saytlarda bir məsələ tez-tez müzakirəyə çıxarılırdı. Bu qızğın müzakirələrin mövzusu dünya ədəbiyyatının bir çox incilərinin hələ də dilimizə çevrilməməsi məsələlərini əhatə edirdi. Müzakirələrdə xüsusi olaraq vurğulanırdı ki, geniş təmas olmayınca, milli ədəbiyyatımızın ciddi inkişafından danışmaq mümkün deyil. Nə qədər ki, biz dünyanı öyrənməmişik, dünyaya daxil olmağımızın da çətinliyini yaşayacaq və ədəbiyyatımız, bir növ məhəlli xarakter daşıyacaqdır. M.F.Axundovun, Mirzə Cəlilin, Ə.Haqverdiyevin həmin dövrün qabaqcıl ədəbiyyatını yaradan rus yazıçılarının əsərlərindən impuls aldığını fakt olaraq xatırlatsaq, ədəbiyyatların öyrənilməsinin, mənimsənilməsinin təbiiliyi və vacibliyi üzə çıxar. Dünya ədəbiyyatının müxtəlifliyindən xəbərdar olmaq həm də daha geniş dairədə düşünmək imkanı deməkdir. Xüsusilə, Uemberto Eko, Jorj Amadu, Xulio Kortasar kimi müasir ədəbi imzaların hələ də dilimizə çevrilməməsi ən azı təəssüf hissi doğururdu. Bu bir düsturdur ki, geniş mütaliəsi olmayan yazar böyük əsər yarada bilməz. Oxucuya gəldikdə isə o, doğma dilimizdə tapmadığı ədəbiyyatı xarici nəşrlər satılan dükanlarda axtarmağa məcburdur.
Dünyaya açılan
qapı
Dünya ədəbiyyatından
dilimizə edilən tərcümələr isə
say etibarı ilə dəryada damla misalındadır. Mətnin seçilməsi
tərcüməçinin şəxsi zövqündən
asılı olması,
mətnlərin qüsurlu
işlənməsi, orijinal
dildən deyil, əsasən rus dilindən çevirmələr
sistemli işin olmadığından xəbər
verirdi. Üstəlik,
mətbuatda çap edilən, saytlara yerləşdirilən tərcümə olunmuş əsərlərdə aşkar
redaktə və dil qüsurlarını da buraya əlavə
etmək olar. Lakin oxucu bu
tip tərcümələrə
də «şükür»
deməli olurdu. Səbəb, heç olmamaqdansa, pis olsa da var
prinsipindən doğurdu.
Son illərdə dövlət səviyyəsində verilən qərarlarla dünya ədəbiyyatı nümunələrinin dilimizə çevrilməsi zərurətini gündəmə gətirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqustunda imzaladığı sərəncamda 150 cildlik «Dünya ədəbiyyatı» toplusunun nəşri nəzərdə tutulurdu. Həmin ilin 30 dekabrında ölkə prezidenti bu sahə ilə bağlı daha bir sərəncam imzaladı. Növbəti sərəncam dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşr olunacaq əsərlərini nəzərdə tuturdu. Beləliklə, bu sərəncamla 150 cildlik nəşrdə tərcümə ediləcək əsərlər məlum oldu. 2008-ci ildə bu seriyalı kitabların nəşri üçün Prezident fondundan 5 milyon manat vəsait də ayrıldı.
Nobelçilər, klassiklər,
antologiyalar...
150 cildlik dünya ədəbiyyatı kitabxanasına daxil olan əsərlər 4 seriyada oxuculara təqdim olunur. İlk bölgüdə, klassik dünya ədəbiyyatı adı altında 45 cildin nəşri nəzərdə tutulub. Rus şairi A.S.Puşkinin seçilmiş əsərləri ilə başlanılan nəşr V.Hüqonun 4 cildliyi ilə tamamlanır. Bu siyahıda ölməz Dostoyevskinin əsərləri, gəncliyin ideal əsəri olan Cek Londonun «Martin İden» romanı da var. «Martin İden» illər əvvəl, özü də kiril əlifbası ilə nəşr edilib. Hətta bu köhnə nəşr də gəncliyin kitabxanalarda axtardığı və çox vaxt tapmadığı kitablardandır. Macərasevərlər isə Daniel Defonun «Robinzon Kruzo», Conatan Sviftin «Qulliverin səyahəti» romanlarını oxumaq imkanı əldə edəcəklər. Bu seriyada vaxtilə dilimizə çevrilmiş və kiril əlifbası ilə nəşr edilmiş Çexov, Tolstoy, Dikkens, Homer kimi ölməz klassiklərlə yanaşı, Azərbaycan oxucusuna əsərləri o qədər də tanış olmayan Q.Floberun, F.Rableni, H.Melvilin, T.Merimenin və başqalarının da kitabları təqdim edilir. Yunus İmrə, Sədi Şirazi, Edqar Alan Po və başqalarının şeirləri bu seriyadan oxuculara təqdim ediləcək.
Müasir dünya ədəbiyyatı bölgüsündə isə 40 kitabın nəşri nəzərdə tutulub. «Balaca şahzadə»si ilə tanıdığımız fransız yazıçısı A.Ekzüperinin, «Gün var əsrə bərabər» romanınını dönə-dönə oxuduğumuz Ç.Aytmatovun, II Dünya müharibəsinin acısını göstərən E.M.Remarkın, mistik «Qəsr» romanının müəllifi F.Kafkanın seçilmiş əsərləri bu bölgüdə çap ediləcəkdir. Üstəlik, oxucular Borxes, Kortasar, Prust, Feyxtvanger, Heminquey kimi dahi nasir və romançıların yaradıcılıqları ilə də tanışlıq imkanı qazanacaq. Nəhayət, həm də biz dünya ədəbi meydanında təhlil obyekti olan italyan yazıçısı U.Ekonun «Qızılgülün adı» postmodern romanını dilimizdə müasir əsərlər seriyasında oxuya biləcəyik.
3-cü bölgüdə çap olunacaq müəlliflərin əsərləri isə böyük bir ədəbi müzakirənin predmetinə son qoyacaq. Belə ki, Nobel mükafatı almış şedevr əsərlərin hələ də dilimizə çevrilməməsi daha çox təəssüf doğururdu. Biz yalnız əksər Nobelçilərin adlarını eşitmişdik. Ekzistensialist fəlsəfəsini nəsrə gətirmiş A.Kamyunun, yumor ustası Bernad Şounun, «O illərin çörəyi»ndən tanıdığımız Henril Böllün, hind yazıçısı R.Taqorun əsərləri müəyyən qədər bizə tanış olsa da, indi bu sadaladığımız müəlliflərlə yanaşı, əksər Nobelçi yazarlar Azərbaycan oxucusuna təqdim ediləcəkdir. Bu bölgüdə bizə Nobel mükafatı sahiblərinin əsərləri təqdim edilir. R.Rollan, N.Qordimer, H.Qinter, F.Moriak, T.Morrison və başqalarının əsərləri, demək olar ki, ilk dəfə dilimizə tərcümə edilir. Folkner, Bekket, Qrass, Markes kimi müəlliflərin də əsərləri bu dəfə sistemli şəkildə təqdim ediləcək. Eyni zamanda uğuruna sevindiyimiz türk yazıçısı Orxan Pamukun da seçilmiş əsərlərini kitab rəfinə qoya biləcəyik.
4-cü və sonuncu bölgü isə “Dünya ədəbiyyatı antologiyaları» adlandırılır. Bu sıradan biz alman, Amerika, fransız, Skandinaviya xalqlarının ədəbiyyat antologiyaları ilə tanış olacağıq.
Türk xalqları ədəbiyyatı,
rus nəsri, ikicildlik dünya elmi-fantastik ədəbiyyatı,
dünya dramaturgiyası,
antik ədəbiyyat antologiyaları da tərtib ediləcəkdir. 24 cildlik antologiyalar külliyyatına ikicildlik
XX əsr dünya ədəbiyyat antologiyasının
nəşri ilə yekun vurulacaq.
Oxucular üçün
son xəbər
Mütaliə həvəskarları yeni nəşrlərin çapını səbirsizliklə gözləyir. Hələliksə 150 cildlik ədəbiyyatın tərcümə edilib nəşrə hazırlanması prosesi gedir. «Dünya ədəbiyyatı kitabxanası» toplusunun çapa hazırlanmasında elmi-yaradıcı işlərin, əsərlərin tərcüməsi ilə bağlı məsələlərə nəzarət edən Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyevin bildirdiyinə görə 36 cild tərcümə edilib, 25 cild isə nəşriyyatlara təqdim olunub. O, həmçinin bildirib ki, əsərlərin tərcümə olunması üçün peşəkar mütəxəssislər işə cəlb edilib. Artıq J.Amadu, H.Böll, Orxan Pamuk, P.Legerkvist və digər yazıçıların əsərləri dilimizə tərcümə edilib. Toplunun hazırlanması zamanı keçmiş tərcümələrdən də istifadə edildiyini deyən A.Hacıyev mükəmməl tərcümələrə üstünlük verdiklərini vurğayır: «Misal üçün, Homerin «İliada» və «Odisseya»sını, Dostoyevskinin cildlərini çapa götürəndə, Nazim Hikmətin, Şeksprin, Qoqolun, Yunus İmrənin əsərlərini seçəndə köhnə tərcümələrə üstünlük vermişik».
A.Hacıyev alman, ispan, ingilis
ədəbiyyatı antologiyalarının
da artıq hazır olduğunu bildirir. Oxucular tezliklə
150 cildlik dünya ədəbiyyatı antologiyasını
əldə edəcəklər.
Sabutay
Mədəniyyət.- 2009.- 11mart.- S. 6.